GenelGüncelKültür Sanat

Gülnarə İsrafil – Şeirlər

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Könlümə ebru çək

                   Şeirlər

Könlünə ebru çək baxışlarımı,

Boşuna gözəlim, gülüm, demə, keç.

Əl-ələ tutmadan tutaq əl-ələ,

Boz ömrü rəngləyək, silim demə heç.

***

Səni bənd-bənd yazım, şeirbəşeir,

Sallanaq bir ağac budağına söz.

Uşaqlıq şəklimdə təbəssüm qalıb,

Götür, dodağımdan yanağıma düz.

***

Təmizlə lallığın qırışlarını,

Axım tozlu ömrə, şəlalə axım.

Səndə güzgülənim, səndə daranım,

Səndə ürkək-ürkək camala baxım.

***

Xoşlansın günümüz sığalbasığal,

Yazaq özümüzdən, qərinə yazaq.

Üzdə hamı sevər, hamı sevilər,

Gəl biz sevgimizi dərinə yazaq.

Gedirəm

Gedirəm bu dünyanın

İzini itirməyə.

Gedirəm bəlkələrdən

Özümü gətirməyə.

***

Gedirəm həqiqətin

Gözünə bıçaq soxum.

Gedirəm öz bağımda

Tək bircə çiçək qoxum.

***

Gedirəm yer üzünə

Əl atıb ulduz çəkim.

Gedirəm şəfəq tutum,

Torpağa Günəş əkim.

***

Gedirəm qar yağmağa…

Yağım ki, tam islanım.

Çürüyüb qarışanda

Torpağa, qızıllanım.

 Yağış

Göylərdən endir məni,
Bir ovuc torpaq üstə.
Endir damlalarında,
Saralmış yarpaq üstə.
Yu izimi, ey yağış,
Yu məni qarış-qarış,
Axıt, axıt Araza,
Doğmalaşdır Xəzərə.
Qalmasın torpaq üstə,

Qalmasın yarpaq üstə,
Varlığımdan bir zərrə.
Dənizin dibindəcə
Yosun olum, ot olum.
Vulkan kimi püskürüm,
İnsan kimi yox olum.

 Vətən

Bir şəhid gördüm ki, mən

Köynəyi can verirdi.

Dilində ilk yaddaşı,

Qurumuş son kəlməsi

Yerdən torpaq dərirdi.

***

Doğacaq körpəsinin

Qoxusuna tamarzı.

Unudurdu nəğməni

Dodaqları qaçaraq,

Pıçıltı qovlayırdı,

Hənirti axtarırdı

Canından can açaraq.

***

Medalı çiçək açmış,

Laylası bumbuz, hamar,

Ürəyində qaynardı

Güllə açmış samovar.

***

Bir şəhid gördüm ki, mən

Sükutu üfüq sarı.

Qənd dadını verirdi

Onda ömür layları.

***

Bir şəhid gördüm ki, mən

Torpaqdan don geyinmiş.

Anadan köz atəşi,

Atadan sirr daşları

Geyinmiş də, geyinmiş…

***

Təpədən dırnağacan

Doğma, yad yavaşları.

Bütün yer kürəsində

Ölümcül savaşları.

***

Bir şəhid gördüm ki, mən

Vətən olmuşdu,Vətən!

Qar bəyazım

Buğda boyluydu 

günahlarım,

Səni sevəndə.

Zəmilər səadət yüklü

sevinc qoxuyardı torpaq ətirləndikcə…

Bəxtimiz çiçəkləmişdi gəlişinə.

Kəndimizdə bir qız gəlin gedirdi

dünyasına.

Qırmızı bağlamışdılar otlağın belinə.

Səni sevəndə,

qara sevdalılar nikahlanırdı.

Təkcə ağlar qalan,

könlümüzün sakini…

Odunçu odununa,

ələkçi ələyinə, 

diləkçi diləyinə qovuşdu.

Çiçək qədər ömrün,

su qədər axırın oldu.

Sularım duruldu sellərə,

qara büründüm –

ləpələnməyə.

Hamısı,

səni sevdiyimdəndir, qar bəyazım.

 Hun atam 

                      ​Daş adam,

                      ​əlində diriliş suyu,

                      ​kimliyində bəy dədəm,

                      ​kötüyündə yox hərəm.

                      ​Boy vermiş köç-köç

                      ​Ön Asiyadan Sibirədək.

                      ​Van gölü,

                      ​Xəzərə dəng.

                      ​Urmiya, Kərkükə dönək.

                     ​Anadolu,

                      ​Lidya-Troya,

                      ​Kuruqan qazan, tarix yazan

                      ​Prototürk,

                      ​Etrüsk,

                     ​Aratta,

                     ​Subar,

                     ​Qut,

                    ​Turuk.

                    ​Gələnəklər,

                    ​göyqurşağı.

                    ​Qut tengri,

                    ​Göy tengri;

                    ​Şaman ayin,

                    ​köç yeri.

                    ​Tamğalı

                    ​Qobustan qayaları.

                    ​Huydum–

                    ​hun dam.

                    ​Yay düzəldən,

                    ​ox atan.

                    ​Günəş tanrı,

                    ​Günəş adam,

                    ​Hun atam!

Qəribə gecə

Qəribə gecəydi bu gecə…

Qadın səsləri asılmışdı havanın

qaralığından.

Şəhərin divarları

canını qurtarmağa çapalayarkən

sükunətə üsyan – 

yuxu qalağının ürəyi.

Uğultuya,

qadın hislərinin son ümidləri 

uşaq gətirirdi dünyaya.

Zina,

Zindan,

Ağrı,

Abır,

Ölüm…

Hamısını qadın daşımışdı bətnində.

Qəribə gecəydi bu gecə…

Divarlar ağrıyırdı

küləyin çırpılışına.

İnsanlar küləyin ruhunda

səs çıxarırdı,

zingildəyir, ulayırdı şəhər.

Daha sonra,

daha sonra

ən böyük yoxluğu, heçliyi doğurdu qadın.

Ey insan!

Sübh çağı hər yan şəfəq,

Ağac əyir başını,

Yaradanın qulutək.

Hətta ilham alıbdır,

Bu dünyanın daşı da.

Mələklər endirərkən,

Göylərdən yağışı da.

Buludlar aram-aram

Səmadan çəkiləndə,

Damla-damla nur yağır,

Dan yeri söküləndə.

Demə hər gün yenidən

Doğulurmuş kainat.

Oyan, ey qafil insan!

Sən yalanlar içində,

Qara üzlü günahın

Yuxusuna qalmısan.

Neçə haqqı çalmısan.

Nə eşqdən xəbərin var,

Nə də ki oyanışdan,

Hər gəlişdə bir sevgi,

Hər gedişdə bir həyat.

Ey insan!

Elə sənin özünsən,

Nurdan doğmuş kainat.

Əfəndim

Məni soruşsan yaralı canam,

İrəvanam!

Paramparça Azərbaycanam!

Bir tərəfim Təbriz,

bir tərəfim Borçalı,

hərəsindən bir tikəyəm, 

yekəyəm, Əfəndim.

Dərbənddir anamın bayatıları.

Urmiyada iki canıq deyir, 

Kərbəlada əlimi öpən, yaşlı qadın.

Ərdəbil ətri gəlir

məzarından babamın. 

Şanlı-şanlı uyuyuram…

Xallı gözümdə işıldayan

parıltımdır

İğdırım, Qarsım.

Dərbədər halımın kəpənək qanadında

hal-halam.

Evimizin üstündə əridilmiş Xalxalam,

Xal-xalam, Əfəndim.

Kibrit boyda alışqanam…

Qarabağın ağrıyan vücuduyam,

Şəhidəm, şahidəm, Əfəndim.

Vətən yağır gözlərim…

Bir ovuc boyda qalmışam, 

bir ovuc torpağam, Əfəndim…

Səs çıxarma, yat, bala

Anasını, atasını
itirən uşaq!
Üzünü soyuq daşa qoyub…
İsti qucaq əvəzinə,
iki məzar arasında 
yatan uşaq,
əllərini başı altda qoşa qoyub.
Anasının, atasının nəfəsini,
duymaq üçün,
gecə-gündüz yatır orda.
Göz yaşını, ahına qatır orda.
Bu uşağın taleyini düşünəcək,
bir kimsə yox.
Mərmi yağır göy üzündən,
yağış kimi.
Səs çıxarır zülmlərə
əl çalınan alqış kimi.
Şak, şak,şak…
Bu cənnətmi, cəhənnəmmi,
qiyamətmi..?
Yoxsa bütün insanların
göz yumduğu cinayətmi…
Sadə bir ad qoyublar,
vətəndaş müharibəsi.
Yaxşı addır,
yatımlıdır qulağa.
Yat iki məzar arasında,
səs çıxarma, yat, bala.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest