GÜLŞƏN BEHBUD (Şeirlər)
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
GÜLŞƏN BEHBUD
(Şeirlər)
Vətən yolunu gözləyir…
Ayağa qalx, Türk dünyası,
Bütövləşək, yumruq olaq!
Türklük özü şərəf-şandır,
Şanımızı uca tutaq!
***
Od-alovdan yoğrulmuşuq,
Türk övladı, türk eliyik!
Şah babamız Şah İsmayıl–
Cavanşirlər nəslindənik!
***
Haqq-ədalət yolçusuyuq,
Haqq həmişə qalib gəlir!
Əsgər balam, silah götür,
Vətən yolunu gözləyir!
***
Sınaqlardan keçib gəldin,
Tarixlərin yaddaşısan!
Öz andını içib gəldin,
Vətən daşı, yurd daşısan.
***
Od-alovdan yoğrulmuşuq,
Türk övladı, türk köküyük.
Axıb-axıb durulmuşuq,
Dünyanın vicdan yüküyük.
***
Ər-igidlik dastanısan,
Kitablara sığmayacaq…
Keçmişini qürurla an,
Döyüşlərdə zəfər çalaq!
***
Qüdrətiylə tarix yazan
Azərbaycan əsgərisən.
Bu dünyaya sığışmayan
Qəhrəmanlıq örnəyisən.
***
Tarixlərə tarix yazan
Atatürkük, biz Heydərik,
Qüdrətliyik, sülhsevərik,
İki dövlət, bir millətik!
***
Dədə Qorqud ocağıyıq,
Babəklərik, Koroğluyuq.
Keçmişinə qürurla bax,
Döyüşlərdə zəfər çalaq!
***
Ayağa qalx Türk dünyası
Bütövləşək, yumruq olaq!
Türklük özü şərəf-şandır,
Adımızı uca tutaq!
Şikayət
Səndən gileyliyəm, şikayətimi
Borana, soyuğa, qışa deyirəm…
Qoruyan bilmədin məhəbbətimi,
Mənim ürəyimdə yaşa deyirəm.
***
Şaxtalı küləkdən meh istəyirəm,
Qar altdan boylanan nərgizlər kimi.
Mən səndən bir damcı şeh istəyirəm,
Qəlbimdə çağlasın dənizlər kimi…
Qarabağım, gəlmişik!
Elim-obam,Vətən deyib gəlmişik,
Həsrətinlə kövrəlmişik, gəlmişik!
İgidlərin yumruq olub, nər olub,
Vətənin hər yanı laləzar olub.
Qarabağım, qucağına gəlmişik!
***
Neçə igid torpağına qarışıb,
Göz yaşıyla bitmişik, tükənmişik!
Pərən-pərən olub, səpələnmişik.
Qarabağım, qucağına gəlmişik!
***
Qoynundan ayrılan körpələr indi,
Döyüşən qəhrəman əsgərlərindi!
Vətən deyir qalxan, duran, birləşmişik,
Qarabağım, qucağına gəlmişik!
***
Şadlan yurdum, oyan torpaq,
Ölmüş idik, dirilmişik…
Sevin, bu yaz müjdələrlə
Qarabağım, Qarabağım, gəlmişik!
***
Oyan şəhid ruhları, oyan, anam, qardaşım…
Şad xəbərlə ziyarətə gəlmişik,
Yağ, ey yağış, təmizlənsin başdaşları
Qan deyil də,
göz yaşımız qoy torpağa qarışsın!
***
Tut ağacım, necəsən, yelləncəyim bəs hanı?..
Ay ana, sən hardasan, qonum-qonşu hardadır?..
Atamın gəzişdiyi çəpər boyu izlərindən soruşuram,
Ürəyimin közlərindən soruşuram.
Aç gözünü, ay qardaşım, xəbərin varmı,
Gəlmişik….
***
Bulaqlar yerindəmi, gedib sərinlənərik,
Doya-doya yuyunub, saf suyundan içərik…
Keçmişimdən yadigar armud ağacım hanı,
Dərdə əlacım hanı?
Gəlmişik!
***
Akasiya ağacı, hanı tumurcuqların?
Atam səni qoxlayıb hey ətrini
sinəsinə çəkərdi,
Bir budaq quruyanda
Neçə ağac əkərdi.
Gəlmişik!
***
Pəncərələr açılmır, cəftələri pas tutub,
Otuz ilin dərdinə evimiz də yas tutub.
Hanı nərgiz güllərim, siz harda gizlənmisiz?
Xəbərim var sizlərə, çıxın, daha gəlmişik!
***
Xarabaya çevrilən yamacımız, yolumuz,
Dərdlərə dərman olan quruyub “Cam-Cam”ımız.
Ətirlənin, güllənin sevinin, ay obamız,
Ağdamımız, Şuşamız, Kəlbəcər, Qubadlımız….
Gəlmişik!
***
Sancıldı Xankəndinə üç rəngli bayrağımız
Çevriləcək cənnətə yenə Qarabağımız!
İgid, dönməz, qəhrəman
Azərbaycan oğlunu
öyə-öyə gəlmişik
Birləşin Türk Dünyası, – deyə-deyə gəlmişik!
Yavaş-yavaş
Kövrəlir, göynəyir hey için-için,
Dərd ilə sovrulur o yavaş-yavaş…
Darıxır yurdunun havası üçün,
İçində qovrulur o yavaş-yavaş…
***
Fikri-zikri torpağında, elində…
Bu dünyada nəyi qalıb əlində?
Ağı olub şən nəğməsi dilində,
Qəm ilə yoğrulur o yavaş-yavaş…
***
Sormayın halını yurdsuz qalanın,
Ev-eşiyi, xanimanı talanın.
Üstündən xətt çəkib neçə yalanın,
Qisasla doğulur o yavaş-yavaş…
Təsəlli
Oturub özümlə üz-üzə hərdən
İttiham edirəm, söhbət edirəm…
Günahkar çıxarıb özümü hərdən,
Özümə ən ağır cəza verirəm.
***
Qeyb olan ayların, ötən illərin
Ağrısı gözümün yaşından çıxır.
Köksümdə bir uca dağa çevrilən
Qəm-kədər qəlbimin başından çıxır.
***
Soyuqlu-şaxtalı xəzan ömrümü
Qızdıran qəlbimin oduymuş, demə.
Aldandım, sınandım hər addımbaşı,
Təsəllim vicdanın adıymış, demə…
Qəriblik
Elə kövrəlmişəm, elə sənsizəm,
Sinəsi çatlayan torpaq kimiyəm.
Ruhum da tənhadı, qəribsəmişəm,
Küləyə tuşlanmış yarpaq kimiyəm…
***
Nədir taleyimdə qara nöqtələr,
Düzülür ömrümün vərəqlərinə?
Düşübdü dəryaya bəxt dəftərim də,
Əlimi atdıqca gedir dərinə.
***
Ürəyi sarı sim incidir-nədi,
Qalmayıb taqətim, ağır gəzirəm..
Gözlərim yollara dikilib indi,
Yurduma getməyə cığır gəzirəm…
***
Qismətim tənhalıq, taleyim təklik,
Beləcə ötüşdü illərim, ayım…
Göz yaşı, qəm-kədər yağdı ömrümə,
Budurmu Tanrıdan veriləm payım?
Unudulmaz ürək sevən
Unudulmaz ürək sevən,
Ən dəyərli sərvət kimi.
Gah güldürər vüsal kimi,
Gah ağladar həsrət kimi.
***
Unudulmaz ürək sevən,
Yuxuları ərşə çəkər.
Baxışlarda görsə, kədər,
Ürəklərə ümid əkər…
***
Unudulmaz ürək sevən,
Qəlb ucaldar, ruhda yaşar.
Gah sevinci şahə qalxar,
Gah hicranı aşıb-daşar…
***
Unudulmaz ürək sevən,
Könlümüzün meyli kimi.
Səhralarda eşqə salar,
Məcnun kimi, Leyli kimi.
***
Dərdi-səri əzib keçər-
Şiddətli bir nifrət kimi.
Çəkər ruhu yerdən göyə,
Tanrı vermiş qüdrət kimi…
Məhəbbət oxunsun gözlərimizdən
Eh, mənim bu gecəm nə uzun oldu,
Yuxum tikan kimi batır gözümə.
Sarmaşıq fikirlər alıb başımı,
Dolaşıq düşmüşəm özüm-özümə.
***
Suallı-nidalı baxışlarınla
Yenə dayanıram sənlə göz-gözə.
Sevinək doğulan bu sevgimizə,
Nə yaxşı səninlə gəldik üz-üzə.
***
Varaq sevgimizin özəlliyinə,
Qoy sükut göyərsin sözlərimizdən,
Sevinək dünyanın gözəlliyinə,
Məhəbbət oxunsun gözlərimizdən!…
***
Hərdən kövrəlirik, hərdən küsürük,
Ruhumuz inciyir qəlb qırılanda.
Susuruq suallar qarşısında biz,
Ürəklər yorulmur dərd yorulanda.
***
İndi ürəyimin sahibi olub,
Məni gah ağladıb, gah güldürürsən.
Min əzab verirsən, min hala salıb,
Çəkirsən sinəmə dağ, öldürürsən…
***
Həsrətinlə yaşayıram daima,
Gözlərini gecələrim bilirəm.
Səhərlər üzümə gülən günəşi
Sənin ürəyinin közü bilirəm.
Bütövləşmişik
Əldə etməmişəm nəyisə asan,
Hər işim çıxıbdı daş arasından.
Dərd bir an ayrılmır duyğularımdan,
Boylanır göz ilə qaş arasından.
***
Yaranmış olsaq da bir-birimizçün,
Yazıq bizlərə ki, ayrı düşmüşük.
Neyləyək, dərd ilə bütövləşmişik!
Həsrəti sinəyə çəkib, dözmüşük,
***
Bu da bir taledir, bu da bir ömür,
Gecikmiş sevdayla sürünmək olmur.
Saxta gülüş geyib dodaqlarıma,
Qayğısız adamtək görünmək olmur.
***
Bu səssiz sevgini, bu lal sevgini
Gizlədək ürəkdə, gömək torpağa.
Gəl edək son günah, son xəyanəti,
Keçək özümüzdən, gedək uzağa.
Bir zaman
Bir zaman sevgiylə baxardı gözlər,
İndi baxışlara kölgələr düşüb.
Sükuta çevrilib sevdalı sözlər,
Dil susub, danışmır, dodaqlar küsüb.
***
Sevgi cığırına dönən yolları
Ot basıb, kol-kos basıb, dolaşıq düşüb.
Qəlbimi yandıran sevgi atəşi
Canımın oduyla qarışıq düşüb.