GenelGüncelKültür Sanat

Həzi Həsənli

Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi

Həzi Həsənli

 Urfanı – Urfanı

Havalanıb qaşım üstən,

Əsdi Urfanı – Urfanı,

Ərşə qalxdı başım üstən,

Tüstü, Urfanı – Urfanı.

            ***

Nur ələyən bağlarıma,

Qar ələyən dağlarıma,

Çağıran o çağlarıma,

Səsdi, Urfanı – Urfanı.

             ***

Düşübdü yolu dağlara,

Ruh gedib Ulu dağlara,

Yağdırıb dolu dağlara,

Küsdü, Urfanı – Urfanı.

                  ***

Canımdan ötdü gəlmədi,

O gedən getdi, gəlmədi,

Nədir görən, heç bilmədim

Qəsdi, Urfanı – Urfanı.

             ***

Könlümdədi orda qalan,

Mənsiz qalan, mənim olan,

Ozan Həzi dərdə dalan

Kəsdi, Urfanı – Urfanı…

                Şuşam

Daha bu həsrətlə heç olmaz davam,

Sənə qovuşmuşuq, ay suyum – havam.

Sənə qovuşmuşuq, ay isti yuvam –

Ünvanım ay Şuşam, ünüm ay Şuşam!

                         ***

İsabulaq qanlı yaşa dönmüşdü,

Ürəyim köksümdə daşa dönmüşdü,

Ruhum göylərində quşa dönmüşdü,

İmanım ay Şuşam, dinim ay Şuşam!

                        ***

Yağıya yem olmaz sarı sünbülüm,

Qəhərdən qurtuldu Xarıbülbülüm,

Həm Üzeyirim, həm Cabbarım, Bülbülüm,

Sultanım ay Şuşam, Xanım ay Şuşam!

                       ***

Musiqi beşiyim, laylan təsəlli,

Müzəffər ordumun zəfəri bəlli,

Ölməz şəhidlərin hünəri bəlli –

Dolanım, başına dönüm, ay Şuşam!

                   ***

Yaz, Həzi Həsənli, gözümüz aydın,

Yolumuz haqq yolu, izimiz aydın,

Yazıldı tarixə sözümüz aydın –

Şərəfim ay Şuşam, şanım ay Şuşam!..

Bu dünyanın qara daşı göyərməz…

(Unudulmaz Xalq şairimiz Musa Yaqubun əziz xatirəsinə…)

Dən göyərər, tum göyərər şairim,

Torpaqda toxum göyərər şairim,

Sular axar, qum göyərər şairim,

Bu dünyanın qara daşı göyərməz.

                    ***

Gözüm keşik çəkər bu gözəlliyə,

Zəmilər yaşıla çalar, həm göyə,

Qiyamətdə birləşsə də yer göyə,

Bu dünyanın qara daşı göyərməz.

                       ***

Sevindir könlümü, ay könül dərən,

Körpə sevincimdi bağda gül dərən,

Yaşıl pərən – pərən, göy pərən – pərən,

Bu dünyanın qara daşı göyərməz.

                         ***

Gözümüzdən qanlı yaşlar axsa da,

Göydən ölü – ölü quşlar yağsa da,

Sellər gəlib qayaları yıxsa da,

Bu dünyanın qara daşı göyərməz.

                      ***

Bulaq daşı, mərə daşı göyərər

Ocaq daşı, kürə daşı göyərər,

Dünyanın hər cürə daşı göyərər,

Bu dünyanın qara daşı göyərməz.

                  ” Yanıq Kərəmi”

                      (Ustad Ədalət Nəsibova)

Mən zalım adamam, zalım, Ədalət,

Çal, sənin qadanı alım, Ədalət,

Elə dəyişib ki, halım, Ədalət,

Dilim söz tutmayır, lal öldür məni,

Çal, “Yanıq Kərəmi” çal, öldür məni!

                      ***

İçimdə vicdanın – düzün səsidi,

Şair nəfəsidi, sözün səsidi,

Ana laylasıtək sazın səsidi,

Anamtək könlümü al, öldür məni,

Çal, ” Yanıq Kərəmi” çal, öldür məni!

                       ***

Demə dözümlü ol, demə tələsmə,

“Ürəymi nişan al!”- üstümdə əsmə,

Sən Allah, o bəndi – bərəni kəsmə,

Ömrümü yarıya böl, öldür məni,

Çal, ” Yanıq Kərəmi” çal, öldür məni!

                              ***

Gedirəm, dünyada gözüm qalacaq,

Bir də bir yadigar sözüm qalacaq,

Getdiyim cığırım, izim qalacaq,

Yol ver bu karvana, yol, öldür məni,

Çal, “Yanıq Kərəmi” çal, öldür məni!

                      ***

Sazını ən dərdli pərdəyə köklə,

Yüklə qəmlərini, qəlbimə yüklə,

Milyonlar içində Həzini təklə,

Qol qoy fərmanına, qol, öldür məni,

Çal, ” Yanıq Kərəmi” çal, öldür məni!

                   Göyçəm

Hər an səndən ötrü ruhum göynəyir,

Laylamı çalmısan, göy çəmən, axı,

Gəlmək istəyirəm, yolum bağlıdır,

Quş olub uçummu, Göyçə, mən axı?!.

                      ***

Bütün göyçəlilər dərdimənimdi,

Hər bir göyçəlinin dərdi mənimdi,

Bu dərdi sinəmdən dər di, mənimdi,

Axı, götürmərəm, Göyçə, mən ahı!..

                      ***

Sən qibləm, sən pirim, sən ocağımsan,

Sənsiz qaralıbdı od – ocağım, san,

Sabahım, bu günüm, həm o çağımsan,

Öləydim qoynunda, Göyçəm, mən axır…

                          ***

Həziyəm, əlçatmaz dağım dağımdır,

Sinəsi dağlanıb, dağım- dağımdır,

Həsrətin ən böyük dağım, dağımdır,

Ən dərdli çayın da Göyçə, mənə axır…

                Ay Vətən!

Elə keçib gedək ipək yolları,

Bizə həsrət qalsın ana qolları,

Torpağa can verək, öpək yolları-

Vətən dedik bu torpağa, ay Vətən!

                      ***

Torpaq dilə gəldi, daş dilə gəldi,

Yuvası dağılan quş dilə gəldi.

Nə qədər gözlərdə yaş dilə gəldi

Kimdir baxan ağlamağa, ay Vətən?!

                         ***

Açdı ağ çiçəklər…al qana döndü,

Ağ atlı oğlanlar aslana döndü.

Şəhidlər ölmədi, dastana döndü,

Dastan sığmaz min varağa, ay Vətən!

                         ***

Anam Qarabağın hər qarışında,

Yuyular qanımız yaz yağışında.

Torpağın qoynunda, yer ağuşunda

Ahın getdi çox uzağa, ay Vətən!

                      ***

Mən heyranam şəhid verən millətə,

Ulu Tanrım, dözmək olmaz zillətə,

Şəhidlərdə qeyrətə bax, qeyrətə,

And içiblər bu bayrağa, ay Vətən!

                       ***

Mələklər çarpışar şeytanla, şərlə,

Barışmaram bu biganə bəşərlə.

Hərlə, qoca tarix, çarxını hərlə,

Tez qayıdaq Qarabağa, ay Vətən!

                 Vətən

And yerimiz sənsən elə,

Başına dönüb gələrik.

Anasan, Vətən, sən elə,

Döşünə dönüb gələrik.

                  ***

Dönüb yovşan iyinə də,

Yerinə də, göyünə də,

Dar günündə bir öynə də

Qoşuna dönüb gələrik.

                 ***

Dolanarıq gen dünyanı,

Cənnət bilərik buranı.

Öpüb müqəddəs QURAN – ı,

Xoşuna dönüb gələrik…

Yollar yordum düzlər ilə…

Yollar yordum düzlər ilən,

Getmədim yad izlər ilən,

Söylədiyim sözlər ilən –

Ad iləndi, ad iləndi…

                 ***

Dünya elə silkələndi,

Alçaq dağlar yekələndi,

Daha ələyim ələndi –

Dad ələndi, dad ələndi…

                   ***

Surumuzu neymi sanım?

Səbrimi gileymi sanım?

Göydən gələn leymi sanım? –

Od ələndi, od ələndi…

              ***

Həzi ki gördü darlığı,

Tamam göynədi varlığı,

Siz görən bəxtiyarlığı

Zədələndi, zədələndi…

                 Nə gəzir?..

Divanə dərvişəm sayəndə sənin,

Həm səndə gəzirəm, həm məndə məni,

Elə salmısan ki, kəməndə məni,

Bir belə kəməndim, torum nə gəzir.

                   ***

Kim deyər canımdan ayrı kimisən?!

Canımın parası – yarı kimisən,

Könül rübabımın sarı simisən,

Səndən ayrı sazım, tarım nə gəzir.

                      ***

Deyirəm, sən mənə necə yaxınsan,

Könlümü könlünə elə yaxın san,

Yandır, külə döndər, məni yax, İNSAN,

Od almağa közüm, qorum nə gəzir…

                       ***

Könlüm axşam – səhər yoluna çıxdı,

Sən də oğrun – oğrun yoluna çıx di,

Gəl könül dünyama, yolun açıxdı,

Axı, səndən özgə yarım nə gəzir.

                        ***

Eşqinin gəzəri heykəliyəmmiş,

Almışdın ağlımı – mən dəliyəmmiş,

Həziyəm, qoynunda ölməliyəmmiş,

Kəfənim nə gəzir, gorum nə gəzir…

                    Biləsən…

A mənim sevdalı, bəlalı könlüm,

Həsrətdən hörülmüş qalalı könlüm,

Necə yaşayırsan bu halı, könlüm?

Deyiləsi deyil, deyə biləsən…

                       ***

Qəlbinin atəşi məni yandırır,

Gözlərinin yaşı nəmi yandırır,

Anamı könlümün qəmi yandırır,

Öyüləsi deyil, öyə biləsən…

                    ***

Bu eşqin nə yaman hicranı varmış,

Saralıb soluxan xəzanı varmış,

Sevənin də şirin bir canı varmış,

Yeyiləsi deyil, yeyə biləsən…

                    ***

Sevgi şeirlərim ilmə – ilmədi,

Gizlincə yazmışam, heç kəs bilmədi,

Ruhumu göynədən bircə kəlmədi,

Duyulası deyil, duya biləsən.

                      ***

Həzi, keçib getmə sərhəd – səddini,

Sən yaxşı bilirsən sözün həddini,

Həmişə şux gördüm sənin qəddini,

Əyiləsi deyil, əyə biləsən..

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest