Elməddin Nicat
Elməddin Nicat
ÇÖL ÜZÜNDƏN AĞLAYIR…
Tək oturub otaqda darıxan adamların,
Kimlər duyar səsini, kim anlar yalnızlığın.
Hisslərim qurbanıdır sükutlu edamların,
Ürəyim çabalayır əlində yalqızlığın.
***
Çöl üzündən ağlayır pəncərəmin şüşəsi,
Göz yaşını sovurur vıyıldayan küləklər.
İliyinə işləyib ayrılığın rişəsi,
İntizarı çəkməsə dözməz sevən ürəklər.
***
Suya həsrət səhradı sevdaya baş əyənlər,
Qanıyla suvarmalı əkdiyi toxumları.
İlahi sevgilərə qəlbən əli dəyənlər,
Canının içi bilir ən uzaq yaxunları.
***
Ehey… yenə darıxdım, bu qışın əvvəlində,
Gizil-gizil başladı canımın üşütməsi.
Ürəyimlə adını qışqırıram dilimdə,
Qulağını tut deyim, bir kimsə eşitməsin…
BU TALE DEDİYİN…
Bu tale dediyin su dəyirmanı,
Üyüdər ömrünü dən əvəzinə.
Nə illər itirdik göz qırpımında,
Nə anlar yaşadıq gün əvəzinə.
***
Ürəkdə çatı var keçən qışların,
Dərd baxır ağrıma, çatıb qaşların.
Üzüm nahar yeri qaranquşların,
Göz yaşı səpirəm dən əvəzinə.
***
Dil-dil oxutmadım qumru yarı da,
Gərək ki, adamı Tanrı yarıda.
Daha saxlayıram ömrü yarıda,
Verirəm, yaşayar kim əvəzimə?!…
ŞİMAL DƏNİZİDİR…
Şimal dənizidir gözümün içi,
Adın çəkildimi, kipriyim donur.
Dodağın titrəyir, nitqim tutulur,
Ay gözləri yaşıl, saçları qonur…
***
Qəlbinə dəymişəm könlün inciyib,
Gəl öpüm alnından məni bağışla.
Di başla, yubanma, keç günahımdan,
Sevindir dəlini bircə baxışla.
***
Qaraltma rəngini günəş gizlənər,
Kainat üzümdən günüzü görməz.
Səni görən gözüm yaxşı bilirsən,
Axşamı, sabahı, gündüzü görməz.
***
Bu qədər sevilmək tək sənin haqqın,
Yaxşı eliyirsən, bərk öyünürsən,
Könüllü çəkirəm nazu-qəmzəni,
Sən mənim dəlisov ərköyünümsən.
SEVDA TÜRKÜSÜ
Sanki baxışların göy qurşağıdır,
Mən də can atıram keçim altından.
Həsrət dedikləri ömrə yağıdır,
Ayları, illəri salır atından.
***
Telinin altında gülümsər çöhrən,
Təzəcə oyanmış yaz günəşidir.
İllərin o başı;- hardaydın görən…
Mən özüm hardaydım… tale işidir!…
***
Bu hansı yoldur ki, qarşılaşmışıq,
Səmti hayanadır yolayrıcının..
Nə qərib duyğudur, çaşıb qalmışıq,
Çəkirik ağrısın bir ayrı canın.
***
İki çay bulanıb baxışımızdan,
O tay-bu tay axır gözyaşı seli.
Bizim gətirməyən naxşımızdan,
Nə güllər toxudu taleyin əli.
***
… Yazın yaxasında bənövşə süsü,
Nərgizin şeh çəkən buludu sənsən…
Sarı simdə dinən SEVDA türküsü,
Bağrı çatlayana bir udum səssən…
ŞƏHİDİM!
Bu il cəbhənin müjdəçiləri göyərçinlər yox,
İlan ağzından çıxmış mərmilər oldu,
Şəhidim!
***
Nədir üzündəki bu nur, bu işıq,
Bığ yerin yenicə tərləyib
Nə tez şığıdın ölümə
Şəhidim!
***
Barmağını üzük sıxdı, ürəyini həsrət,
Sevginə sərhəddən başladın,
Toyun çalınmadı, bu nə qismət!
Şəhidim!
***
Körpəni buraxıb tabutuna sarıla bilmədi anan,
Aranızda qaldı uşağın…
Şəhidim!
***
Oğlun şəklini əlində saxlaya bilmir,
Sənə böyüdülən şəkil,
Oğlundan böyük…
Şəhidim!!!
***
Sevdiyin qıza yazdığın məktubu oxudu,
Səndən sonra əsgər gedəcək biri.
Daşını atdı qız sevməyin,
Dənf etdi içində eşqini diri-diri,
Ürəyi bağlı gedəcək xidmətə,
Şəhidim!
***
Bütün şəhid atalarının,
Elə bil hamısı eyni boydadı,
Ağrı baxışlarını köhnəldib
Əyinlərindəki paltar kimi.
Boyunları düşüb sol çiyinlərinə
Ürəyindən yıxılırlar, onları ayaqda
Sol qolları üstündəki
Tabutunuza bükülən bayraq saxlayır,
Şəhidim!
***
Əlvida demirəm cənab general,
Sənin görüşünə Qarabağdan gələcəm.
Qələbə muştuluğu ilə.
Zəfər qaravuluna düzərsən şəhidlərimi,
ŞƏHİDİM!
MƏNİ ÇAĞIRMA
Dərd suvarır, su ömürdə,
Nə acın var yu ömürdə.
Nə yaxşı ki, bu ömürdə,
Çıxdın uğruma…
***
Qaç üstümə qoy qol açım…
Sevgisi qulac qulacım.
Mənə gəlsin ağrın, acın
Bir də ağrıma…
***
Naz elə…dur qəstimə, gəl-
Hayla- denən; küsdüm e…gəl!
Mən öləndə üstümə gəl,
Məni çağırma…
NECƏSƏN?!
Necəsən, deyinəm yanağın yana,
Gözün uzaqlardan yol kirələyə.
Kəsilə aramın, səbrü-qərarın,
Darıxmaq içində baş girələyə..
***
Necəsən, adını çəkəm, dayanam,
Çala qulağında həyəcan fiti.
Mənim qulaqlarım səs eyləyəndə,
Dilimin ucunda Səadət bitir.
***
Necəsən?- Necədir axşamla aran?
Otağın baxırmı ay işığına?
Yaşılgöz şəklinlə gülür otağım,
Heyran kəsilmişik yaraşığına…
***
Necəsən demirəm, bilirəm artıq,
Saçların sığalın pərişanıdır.
Bu gün səsindəki nigarançılıq,
Sənə gəlmək üçün yol nişanıdır.
RƏSSAM…
Nəvai Metinə
Ürəyimin başı malbertə sığnmış kətan…
Toxundur fırçanın ucunu…
Nə çəksən adını sevgi qoy
Dəli sevgilərin
yarımçıq bitməsin ömrü.
bir az rənglərə arzu qarışdır
Günəş rəngi də yaddan çıxmasın
Ürəyim dənizdə qağayı misal
Bu saat yellənir ləpələr üstə
Vüsaldan oxuyur çat dodaqlarım
De götür fırçanı rəssam adam
Qoy bağrı çatlasın ayrılıqların!!!…
SƏNİ BU ŞƏHƏRDƏ TƏK QOYMAQ OLMAZ….
səni bu şəhərdə tək qoymaq olmaz,
səsin ürəyinin başına düşər
için-için ağladıqca…
sıxar arzularının üstə gözlərini darıxmağın,
ümidlər içində islanıb yanar.
var-gəl eliyər otaq boyu ürəyinin sızıltısı…
gözlərin karvalol gəzər,
qulağın indi döyüləcək qapı tıqqıltısı.
səni bu şəhərdə tək qoymaq olmaz
başına iş açar ölə-ölə darıxmağın,
darıxa-darıxa ölməyin…
gizlin gizlin içinə ağlamasan
göz yaşın əridər bu şəhərin monolit divarlarını…
yuyar küçələrdəki darıxdığın adamın ayaq izlərini
tək çıxma şəhərə
dərdini gözündən oxuya bilər
tutar bu şəhərin ürək tutması…
…bunu hər kəs bilər kim görsə gözlərini…
QORU ALNINDAKI ÖPÜŞ YERİMİ…
Bir gün əlimin sığalıyçün
Saçlarının darıxmağı baş qaldırsa
Başını köksümə söykə
Barmaqlarını dodağıma…
***
Bir gün dilinin ucunda adım göynəsə
Ürəyin köksündə atlı kimi çapsa.
Gözünə görünsə ulduzlar birtəhər,
Göy nəsə
Özünü mənə yetir
Əgər darıxmaqdan macal tapsan…
Əlindən bərk yapış ürəyinin
Gözümün içindən yapışdığın kimi…
Qoru alnındakı öpüş yerimi.
Qəfil ömrümə gəldiyin kimi.
* **
Bir gün sübh azanından axşam günbatanına,
Dilinin ucunda adım darıxsa,
bir misram ayə əvəzinə dodağında səyrisə
Kəssə amanını “bəlkə”… “Nə isə”…
Tanrı duası bil sənə yazdığım şeirləri…
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi