Fleminqin Penissilini, Mark Tvenin sirli şeytanları və üç qlobal təhlükəyə qarşı PEYVƏND problemi
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Kamran NƏZİRLİ
Fleminqin Penissilini, Mark Tvenin sirli şeytanları və üç qlobal təhlükəyə qarşı PEYVƏND problemi
Yer kürəsi sanki onu idarə edənlərin bir hörümçək toruna bənzəyir, tora düşənlərin də sayı milyardlarladır. Təbii ki, tora düşənlər gec-tez cansızlaşır və ölürlər. Hörümçək isə daim canlı və diridir, uşağı, yxud ev heyvanlarını oynadarkən əziyyət verən adamlara bənzəyir, öz işini ləzzət ala-ala, məharətlə görməkdədir. Pandemik həyatımızın qeyri-sabit və kövrək çağında hərdən mən də özümü tora düşənlər siyahısında görürəm və səmimi deyim ki, həyəcan içində yaşayıram. Nə gizlədim, özüm özümü aldatmaq istəmirəm, gurultuya getmədən bu yazını da nə optimist, nə də pessimist əhval-ruhiyyədə yazıram. Sadəcə, övladlarımızın gələcəyini düşünəndə çox qorxuram və həm də təkcə onlar üçün yox, doğma yurdum Azərbaycan üçün, bütün bəşəriyyət üçün narahatam.
Son bir ildə dünyanın tanınmış alimlərinin, ictimai-siyasi xadimlərinin mediada gedən proqnozlarını, müsahibə və çıxışlarını daha intensiv izləmişəm. Ən ciddi və məşhur xəbər agentliklərində, media orqanlarında başımızın üstünü Domokl qılıncı kimi kəsdirən bəlayla – koronavirusla və onun göbələk kimi çoxalan (ya da çoxaldılan!) ştamlarıyla bağlı biri birinə zidd mülahizələri nəzərdən keçirib özüm üçün təhlillər aparır və bu qənaətə gəlirəm: dünya zir-zibillə doludur və bu dəhşətli viruslar da zir-zibildən doğulur.
İngilis alimi, şotland əsilli Aleks Fleminq, deyilənə görə, Marksdan da pinti adam olub; onun iş otağı və laboratoriyasında zibil əlindən tərpənmək olmurmuş. 1928-ci ildə Fleminq elə həmin zir-zibil içindən Penissilin kimi antibakterial və antimikrob preparatını icad elədi və dünya bir çox yoluxucu sağalmaz xəstəliklərdən (pnevmaniya, qızılyel, meningit, sepsis və s.) qurtuldu. Maraqlıdır ki, o zaman alim-tədqiqatçının kəşfinə heç kim inanmamışdı və Penissilinin tətbiqi onun kəşfindən təxminən on il sonra mümkün oldu. Sonrakı illərdə də elm dinc durmayıb, sayını və adını unutduğum çox kəşflər ortaya qoyulub, bütün bunlar insan sağlamlığı və rahatlığı üçün edilib desəm, yanılmaram.
Bu gün dünya yeni-yeni qorxulu viruslara yoluxur, çox güman ki, bizi bundan sonra daha böyük təhlükələr də gözləyir. Biz QLOBAL təhlükələrdən sığortalana bilmərik. Buna görə də dəhşətli virusun qarşısına çıxarıla, epidemiya ilə bağlı təhlükəni nisbətən azalda bilən hələlik yeganə vasitə PEYVƏNDdir. Hansı peyvəndin daha effektli və yararlı olması zaman məsələsidir. İndi peyvənddən imtina eləmək iynənin ucu boyda görünən işığı söndürməyə bənzəyir. Və mən əminəm ki, hələ bundan sonra da neçə-neçə fleminqin (bəlkə də Məmmədin!) adı tarixin qızıl səhifəsinə yazılacaq.
Yeni yüzillik həyatımıza qədəm basandan bəri insanlığın başı qlobal fəlakətlərdən açılmır; onları yaradan, YARADAN deyil əlbəttə, güman edirəm ki, insandır. İnsan özü və gələcək nəsli üçün qorxulu problemlər yaradıb və onlardan bir neçəsi daha təhlükəlidir; misal üçün, götürək süni təfəkkürün getdikcə geniş miqyas alması problemini – o, daha böyük fəlakətlərdən xəbər verir. Süni təfəkkür insanın təbii təfəkkürünü boğmaqdadır və bu da nəticədə ona gətirib çıxaracaq ki, kütləvi insan nəslinə ehtiyac qalmayacaq. Dünyanı və onun resurslarını çox az miqdarda adam idarə etməyə başlayacaq. Onun əlamətləri isə kor yolu kimi hamıya bəllidi: pilotsuz təyyarələr, sürücüsüz avtomobillər, kütləvi robot istehsalı və s… Əsli bizim Qubanın dağ yəhudilərindən olan amerikalı fantast yazıçı Ayzek Əzimov ötən əsrin əllinci illərində yazmışdı ki, vaxt gələcək insanla robot arasından fərq silinib gedəcək. Hətta insanın qanını və genini də dəyişdirib onu robota döndərəcəklər. Əlbəttə, etik baxımdan bu, yolverilməzdir, yəhudi həmyerlimiz Ayzek Əzimovun “Mən Robotam”( I, Robot) elmi-fantastik romanında robot texnikasının üç əsas qanunu təsbit edilir və onlardan birincisi və ən mühümü də budur ki, “ robot insana zərər verməməlidir, yaxud öz hərəkətsizliyi ilə insana pislik gətirəcək işlərə yol verə bilməz”. Elmi-texniki tərəqqinin indiki durumunda görünən budur ki, süni idrak ildırım sürətilə həyatımıza girir, təkcə kosmosu yox, bütün sahələri əhatə edir. İlk baxışdan hər şey təbii görünür: birinin (robotun!) doğuluşu və tərəqqisi o birinin (insanın!) ölümü və məhvi nəticəsində baş verir, sanki təbiətin qanunu tam sürətilə işə düşüb. Lakin ən qorxulusu odur ki, bu bir məqsədyönlü hazırlanmış senari ola bilər; onu düşünən şeytan cildinə girmiş insanlar dünya əhalisinin yarıdan çoxunu məhv edə, Allahın insana bəxş etdiyi gözəl həyatı cəhənnəmə döndərə bilərlər. Ağlıma Sizif haqqında əsatir də gəlir – sanki yaşadığımız problemlər və təhlükələr ona bənzəyir: biz nəhəng bir daşı dağ başına qaldırmağa məhkum edilmişik, hər dəfə onu qaldırıb zirvəyə çatanda təzədən aşağı yuvarlanır. Rəvayətə görə, Sizif həm də soyğunçuydu, ona görə allahların ən ağır cəzasına layiq görülübmüş. “Soyğunçuluq” təzə anlayış deyil və o mənə iyirmi birinci yüzilliyin ilk ilində yazmağa başladığım “Dördüncü Möhür” romanımı xatırlatdı; mən onun ilk fəsillərini yazanda hələ Amerikada 11 Sentyabr faciəsi baş verməmişdi. O dəhşətli terrordan sonra romanı yarımçıq qoydum; çox böyük sarsıntılar içində hadisələri və sonrakı prosesləri izləyirdim; o zaman mənə elə gəlirdi ki, terrorun hədəfi Dünya Ticarət Mərkəzinin əkiz qüllələridir, ya da elə ABŞ Müdafiə Nazirliyinin binasıdır, kimlərsə nə üçünsə Amerikadan qisas alır. İllər keçdi, dünyadakı ictimai-siyasi vəziyyət və düzən tamam fərqli mesajlar verdi: terrorda hədəf və məqsəd daha geniş, qlobal xarakter daşıyır! Sanki bütün prosesləri idarə edən dirijor (baş terrorçu!) nənəsinin haraş oğlu kimi bizimlə məzələnir, dinc durmur. Hadisələrin sonrakı axarını izlədikcə romanım üçün daha çox fakt və sənəd topladım, artıq anlamağa başlamışdım ki, o dirijor tək deyil, ətrafında pis başlar var, ələkçinin qıl verənləri kimi dirijorun özünü də oynadırlar. Bunu yalnız gözü qırçıl, başıpozuq, nəfsi iti adam cildinə girmiş şeytanlar edə bilərdilər, onlar bizim həyatımızı tanınmaz dərəcədə dəyişməyi məqsədli şəkildə hədəf seçiblər. Mən bəzi mətləbləri ehtiyatla ortaya qoymağa çalışdım və…kitab 2014-cü ildə çap olundu. Öz əsərlərinin izahatını vermək yazıçıya yaraşmaz, düşünürəm ki, burda Çexovun sözləri daha münasib səslənər:”kitablarımı oxuyun, orda axı hər şey yazılıb!”
Qəribə bir təsadüf: bu gün 10 sentyabr 2021-ci ildir. Pəncərəm önündən boylanan çiskinli sentyabr günü gözlərini mənə ağardır. Dan yeri hələ sökülməyib, bu sətirləri yazarkən qulaqlarıma sərin payız alatoranlığından son vaxtlar Bakıda meydan sulayan ala qarğaların “qarr, qarr, qarr” qarıltı və çığırtıları dəyir; o mehriban, o əziz, qəlbsevindirən sərçə civiltilərindən, qaratoyuqların, bülbüllərin sümükləri oynadan şən nəğmələrindən, həyət-bacamızdan əskik olmayan göyərçin və ahuların ürkək pırıltısından əsər-əlamət belə yoxdu (bəlkə də havanı belə görüb müvəqqəti sığınacaqlarda gizləniblər!), arabir gözümə ətalətdənmi, dəhşətli istilərdənmi, ya da epidemioloji vəziyyətdənmi qarın bağlamış siçovulların ləngər vura-vura zirzəmilərdən çıxıb vüqarlı şam və küknarların dibində tənbəl-tənbəl hərlənməsi dəyir, kəsik-kəsik cüyültülərini eşidirəm, ölüvay və şişkin ağcaqanadların vızıltısı da kütləşib; görünür, epidemiya onlara da təsir edib, süstlük və tənbəllik təkcə sanitar mərkəzlərinə, antisanitariya ilə məşğul olan idarələrə aid deyil ki! Yoluxmanın baş alıb getdiyi belə vaxtlarda kimi altı saat yatır, kimi də altı ay!
Birdən uzaqdan sübh azanı eşidirəm, yaddaşım qanadlanır, lap köhnə Bakının qaranlıq və kədərli çağlarını xatırlayıram, yenə ehtiyatlanıram – içimdə cavabı bəlli olan və olmayan suallar yaranır: görəsən sərçələr, qaratoyuqlar, bülbüllər, göyərçinlər də robotlaşacaq? Görəsən qarğalar, siçovullar, ağcaqanadlar da robot olacaqlar? Görəsən robotlar qış yuxusuna gedəcəklərmi? Onlar səhv edirlərmi? Ya da elə hardasa əməliyyat prosesində hansısa texniki nasazlıq baş versə, dünyada daha nələr ola bilər? Ağlıma bir fikir də gəlir – məgər onlar (şeytanlar!) öz milyardlarını TEXNİKİ TƏRƏQQİ adına yatırıb daha çox gəlir əldə etmək barədə düşünürlər? Axı gözümüzün qabağındaca maddi gəlir əldə etmək ehtirasları mənəvi dəyərləri öldürür! Kitab ölür, elm ölür, ədəbiyyat ölür, təhsil ölür, kino ölür, teatrlar sıradan çıxır, əxlaq əldən gedir, gözəlliklər, abidələr, insana incə zövq və ruhi qidalar gətirən nə varsa, hamısı məhv edilir! Dünya sanki mədəni böhran içindədi, elm, din, əxlaq, təhsil, mədəniyyət məqsədyönlü şəkildə mənəvi pozğunluqla əvəzlənir, güc və hakimiyyətlər məsuliyyətsiz, lakin zəngin adamların əlində cəmləşir. Belə də elmi-texniki tərəqqi olar?
İlahiyyatçılar, din xadimləri cənnətdə Həvvanı yoldan çıxaran İlana şeytan deyirlər. “Şeytan” sözü ilk dəfə İncildə (Müjdə) peyda olub: o, İsanı səhrada yoldan çıxarmağa çalışır, Məsih cinləri, əcinnələri və şeytanları qovur və s. Əlbəttə, xristian dininə qədər, antik ədəbiyyatlarda da şər qüvvələr və iblislər təsvir edilib (bəlkə də elə şeytanlar onlardan törəyib!). Mənim çox nadir hallarda oxuduğum kilsə və yaxud dini ədəbiyyatlarda adətən Şeytana belə tərif verilir: ölüm mələyi, həyat oğrusu, insan nəslinin düşməni, dağıdıcı qüvvə, böhtançı, yalan atası, ədalətin qənimi, Şərin mənbəyi, Allahın meymunu, günahların kökü və sair və ilaxır. Şeytan həm də insanları yoldan çıxaran, bütün münaqişələri doğuran, millətlər arasında ixtilaflar salan, dərdləri, xəstəlikləri, epidemiyaları törədən və yayan, xalqlara xəyanət edən bir varlıq kimi də xarakterizə edilir. ABŞ-da Qriqori Klimov, Almaniyada isə Ralf Verner kimi tanınan rus mühacir yazıçısı və jurnalisti İqor Kalmıkovun “Sovet müdriklərinin protokolları” romanında belə bir fraqment var: mühazirəçi professor auditoriyaya “Cadugərliyin və demonologiyanın tarixi” (“The History of Witchcraft and Demonology» by Montague Summers, New York, 1956) kitabından danışır və kitabdan sitat gətirir: “…kitabın ön sözündə 1484-cü ildə papa V111 İnnokentinin məşhur fətvasını şərh edərək Montaq yazır: “Cinlər, əcinnələr, cadugərlər… bunlar sosial epidemiyalardır…onların öldürücü fəaliyyəti uzandıqca uzanır… ta ki, millətlər bir-biriylə toqquşsun, anarxiya yaransın, qırmızı inqilablar baş versin… çünki falçılıq və cadugərlik hər zaman siyasi amil olub, bundan sonra da olacaq…nəticədə cadugərlər, qulyabanilər, iblislər bütün nizamlı cəmiyyətlər üçün daimi təhlükədir”.
Bunu ciddi mənbə hesab etmək olar; əsər parodiyalı roman təsiri bağışlayır, lakin dialektik materializmə inanmalı olsaq, görərik ki, bütün cinlər, əcinnələr, şeytanlar, natəmiz və şər qüvvələr obyektiv reallıqdır, sanki müxtəlif tipli psixi və ruhi xəstəliklərdir, gah içimizə girib öldürür, gah da başımız üstündə dolaşır. Marks didaktikasının metodundan belə çıxır ki, onların, yəni cinlərin, şeytani şər qüvvələrin, pis ruhların, qulyabani və cadugərlərin hamısı elə insandır, daha doğrusu, bu adamlar psixi və ruhi cəhətdən qeyri-sağlamdır, bəşəriyyəti də onlar idarə edirlər; istədikləri vaxt müharibələr törədir, qətliamlara rəvac verir, zəif və kiçik xalqlara divan tutur, mənfur niyyətlərini həyata keçirirlər.
Qeyd edim ki, Kalmıkovdan çox-çox qabaq bu mövzuda Amerikada ilk parodiyalı romanın müəllifi Mark Tven olub; hələ X1X əsrin sonlarında “Kral Arturun sarayında Konnektikutlu Yanki” ( A Connektickut Yankee at King Arthur’s Court by Mark Twain. 1889) parodiyalı bir roman yazmaqla Mark Amerika ədəbiyyatına bir çox yenilik gətirdi; romanda müxtəlif bədii janrlar sintez olunur; həm sosial-utopik macəraçılıq, həm ayrı-ayrı epizodların real mənzərəsi fantastika ilə birləşdirilir, həm də Yankinin qətiyyətli ideoloji məqsədləri İntibah dövrünün fəlsəfi povestləri ilə səsləşir; yazıçı obrazla bərabər “İdrak əsri”nin ənənələrinə uyğunlaşır, həm də tarix və müasirlik problemlərini qabardır. Müəllif qeyd edir ki, məqsəd təkcə “kobud qanun və ənənələri” ifşa etmək deyil, həm də öz təbəələrini idarə edən kralların “ilahi hüquqlarını” şübhə altına qoymaqdır. Hələ bir neçə il qabaq Mark Tven Tomas Melorinin məşhur “Arturun ölümü” romanını oxumuşdu və bundan sonra qərar verir ki, Kral Artura parodiyalı bir roman həsr eləsin. Kral Artur 5-6-cı əsrlərdə Britaniyanin əfsanəvi hökmdarı kimi tanınmışdı, onu hətta mifləşdirmişdilər, Kral barədə çoxlu cəngavərlik romanları yazılmışdı, yazıçılar və o dövrün salnaməçiləri Arturu müharibə və sülh dövründə ən yaxşı rəhbər kimi təqdim edirdilər, lakin Mark Tven bu mifləri dağıtdı. Əsərdə müəllifin yaratdığı obrazlar sanki insan deyil, şeytandılar, onları yalnız soyğunçuluq, eyş-işrət, pul, hakimiyyət, rəiyyətlə məzələnmək maraqlandırır. Yanki məhz bu şeytanabənzər insanların arasında nazir olur… Mark Tvendəki epizodlarda Amerika gerçəkliklərinin konkret ifşası da var; yazıçı ingilis monarxiyasını da, Amerikanı da eyni dərəcədə satira atəşinə tutur. Mark sətiraltı da olsa, X1X əsrə sarkazmla təklif edir ki, güzgüyə baxsın, güzgüdə orta əsr feodal monarxiyasını görsün. ”Monarxiya? Axı bu artıq köhnəlib?! Biz amerikalılar fövqəlgücə malik dollara itaət edirik. Yəqin pul daha ləyaqətli “Allahdır”, irsi imtiyazlardan daha ləyaqətli səcdəgahdır!” “…Əgər Amerika respublika yox, monarxiya olsaydı, ölkə necə ola bilərdi? Əlli il ərzində bizim ölkəmizdə respublikaçılar partiyasının daimi hakimiyyətdə olması monarxiya deyilmi? Avropa ölkələrindəki monarxa baxanda bizim monarxımız daha güclüdür, daha zalım, daha təkhakimiyyətlidir. Bizim monarxımız Senatı elə boğa bilər ki, heç çar öz Dumasını belə boğa bilməz. Bizim mumdan qayrılmış əriyən respublikamızın son tikələri düşür”. Yazıçı ömrünün sonlarında “Sirli naməlum adam” (Mark Twain. The Mysterious Stranger. Manuscripts. University of California Press, 2005) povestində daha bir Şeytan obrazı yaradır; o, hardansa gəlib, insanların işlərinə qarışır, burnunu hər yerə soxur. Povest yüz il bundan qabaq yazılsa da, bu gün üçün çox aktualdır, simvolik və alleqorik planlıdır, insanı, onun təbiətini açır, burada etik-əxlaqi məsələlər, tarixi inkişafın yolları barədə fəlsəfi fikirlər yer alıb. Qısaca deyim ki, əsərdə Şeytan obrazı bizə bəşəriyyətin tarixini anladır, deyir ki, bəşər tarixi cinayətlərlə doludur. “Müharibələr, müharibələr, yenə də müharibələr… bütün Avropada müharibələr, bütün dünyada müharibələr…” Şeytanın sözlərinə görə, bu müharibələr ya fərdi dinastiya maraqları ucbatından baş verib, ya da zəif xalqları məhv etmək məqsədilə baş verib. İnsanlar boşboğazlara, müharibəni müdafiə edən avantüristlərə daha çox etibar edir, namuslu adamı isə daş-qalaq edirlər. Şeytanın diliylə Mark Tven gösətrir ki, “hər cür Şərin əsasında qızıla olan ehtiras durur”, o da adamları yoldan çıxaran “ən qədim tamahkar”dır. Şeytanın fikrincə, bəşər həyatı – “daimi yalan” üzərində qurulub, çünki insanlar “saxta təsəvvürlər və illüziyalara” uyublar, reallıq onlar üçün “görüntü, uydurma və yuxudur”. O zaman Mark Tvenin şeytanları sirliydi, istehzalıydı, maskalıydı, əminəm ki, bu gün Mark yaşasaydı povestinə bir qədər korrektə edər, sarkazmdan qaçardı, elə birbaşa yazardı ki, əslində bəşəriyyəti elə şeytanlar idarə edir, bütün bu bəlaları da insanların başına onlar gətirirlər.
Tarixi inkişafın bütün dönəmlərində “silklər və təbəqələr” olub və imtiyazlılar onlardan asılı olanlara və olmayanlara qul kimi baxıblar. Bu gün dünyada məhz qulların sayı çoxalmaqdadır və təbii ki, bir gün resursların bitib tükənəcəyindən xoflanan imtiyazlılar üçün robotların istehsalı daha sərfəlidir. Süni intellektlər çörək və pul istəmirlər, amma yaxşı gəlir gətirirlər. Bu baxımdan yanaşsaq, PROBLEM həqiqətən çox qorxuludur. Və buna təbii inkişaf prosesləri deyənlərə suallarım da çoxdur: məgər insanın əcəlsiz ölümü tarixi inkişaf prosesidir? Məgər milyonlarla ac-yalavac uşağın səfalət içində yaşayıb həyatını itirməsi, müxtəlif zorakılıqlar və istilalar təbii inkişaf prosesidir? Məgər törədilən qətliamlar, dağıdılan evlər, şəhərlər, kəndlər, qəsəbələr, abidələr…təbii inkişaf prosesidir?..
İkinci qorxduğum təhlükə sosial şəbəkələrlə bağlıdır. İstəsək də, istəməsək də, internet artıq yatağımıza girib. Bir anlıq özümüzü əlli-altmış il bundan əvvəlki zamanda təsəvvür edək: uzaq məsafədə yaşayan tanış-biliş, qohum-əqrabayla…ünsiyyət telefonla və ya məktubla mümkün idi; bəzən aylarla, illərlə görmədiyimiz adamdan xəbər tuta bilmirdik, ya teleqram, ya da məktub vasitəçi olurdu, ən yaxşı halda telefonu bəlli idisə, sifarişlə zəng vurub hal-əhval tuturduq…Əlbəttə, indi internet, mobil telefonlar, sosial şəbəkələr ünsiyyəti xeyli yüngülləşdirib, sürətləndirib, daha sadə, əlçatan edib. Dünya ovcumuzun içindədir. Bir yandan yaxşı haldır, lakin informasiya texnologiyaları özüylə çoxsaylı problemlər də gətirib. İnsanların əksəriyyəti məhz internet hesabına yaxşı-pis informasiyalarla yüklənir və hər gün bu yüklə də yaşayır. Tibb mütəxəssisləri daha yaxşı bilər: insan beyni müəyyən həcmdə informasiya qəbul etməyə hesablanıb, buna müvafiq olaraq müəyyən reaksiyalar verir; beyin həddən artıq yüklənəndə təbii ki, yorulur, artıq yük götürmək qabiliyyətini itirir. Beləliklə, o, bu və ya digər hadisəyə, məsələyə də reaksiya verə bilmir, ya da adekvat reaksiya vermir. Artıq yükə qarşı vərdişlər, ya da, belə demək mümkünsə, narkotika kimi asılılıq yaradır. Bəlkə elə bu səbəbdən uşaqların və gənclərin əksəriyyətində sinir pozğunluğu və yorğunluq halları müşahidə olunur. İkincisi, bizim bütün şəxsi və ictimai həyatımız açıq-aşkar ortaya qoyulur. Nəzərə alsaq ki, sosial şəbəkələrin əhatə və təsir dairəsi televizor və radio dalğalarından min dəfələrlə geniş, effektli (müəyyən mənalarda!) və qlobaldır, onda demək olar ki, bütün açıq və qapalı dövlətlər və qurumlar tərəfindən izlənə bilirik. Bu da nəzarət deməkdir. Deməli, bizim nəzarətdən kənar qala biləcək heç nəyimiz olmur, hətta intim həyat da anonimlik haqqını itirir. Bu isə daha ağır və qarşısıalınmaz faciələrə gətirib çıxarır və şübhə etmirəm ki, çıxaracaq. Paradoks elə məqsədli düşünülüb ki, sanki bütün bunlar demokratik dəyərlər halında təqdim olunur, bəşəriyyətə qlobalizasiya və demokratiyanın nəticələri kimi izah edilir. Məncə, bu təqdimat kökündən yanlışdır; əslində, şəbəkələr insanın psixikasına təsir etməyə hədəflənib. İnsan psixikası o qədər həssasdır ki, hər an dəyişə bilər; internetdən gələn böyük informasiya axını (dəxli yoxdur, feyk olsun, ya da elə dəqiq məlumat olsun!) nəinki onu dəyişir, hətta ona sağalmaz zərbələr vurur. Təsəvvür edin ki, sizə hər gün yalan informasiya sırıyırlar, siz də bu məlumatlarla sürətlə, hər gün, hər saat yüklənirsiniz. Nə baş verəcək? Təbii ki, istər-istəməz belə məlumatların buxovuna dönəcək, müstəqil düşüncə və mülahizədən məhrum olacaqsınız. Dünyada bu proseslər çoxdandır baş alıb gedir və mən bu proseslərin sonunu yaxşı görmürəm. İnternet fəzilətlərə yox, məncə, yalnız neqativ fəsadlara və qəbahətlərə hesablanıb. Neyləməli? Qapadaqmı, ya sərt məhdudiyyətlər tətbiq edək? Əlbəttə, yox! Bu halda dünyadan qopmuş olarıq; biz mədəni səviyyəmizi, təhsil səviyyəmizi artırmaqla daha düzgün və faydalı PEYVƏND seçmiş olarıq.
Üçüncü təhlükəli durum planetimizdə sürətlə çoxalan əhali sayının azaldılması ilə bağlı mübahisəli və şübhəli yanaşmalardır. Mütəxəssislər və alimlər bu fikirdədirlər ki, planetimiz həddən artıq yüklənib, resurslar tükənmək üzrədir, əhali isə təkcə sürətlə artmır, həm də insanın ömür həddi uzanıb. Sonuncu fikir statistika olmasa da, ideya kimi yaxşıdır. İnsanın ömrü uzanırsa, deməli, sosial rahatlığı var, maddi durumu və məişəti qənaətbəxşdir. Təbii ki, sürətli templə artan əhalinin yaş həddi çoxalırsa, deməli, əməyə yararlı olmayan təqaüdçülərin, yaşlı və qoca adamların sayında da artım yaranır. Sonuncu kateqoriyadan olan adamların isə həm maddi, həm də mənəvi köməyə ehtiyacları çoxalır. Bəs bu ehtiyaclar necə və hansı resurslar hesabına ödənilir yaxud ödənulməlidir? Əlbəttə, ayrı-ayrı dövlətlərdə məsələ müxtəlif qanunlarla tənzimlənir, tanış ola bildiyim qədər deyə bilərəm ki, qanunlar humanist xarakter daşıyır. Qanun öz yerində, amma sürətli artım problemi gündəmdədir, həm də yaşı altmış beşdən yuxarı insanlar çoxalmaqda davam edir; paradoksal hal budur ki, bir yandan Şərqdə doğuş çoxalır, digər tərəfdən Qərbdə bu proses sürətlə azalır. Ümumiyyətlə, demoqrafiya məsələsində bir disbalans yaranıb. Sual doğur: görəsən bu disbalans kimləri və nə üçün narahat edir? Belə bir fikir dolaşır ki, dünya əhalisinin azaldılması yaşlılar və qocalar üçün nəzərdə tutulub. Bilmirəm, bu nə dərəcədə doğru və ya yanlış fikirdir, görünən budur ki, mənəvi deqradasiya yaşlı adamların olan-qalan kövrək duyğularını və qayğılarını da boğub öldürməkdə davam edir. Yuxarıda qeyd etdiyim əvvəlki iki problem ucbatından insan həddən artıq aqressivləşib; övlad-valideyn münasibətlərində, qonum-qonşu, bacı-qardaş, dost-tanış əlaqələrində soyuqluq, qırıqlıq, küskünlük, hətta düşmənçilik halları (qətllər, intiharlar, yerli-yersiz suçlamalar, boşanmalar və bu kimi digər neqativ hadisələr) çoxalmaqdadır. İnsan kimi dövlətlər də aqressivləşib. Bunun nəticəsidir ki, bir çox dövlət öz təcavüzkar niyyət və əməllərini açıq-aşkar nümyaiş etdirir, nəticədə qanlar, qırğınlar, ağlagəlməz qətliamlar, terror aktları törədilir, beləliklə, yaradılmış acınacaqlı, qlobal epidemioloji mühit fonunda hər şey qorxulu və təhlükəli görünür.
Müasir dövrün dumanlı özəllikləri çoxdur; belə bir dumanlı və təhlükəli qlobal havada düzgün yol seçmək də çətindir. Bu nədir, insanlığın sonudurmu? Görəsən onu ölməyə qoymamaq üçün daha hansı PEYVƏNDlər lazımdır? Mən bunu dəqiq bilmirəm, amma bu durumda yenə o şotland Fleminqi xatırlayıram, alimin peyvəndlərlə bağlı məşhur sözləri qulaqlarımda səslənir: ”Adi laboratoriyaya öyrəşmiş tədqiqatçı-alimi mərmər saraya köçürün – iki şeydən biri baş verəcək: ya alim mərmər saraya qalib gələcək, ya da saray ona qalib gələcək. Əgər alim-tədqiqatçı üstünlük qazansa, saray emalatxanaya dönəcək və adi laboratoriyaya bənzəyəcək; yox, əgər tərsinə olsa, onda alimi ölmüş bilin”.
Hər halda, həyatımıza soxulmuş bioloji, fizioloji, sosioloji…yoluxmalara qarşı təsirli peyvəndləri tez bir zamanda tapa biləcək sağlam düşüncəli və əqidəli alimlərimizə inanmaq ümidiylə…
Bakı, 10 sentyabr 2021-ci il