Gülnarə İsrafil – Şeirlər
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Könlümə ebru çək
Şeirlər
Könlünə ebru çək baxışlarımı,
Boşuna gözəlim, gülüm, demə, keç.
Əl-ələ tutmadan tutaq əl-ələ,
Boz ömrü rəngləyək, silim demə heç.
***
Səni bənd-bənd yazım, şeirbəşeir,
Sallanaq bir ağac budağına söz.
Uşaqlıq şəklimdə təbəssüm qalıb,
Götür, dodağımdan yanağıma düz.
***
Təmizlə lallığın qırışlarını,
Axım tozlu ömrə, şəlalə axım.
Səndə güzgülənim, səndə daranım,
Səndə ürkək-ürkək camala baxım.
***
Xoşlansın günümüz sığalbasığal,
Yazaq özümüzdən, qərinə yazaq.
Üzdə hamı sevər, hamı sevilər,
Gəl biz sevgimizi dərinə yazaq.
Gedirəm
Gedirəm bu dünyanın
İzini itirməyə.
Gedirəm bəlkələrdən
Özümü gətirməyə.
***
Gedirəm həqiqətin
Gözünə bıçaq soxum.
Gedirəm öz bağımda
Tək bircə çiçək qoxum.
***
Gedirəm yer üzünə
Əl atıb ulduz çəkim.
Gedirəm şəfəq tutum,
Torpağa Günəş əkim.
***
Gedirəm qar yağmağa…
Yağım ki, tam islanım.
Çürüyüb qarışanda
Torpağa, qızıllanım.
Yağış
Göylərdən endir məni,
Bir ovuc torpaq üstə.
Endir damlalarında,
Saralmış yarpaq üstə.
Yu izimi, ey yağış,
Yu məni qarış-qarış,
Axıt, axıt Araza,
Doğmalaşdır Xəzərə.
Qalmasın torpaq üstə,
Qalmasın yarpaq üstə,
Varlığımdan bir zərrə.
Dənizin dibindəcə
Yosun olum, ot olum.
Vulkan kimi püskürüm,
İnsan kimi yox olum.
Vətən
Bir şəhid gördüm ki, mən
Köynəyi can verirdi.
Dilində ilk yaddaşı,
Qurumuş son kəlməsi
Yerdən torpaq dərirdi.
***
Doğacaq körpəsinin
Qoxusuna tamarzı.
Unudurdu nəğməni
Dodaqları qaçaraq,
Pıçıltı qovlayırdı,
Hənirti axtarırdı
Canından can açaraq.
***
Medalı çiçək açmış,
Laylası bumbuz, hamar,
Ürəyində qaynardı
Güllə açmış samovar.
***
Bir şəhid gördüm ki, mən
Sükutu üfüq sarı.
Qənd dadını verirdi
Onda ömür layları.
***
Bir şəhid gördüm ki, mən
Torpaqdan don geyinmiş.
Anadan köz atəşi,
Atadan sirr daşları
Geyinmiş də, geyinmiş…
***
Təpədən dırnağacan
Doğma, yad yavaşları.
Bütün yer kürəsində
Ölümcül savaşları.
***
Bir şəhid gördüm ki, mən
Vətən olmuşdu,Vətən!
Qar bəyazım
Buğda boyluydu
günahlarım,
Səni sevəndə.
Zəmilər səadət yüklü
sevinc qoxuyardı torpaq ətirləndikcə…
Bəxtimiz çiçəkləmişdi gəlişinə.
Kəndimizdə bir qız gəlin gedirdi
dünyasına.
Qırmızı bağlamışdılar otlağın belinə.
Səni sevəndə,
qara sevdalılar nikahlanırdı.
Təkcə ağlar qalan,
könlümüzün sakini…
Odunçu odununa,
ələkçi ələyinə,
diləkçi diləyinə qovuşdu.
Çiçək qədər ömrün,
su qədər axırın oldu.
Sularım duruldu sellərə,
qara büründüm –
ləpələnməyə.
Hamısı,
səni sevdiyimdəndir, qar bəyazım.
Hun atam
Daş adam,
əlində diriliş suyu,
kimliyində bəy dədəm,
kötüyündə yox hərəm.
Boy vermiş köç-köç
Ön Asiyadan Sibirədək.
Van gölü,
Xəzərə dəng.
Urmiya, Kərkükə dönək.
Anadolu,
Lidya-Troya,
Kuruqan qazan, tarix yazan
Prototürk,
Etrüsk,
Aratta,
Subar,
Qut,
Turuk.
Gələnəklər,
göyqurşağı.
Qut tengri,
Göy tengri;
Şaman ayin,
köç yeri.
Tamğalı
Qobustan qayaları.
Huydum–
hun dam.
Yay düzəldən,
ox atan.
Günəş tanrı,
Günəş adam,
Hun atam!
Qəribə gecə
Qəribə gecəydi bu gecə…
Qadın səsləri asılmışdı havanın
qaralığından.
Şəhərin divarları
canını qurtarmağa çapalayarkən
sükunətə üsyan –
yuxu qalağının ürəyi.
Uğultuya,
qadın hislərinin son ümidləri
uşaq gətirirdi dünyaya.
Zina,
Zindan,
Ağrı,
Abır,
Ölüm…
Hamısını qadın daşımışdı bətnində.
Qəribə gecəydi bu gecə…
Divarlar ağrıyırdı
küləyin çırpılışına.
İnsanlar küləyin ruhunda
səs çıxarırdı,
zingildəyir, ulayırdı şəhər.
Daha sonra,
daha sonra
ən böyük yoxluğu, heçliyi doğurdu qadın.
Ey insan!
Sübh çağı hər yan şəfəq,
Ağac əyir başını,
Yaradanın qulutək.
Hətta ilham alıbdır,
Bu dünyanın daşı da.
Mələklər endirərkən,
Göylərdən yağışı da.
Buludlar aram-aram
Səmadan çəkiləndə,
Damla-damla nur yağır,
Dan yeri söküləndə.
Demə hər gün yenidən
Doğulurmuş kainat.
Oyan, ey qafil insan!
Sən yalanlar içində,
Qara üzlü günahın
Yuxusuna qalmısan.
Neçə haqqı çalmısan.
Nə eşqdən xəbərin var,
Nə də ki oyanışdan,
Hər gəlişdə bir sevgi,
Hər gedişdə bir həyat.
Ey insan!
Elə sənin özünsən,
Nurdan doğmuş kainat.
Əfəndim
Məni soruşsan yaralı canam,
İrəvanam!
Paramparça Azərbaycanam!
Bir tərəfim Təbriz,
bir tərəfim Borçalı,
hərəsindən bir tikəyəm,
yekəyəm, Əfəndim.
Dərbənddir anamın bayatıları.
Urmiyada iki canıq deyir,
Kərbəlada əlimi öpən, yaşlı qadın.
Ərdəbil ətri gəlir
məzarından babamın.
Şanlı-şanlı uyuyuram…
Xallı gözümdə işıldayan
parıltımdır
İğdırım, Qarsım.
Dərbədər halımın kəpənək qanadında
hal-halam.
Evimizin üstündə əridilmiş Xalxalam,
Xal-xalam, Əfəndim.
Kibrit boyda alışqanam…
Qarabağın ağrıyan vücuduyam,
Şəhidəm, şahidəm, Əfəndim.
Vətən yağır gözlərim…
Bir ovuc boyda qalmışam,
bir ovuc torpağam, Əfəndim…
Səs çıxarma, yat, bala
Anasını, atasını
itirən uşaq!
Üzünü soyuq daşa qoyub…
İsti qucaq əvəzinə,
iki məzar arasında
yatan uşaq,
əllərini başı altda qoşa qoyub.
Anasının, atasının nəfəsini,
duymaq üçün,
gecə-gündüz yatır orda.
Göz yaşını, ahına qatır orda.
Bu uşağın taleyini düşünəcək,
bir kimsə yox.
Mərmi yağır göy üzündən,
yağış kimi.
Səs çıxarır zülmlərə
əl çalınan alqış kimi.
Şak, şak,şak…
Bu cənnətmi, cəhənnəmmi,
qiyamətmi..?
Yoxsa bütün insanların
göz yumduğu cinayətmi…
Sadə bir ad qoyublar,
vətəndaş müharibəsi.
Yaxşı addır,
yatımlıdır qulağa.
Yat iki məzar arasında,
səs çıxarma, yat, bala.