Fərhad ƏZİZBƏYLİ -Şeirler
Nazım Ahmetli Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Şeirlər
Hər insan bir sirli aləmdir…
Burdan bir atlı keçdi…
Qırmancı şimşək kimi
Parladı, çaxdı keçdi –
Burdan bir atlı keçdi…
Zamanla yarışırdı,
Zaman-məkan demədi –
Yel kim ötdü-keçdi…
***
Birinə çiçək atdı,
Çiçək selinə düşdü,
Murada yetdi-keçdi.
Arzuları çin oldu.
Neçə-neçə ürəkdə
Sevgi oyatdı keçdi,
Atın oynatdı keçdi…
***
Neçə zülmət yuvaya
İşıqlı qapı açdı.
Acı günlər də gördü,
Şərbət, badə də içdi!
Çox aylar ötdü-keçdi,
Çox illər ötdü-keçdi.
***
Bir gün gəldi hamıtək
O atlı da yox oldu,
Gözlərdən itdi-keçdi…
Kim qaldı ki, o qala?
Gün kimi şəfəq saçdı,
Ay kimi batdı-keçdi…
Əmanət
Köçəri quşlarıq, köçərik bir gün.
Dünyada qalanım elə əmanət.
Gülün rayihəsi, çiçəyin ətri
Çiçəyə əmanət, gülə əmanət.
***
Deyilən sözlərim duyan qəlblərə,
Deyə bilmədiyim dilə əmanət.
Dənizin qəzəbi, qaya dözümü
Qayaya, dənizə, gölə əmanət.
***
Öləziyən ocaq bir gün alışar
Alışdıran o köz külə əmanət.
Nə qədər iz qalıb, sahibi harda?
O izlər, ləpirlər yola əmanət.
***
Ruhu da uçuran bir nəsim, yel var.
Didərgin qalmasın, yelə əmanət.
Canda hələ nəfəs, bədəndə ruh var.
Şükür, alınmayıb hələ əmanət!..
Qəm-qüssəni sil-bəsim
Daha o yaş deyil ki,
zirvələrə yol gəzim.
Könlümü oxşayanlar,
göz önündə qal-bəsim.
Dolanbac yollar ilə
gəzməyə taqət hanı?
Düz yolum, düz cığırım,
sən mənimlə ol-bəsim!
Güllük, gülüstanlığın
seyri xəyal mənimçün…
Mənə tərəf uzanan
bircə dənə gül bəsim!
Daha anlamışam ki,
hər gün ömrə töhfədir.
Tanrının lütf etdiyi
hər ay-bəsim, il-bəsim!
Qıçın taqəti yoxsa
Uzaqlara getməyə,
hələ güclü, qüvvətli
bu əl-bəsim, qol-bəsim!
Daha sevinc verməsən
gileyim yox, dözərəm.
Ruhumadək sızladan
qəm-qüssəni sil-bəsim!
Lövhə
Bir qatar qızılqaz
güneyə uçur,
Səma dediyimiz
mavi diyarda.
Bir not yazısına
bənzəyir quşlar
Vida nəğməsini
deyir qatarda.
Mənzilə yetişməz
hamısı yəqin,
Çoxu geri dönməz
bəlkə baharda
Mən də sizin kimi
nisgil çəkirəm.
Mən harda durmuşam,
siz isə harda?!
Dönüş zamanında,
qismət olarsa,
Sizi gözləyəcəm
eləcə burda…
Qorun
Hər yol uğur yolu olmaz,
Ara, axtar yoldan qorun.
Sağ göstərib sol vururlar,
Sağdan qorun, soldan qorun.
***
Güllər şahı qızılgüldür –
Tikanlıdır, güldən qorun.
Sönmüş sanma hər ocağı,
Köz gizləyər, küldən qorun.
***
Göl var dənizdən də dərin,
Dayaz bilmə, göldən qorun.
Hər əl xeyrə uzanmır ki!
Şər niyyətli əldən qorun…
***
Neştər kimi dəlib keçən
Acı, zəhər dildən qorun.
El mərdləri seçib, sevər.
Namərd olsan, eldən qorun!..
İçimdədir
Fərq etməz bahardır, fərq etməz qışdır,
Yağan bəyaz qardır, yoxsa yağışdır.
Elə bil ürəyim soyuq bir daşdır…
Qanımı donduran buz içimdədir.
***
Olur ki, özümdən gizlənirəm mən,
Sükutla qəlbimə səslənirəm mən.
Hara sığınsam da izlənirəm mən…
Özümü izləyən göz içimdədir.
***
Bəzən qəlbin yanan çağı da olur,
Günlərin qarası, ağı da olur.
Dost bildiyim nankor, yağı da olur…
Ruhumu yandıran köz içimdədir.
***
Hər insan bir sirli aləmdir, aləm!
Həm sevinc yaşayır ürək, həm də qəm.
Çox da fəsillərə uyan deyiləm,
Payız içimdədir, yaz içimdədir!
***
İllərlə söz qoşur, söz yazıram mən,
Min cövrə, cəfaya hey dözürəm mən.
Məna ovçusuyam, iz gəzirəm mən,
Hələ deyəcəyim söz içimdədir…
Ocaq çoxdan çönüb.
kül də soyuyub.
Soyuq kül altında
gəl köz arama.
***
Məqsədi qəlb qırmaq
bu danışanın.
Könül ovudacaq
bir söz arama.
***
Ömrə çıraq olan
gözlər yox artıq.
Daha elə çıraq,
bir göz arama.
***
Əyrilər çəkibsə
o yol düz olmaz.
Əyri niyyətlərdə
sən düz arama.
***
Nə rüzgarlar əsib
o yolun üstdən!
Bir nişanə qalmaz.
yol-iz arama.
***
Daha gedənlərin
geriyə dönməz…
Yollara göz dikmə,
dur, döz, arama!..
Ömrün çatısı
Ömrün çoxu arxada,
dönmək olmaz geriyə.
Qalan ömrün üfüqü
əl uzatsan çatası.
***
Oğul istəyirəm ki,
sona doğru yeriyə!
Şeh qonsa da axıdır,
tamam əyilib, çöküb
bu binanın çatısı.
***
Günəş də qürub edir,
dəmədəmdir batası.
Hər gün düşəndə gecə
ahıl yaşlı bu adam
necə rahatlıq tapıb,
axı necə yatası?!
Ömrün də ki, üfüqü
əl uzatsan çatası…
Salxım söyüdün payızı
Payız salxım söyüdün
torpağa qədər uzanan
saçlarını kəsdirdi.
Hər dinləyəndə qulağa
fərqli təranəsi gələn
nəğməsini susdurdu.
Sinəsinə eşq dolu
xatirələr yazılan
yazıları pozdurdu.
…Payız salxım söyüdü
saraltdı zəfəran kimi,
yaşamaqdan bezdirdi.
Sonra döydü onu
yağışıyla, qarıyla
əsim-əsim əsdirdi.
Sonuncu gəmi
Sonuncu gəmi də
fit verib qalxdı.
Qarşı sahil tərəf
döndü, yön aldı.
***
Yetişə bilmədim
son gəmiyə də…
Ürəyim sıxıldı,
gözlərim doldu.
***
O biri sahili
görmək arzusu
acı bir niskiltək
qəlbimdə qaldı.
***
Yeni bir fürsət də
çıxdı əlimdən.
Bir qönçə arzu da
saraldı, soldu.