İLHAMƏ CƏLALQIZI :TÜRK DÜNYASININ QADIN QƏHRƏMANLARINDAN BİRİ-AİDƏ ŞİRİNOVA HAQQINDA BİLMƏDİKLƏRİMİZ
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
İLHAMƏ CƏLALQIZI
TÜRK DÜNYASININ QADIN QƏHRƏMANLARINDAN
BİRİ-AİDƏ ŞİRİNOVA HAQQINDA BİLMƏDİKLƏRİMİZ
Azərbaycan Türklərinin qadınları öz varlığını haqq və özgürlüyünü əldə etmək üçün ağır həyat yolu keçmiş, ana yurdun özgürlüyü uğrunda canından keçərək, kişilərlə çiyin-çiyinə döyüşmüşlər. Bu sahədə qəhrəman qadınlarımız az olmayıb. Azərbaycan xalqı daim Həcərlə, Nigarla fəxr edib. Lakin bu torpaq təkcə Həcərlərlə, Nigarlarla deyil, onların müasiri olan I Qarabağ savaşında şəhid olmuş Milli Qəhrəman Salatın Əsgərova, Gültəkin Əsgərova, Qaratel Hacımahmudova, 44 günlük Vətən müharibəsində şəhid olmuş Arəstə Baxışova kimi qəhrəmanlarla öyünür. Onlar Azərbaycan xalqına baş ucalığı gətirən Hərb tarixində gənclərə örnək olan Türk qadınlarıdır.
I Qarabağ döyüşlərində öz şücaətləri ilə fərqlənən qəhrəman qadınlarımızdan biri də Aidə Şirinovadır.
Aidə Rəcəb qizi Şirinova 7 avqust 1959-cu ildə Bərdə şəhərində anadan olub. 1977-ci ildə Bərdə şəhər 3 saylı tam orta məktəbi bitirib, 1978-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1981-ci ildə ali məktəbi bitirib, Bərdə rayon Uşaq gənclər İdman məktəbində metodist vəzifəsində çalışıb. Tələbəlik illərində Aidə əlaçı təqaüdü alır, ali məktəbdə də tələbə yoldaşlarından fəqlənməyi bacarırdı. Nəhayət, 1981-ci ildə ali məktəbi bitirib doğma Bərdə rayonuna qayıdıb, yenidən uşaq-gənclər idman məktəbində işə başlayır və metodist vəzifəsində çalışır. O, işlədiyi müddətdə daim işgüzarlığı və tələbkarlığı ilə kollektivin, eləcə də, rayon təhsil şöbəsinin hörmətini qazanır.
Aidə xanım digər yaşıdlarından həm də maşın sürdüyünə görə fərqlənirdi. Onu rayonda “maşın sürən qız” kimi tanıyardılar. Hələ sovet dönəmində qadınların çox az qismi maşın sürə bildikləri halda, Aidə xanım rayon yerində bunu bacarırdı. Bu halları özünə güvənməyin, ilkinliyin, özünü dərkin təzahürü kimi dəyərləndirmək olar.
Pedaqoji sahədə sınaqdan çıxan bu xanımın ən böyük arzusu xalqın keşıyini çəkən “polis” işçısı olmaq idi. Bizim bildiyimiz sövetlər birliyində Azərbaycan qadını bu arzunu qəlbində belə boğar, kimsənin hiss etmədiyi bir yerdə basdırardı. Aidə isə bu arzunu qəlbində boğmadı. Azərbaycan xalqının keşiyini çəkən Polis məmuru oldu. Bəlkə elə bu səbəbdən də onu qadınlar daha çox sevirlər. O, qadınların çoxunun edə bilmədiklərini edir, onların xəyallarda yaşatdıqlarını gerçəkləşdirir. Bu qədər əzmkarlıq Aidə xanımı daim irəliyə doğru səsləyir.
Azərbaycan xalqı büllur guşələrinə, coğrafi ərazisinə, saf bulaqlarına, məhsuldar torpaqlarına və milli-mənəvi sərvətlərinə görə diqqət mərkəzində olub. 30 il öncəki hadisələr yuxarıdakı fikirlərimizin təsdiqidir. 1988-1990-cı il qanlı hadisələr, 1992-ci il “Xocalı” Soyqırımı isə heç bir insanlığa sığmayan vəhşilik idi ki, xalqımız onu da yaşadı. 1988-ci ilin fevralından Azərbaycan xalqı yer üzündə görünməmiş qanlı faciələrlə, soyqırımlarla qarşılaşdı. Xalqımız bu vəhşiliklərə və təcavüzlərə hazırlıqlı deyildi. Müharibə qoxusu bütün bölğələri, uşaqdan böyüyə, ağsaqqaldan- ağbirçəyə kimi hamının üzlərində kədər, gözlərində nəm yaratdı. Əli yalın insanlar sahibsizlik ucbatından silahsız-sursatsız döyüş meydanına atılsalar da, təəssüf olsun ki, çox itkilər verərək torpaq itkiləri ilə də üzləşməli oldular. Vəhsi ermənilər xalqımıza psixoloji təsirlər edərək tük ürpədici, insanlığa sığmayan hərəkətləri ilə öyünürdülər. 1990-cı il Qanlı Yanvar hadisəsindən sonra xalqımız daha bir ağır Soyqırımla sabahımızı açmalı oldu. 1992-ci il Xocalı soyqırımı. Məhz bu Soyqırım hadisəsi Aidə Şirinovanı daha arxa cəbhədə dayanıb olanları sadəcə eşidib pərişan olmağa qoymadı. O, bu hadisənin ağrı-acılarını məhz cəbhədə döyüşən oğullarımızla bərabər döyüşərək aradan qaldıracağına əmin olaraq cəbhəyə üz tutmaq qərarına gəldi. Doğrudur, o vaxtlar ona mane olub “getmə” deyənlər çox olsa da o, sanki deyilənlərin heç birini eşitmirdi. Çünki o,verdiyi hər bir qərarın arxasında dayanıb, qərarından asanlıqla dönməyən bir insan olduğuna əmin idi. Qəlbi, vəhşı ermənilərin Xocalıda etdikləri amansıqlıqlara, qocaların, körpələrin meyidlərini soymalarını, qız-gəlinlərin namusunu ləkələdiklərinə qarşı qanla dolan Aidəyə “sənin ürəyin belə şeylərə dözməz”-deyənlərə cavab verə bilmirdi ki, “bəs mənim ürəyim cəbhəyə getməsəm dözə bilərmi” ? Onu bu inadından kimsə döndərə bilmədi. Elə həmin andan Aidənin taleyi müharibənin ağuşuna pənah apardı. 1992-ci ildə Xocalı Soyqırımından sonra Bərdə rayon Hərbi komissarlığa müraciət edərək hərbi xidmətə gedib. İdmançı dostu Elçin Əliyevin yaratdığı Bərdə Özünü müdafiə batalyonunda [733 nömrəli Hərbi hissə] döyüşüb. Aidə Şirinova Azərbaycanın Hərb tarixində “Əsgərlərin sosial müdafiəsi üzrə” Komandir müavini vəzifəsinə yüksələn ilk Azərbaycan qadınıdır. Az bir müddətdə Aidə Şirinova haqqında Bərdə qəzetində belə bir fikir səslənir:
“Bərdə batalyonunun komandir müavini leytenant Aidə Şirinovanı döyüşçülər özlərinin “qız qardaşı” adlandırırlar. Döğrudan da, yurdumuzun bu Həcər, Nigar qeyrətli qızının torpaqlarımızın erməni işğalçılarından azad edilməsində rolu çoxdur. Batalyonun Ağdərə bölgəsini azad etmək uğrunda apardığı bütün əməliyyatlarda bu qəhrəman qız həmişə əldə silah döyüşün ön nöqtələrində olmuşdur ”.
Bərdə qəzeti 17 oktyabr 1992-ci il
1993-cü il yanvar ayının 1-dən Daxili İşlər Orqanlarında xidmət edib. İşlədiyi müddətdə Şuşa, Ağdərə RPŞ-də çalışıb [1993-1998]. 1998-ci ildə Qaradağ rayon Polis idarəsində Pasport qeydiyyatı şöbəsində baş inspektor vəzifəsində, 2008-ci ildə Nəsimi RPİ-də Azyaşlılar üzrə inspektor vəzifəsində, 2014-cü ildə Qaradağ RPİ-nin Uçot-qeydiyyat və statistika işləri qrupunun baş inspektoru vəzifəsində çalışıb. Hazırda təqaüddədir. Aidə Şirinova işlədiyi rayonlarda ictimai işlərdə və tədbirlərdə yaxından iştirak edib. 1992-1998-ci illərdə Vətənimizin ərazisinə erməni təcavüzü başlayan ilk günlərdən əlinə silah alıb Şuşa, Ağdərə polis şöbələrində çalışaraq Tərtər, Ağdərə və Marquşavan, Marağa, aşağı-yuxarı Çaylı, Həsənqaya, Gülüstan, Dəmirçilər, Ortakənd, Vaquaz, Atex, Talış, Kasapet, Dranbom, Çıldıran kəndləri uğrunda gedən bütün döyüşlərdə yaxından iştirak edib.
Aidə xanım hara gedirsə getsin, harda işlərsə işləsin, o məkana özü ilə öz insaniyyətliyini, məsuliyyətini, yüksək keyfiyyətli xarakterini, mehribançılığını daşımış olur. O, dostluğa sadiqdir , dediyinin arxasında duran bir insandır. Aidə dost dediyi insana əsl dost olur, onun ən üstün cəhətlərindən biri də dediyindən dönməməyi, inadkarlığı, dəqiqliyi və çox etibarlı olmasıdır. Aidə insanları çox sevir. Elə bu səbəbdən də hərbi hissədə tezliklə hörmət və izzət sahibi olur.
Aidə Şirinova həm də qələm sahibidir. Yaradıcılığa uşaq yaşlarından başlayıb. Hərbi xidmətdə olduğu dönəmlərdə gördüyü dəhşətlər, keçirdiyi hisslər, dizi üstə can verib, onu anası, bacısı bilən şəhidin anbaan can verməsini izləməsi onu daha da dözümlu olmağa məcbur edib, şeirlərinin isə ana xətti, qayəsi olub. “Məni Vətən yetişdirdi, anam doğdu bu dünyaya” “Vətən mənə doğul dedi, Anam mənə oğul dedi” deyən müəllif Vətən mövzusunu Ana mövzusu ilə birləşərək konkretləşdirib, ANA VƏTƏN sevgisini bir daha müqəddəsləşdirib.
44 günlük Vətən müharibəsi hamı kimi onu da qürurlandırıb. Dəmir yumruq kimi birləşən xalqımızın Zəfər tarixinə biganə qalmayıb. Ürək sözlərini qələmi ilə ifadə edib. Qəhrəmanımızın bir neçə şeirini təqdim edirik:
QARABAĞ AZƏRBAYCANDIR
Ay Zülfiyyə, köklə sazı,
Cuşa gətir xan Arazı.
Odda yandır oyunbazı,
Tonqal qala, məşəl yandır,
Qarabağ Azərbaycandır!
Cıdır düzü sənin olsun,
Bu qələbə dəmin olsun,
Quran pisə qənim olsun,
Qəhrəmanlıq şöhrət-şandır,
Qarabağ Azərbaycandır!
Müjdə gəldi ellərimdən,
Ordu safdır təməlindən.
Dünya şokda əməlindən,
İndi Ordum bir dastandır,
Qarabağ Azərbaycandır!
Bu savaş yağının yası,
Çox gözəldir dağ havası.
Bütövlükdür Türk davası,
Bu savaş yox, qana-qandır,
Qarabağ Azərbaycandır!
Çağır mənə Polad gəlsin,
Düşmənlərin versin dərsin,
Yer kürəsin sirkələsin,
Son nöqtəmiz İrəvandır,
Qarabağ Azərbaycandır!
20.11.2020
AZƏRBAYCAN ƏSGƏRİM
Alışdınız yandınız,
Vətən oldu andınız,
Qələbə qazandınız,
Sənsən qürur mənbəyim
Azərbaycan əsgərim.
Göz açmağa qoymadı,
Yer yerindən oynadı,
Qanlar coşdu qaynadı,
Sənsən qürur mənbəyim
Azərbaycan əsgərim.
Qurban verildi canlar,
Yaddan çıxmaz o anlar,
Yerdə qalmadı qanlar,
Sənsən qürur mənbəyim
Azərbaycan əsgərim.
Şanlı zəfər çaldınız,
Tarixlərdə qaldınız,
Qarabağı aldınız,
Sənsən qürur mənbəyim
Azərbaycan əsgərim.
Çox arzu dəydi daşa,
Bayrağım keçdi başa,
Yaşa milyon il yaşa,
Sənsən qürur mənbəyim
Azərbaycan əsgərim.
Dərdlərə sirdaşsınız,
Aidəyə qardaşsınız,
Əsl Vətəndaşsınız,
Sənsən qürur mənbəyim
Azərbaycan əsgərim.
16. 11. 2020
UCALSIN BAYRAĞIMIZ
Ey qəminə sevinib, ölümə şad olanlar,
Bəzən öz taleyinə, Vətənə yad olanlar.
Nəyə sevindiyini bir dərk eylə ay oğul,
Şahidlik etməkdənsə get vətəndə şəhid ol.
Sevincimiz yarımçıq, dərdimiz əbədidir,
Torpağımda ucalan erməni məbədidir.
Ürəyimə dağ çəkib, qəlbimə dağ qoyanlar,
İgidimi öldürüb, gözünü oyanlar,
Gözümün önündədir.
Mərd igid əsgərlərim, kökün kəs düşmənlərin,
Ad-sanına yiyə çıx, el -obana sahib ol.
Bu xalq üçün alışıb, ürəyindən yananlar,
İstəyi qəlbdə qalıb, qəlbi bərbad olanlar.
Bəsdir tapdaq altında inlədi torpağımız,
Bütöv Azərbaycanda ucalsın Bayrağımız.
11.11.2020
MƏRD OĞULLAR BU GÜN TARİX YAZACAQ
Yağı düşmən, nə söyləyim, nə deyim,
Bu döyüşlər sənin sonun olacaq.
Etdiyiniz günahların, ahların,
Cavabını tanrım özü soracaq.
Mərd oğullar bu gün tarix yazacaq.
Alçaqlığın bir sonu da var axı,
Xocalının yerdə qalmaz günahı,
Ordumuzun bil, tanrıdır pənahı,
Elə bilmə qisas sona qalacaq,
Mərd oğullar bu gün tarix yazacaq.
Yallı gedib verirdiniz göz dağı,
Qətl etdiniz igidləri subh çağı,
Oylağ etdiz Cıdır düzün, Xan bağı,
Artıq Ordum buna nida qoyacaq!
Mərd oğullar bu gün tarix yazacaq.
Hanı sizin havadarlar görünmür?,
Qorxunuzdan ürəyiniz döyünmür.
Ay nankorlar bilin Vətən bölünmür,
Türkün oğlu sizi it tək qovacaq,
Mərd oğullar bu gün tarix yazacaq.
Otuz ildir sizə güzəşt bəs oldu,
Səbr bitdi, umudunuz puç oldu.
Qismətiniz yaman qaçaqaç oldu,
Azərbaycan sonda zəfər çalacaq,
Mərd oğullar bu gün tarix yazacaq.
02.10.2020