QIZILGÜL QURUSU
Nazım Ahmedli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Həcər
QIZILGÜL QURUSU
Arvada söz vermişdim ki, evə pərdə almaqda ona kömək eləyəcəm. Düzü, belə işlərdən başım çıxmır, həm də boş-boş şeylərə pul xərcləməyə əlim açılmır. Aldığım iki yüz əlli manat maaş özümü ancaq görür. Pərdədir də, neçə illərdir, asılıb ordan, çığırıb qaçmır ki. Evi yüngülvari təmir eləmişdik, arvad pərdələri də təzələmək həvəsinə düşmüşdü. Birtəhər ağlıma yeritdi. Şənbə günü:
-Sabah gedək, sənin pərdəni alaq. Başımı xarab elədin, – dedim.
O, cinli-cinli üzümə baxıb heç nə demədi. Bildim ki, sözünü içində saxlayıb. Pərdəni alandan sonra cavabımı verəcək:
-Dədəmin evinə almırdıq ki, öz xarabana alırdın də. Ailənin bu qədər əziyyətini çəkdiyim bəs deyil, xərcini də mənə çəkdirirsən. Bütün işləri yükləmisən belimə, canım çıxır…Sən gərək evlənməzdin, ömrün uzunu subay-səlliminə gəzəydin və sair, və ilaxır…
Nə isə, səhər tezdən arvadım yır-yığış edə-edə mənə:
– Əlimdə işim var, pəncərələri bağla, külək vurar, şüşələr qırılar, – deyəndə artıq geyinib ayaq üstə dayanmışdım. O hazır olanda “Ya Allah” -deyib evdən çıxdıq. Qapıdan çıxan kimi məndən on beş addım qabağa qaçar, sonra dayanıb ona çatmağımı gözləyər. Düz iyirmi ildir ki, beləyik: nə o, yerişini yavaşıtmır, nə də mən addımıma haram qatmıram. Ananın qarnından bu dünyaya düşəndən ikimiz də bu cürük: o, təntik, mən astagəl. İndi evə pərdə almaq ola, əri də arvadın yanında ola. Di gör də, yerişi ikiqat sürətlənib. Sevindiyindən uçur, gözündən gülür.
Dayanacağa çatmamış:
-Hayana gedəsiyik? – deyə soruşdum.
-“Sədərəy”ə getməyək. Madmazel şeysən, iki sıra gəzən kimi deyəcəksən, ay, yoruldum.. Niyə bunu almırsan? Elə hamısı bir-birinin tayıdır, qabağına çıxan birinci dükandan al, çıxaq gedək.. Taa nələr.. “Neftçilər” tərəfə gedək. Yerini fikirləşmişəm. Yaxşı mağazalar var.
“ Mağazalar” sözü qanımı itin qanına döndərdi. Yenə mağazalar.. Bir mağaza olsaydı, kefim bu qədər pozulmazdı. Nə isə, yola düşdük. “Vosmoy”un bazarına çatanda arvad ikimizin də yol pulunu verib avtobusdan düşdü və mənə işarə elədi ki, gəl. Gözümü ağartdım ki, bura “Neftçilər” deyil axı, burda niyə düşürsən? O da gözünü ağartdı ki, dedim, düş, gəl. Düşdüm. Sorğuma cavab ala bilmədiyim üçün yenə mat-məəttəl baxıram üzünə.
-Ay Allahın bəndəsi, bura elə “Neftçilər”in böyrü deyil? Desəydim, bura gələsiyik, ” Vosmoy”un bazarının adı gələndə allergiyan qalxır axı, dəli olursan. “O xarabada adama kələk gəlirlər.. Tərəzidə aldadırlar.. İydən adam boğulur…Az qalırlar, adamı da tutub satalar”, – deyirsən. İrəlidən demədim ki, heç olmasa, bura qədər rahat gələsən. Bax, o gördüyün mağazalar var ha, yan-yana dörd dənə, ordan alasıyıq. Gəl arxamca, – deyib qabağa düşdü.
Bazara girmədiyimiz üçün Allahıma şükür eləyib düşdüm onun arxasınca. Öndən eni cəmi iki-üç metr olan mağazanın qapısını açıb içəri girəndə gözlərim böyüdü. İçəridən elə bil dükanı üfürüb böyütmüşdülər. Eni-uzunu nə boyda! O qədər də müxtəlif rəngli, naxışlı pərdələr asılıb ki, baxanda başım gicəlləndi. Düşündüm ki, bu basırıqda lazım olanı gəzib tapınca ömrüm yarılanar. Hövsələm nə gəzir? Arvad isə parçaları görəndə gözləri işıqlandı, əlimdən tutub (son dəfə nə vaxt bir-birimizin əlimizdən tutduğumuz yadıma gəlmir) dar cərgələrin arasına soxuldu. Ürəyim çırpınır, qan beynimə vurmuşdu.
-Gərək gəlməyəydim..Gərək gəlməyəydim. Özü alardı də həmişəki kimi.. Mənim burda nə itim azıb axı? – deyə düşünürdüm.
Böyründən keçdiyimiz pərdənin birini gözü tutan arvadım qəfil dayandı. Pərdənin qulağından tutub o birilərin arasından çəkərək bəri çıxardı. Neçə dəfə o üz-bu üzə çevirib heyran-heyran baxdı və öz-özünə:
-Nə qəşəngdir axı. Bu rəngi elə xoşlayıram.. Abıdır..Surəngi.. Yoo, tünddür, deyəsən.. Nəsə ayrı cür deyirlər buna…
Beynim qıjıldadığından, qulaqlarım küyüldədiyindən son sözləri tam eşitmirdim. Birdən pərdə qalaqlarının arasından uzun, arıq boyunlu bir armud baş çıxıdı, yekə ağzını açdı, irişə-irişə arvadıma baxıb:
-Qızılgül qurusu.., – dedi.
Baş pərdələrin arasından qəfil və bədənsiz çıxdığı üçün, yəni bədən görünmədiyi üçün ikimiz də bərk diksindik. Həm də bu söz məni cin atına mindirdi. “Necə yəni qızılgül qurusu? Kimdir qızılgül qurusu? Mənim arvadıma deyir? Kopoolu qəfil çıxıb qorxuzduğu bəs deyil, hələ bir arvadı qurumuş gülə də oxşadır..”
-Kimnənsən, ə, sən? – deyib gözlərimi qıyaraq bərk fısıldadım. Hələ də bədəni pərdələr arasında gizlənən armudbaş yenə irişib çənəsini arvada sarı uzatdı.
Hövsələm bir qırıq oldu. Bircə addım kənara cəkilib həyat yoldaşımı birinci dəfə görürmüş kimi başdan-ayağa süzdüm. Evli olduğumuz iyirmi ildə, bəlkə də, birinci dəfə idi, ona bu cür müştəri gözü ilə baxırdım. Geyimi babat olsa da, ayaqqabısı çox nimdaş idi. Neçə illərdir, evdə qulaqlarım döyənək olub:
-Padaqra məni öldürür. Ora-bura yük daşımaqdan oldu. Axşamacan ayağım altımı görmür. Bir normal ayaqqabı da ala bilmirəm. Tapıb aldıqlarımı da cındırı çıxınca geyinirəm. Neyləyim, ayrısını arayıb alınca ləlik oluram. Camaat özünə fikir verir, salonlara gedir, bədənini başdan-ayağa yığdırır, mən heç olmasa ayaqlarımın bu “şişka”larını müalicə eləyib ağrıdan qurtara bilmirəm…
Arvad gözümə köhnəlmiş nimdaş paltar kimi, arıq, qırışmış əlləri, soluxmuş yanaqları elə qurumuş gül kimi göründü. Qanım bərk qaraldı. İş yoldaşlarım tez-tez ora-bura “baş vurar”, əməllərindən forslana-forslana danışar, mən isə hələ də səbr eləyirdim. Günah.. zina..cəhənnəm əzabı.. sədaqət.., filan və s.. Arada bir həvəsə gəlib damağımı dəyişmək istəsəm də, ərincəkliyim, “zamanı semiçka kimi çırtlamağım”(arvadın sözüdür), ləngliyim burda da özünü göstərirdi. Elə bil gözləyirdim, kimsə bir nazənini qızıl podnosda gətirib qoyacaq qabağıma ki, buyur, Sadıq bəy, sənindir, kef elə. İndi arvada baxanda ilk dəfə idi ki, bu cür axmaqcasına sadiqliyimə və ləng olmağıma acığım tutdu. Düşündüm ki, deyəsən, çox yubanmışam. İlləri boş-boşuna vermişəm yelə. Tərpənmək lazımdır. Mütləq tərpənmək lazımdır. Yox bir, nə vaxtacan get naxıra, gəl axura, bu “qurumuş qızılgül”ün dır-dırına qulaq as. Elə bu qurumuş qızılgül sözü birdən beynimi yerindən oynatdı. Necə yəni, qurumuş qızılgül? Qeyrət damarım tutdu, nə tutdu.. Çox yubanmağımdan doğan təəssüf və peşmançılığın üzərinə arvadıma belə deyən armudbaşa olan qəzəbim gəldi. Əlimi uzadaraq kişinin yaxasını birtəhər ələ keçirib dartdım, bədənini pərdələrin arasından bəri çıxardım. Skelet kimi arıq bədən qarşımda peyda olanda arvadımın gözü kəlləsinə çıxdı, həyəcanla:
-Neyliyirsən, Sadıx, neyliyirsən? Dəlisən? A kişi, sən Allah, nağayırdığındı?-dedi.
Onun belə təşvişə düşməyi, armudbaşın skelet kimi arıqlığı, arvadıma elə deməyi cəsarətimi bir az da artırdı. Kişinin çənəsinə bir yumruq ilişdirib:
-Kopoolu, mənim arvadıma deyirsən qurumuş gül? Alıcılarla belə rəftar eləyirsən, qurumsax? Sən öl, səni öldürrəm, – deyib “skeleti” boşladım.
Çənəsinə dəyən zərbə , deyəsən, ağır olmuşdu. Yekə ağzının alt çənəsi bir tərəfə əyildiyindən əli ilə çənəsini tutub düzəltməyə çalışarkən irilmiş, təəccüblə və qorxa-qorxa baxan gözlərini üzümə zilləyib dinənə qədər pərdələrin arasından yumru bir qadın peyda oldu:
-Noolub, burda noolub, Canəli, səni vurdu bu kişi? Neyləmisən? – deyəndə qadına sözünün sonunu bitirməyə aman vermədən hücuma keçdim:
-Arvadıma ağzına gələni deyir. Məni görmür, elə bilir, arvadım təkdir. Gəlmişik evimizə pərdə almağa(burda özümü qayğıkeş, ailəcanlı ər kimi göstərməyə fürsət düşdüyündən lap canfəşanlıq elədim), bu da satıcının mərifəti…
Kişi bir söz deməyə macal tapmamış sifəti qıpqırmızı qızaran yumru qadın ağzını açıb tüpürdü bunun üzünə:
-Boyunu yerə soxum. Öl, yerə gir. Bə nə vaxt adam olassan? Mənim “klent”lərimi niyə qaçırdırsan, a biqeyrət? Min dəfə demişəm, bu qurumsaxlığını tərgit. Tərgit bu qurumsaxlığını. Yaxşı ki, Allah saa bir yaxşı sir-sifət, can-baş vermiyib. Yoxsa heç yerində oturmazdın, – dedi, sonra üzünü mənə tutub , – qardaş, fikir verməyin buna. Hərdən ağlı çaşır. Gəlin sizə bir kofe, çay süzüm. Pərdə almağıvıza da özüm kömək eləyəcəm. Narahat olmayın. Qiymətini də nə qədər desəniz, aşağı salacam.
“Yumru”nun belə deməyi məni bir az da ürəkləndirdi. Həm də qiyməti istədiyimiz qədər aşağı salacağına o qədər sevindim, düşündüm ki, deyəsən, elə müftə verəcək…
Kişi elə yazıq görkəm aldı, elə zavallı sifətə düşdü ki, birdən-birə onu vurduğuma peşman oldum, yazığım gəldi. Bütün bunlar elə ani olmuşdu ki.. Arvadım dişini dişinə sıxıb dinmirdi. Amma üz-gözündən nəyinsə yerində olmadığını anladım. Nəsə kəlləmayallaq olmuşdu yenə. İşlər tərsə düşəndə o, bu cür baxır. Bir armudbaşın üzünə baxdı, bir mənim:
-Bu yazıq kişi nə dedi ki, camaatı vurursan. Heç bilirsən qurumuş qzılgül nə deməkdir? Pərdənin rəngini deyir bu adam. Bu rəngə qızılgül qurusu deyirlər.. “Matovı” qızılgül… Niyə bir şey almağa çıxanda mənim qanımı itin qanına döndərirsən? Həmişə sevincimi qursağımda qoyursan. Gərək heç səni gətirməyəydim. Ta almıram, gəl çıxaq gedək. Bu abırnan alınan pərdədən nə çıxacaq? Hər dəfə baxanda qanım qaralacaq. Sonra həmişəki kimi, bayquştək təkcənə gəlib özüm alaram, – dedi.
