GenelGüncelKültür Sanat

Fəxrəddin Teyyub  – Şeirler

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Fəxrəddin Teyyub 

Xalq yazıçısı Anara

Üzümə yad baxıb həyat həmişə,
Kitabam, qoyublar kənara məni.
Bir adam gəzirəm, qabağa düşə,
Aparıb tanıda Anara məni.

             ***

Deyə, bu yetim də söz adamıdı,
Kövrək təbiəti, saf ürəyi var.
Dünyanın sözünə düz adamıdı,
Süfrəsində halal duz-çörəyi var.

             ***

Sonra da tanıya özümə görə,
Yaxın, doğma bilə, dost saya bir gün.
Böyük xətir qoya sözümə görə,
Apara özüylə Göyçaya bir gün.

             ***

Ora – ata yurdu Rəsul Rzanın,
Ora – son mənzili Əli Kərimin…
Nisgili çox olar şeir yazanın:
Gözlərim qurumur, qəlbim kirimir.

             ***

Ötən hər anımı dərd edirəm mən,
Zaman pərvazlanır, uçur ömür-gün.
Gecə də, gündüz də yol gedirəm mən,
Sözün dərgahına yetişmək üçün.

SÖZ

Ürəklərə yatırsa,
Ünvanına çatırsa,
Əllərimdən tutursa,
Dayı, əmidi mənə.

             ***

Sərin sudu, içirəm,
Dar cığırdı, keçirəm,
Təb gələndə biçirəm –
Qızıl zəmidi mənə.

             ***

Könlümün nidasıdı,
Nazıdı, ədasıdı.
Ruhumun qidasıdı,
Sarı simimdi mənə.

             ***

Bir alınmaz qaladı,
Duyğumla qol-qoladı.
Elə bil ki, baladı –
Övlad kimidi mənə.

AĞACLAR ÜŞÜYÜR

Ağaclar üşüyür sərt havalarda,
Çəkir xiffətini gələn baharın.
Yarpaqlar darıxır boş yuvalarda,
Uçurlar dalınca qaranquşların.

            ***

Ürək çəkə bilmir hər dərdi-səri,
Sinəmə bir aləm düşüb qəm indi.
Bu incə, bu zərif budaq əlləri,
Gərək nəfəsimlə isidəm indi.

             ***

Nə vaxtdır, təbiət bahara möhtac:
Gah külək, gah da ki qışın qarı var.
Bir yetim uşaqdı hər çılpaq ağac –
Nə geyindirəni, nə paltarı var.

ÜMİD PAYLAYIRAM…

Günahın yoxdursa, başını əymə,
İşini bilənə tənə yaraşmır.
Zövqü olmayanın xətrinə dəymə,
Demə ki, bu paltar sənə yaraşmır.

             ***

Təpəyə: “Zirvəsən” – deyirəm bəzən,
Yamac inciyəndə deyirəm: “Dağsan!”
Gözündə həyatın işığı sönən
Xəstəyə deyirəm: “Sağalacaqsan!”

             ***

İçimdə ölçü var, məhək daşı var,
Çatır harayıma, düşsəm dara mən.
İşimin nə adı, nə maaşı var:
Ümid paylayıram adamlara mən.

ARX

Bir müqəddəs sirrə dönüb,
Göyə dönüb, yerə dönüb.
Gözlərimdə pirə dönüb,
Hamı gəlsin ziyarətə.

             ***

Şırıltısı layla-layla,
Tükənməzdir suyu – payla.
Dostu, yadı çağır, hayla,
Hamı gəlsin ziyarətə.

             ***

Möcüzədi, sehrdi bu,
Arx deyil ki, nəhrdi bu.
Bir ilahi möhürdü bu,
Hamı gəlsin ziyarətə.

TANIMADI

Sinəsinə baş qoyduğum,
Hasarına daş qoyduğum,
Ağacında quş qovduğum,
Bağlar məni tanımadı.

             ***

Kimi zəmi biçib gedib,
Kimi cığır keçib gedib.
Yaşıdlarım köçüb gedib,
Sağlar məni tanımadı.

             ***

Bulaq güldü: “Di yan, alış!”
Cığır oldu bircə qarış.
Meşə dedi: “Səsin tanış…”
Dağlar məni tanımadı.

GÖYƏRƏR

Bir damlanı göl eylə,
Bağ-bağçanı gül eylə.
Yaxşılığı bol eylə,
Qalsa bir iz – göyərər.

             ***

Üzlər dönsə, nə dərdin,
Dostlar gensə, nə dərdin.
Ocaq sönsə, nə dərdin:
Kül altda köz göyərər.

             ***

Nə gərəkdi şairə?!
Könlünü ver şeirə.
Ürəyin düşsə yerə,
Torpaqda söz göyərər.


DEDİM – DEDİN

Dedim: “İlk eşqimin gül qönçəsisən”,
Dedin: “Gül olaram, gələndə bahar”.
Dedim: “Sən qızların ən incəsisən”,
Dedin: “Eh, məndən də incələri var”.

             ***

Dedim: “Bir qərar ver, keçir qış, bahar”,
Dedin: “Ürəyimə hakim deyiləm”.
Dedim: “Qəlbimə bax, yaraları var”,
Dedin: “Neyləyim ki, həkim deyiləm”.

             ***

Dedin: “Dilim mənim zəhərdir, inan”,
Dedim: “Dodağında qaymaq görmüşəm”.
Dedin: “Məhəbbətlə iş bitmir, oğlan,
Axı şalvarında yamaq görmüşəm”.

OLMAYIB

Bu dünyaya imtahana gəlmişik,
Hələ “Əla” alanımız olmayıb.
Adəm, Həvva verib bizi güdaza,
Bizə qalsa, yalanımız olmayıb.

             ***

Rahat olur insan düz yol seçəndə,
Nə aparır bu dünyadan köçəndə?!
Lap suyu da üfürürük içəndə,
Töhmətimiz-filanımız olmayıb.

             ***

Kimik, nəyik – nə bilirik, a Tanrım,
Nə tapdıq ki, nə bölürük, a Tanrım.
Dərgahına yol gəlirik, a Tanrım,
Bu cərgədən qalanımız olmayıb.

BİRİNDƏ

Bir çiynim yüngüldü, bir çiynim ağır,
Günah birindədir, savab birində.
Görən hansı işi düz görməmişəm,
Sual birindədir, cavab birində.

             ***

Arada qalıbdır, neyləsin ürək,
Bu ona arxadır, o buna söykək.
Sol çiynim fağırdı, sağ çiynim zirək,
İştah birindədir, hesab birində.

             ***

Çətin çörək tapa yolunu azan,
Başdan belə yazıb o tale yazan.
Biri tərəzidi, o biri mizan,
Sevinc birindədi, əzab birində.

QARDAŞLARIMA

Bu sərsəm dünyada məni tək qoyub,
Mənim əzizlərim, hara köçdünüz?
Sizdən nə ürəyim, nə gözüm doyub,
Vurdunuz qəlbimə yara, köçdünüz.

             ***

Bir nəslin gur yanan ocağı söndü,
Əcəl badəsini içib getdiniz.
Ömrünüz qaranquş ömrünə döndü,
Hər payız biriniz köçüb getdiniz.

             ***

Duyğular geyinib qəm paltarını,
Bəyaz arzularım qaralıb daha.
Mənim ümidimin bağçalarını,
Boran vurub daha, qar alıb daha.

             ***

Nə təmkin qalıbdı, nə də ki səbir,
Yoxsunuz, bu dünya başıma dardı.
Yan-yana düzülmüş doğma dörd qəbir,
Mənim şeirimdə şah misralardı.

İNCİDİM

Gözüm yoxdu parıltında,
Bəsim idi qaraltın da.
Qoydun məni qar altında.
Səndən incidim, incidim.

             ***

Hər bir dərdə dözür adam,
Dərd ümmandı, üzür adam.
Uman yerdən küsür adam,
Səndən incidim, incidim.

             ***

Dost qeydinə qalan ürək,
Bərbad ürək, talan ürək.
Məni dərdə salan ürək,
Səndən incidim, incidim.

             ***

Niyə qıymaz oldun, atam,
Nəyim var ki, nəyi satam.
Məni Tanrım qoymaz batam,
Səndən incidim, incidim.

VAR OL…

Günahdı – günümü qara istəsəm,
Əllərim çatacaq vara, istəsəm.
Gedirəm, gəlirəm hara istəsəm,
Aparan, gətirən ayağım, var ol.

             ***

Bəzən sevincimi qəmə qatmışam,
Bəzən də bağçamda gülə batmışam.
Gecələr asudə, rahat yatmışam,
Mənə keşik çəkən oyağım, var ol.

             ***

Duanı quş olub uçan görmüşəm,
Çox bağlı könüllər açan görmüşəm.
Bəndəni dar gündə qaçan görmüşəm,
Sənsən, ulu Tanrı, dayağım, var ol.

XOŞUMA GƏLMİR

Bulaq olub axmıram,
Günəş kimi çıxmıram.
Nə çox güzgü… baxmıram –
Üzüm xoşuma gəlmir.

             ***

Qəm-kədər qucaq-qucaq,
Üzüm güləcək haçaq?
Alışmır, sönür ocaq,
 Közüm xoşuma gəlmir.

             ***

Gördüm azı, çoxu da,
Gördüm acı, toxu da.
Səbrim dərin yuxuda,
Dözüm xoşuma gəlmir.

             ***

Şivi budaq görürəm,
Təpəni dağ görürəm,
Qaranı ağ görürəm,
Gözüm xoşuma gəlmir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest