Fəxri Müslüm
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Fəxri Müslüm
Şeirlər
Şuşa xatirələri
Tez-tez yolum düşər, gedər, gələrdim,
Doğmaydı havası, çəni, Şuşanın.
Elə, qardaş idi, bizim yerlərə,
Çəkərdi danüzü, nəmi, Şuşanın.
***
Dərəyə baxardım Cıdır düzündən,
Kipriklər dolaşar, göz qaralardı.
Canı titrədərdi, sal qayaları,
Eləbil canımda köz qaralardı.
***
Sanki, dolam-dolam göyə çıxardım,
Vallah nağıl idi, yolu, Şuşanın.
Əzanı dağlarda,
Əks-səda verər, sıralanardı,
Sinəsi dərd, qəmlə dolu, Şuşanın.
***
Hər evdən gələn səs, alardı məni,
Sanki Qarabağın şikəstəsiydi.
Gül gülə bağlıydı, çiçək çiçəyə,
Nəğmə çələngiydi, söz bəstəsiydi.
***
Yaddaş oyum-oyum oyardı məni,
Eləbil, Cabbarın əzan səsiydi.
İlişib qalmışdı üzdə xallara,
Irəvandan belə,
Günü-gündəminin ozan, səsiydi.
***
Xanəmi ziliylə,
Sanki, gül, çiçəkdən şehi dərərdi,
Qısardı səsini bulaq da, biraz.
Batardı hay-küyü küləyin, yelin,
Dinşərdi orman da, oylaq da, biraz.
***
Nə deyim Qədirə, bir böyrək üstdə,
Sona bülbüllərlə,
Elə, ağladardı bülbülü güldə.
Bilmirəm sevincdən, ya da, hikkədən,
Al qana batardı bülbül də, gül də.
***
Dağlardan baş alan sel-su harayı,
Sökərdi torpağı, daşı, qayanı.
Sanki Üzeyirin
Uverturasıydı, səsi, harayı,
Çəkib silkələrdi, zamanı, anı.
***
Xankəndli, Şuşalı günlərim olub,
Öyünmək olmasın,
Yadların dizinin çökən vaxtıydı.
Onda yazıq-yazıq baxardı sənə,
Bellərini əyib, bükən vaxtıydı.
***
Əlaltı, gedişi bilirdik ancaq,
Kimiydi anlayan, eşidən bizi.
Səs də, bir daş altda batıb qalırdı,
Hələ də, tövşüdüb, üşüdər bizi.
***
Yaşadıq doluya tutulmuş kimi,
Sel, su da, köpünü yuyub apardı.
Sözün də, bu başı, o başı kilid,
Boğub məngənədə, əyib, apardı.
***
Hələ, ümidsizə ümid olmuşuq,
Karvanın Şuşaya yolu bağlıdı.
Elə sındırmayıb sındıran bizi,
Qalıb sınıxçıda,
Neçə igidlərin qolu bağlıdı.
***
Tez-tez yolum düşər, gedər, gələrdim,
Doğmaydı havası, çəni, Şuşanın.
Elə, qardaş idi, bizim yerlərə,
Çəkərdi danüzü, nəmi, Şuşanın.
10.05.2020
Sözün bitən yeri
Hələ, sözün bitən yeri deyil,
hələ, buludun,
havadan asılan gecəsi, gündüzü var.
Hələ üzümüzə, təbiətin xoş baxışı,
gecənin obaşı, danüzü var.
Gülün, çiçəyin yanağında allanan
şeh damlalarının,
Günəşdən aldığı qızılı ziyalarla
hələ, kipriklərmizdə,
pırıl-pırıl oynamağı, süzməyi var.
Hələ, sözün bitən yeri deyil,
hələ, ümidləri,
gecənin dan ulduzu daşıyar özünə,
xatirələri safçürük edib,
daşıyar,
Günəş qürubun yaddaş mücrülərinə.
Hərdən, səmada,
sinirlərimizin tininindən keçən
buludların qılınc, qalxan savaşı
ayıldar bizi,
sanki çaxmaq daşının ağzından
alov yalavıyar,
od yalavıyar, çınqı yalavıyar
şeytanla üz-üzə qoyub sınağa çəkər bizi,
aşağı, yuxarı qınağa çəkər bizi.
Haçaquyruq qaranquşların,
köhnə binaların divarlarındakı
hörgüarası,
daşarası yuvalarına sevinə-sevinə
nəğməsiylə, avazıyla gəlişi,
həyatın yepyeni davamından soraq verər,
və bir də,
dövrə vurub darayar havanı quyruqları ilə,
sanki havaya, yar-yaraşıq verər.
Ancaq, qara qayğılar əl çəkmir ki, adamdan,
kürəymizə yapışan çay daşları,
ağır-ağır, rahatlığımızda yuvalanıb, gizlənər,
ya gün döymüş güneyə döndərər,
ya da, göynəm-göynəm göynədər.
Çünki əsir düşmüş dağlar,
bizim yerimizə, biz əvəzdən,
başını salıb aşağı, boğulur xəcalət tərindən.
Dərələr,
bizə acıq verib, kinə tutular,
düşmən,
bizdən çırpışdırdığı yallıya,
dövrə vurub,
dədə-baba ocaqlarmızda qol açıb oynamağına.
Göyə çəkilmiş şəhidlərmizin ruhu,
yağan yağışla, suyla, birər-birər xəbər göndərər,
oyanın deyə,
qış yuxusuna,
daş yuxusuna qalmışların oyanmağına.
Hələ, sözün bitən yeri deyil,
Sözün bitən yeri, damarda axan qana,
qollara güvəncdir.
Və bir də,
düşmənin boğazına, qılınc-qalxanla dirəncdir.
12.05.2020
Qoşma üstdə
Boya verb, bu gündüzün, gecənin,
Hər tinində, döngəsində suç etdik.
Sarı sim də, tel-tel olub,
Gizlənibmiş, canımızın küncündə,
Gah zilində, gah bəmində köç etdik.
***
Dartınsaq da, zirvə gözdə tir imiş,
Yarı xeyir, yarı belə, şər imiş,
Doğum, ölüm, hər ikisi, bir imiş,
Bilə-bilə, gülə-gülə, iç etdik.
***
Ömür-gün də, ilan kimi süründü,
Izi bir-bir, alnımızda göründü,
Könül yenə, həsrətinə büründü,
Zaman bizə, biz də, özə, güc etdik.
***
Saxlamadıq durumunu, söz, yazıq,
Neçəsində neçə sifət, üz, yazıq,
Kül altında odum yazıq, köz yazıq,
Dilim-dilim alovunu puç etdik.
***
Fəxri deyər, yasaq oldu, görüş də,
Yasaq oldu,
Yanbayana hər gediş də, yeriş də,
Sola sapdıq, sağa sapdıq hər işdə,
Ad verib də,
Yaddan gələn hər zibili, tac etdik.
17.04.2020.
Yenə də
Yenə də, yükləndi kipriklərimə,
Gecənin zülməti, zil qaranlığı.
Yenə də, dağların qəsdinə durub,
Atüstü, hər yağan,
Boranın ağlığı, qarın ağlığı.
***
Yadıma Kərəmin gədiyi düşər,
Ərzuruma bağlı, ölümə bağlı.
O boyda bir xanın, bəy tək, oğlunun,
Xətası, töhməti elimə bağlı.
***
İndi sıxıntıdan, bu ağrıları,
Dənizin küncündə, darda çəkirik.
Bu, ömür-günün də, ahıl vaxtını,
Asfaltın üstündə, qırda çəkirik.
***
Hirsindən düşmənə yatım da vermir,
Gömgöy göyəribdi, gölü, Göyçənin.
Uzanıb sicim tək, görünməz olub,
İçimdə cığırı, yolu, Göyçənin.
***
İt-pişik əlində qalmışıq vallah,
Mərdim, Koroğlu da,
Plova, aşına ilişib qalıb.
Onun da, ağılı ora kimiymiş,
Gecənin qaşına ilişib qalıb.
***
Araz qəm üstündə, Arpa çay küsgün,
Böyründə, başında şənliyi çatmır.
Döyüş də, yerimir, söz də, yerimir,
Tüpür sifətinə,
Adamın, dəninə, dənliyi çatmır.
***
Hardasa, anımdı, it yığnağıdı,
Insanlıq əlehinə, söz əlehinə.
Ulaq dəvə ilə, atla əlləşir,
Haqqın əlehinə, düz əlehinə.
***
İdimmizi bilib,
Dünya, konfet atdı, qoz-fındıq atdı,
Bayram papağına, mürəs ciblərə.
Bu, yetmirmiş kimi, öyrətdi bizi,
Yalan dərmanlara, yalan həblərə.
***
Buluddan o yana keçə bilmirik,
Aşağı, yuxarı, nəmə boğulur.
Elə boşalıb ki, əl də, ayaq da,
Qında, qılınc-qalxan, qəmə, boğulur.
Deyəsən, dünyaya,
Allah da, yenidən baxış keçirir,
Söhbət, iblisindən, şeytandan gedir.
Söhbət, dönə-dönə, hər il ortaya,
Ölüm virusunu atandan gedir.
***
Yenə də, yükləndi kipriklərimə,
Gecənin zülməti, zil qaranlığı.
Yenə də, dağların qəsdinə durub,
Atüstü, hər yağan,
Boranın ağlığı, qarın ağlığı.
24.04.2020
Bu yaz, yaz olmadı, könülə, cana
Fırlandı dünyanın çarxı geriyə,
Bulağı geriyə, arxı geriyə.
Ümidin çör-çöpü, şaxı geriyə,
Bu yaz, yaz olmadı, könülə, cana.
***
Tale yesir düşdü, bəxt yesir düşdü,
Xallandı, ürəyə dərd, qüsur düşdü,
Cəllada neçə min, can əsir düşdü,
Bu yaz, yaz olmadı, könülə, cana.
***
Mənəm-mən deyənlər, karıxıb qaldı,
Qəmindən, qüssədən koruxub qaldı,
Biraz çaşbaş kimi, duruxub qaldı,
Bu yaz, yaz olmadı, könülə, cana.
***
Fərqi yox, sən şahsan, kasıb-küsufsan,
Üsyankar birisən, yetim Usufsan,
Bilən çoxdan bilir, sən insan kimi,
Tövründən, tavrından günah asıfsan,
Bu yaz, yaz olmadı, könülə, cana.
***
Ağac puçur-puçur, əldən çəkindi,
Elə qənim olan, eldən çəkindi,
Bülbül də, gen gəzdi, güldən çəkindi,
Bu yaz, yaz olmadı, könülə, cana.
***
Fikir salxım-salxım, içdən asıldı,
Gözlər dörd divardan, küncdən asıldı,
Hər nə var altıdan, üçdən asıldı,
Bu yaz, yaz olmadı, könülə, cana.
***
Haraylar, nərələr qınına girdi,
Üşütmə, qorxular,
Yekə gedənlərin canına girdi,
Deyəsən, ilk bahar sonuna girdi,
Bu yaz, yaz olmadı, könülə, cana.
***
Olanlar, nə şeir, nə söz tanıdı,
İnsan, maddım-maddım, nə üz tanıdı,
Dünya da, sopsoyuq,
Nə alov tanıdı, nə köz tanıdı,
Bu yaz, yaz olmadı, könülə, cana.
***
Haqdan yayınanlar haqqa dil açdı,
Lal qalmış göylərə, Aya əl açdı,
Yenə ümid yeri, yenə, əlacdı,
Bu yaz, yaz olmadı, könülə, cana.
***
Fırlandı dünyanın çarxı geriyə,
Bulağı geriyə, arxı geriyə.
Ümidin çör-çöpü, şaxı geriyə,
Bu yaz, yaz olmadı, könülə, cana.
25.03.2020
Deyerli şair qardaşım Nazim Əhmədliyə və Kırımın səsi qazetinin deyerli mensublarına derin teşekkürümü bildirirem!!! Tanrı kırım halkını korusun, azadlıqlarını qismet elesin.
Hörtmele: Fahri Müslüm