Ələsgər Əlioğlu – Hekayələr
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Ələsgər Əlioğlu
Hekayələr
1. Şimşək
On dörd-on beş yaşım ancaq olardı. Həmin illərdə bizim bir atımız vardı. Şimşək deyib çağırırdıq. Açıq-qırmızı rəngli bu atla kənddə heç bir at döşləşə bilmirdi. Yolla dördnala ötüb keçəndə kimsə Şimşəyin boy-buxununa, hətta rənginə belə baxmağa macal tapmazdı. Çünki həmin anda havaya qalxan toz-duman Şimşəyin arxasınca boz bir pərdə tutardı.
Bayramlarda, şənliklərdə hərə öz atını minib Xəlilli irəməyə cıdıra çıxardı. Atların hər biri enişdə-yoxuşda iç olardı. Birinci yeri tutacaq atın adı isə əvvəlcədən bilinərdi. Buna görə də uşaqların Şimşəyi görməyə gözü yox idi. Onlar öz aralarında xısınlaşa-xısınlaşa ikinci yeri tutanı qalib sayardılar.
Şimşəyin qəşəng bir dayçası da vardı. Dayça elə bil ki, anasının burnundan düşmüşdü. Yavaş-yavaş ağzını ota-ələfə uzadırdı. Demək olardı ki, tam otuxmuşdu.
Bir gün qapımıza bir yük maşını gəldi. Sürücünün yanında bir ortayaşlı kişi də vardı. Söhbətlərindən məlum oldu ki, atam dayçanı həmin kişiyə satır. Mən çox kefsizlədim. Amma nə edə bilərdim ki!? Bir kənarda dayanıb qəmgin-qəmgin onlara göz yetirirdim. Allaha yalvarırdım ki, kaş sövdələri baş tutmasın, qiymətdə razılaşmasınlar. Təəssüf ki, mən arzuladığım kimi olmadı. Sövdələri baş tutdu. Haqq-hesabdan sonra atam üzünü alıcıya tutub dedi:
– Bu dayça anasından da ötkəm olacaq. Amma sizin yeriniz dağlıqdır, indidən dırnağını-başını gözdən qoyma. Qoy pərmudə böyüsün. Tez-tələsik belinə yəhər vurma, yəhər belini basar, sonra gözünün odu qırılar!..
Sürücü maşını çəpərimizin ayağındakı çökəkliyə verib saxladı. Mən durduğum yerdən tərpənmirdim. Sanki ayağımdan daş asılmışdı. Kənardan-kənara dayçamıza baxdıqca qəhərlənirdim. Qəhərlənirdim ki, bir daha onun üzünü görməyəcəm. Deyəsən, atam özü də bunu hiss etmişdi. Dayçanı maşının banına qaldıranda bəlkə də elə buna görə heç mənə demədi ki, yaxın gəl, bala, bir kömək elə.
Maşın yenicə tərpənmişdi ki, Şimşək şahə qalxdı. Yerlə-göylə əlləşməyə başladı. Sanki bu boyda dünyaya sığışa bilmirdi. Gah kişnəyir, gah da ayağını yerə döyüb fınxırırdı. Atam nə qədər əlləşsə də, atı sakitləşdirə bilmədi. Daha Şimşəyin gözünə nə yer görünürdü, nə də göy!.. O, hələ ilk dəfəydi ki, sahibinin üzünə ağ olurdu. Başını aşağı salıb, arxasını atama çevirərək dayanmadan qoşa təpik atırdı. Şimşək dartına-dartına axır ki, hörüyünü qırdı və götürüldü balası aparılan istiqamətə.
Atam daha hövsələdən çıxıb yornuq halda əyləşdi çəpərin dibindəki sal daşın üstə. Bilirdi ki, başqa hansı at olursa-olsun, onunla gedib nə Şimşəyə çatacaq, nə də onu tapacaq. Dərin fikrə daldı və birdən başını qaldırıb məni səslədi:
– A bala, cəld tərpən, Murtuza de, qoy motosikletini xodlayıb gəlsin!