Arvadım həm hirslənmiş, həm də doluxsunmuşdu. Elə ona da yazığım gəldi, amma lap azca. Qaldım elə-belə. Bilmədim, neyləyəm. Armudbaşın üzünə baxanda çıxılmaz vəziyyətə düşməyim daha çox ağırlaşdı. Arvad əlimdən tutub yenə çəkə-çəkə sürətlə qapıya yönəldi. Bilirdim ki, evdə həmişəki tamaşanın təkrarı başlayacaq:
-Necə də bədbəxtəm…Sənə gəldiyim günə daş düşəydi. Camaatın ərləri…
Mən də qapını çırpıb gedəcəm iş yerimin yanındakı çayxanada bir-iki siqaret çəkəcəm. Tanışlarımla çay içə-içə nərd, domino oynayacam, həmişəki kimi hamını udacam, sevinib qürurlanacam, hər şeyi unudub qayıdacam evə…
Biz qapıdan çıxar-çıxmaz arxamızca yumru arvadın səsi küçəni başına götürdü:
-İt oğlu, hara qaçırsan? Mən də deyirəm bəs, kişim bunun o soxulcana oxşar arvadına nəsə deyib. Pərdə almağın gözüvə girsin, kişimi niyə vurursan günahsız yerə?! Getmə, dayan, bu dəqiqə səni polisə verəcəm! Dayanmayan biqeyrətdir! Dayan, kopoolu..!
Arvadım əlimdən darta-darta addımlarını yeyinlətdi. Sonra qaçmağa başladıq. Zarafat deyildi, eşitmişdim, bir yumruğa üç il həbs düşür. Özümüzü qarşımıza ilk çıxan taksiyə salıb: “Sür”, – dedik. Maşına əyləşən kimi arvadım:
-Ömründə məni bir dəfə də taksiyə mindirməmisən, – dedi.
Cavab vermədim. Fikrim arxada, “Səni polisə verəcəm” – sözlərinin yanında idi. Arvadım monoloqunu yana-yana, xısın-xısın davam etdirdi:
-İllər boyu bazarı, dükanları tək dolaşdım. O vaxtı lap cavan, gözəl-göyçək gəlindim..Niyə heç düşünmürdün ki, birdən buna bir söz deyərlər, bir iyrənc hadisə olar? Avtobuslarda ayaqüstə, yorğun-arğın, basırıqda ona-buna söykənə-söykənə, o-bu sürtüşə-sürtüşə yol yortmuşam, ağır zənbillər daşımışam, onda qeyrətin oyanmırdı, indi dilə gəldi?! Mən sənnən neyliyim axı?!– deyəndə elə yazıq görkəm aldı ki..Gözlərinin giləsini şüşə kimi örtən göz yaşları donub orda qalmışdı. Onun ağlamasını istəmirdim. Bundan qorxuram. Həqiqətən, çox qorxuram. Belə məqamlarda elə bilirəm, bunlar bir lənətlik kimi məni bədbəxtliyə, sonu məchul və pis nəticələnən qədərə sürükləyir. Bu hiss ağır daş kimi çökür üstümə. Ona görə evdən qaçmaqla, arvadımdan uzaqlaşmaqla bu hisslərdən yaxa qurtarmağa, əhvalımı düzəltmək üçün yoldaşlarımla görüşməyə can atıram. İndi taksidə bunları dinləməyə məhkumdum, qaçmağa yer yox idi.
Öz binamızın nömrəsi doqquzdur. Hər ehtimala qarşı taksini beşinci binanın yanında saxladıb düşdük. Maşının getməyini gözləyib tərpəndik. Binamızın qarşısına çatanda sonuncu mərtəbədə olan mənzilimizin açıq pəncərəsindən özünü çölə atmış pərdələri küləyin yellədiyini, onların sanki bizə əl elədiyini gördüm. Külək vurduqca tam açılan pərdələrin ətəyində ordan-burdan şırım kimi süzülmüş yarıqlar səmann fonunda apaydın görünürdü.
01 may 2022.