Görüş… (hekayə)
Görüş… (hekayə)
Xan bağı!… Gənclərin görüş yeri, yaşlıların istirahət məkanı.
GƏNCLİYİMDƏ çox olmuşdum bu gözəl, tarixi Sərdar bağında.
Uca çinarlar, müxtəlif növ ağaclar, güllər və çiçəklər insanı valeh edir. İstirahət günlərində də, adi günlərdə də buralar insanlarla dolub – daşır.
Neçə vaxtdır mən də adət etmişəm o bağa getməyə.
Yenə buradayam, Xan bağında.
Gəzirəm, yeriyirəm aram-aram. Gəncliyimdə bağın bir küncünə çəkilib imtahana hazırlaşdığım vaxtlarım da var idi.
Gəzdikcə bir ətir diqqətimi yamanca çəkdi. Elə bir gözəl qoxu idi ki, nə təbiətdə, nə də süni ətirlər arasında buna bənzərinə rast gəlməmişdim. Sanki bu ətir yaddaşımda olmayan bir xatirəni oyatdı.
Duruxdum… dərin nəfəs aldım…
“Görəsən bu hansı ağacın, hansı çiçəyin ətridir, İlahi!” – deyə ürəyimdə pıçıldadım. Axtara-axtara, dayana-dayana, hər tərəfi, hər yanı boylana-boylana dolaşırdım.
Telefonuma zəng gəldi. Alo, – dedim. Dostum idi, danışdıq, söhbətləşdik, dərdləşdik. Dedim Xan bağındayam, gənclik illərində gəzdiyimiz o məşhur Xan bağında. Bilirəm uzaqdasan, yoxsa deyərdim gəl, köhnə xatirələri yad edək.
-Həə qardaş, doğrudur, uzaqda olmasam mütləq gələrdim, görüşərdik. Səndən ötrü burnumun ucu göynəyir…
Neçə vaxtdır axtarırdım, nəhayət ki, tapdım. Bu ağaca bizlərdə “Alacəhrə” ağacı deyirlər. Xırda ağ, sarı çiçəkləri var. Hələ bu vaxta qədər onun çiçəklərinin belə ətirli olmasını bilməmişdim. Bizim tərəflərdə çoxdu bunu kimi ağaclar, belə çiçəklər…
Bir müddət o ağacın altında dayandım, çiçəyin ətrinə aludə oldum. Olub-keçmişləri yadıma saldım.
- Xatirələr, xatirələr!
- Canlı-cansız nə varsa, hamısı köhnəlir, qocalır. Tək qocalmayan, köhnəlməyən xatirələrdi. Acılı-şirinli Xatirələr!
Bir az aralıdan bir xanım gəlir, yanında da bir qız uşağı. Bilmirəm təsadüf idimi, yoxsa… Göz-gözə, üz-üzə gəldik…
Deyəsən odur. Yüz faiz gözlər o gözlərdi. Tezcə də üzünü yana çevirdi. Elə o andaca üzündəki xalı gördüm. Dəqiqləşdirdim, odur. Ancaq yenə də… Fikirləşdim, gözlər o gözlərdi, baxış o baxış deyil. Əşşi, insan insana oxşayar dəə, öz-özümə deyindim. O hara, bura hara…
Bir məktəbdə oxumuşduq onunla. Mən onuncu, o isə səkkizinci sinifdə.
Ədəbiyyat dərnəyimiz var idi. Dərnəkdə tez-tez görüşərdik. O, qıyqacı baxışları ilə arada məni süzərdi də…
Dərnəyimizin son günü idi. İmtahanlar başlayır, biz onuncular məktəbi bitirmək üzrəyik. Mənə bir kitab bağışladı. Altay Məmmədovun ” İkinci məhəbbət”i idi. Açdım, ağ yerdə yazılmışdı…
Qəlbimdə bircə arzum var mənim
Səninlə gülsün, çölüm, çəmənim
Açıl, ətirli gül, çiçək kimi
Ört başdan-başa elimizi qızıl gül kimi!
Xoş arzularla, Sevildən!
Xəyalən o illərə qayıtdım, şagird olduğumuz o illərə…
Hərbi xidmətdə olanda tez-tez məktublaşardıq. Son dəfə yazmışdı: – Məni məcburən başqasına vermək istəyirlər…
Cavabım acı bir kinayə ilə dolu idi: – Muştuluğuna nə verim? Verillər – get dəə…
Niyə belə yazdım, indi də anlamıram…
Bəlkə onu sınamaq istəyirdim…
Bəlkə gəncliyə xas tərsliyin, qürurun nəticəsi idi belə yazmağım…
Bəlkə də qısqanclıq hissi ilə, emosiyaya qapılıb yazmışdım o cümləni…
Amma o bircə cümləylə sanki bütün yolları bağladım…
O gündən sonra məktubların arası kəsilsə də, əlaqələrimiz itsə də, içimdəki o sevgi hissi məni heç zaman tərk etmədi.
….
Onlar yaxınımdan keçmək istəyəndə uşağa üzümü tutub dedim:
- Qızım, telefonla şəkil çəkə bilirsən?
- Bəli, əmi, niyə çəkmirəm, çəkirəm.
- Elədirsə, ağıllı bala, al telefonu, mənim şəklimi bu Çinara söykənən yerdə çək. Qoy bu şəkil, bu tarixi gündən bir yadigar olsun.
- Əmi, öz telefonumla çəkib sizin telefona atsam olar?
- Olar qızım, lap yaxşı.
Qızcığaz bir neçə rakursdan şəklimi çəkdi. - Əmi, nömrənizi deyin, atım sizə.
Nömrəmi dedim, atdı şəkilləri mənim nömrəmə. - Qızım, telefon öz telefonundur?
- Yox əmi, nənəmin telefonudur.
Nənəsi qızı səslədi: – Qızım, Sevil, tez gəl.
Soruşdum: – Qızım, bu adı sənə kim qoyub? Qəşəng addır. - Nənəm öz adını mənə qoyub.
- Həə, deməli nənənin adı Sevildi də.
- Hə, əmi.
- Nənəni tanıyıram qızım.
- Əmi, mənim nənəmi sən hardan tanıyırsan.
- Tanıyıram qızım, tanıyıram. Məncə özü də müəllimədir, eləmi?
- Bəli, müəllimədir. – Yaxşı əmi, mən qaçdım. Nənəm məni gözləyir.
- Nənə, o əmi deyir nənəni tanıyıram. O, səni hardan tanıyır, nənə?!
- Yalan deyir, o məni hardan tanıyar ki…
- Nə bilim, nənə, deyir tanıyıram…
Mən isə həmin ağacın altında elə bil donub qalmışdım. Dəqiq odur, O! - Getdilər, bir də qayıtdılar. Bir az aralıda dayanıb soruşdu:
- Eyib olsa da deyərsinizmi, siz məni hardan tanıyırsınız?!
Yaşından asılı olmayaraq bəzi məqamlar var ki, həyəcansız ötüşmək olmur. Mən də həyəcanlı idim. Soruşdum, sən məni tanımırsan? - Yox, tanımıram!
- Bəlkə bir az diqqətlə baxasan?
- Ay yoldaş, sən kimsən ki, hələ üstəlik durub sənə yaxşı-yaxşı da baxam.
- Əsəbiləşmə xanım, əsəbiləşmə.
- Nə tez unutmusan, şagird olduğumuz illəri…
Nə tez unutdun mənə verdiyin o kitabı, arasında yazdığın o şer parçasını… O da yarpaq kimi əsməyə başladı. – Qızım, get o güllərin şəklini çək, dedi. - Mənə, sol əlini göstər görüm, – dedi.
- Göstərdim…
- Bir anlıq baxdı…
- Səsi titrədi:
- – Kamil?! Kamil… Sənsən?! Sənsən?!
- Mən də bir addım irəli atıb pıçıldadım:
- – Sevil!
- Hə, mənəm. Ancaq, qəlbində sənə yer saxlayan, sevgi və məhəbbətini qoruyan Sevil yox!
Qəlbində kədər, niskil, peşmanlıq gəzdirən Seviləm mən! O sevgini… o ümidləri… qəlbimin dərinliklərində dəfn etdim. Çünki sən… sən mənə “Verillər get” dedin.
Heç bir cavab yazmadım sənə, çünki nə deyəcəyimi bilmirdim…
Səssizcə ağladım… təkcə özümə dedim: “demək bu qədərmiş…”
-Bəs sən? Həmin Kamilsən? - Hə, Kamiləm!
İlk sevgisindən zərbə alan Kamil!
Amma səndən fərqli olaraq, mən o sevgini hər an əzizləmiş, hər gün qorumuşam. İstəyirəm solmasın o sevgi. Solmasın deyə, bir damla ümidlə sulayıram, xatirələrlə isidirəm onu. Əgər o sevgi solarsa, qəlbimdə illərlə yaşatdığım son ümid də yox olar.
O sevgi, – mənim üçün son inam, son dayaqdır. O sevgi həyatımın özüdür. - Göz yaşları gilələnib, səssizcə süzüldü yanaqlarından…
- Üz çevirib titrək səslə pıçıldadı:
- – Əlvida… ilk məhəbbətim… əlvida…
- O, iri addımlarla uzaqlaşdı məndən.
- Mən isə…
- Günahkarlar kimi… boynu bükük, sükut içində arxasınca baxırdım…
- Qayıtmayacağını bilə-bilə…

- Tofiq Əmrah AYB-nin üzvü yazıçı ,Qarabağ veteranı,