Dörd-beş dəqiqənin içində Murtuz qapıda hazır oldu. Atam Murtuzun tərkində əyləşdi, mənsə motosikletin lötkəsində. O, ərkiyanə surətdə tez-tez Murtuzun üstə səslənirdi:
– Ayə, bir az əlli-ayaqlı ol! Görək bu çərdəymişə çatırıqmı!..
Motosklet dərədən-təpədən qıvrıla-qıvrıla keçən yolla şütüyürdü. Bir xeyli getmişdik ki, qabaqda dayçanı aparan maşın, ondan bir qədər geridə Şimşək göründü. Atın maşına çatmağına elə bir məsafə qalmamışdı. Atam indi rahat nəfəs almağa başladı. Daha arxayın düşmüşdü ki, nə fəndləsə Şimşəyi geri qaytara biləcəyik.
Birdən Şimşək möhkəm büdrədi və bədəni sürətlə gəlib başından aşdı. Yenidən ayağa qalxıb balasının arxasınca qaçmaq istədi. Ancaq ayağa qalxa bilmədi. Bədəni yay kimi gərildi. Başını dikəltməyə nə qədər can atdısa da, bacarmadı. Azacıq çabalayıb xub düşdü. Atam əvvəlcə çox sevindi:
– Şimşək bərk yorulub, indi asanca qaytaracağıq!
Bu sözləri deyib cəld motosikletdən düşərək bizdən qabaq özünü Şimşəyə çatdıran atamın rəngi birdən-birə dəyişdi. Vaysına-vaysına: “Atın bağrı çatladı!” – deyib hüznlü bir görkəm aldı. Son nəfəsdə olan Şimşəyin gözündən yaş sel kimi axırdı. Birdən başımı qaldırdım ki, atamın da kirpiklərindən yaş süzülür. Mən də özümü saxlaya bilmədim.
Murtuz motosikleti ilə qurdalanırdı. Dayçanı aparan maşın isə artıq gözdən itmişdi.
2.HEYVA AĞACI
Hekayə
Min doqquz yüz qırx beşinci ilin yazında, qələbəyə az qalmış, cəbhədəki oğlundan qara kağız alan Məhluqə arvad qısılmışdı öz daxmasına. O, hələ cavan yaşlarından təsadüfi bir bədbəxt hadisə nəticəsində ərini itirib dul qalmışdı. Neçə yerdən istəsələr də, getməmiş, aman-zaman bir oğlunun qayğısını çəkmiş, istəməmişdi ki, övladı ögey ata nəfəsini hiss etsin. Nə bacıdan bir haray vardı, nə də qardaşdan. Hərə öz çulunu bir təhər sudan çıxarırdı. İndi oğlunun qara kağızı onu göynətdikcə göynədirdi. Amma Məhluqə arvadda inam vardı ki, haçansa oğlu qapıdan girəcək.
Oğlu cəbhəyə gedəndən sonra o, vaxtlı-vaxtında bağçanı suvara bilmədiyindən ağacların hamısı da demək olardı qurumuşdu. Bağçada qalan təkcə heyva ağacı idi. Oğlunun əkdiyi, oğlunun yadigarı heyva ağacı. Heyva ağacı quraqlığa davamlı olduğu üçün əyyamda-səyyamda bircə dəfə suvarılsa da, öz durumunu qoruyub saxlaya bilirdi. Üstəlik də bar-bəhəri öz yerində.
Hər payız Məhluqə arvad heyva ağacının barını yığıb çardağa düzür, az-az aparıb yaxınlıqdakı qəsəbənin gediş-gəlişli küçələrindən birində əyləşib satardı. Heyvadan çıxan qəpik-quruşu çörəyə, qəndə, çaya verib evə qayıdardı. Məhluqə arvad oğlunun qara kağızını alandan sonra mehrini salmışdı heyva ağacına. Oğlunun iyini bu ağacdan alırdı. Həmişə də bu ağaca küsənirdi. Özünə bir tuman, yaxud bir corab almaq fikrinə düşsəydi, ürəyində deyərdi: “Qoy bir görək heyva ağacı nə götürür”.
Oğlu Həbibdən sonra bu heyva ağacına bel bağlayırdı. Sanki oğlu Həbib cəbhəyə gedərkən anasını bu heyva ağacına tapşırmış, “anamdan muğayat ol” demişdi.
Məhluqə arvad gecələrin birində qəribə bir yuxu da görmüşdü. Görmüşdü ki, qapıdakı heyva ağacı birdən-birə qiyafəsini dəyişdi. Dönüb oldu oğlu Həbib və qapıdan içəri girib onu bağrına basdı: “Ana, mən özüm heyva ağacına dönmüşəm. İstəmişəm ki, iyimdən, qoxumdan doyasan”. Arvad: “Ay oğul!” – deyə sevincdən qışqırarkən öz səsinə yuxudan oyanmışdı. Elə həmin gündən evdə çarpayısını çəkmişdi pəncərənin qabağına. Buradan heyva ağacı yaxşı görünürdü.
İlk payız günlərindən biri idi. Heyva ağacı yetərincə bar tutmuşdu. Məhluqə arvad əlinə bel götürüb arxdan ağaca su açmaq istəyirdi. Birdən ayağı sürüşdü və üzüquylu arxa yıxıldı. Bədənindən bir gizilti keçdi. Elə hiss etdi ki, bütün içərisi buz bağladı.
Beləliklə, elə həmin gündən başlayaraq Məhluqə arvad yatağa düşdü. Axır uzaq qan qohumu Namaz kişi onun üstə həkim gətirdi. Nüsrət həkimi. Bu həkimin diaqnozu həmişə də özünü doğruldur, həmişə də nəticə dediyi kimi alınırdı. Buna görə də kənddə hamı bir həkim kimi ancaq ona inanırdı. Hələ deyən də tapılırdı ki, bu kişinin yeri Bakıdır ey, Bakıdır.
Nüsrət həkim Məhluqə arvadı dönə-dönə nəzərdən keçirdi və yekun olaraq ancaq bu sözləri dedi: “Axırı yaxşı olar”. Ancaq girəvələyib Namaz kişiyə bildirdi: “Xəstənin sağalmasına ümid yoxdur, iki-üç günün qonağıdır, ehtiyatınızı görün!”
Məhluqə arvadın səhhəti saatbasaat pisləşirdi. Qonşuluqdakı Zeynəb qarı və Ülkər qarı Məhluqə arvadın baş tərəfində uzun bir kətilin üstə əyləşmişdilər. Xəstə ağır-ağır nəfəs alırdı. Birdən onun gözləri gərilməyə başladı. Sanki xəstənin bütün gücü gözlərinə yığılmışdı. Az qalırdı yerindən oynayıb çıxsın. Bir qədər əlləşdikdən sonra bir təhər qolunu balınca söykəyib gözlərini pəncərənin önündəki heyva ağacına dirədi: “Həbib, ay Həbib!” Məhluqə arvadın bu çağırışı qarıların ikisini də çaş-baş saldı. Ani olaraq onlar da pəncərədən bayıra boylandılar.
Beş-üç dəqiqə keçmədi ki, qarının başı taqətsiz halda yastığa düşdü. Heyva ağacı bundan xəbərsiz idi. Gözləyirdi ki, Məhluqə arvad indicə əlində səbət ona yaxınlaşacaq, başlayacaq kəhraba kimi meyvələri bir-bir ustubca dərib səbətə düzməyə. Ancaq Məhluqə arvad gəlmək bilmirdi. Sarala-sarala qalan heyvalar bir-bir budaqdan üzülüb düşürdü.