GenelGüncelKültür Sanat

İbrahim Yusifoğlu

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

İbrahim Yusifoğlu

Şeirlər

ƏLİNCƏ

Ürəkdə qan coşar, ilham çağlayar,
Bu qədim qalanı seyrə gəlincə.
Hər kəsi özünə qəlbən bağlayar,
Qurur mənbəyimiz məğrur Əlincə.

                   ***

O adi dağ deyil, Nəqşicahanın,
Bütövlük, mətinlik, güc simvoludu.
Namərdlər önündə dik tutub başın,
Əyilməzlik rəmzi, haqqın yoludu.

                   ***

Əlincə ən acgöz, zalım şahları,
Tanrıdan güc alıb, bələyib qana.
Bədniyyət, qaniçən Miranşahları
Qoymayıb illərlə girə qoynuna.

                   ***

Qalada igidlər döyüş anında,
“Cəngi” səsləndirib, söz söyləyiblər.
Kimin gücü olub hələ canında,
Düşmənin üstünə od ələyiblər.

                   ***

Burda sipər olub hər daş, hər qaya,
Düşmənin yolunu bağlayıbdılar.
Barıt qarışsa da torpağa, çaya,
Güllər öz ətrini saxlayıbdılar.

                   ***

Daha qorxusu yox yad qüvvələrdən,
Bu yurda göz dikmək çətinləşibdi.
Bugünkü qayğıdan, saf məhəbbətdən,
Əlincə daha da mətinləşibdi!

OĞUZ TORPAĞIDIR ÖZÜ KƏRKİNİN

Şair dostun Vaqif Məmmədovun “Kərki xəritədən niyə silinib” adlı məqaləsinə cavab

Adı xatırlanmır, dərdi çəkilmir,
Deyilmir dünyada sözü Kərkinin.
Bir nöqtə boyda da şərti çəkilmir,
Yoxdu xəritədə özü Kərkinin.

                   ***

Yağıya Tejgartək dağı qalıbdı,
Almalı, heyvalı bağı qalıbdı,
Nehrədə çalınan yağı qalıbdı,
Sönüb köksümüzdə odu Kərkinin.

                   ***

Baxır, Sədərəyə görə bilməyir,
Söyür, söydüyünü söyə bilməyir,
Dizinə, başına döyə bilməyir,
Tutulub hər iki gözü Kərkinin.

                   ***

Qalıbdı köməksiz yad caynağında,
Çəkir ürək yaxan dad caynağında,
Yaşayır gavurun ad caynağında,
Yamanca tutqundu üzü Kərkinin.

                   ***

Adına ən gözəl kənd salınsa da,
Hər bir övladına ev alınsa da.
Boyu xəritədən lap salınsa da,  
Oğuz torpağıdır özü Kərkinin.

                   ***

Halı xatırlanmır, dərdi çəkilmir,
Tarlası şumlanmır, düzü əkilmir,
Nə günah eyləyib, şəkli çəkilmir,
Yoxdu xəritədə sözü Kərkinin.

ALIŞA BİLMİRƏM MƏN BU YOLLARA

Nə təpədən keçir, nə də dərədən,
Nə körpüdən keçir, nə də bərədən,
Bir söz eşidirsən burda hərədən,
Alışa bilmirəm mən bu yollara.

                   ***

Yenə ərköyünü tumarlayırlar,
Kələ-kötürləri hamarlayırlar,
Yadı da dost kimi qamarlayırlar,
Alışa bilmirəm mən bu yollara.

                   ***

Həyatda gördüyüm üzlər olubdu,
Dövlətdə var-yoxum sözlər olubdu,
Həyatda saf incim gözlər olubdu,
Alışa bilmirəm mən bu “dollara”.

                   ***

Mənim şor payımı qarım veribdi,
Quşların payını darım veribdi.
Evimin balını arım veribdi,
Alışa bilmirəm özgə “bal”lara.

                   ***

Əlimlə tikdiyim qala varımdı,
Qalada beş qönçə bala varımdı.
Qönçələr bəsləyən ana varımdı,
Yaman alışmışam, vallah, onlara.

BU QIŞ XASİYYƏTDƏ MƏNƏ BƏNZƏYİR

Bu qış xasiyyətdə mənə bənzəyir.
Üzdə qaşqabaqlı, sözdə soyuqdur.
Dərdli bəndələri görüb inləyir,
Kədərdən sinəsi oyuq -oyuqdur.

                   ***

Bu qış var -dövlətdə mənə bənzəyir,
Qarı yox, çəni yox yeli əsməyir.
O da mənim kimi aylıq gözləyir,
Neyləsin onun da əli kəsməyir.

                   ***

Bu qış zərgərlikdə mənə bənzəyir,
Saldı cod saçlara ağ naxışları.
Dilənçi əl açıb manat istəyir,
Cibimdə bağlayır buz baxışları.

                   ***

Bu qış söz deməkdə mənə bənzəyir,
Atını dördnala çapır düzlərə.
Bilirəm, çoxunun xoşuna gəlmir
Sözümü qırmızı deyim üzlərə.

                   ***

Bu qış xasiyyətdə mənə bənzəyir,
Onun da öz qəmi, sevinci vardır.
Hamını Novruzlu günə səsləyir,
Şaxtalı ömrünün sonu bahardır.

MƏNİ KÖVRƏLDƏCƏK KƏDƏR QALMADI

Yaman gileyliyəm özüm-özümdən,
Ürəyim deyənə bəxtim olmadı.
Şəvə saçlarıma ələndi ağ dən,
Məni kövrəldəcək kədər qalmadı.

                   ***

Elə bir zəmanə yetişib, Allah,
Bar verən ağaclar başını əymir.
Torpağa səpdiyim toxumlar, Vallah,
Tanrı yağışından sonra göyərmir.

                   ***

Günəş istəyimə, Ay istəyimə.
Qa ra pərdəsini tutur bulud da.
Çəkdiyim zəhmətçin pay istəyimə,
Bu həyat verməyir bircə qurut da.

                   ***

Əzabla yetdiyim qırxıncı qapı,
Yolumun üstündə qurur torunu.
Şeir kitabımım illərdi çapı
Gözləyir xeyirxah sponsorunu.

                   ***

Gecəli- gündüzlü nəfəs almadan,
Üyüdür ömrümü dəyirman daşı.
Ehtiyac araya pərtlik salmadan,
Soyudur evimdən dostu, yoldaşı.

                   ***

Barışa bilmədim özüm-özümlə,
Həyat qəm ovudan hava çalmayıb.
Hər dərdə dözürəm böyük dözümlə,
Məni kövrəldəcək kədər qalmayıb.

YAŞADIĞIN YAŞA DƏYƏR

Bu həyatda naşı olsan,
Bir sapandın daşı olsan.
Yanaqların yaşı olsan,
Bəxtın gedib daşa dəyər.

                   ***

Könlün seçdi igid, mərdin,
Çox bəlaya sinə gərdin,
Qurtarmadı sevgi dərdin,
Yanağında yaşa dəyər.

                   ***

İlk eşqini saxlasan da,
Yada salıb ağlasan da.
“Ah” larınla oxlasan da,
Gözdən ötüb qaşa dəyər.

                   ***

Günah sənlə gəzirdisə,
Ürəyini əzirdisə,
O günaha nəzirdisə-
Payladığın aşa dəyər.

                   ***

Hər günü tay ilə bilsən,
Dərdi qəlbdən silə bilsən,
Ömrü-ömür bilə bilsən-
Yaşadığın yaşa dəyər.

DAHA AZ YAZIRAM

Daha az yazıram, ya heç yazmıram,
Daha günəş mənim, ay mənim deyil.
Yolumdan, fikrimdən çıxıb azmıram,
Daha bulaq mənim, çay mənim deyil.

                   ***

Gəzsəm də dağları, sonsuz düzləri,
Qəlbim sevincindən çağlaya bilmir.
Görəndə kədərli, qəmli üzləri,
Ürəyim kövrəlir, ağlaya bilmir.

                   ***

Həyatda bu qədər biganəliyin
Hörümçək torundan çıxa bilmirəm.
Könlümün həmdəmi olan təkliyin
Çəkilmiş səddini yıxa bilmirəm.

                   ***

Heç nə qalmayıbdı kövrəkliyimdən
Qaynayıb qurudu gileylərim də.
Bir xeyir görmədim söz əkməyimdən,
Yellərə sovruldu ay, illərim də!

                   ***

Yaman uzaq düşdüm dostdan, tanışdan,
İmkanım olmadı, əl uzatmadım.
Dondu arzularım vədəsiz qışdan,
Bircə istəyimə barı çatmadım.

                   ***

Daha az yazıram, daha yazmıram…
Daha bahar mənim, yay mənim deyil.
Mən hələ özümü şair saymıram,
Müqəddəs ülvi ad, pay mənim deyil.

SƏNİN GÖZLƏRİNDƏN MƏHƏBBƏT YAĞIR

Sənin gözlərindən məhəbbət yağır,
Yağır yazda yağan yağışlar kimi.
Odlu baxışların şimşək tək çaxır,
Ürəklər oxlayan baxışlar kimi.

                   ***

Dönüb gözlərini süzə bilmirəm,
Mənim ki islanan çağım keçibdir.
Şimşək baxışlara dözə bilmirəm,
Ömrüm çən-dumanlı yolu seçibdir.

                   ***

Sənin gözlərindən yağan məhəbbət,
Hardasa bir sevda cücərdəcəkdir.
Mənim qismətimə bir quru həsrət,
Kiməsə səadət bəxş edəcəkdir.

UZAT ƏLLƏRİNİ

Bəlkə gözləmirdin, bəlkə…nə bilim,
Bəlkə acıyırsan, gülürsən elə…
Görürsən tutulur söz deyən dilim-
Uzat əllərini çatacaq mənə.

                   ***

Uzat əllərini barmaqlarınla,
Codlaşmış saçlarım daranmalıdı.
Bütün inamınla, bütün varınla,
Səndə mənə inam yaranmalıdı.

                   ***

Uzat əllərini, tutum əlindən,
Beləcə, arada körpü yaransın.
Baxım gözlərinə, bu vaxt dilindən,
Ürəyim istəyən sözlər alınsın.

                   ***

Uzat əllərini, a payız gülüm,
Qar yağır, saçına ələnə bilər.
Çatsın qulağına fəryadım, ünüm,
Ürəyim dərdlərə bələnə bilər.

                   ***

Bəlkə gözləmirdin, bəlkə…nə bi lim,
Bəlkə ağlayırsan, gülürsən elə.
Qayıt gəl ömrümə, a payız gülüm,
Uzat əllərini payızdan belə.

ƏN DƏRDLİ AĞLAMAQ LAL AĞLAMAQDI

 Məni təbiətə qəlbən bağlayan,
 Bulağın baharda çağlamasıdı.
 Bir də ürəyimi didib dağlayan,
 Kiminsə içidə ağlamasıdı .

                   ***

 O dərdli dərdini ağlayıb ağlar,
 Dərdi ürəyinə bağlayıb ağlar,
 Qəhərdən sinəsi çağlayıb ağlar,
 Qəddini düz tutub şux saxlamaqdı,
 Ən dərdli ağlamaq lal ağlamaqdı.

                   ***

 Elə ağlamağı yad eşitməyir,
 “Ah”lara şadlanan şad eşitməyir,
 Doğma da, yaxın da, dad” eşitməyir,
 Özünü dərdinə tən bağlamaqdı,
 Ən çətin ağlamaq lal ağlamaqdı.

                   ***

 Tanrıdan dözümü, səbrini alar,
 Kövrək xatirəli xəyala dalar,
 Mehrini sevdiyi həyata salar,
 Dərdə əlac tapıb bil, toxtamaqdı,
 Ən dərdli ağlamaq lal ağlamaqdı.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest