Firuzə Məmmədli
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Firuzə Məmmədli
şeirlər
FİKİRLƏR
Deyən, darısqaldı fikrimin yolu,
Odur ki, dilimdən fışqırıb çıxır.
Ahıl duyğuların əsarətindən
Deyərsən, kəlmə yox, muşduluq çıxır.
***
Başımda tükümdü, dayanır biz-biz,
Beynimdə, zehnimdə oyanır biz-biz.
Qızarır, bozarır, boyanır biz-biz,
Tıxnaşır, tıncıxır, hıçqırıb çıxır.
***
Dil də tapammıram barı yaşımla,
Dərd-sər – yarıbayarı yaşımla.
Didişə-didişə qarı yaşımla
Boş söz də, xoş söz də qışqırıb çıxır.
***
Öldürmür, diriltmir, canım deyildir,
Damarda durası qanım deyildir.
Ay Allah, bu sözlər mənim deyildir,
Niyə gözlərimdən püskürüb çıxır?!
***
Düşdüyü torpaqdan dikəlməsi yox,
Dən kimi cücərib yekəlməsi yox,
Düşməni yendirən bir kəlməsi yox,
Özümü özümdən küsdürüb çıxır.
SƏBR ELƏ
Doğmalarını tərk edib, bəxt ardınca diyar-diyar düşənlərə
Bəhanə yox inciməyə, küsməyə,
Nəkarədir bizlə kəlmə kəsməyə!
Ha deyirəm durub özüm səsləyəm,
Kimsə çəkir ətəyimdən, “səbr elə”.
***
Ay Allahım bəxtəvəri, hardasan?
Bir qalanın şax divarı, hardasan?
Hər keçən gün vaxta varır, hardasan?
Tut ömrünün yedəyindən, səbr elə.
***
Sənlik deyil bu od-alov, yana dur,
Əl uzatma, barmaqların yanar, dur.
Balı bizə düşən deyil, kənar dur
Bu dünyanın pətəyindən, səbr elə.
***
Bəxt ardınca gör nə qədər qoşan var,
İndi ha çox heçə-puça coşanlar!
Üz-üzədi silahlılar-qoşunlar,
Daldalan daş-kəsəyindən, səbr elə.
***
Bu Gün ki var, hər dan üzü çırtlamır,
“Meydanları” meydan özü çırtlamır.
Sirr deyil a… Zaman sözü çırtlamır,
Çəkin də söz düzəyindən, səbr elə.
***
Küsüb gedən, bezib gedən, dön geri,
Şər-xatanı göndərənlər göndərir.
Heç bilirsən nə çəkir öz səngərin
Kəsəyəndən, küsəyəndən, səbr elə!
NƏ YAXŞI
Yaddaşımda nə ki vardı, cəm etdim,
Gündüzləri gecələrə şam etdim.
Vərəqləri qələmimlə şum etdim,
Sözüm bitib-tükənmədi, nə yaxşı!
***
Çətinliyi dağdan aşan günlərin,
Ümidləri aşıb-daşan günlərin,
Duyğulara süfrə açan günlərin
Varağını bükəmmədim, nə yaxşı!
***
Mənə doğru şərin dizi qırıldı,
Ömrə-günə düşən izi qırıldı,
Vaxtın mizan-tərəzisi qırıldı,
Çəkdiyimi çəkəmmədi, nə yaxşı!
***
Səbrin əli ətəyindən uzunmuş,
Vaxt deyilmiş, itirdiyim qızılmış.
Daş-qaş olub taleyimə düzülmüş
Dərdi-sərdən çəkilmədim, nə yaxşı!
***
Nə biləydim, amansızdı çərx belə,
Tərs damarda Yeri-Göyü çalxalar.
Çox üzlərə astar olur arxalar,
Arxalıdan çəkinmədim, nə yaxşı!
***
Mağar qurdu taleyimdə bir səda,
Pərt etmədim ürəyimi qırsa da.
Yolsuzluğu yolum üstdə dursa da,
Duruşuna təpinmədim, nə yaxşı.
OLUB
Mənə məktub gəlir şeir adından,
Gəlir dağın, düzün, Yerin adından,
Toyda bəy adından, gəlin adından
Məndən toy şeiri gözləyən olur.
***
Mənsə unutmuşam toyları çoxdan,
İçimdən bir xiffət boylanır çoxdan.
Toyların huyları-küyləri çoxdan
Məndən səs-küyünü gizləyən olub.
***
Nə fərqi o toya vardım-varmadım,
Batası deyil ki, bala barmağım.
Göydən ulduz dərib, Ay qoparmağın
Elə özü toyca söz deyən olur.
***
Keçirdim bu ömrü toysuz-mağarsız,
Gəlib görünərəm bir hor, çağırsaz.
Mənim əfsanəsiz, mənim nağılsız
Taleyim ömrümü bəzəyən olub.
Tanrıdan səda gəlmişəm
Allah, Allah, gör nələri
Mən uda-uda gəlmişəm.
Ümidimi yollarıma
Şam tuta-tuta gəlmişəm.
***
Gah enmişəm, gah qalxmışam,
Düz gözümdən düz baxmışam.
Dünyaya sözlə çaxmışam
Dönüb bir oda gəlmişəm.
***
Adam boyu canım vardı,
Ünvansız ünvanım vardı.
Nə dadım, nə tamım vardı,
Söz ilə dada gəlmişəm.
***
Görüb Yerdə qərib mənəm,
Qələmin göndərib mənə.
Söz macalı verib mənə
Tanrıdan səda gəlmişəm.
KİMİMSƏN MƏNİM
Uşaq evində baxışı niskilli bir körpə mənə “ana” dedi
Sən mənim qızımsan, dalınca qaçım?
Ardınca su atım, oğlumsan bəlkə?
Durum lap ayağı yalıncaq açım,
Arxamsan, qanadım, qolumsan bəlkə?!
***
Səbəb tapammıram, axır göz yaşım,
Ürəyim dəryadı, boşalır, dolur.
Həsrətim boy verib, – mənlə yanaşı,
Kimimsən, desənə, a qurban olum.
***
Mənə “ana” demə, mən “yol üstdəyəm”,
Ölərsəm, təzədən yetim qalarsan.
Sən bu şirinlikdə atasız bala
Yenidən anasız çətin qalarsan.
***
Hələ anlamırsan, yaş o yaş deyil,
Ruhumla yaşaram gövdəndə sənin.
Amma bu təşviş də elə boş deyil,
Mən kimə tapşırım “gedəndə” səni?!
***
Möcüzə gəzirəm adında bəlkə,
Sanma bu müjdədən doyub gedərəm.
Ana tək qalarsan yadında, bəlkə
Dünyada bir övlad qoyub gedərəm.
***
Qəzadı, qədərdi, amma nə deyim,
Dolu gördüyüncə bu, boş dünyadı.
Gah əlimi kəsir, gah da ətəyin,
Bu, ayıq başla da sərxoş dünyadı.
***
Görürsən səbəbsiz deyil göz yaşım,
Ürəyim dəryadı, boşalır, dolur.
Həsrətim dayanıb mənlə yanaşı,
Kiminsən, desənə, a qurban olum.
BİZİ
Gəl kəsib ataq bu mazarat ömrü,
Gah həşərat ömrü, gah da at ömrü.
Bu camaat ömrü, həzərat ömrü
Dartıb, özümüzdən qoparır bizi.
***
Nə gendən baxanıq, nə öndə gedən,
Eh, kimə gərəkmiş bu gündə gedən?!
Biri o birinin cibində gedən
Bu axın sürüyüb aparır bizi.
***
Ümid lağım atır vaxt darlığında,
Görən nəsə tapıb axtardığında?!
Bir gülün həvəsi yox varlığında,
Bəs hansı üzünən axtarır bizi?
***
Qayğılar birdimi, beşdimi görən?!
Fikrindən bir istək keçdimi görən?!
Kimə nişanlayıb eşqini görən,
Arayır bahardan-bahara bizi?!
Səsimlə getdiyim yolu
Unutdum kimim vardısa,
Bir quruca adı tutdum.
Atdım bütün doğmaları,
Biganəni, yadı tutdum.
***
Halımı duyanı atdım,
Məndə üz qoyanı atdım.
Çölümdə bir ana atdım,
İçimdə fəryadı tutdum.
***
Ömürdü, zamanla dolu,
Söz atında yüyrək olub.
Səsimlə getdiyim yolu
Qulağıma çatıb tutdum.
BU NƏ SUALDI
Daha darıxmıram
zənglərin üçün.
Qulağıma sırğa
sözlərin üçün.
İndi darıxıram
əllərin üçün,
İndi darıxıram
gözlərin üçün.
Daha darıxmıram,
darıxdığımdan
gözüm əllərinə
zillənib qalıb.
Əlimdə əlinin
gülləri qalıb.
O gül butasını
gözümə təpdim.
O gül ləçəkləri
üzümə səpdim.
Hərəsi bir kəlmə
söylədi səndən,
gözümə, əlimə
söylədi səndən…
Daha darıxmıram
əsəblərimdən
dəyanət sazıma,
dözüm sazıma
sim çəkib, ayrılıq
havası çaldım
Hələ soruşursan
darıxırammı?
Daha darıxmıram,
bu nə sualdı?!
Üzün gözümə düşür
Üzün gözümə düşür,
Üzün mələk kimidir.
Sirri gözündən daşır, –
Qəlbin ələk kimidir.
***
Dağ var – dünya yaşında,
Dağ var – sinə daşında.
Dağ da var ki, başında
Qar göbələk kimidir.
Yaddaşa aparan cığır
Yaddaşa aparan cığır
Özüm baş alıb gedirəm.
Orda bir xatirəm qalıb,
Ona tuş olub gedirəm.
***
Varımı yoxla bölmüşəm,
Dərdin çiynində gəlmişəm.
Diriyəm, yoxsa ölmüşəm? –
Bir bax, quş olub gedirəm.
***
Dolu verir, boş aparır,
Axirətə tuş aparır.
Məni necə? Huş aparır,
Yoxsa huş olub gedirəm?!
Bir bax, quş olub gedirəm.
Ələkbər Salahzadənin
ölməz xatirəsinə ehtiramla
Gözümün içi dolusu
Göz yaşıma doldu bu qəm.
Geyindi rəngin qarasın,
Üst-başıma qondu bu qəm.
Bir Ələkbər heykəlini
Qələmimlə yondu bu qəm.
2013
DÜNYADI BU
Ölüsünə yas tutmayan,
Dirisini xas tutmayan,
Vaxt gözündə pas tutmayan
Dünyadı bu.
***
Şeytan deyil, mələk deyil,
Oyun deyil, kələk deyil.
Tanrı deyil, fələk deyil,
Dünyadı bu.
***
Məhrəm olur, cəncəl olur,
Arxa olur, əngəl olur,
Gah mərmi, gah səngər olur,
Dünyadı bu.
***
Qanunları susur daha,
Hər addımı – qüsur daha.
Hardan tutdu, kəsir daha,
Dünyadı bu?..
***
Dünya deyilsə, nədi bəs?
Bir qıfıldı, bir də qəfəs.
Dolusuna boşu – əvəz,
Dünyadı bu.
***
Öyəni var, söyəni var,
Yağmalayıb yeyəni var,
Əldən-ələ yüyəni var, –
Dünyadı bu.
2013