GenelGüncelKültür Sanat

Dahi və dünya – Nobel mükafatı laureatı Abdus Salam haqqında 

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi
Azər TURAN
 Dahi və dünya – Nobel mükafatı laureatı Abdus Salam haqqında 

Avropa, Amerika və Asiyanın elmi çevrələrində, Birləşmiş Millətlər
Təşkilatının və Beynəlxalq Atom Enerjisi Komitəsinin xitabət kürsülərində
söhbətinə Bismillahla başlayan və Bismillahı özü üçün bir ümid qaynağı hesab
edən Abdus Salam…
1979-cu il. Stokholm. Nobel mükafatının təqdimatı. İlk müsəlman Nobelçisi
Abdus Salam ərəbcə söylədiyi “Quran” ayələrinin və onların ingiliscə məalının
ecazkar məntiqi qarşısında Kraliyyət Elmlər Akademiyasını ayağa qaldırdı:
“Xanımlar və cənablar!
…Nobel Komitəsinə və Kral Elmlər Akademiyasına bizə bəxş etdikləri böyük şərəf
və təsəccüh üçün və ayrıca mənə ana dilim olan urduca müraciət etmə fürsəti
verdikləri üçün təşəkkür edirəm. Pakistan buna görə sizə şükran borcludur.
Fizika dünyası bütün insanlığın ortaq mirasıdır. Şərq və Qərb, Cənub və Şimal bir
vəhdət halında ona qatılmışdır. İslamın müqəddəs kitabında Allah belə buyurur:
“Rəhmanın yaratdığında bir intizamsızlıq görməzsən. Gözünü ona çevir: orda bir
yarıq və nöqsan görə bilərsənmi?” (Əl-Mülk: 3, 4).
Nəticə olaraq bu bütün fiziklərin inancıdır; araşdırmamız dərinləşdikcə heyranlıq
və həyəcanımız artır, gözlərimiz daha da çox qamaşır. Bunları, yalnız bu gecə
burada olanlara deyil, fürsət və imkan əskikliyi üzündən özlərini elm yolunun
kənarında qalmış kimi hiss edən Üçüncü Dünya insanlarına da xatırlatmaq
istəyirəm.
Alfred Nobel mükafatını almalı olacaq insanların təyinində irq və ya rəng ayrılığı
qoyulmamasını vəsiyyət etmişdi. Bu vəsiləylə Allahın ehsan bəxş etdiyi insanlara
bunu söyləmək istəyirəm: hər kəsə bərabər imkanlar saxlamağa çalışaq ki, bütün
insanlığın qazancı üçün özlərini fizika və elm dünyasına həsr edə bilsinlər. Alfred
Nobelin həyatındakı və həyatına nüfuz edən fikirlərindəki məna da budur. Allah
yardımçınız olsun”.

Abdus Salam Millətlərarası Nəzəri Fizika Mərkəzinin qurucusu və ilk prezidenti
idi. Dünyanın 40-dan artıq Universitetinin – Edinburq, Triyest, Lima, Venesuela,
Bratislava, Niger, Sudan, İstanbul, Hindistan, Banqladeş, Bristol, Madrid, Nyu-
York, Nairobi, Argentina, Hamburq və Sofiya Universitetlərinin professoru və
fəxri doktoru, İsveç, ABŞ, SSRİ, Hamburq, Roma, İraq, Lissabon, Yuqoslaviya,
Qana, Polşa, Bombey, Koreya, Paris, Dəkkə kimi 40-dan artıq Elmlər
Akademiyasının akademiki, Dünya Akademiyasının qurucusu idi.
Onu Kvant fizikasının banilərindən Nils Bor etiraf edir, professor Con Ziman isə
Abdus Salamı “iki dünya vətəndaşı” adlandırırdı.
Robert Valqatye Abdus Salam barədə qənaətlərini belə yekunlaşdırır: “Salam
müdhiş enerjili və fövqəladə qeyrətli bir insan, fəqət, eyni zamanda iki dünyanı və
iki problemi bir-birinə bağlayan bir zəmanə tənhasıdır. Onun iki ömür sahibi
olmaması dünya üçün bir kəsirdir”.
İki dünyanı və iki problemi birləşdirmək. Əslində, bu, Abdus Salamın birləşdirmək
idealının çox cüzi bir hissəsidir. Onun birləşdirmək missiyasına daxil olan mənəvi
və dünyəvi, kosmoqonik və planetar, ilahi və bəşəri amillər çoxdur. Lap çoxdur:
İslam və xristian dünyası, kasıblar və zənginlər dünyası, üçüncü dünya ilə inkişaf
etmiş dünya, keçmişlə bu gün, elmlə din, nəzəriyyə və texnologiya, elm və təhsil,
maddi imkanların elmi təsisatların qurulması naminə istiqamətləndirilməsi…
Abdus Salam 1926-cı ildə Pakistanın Canq şəhərində dünyaya gəlmişdi.
Hamburqda Universitet tələbəsiykən Böyük Smit mükafatına, 1952-ci ildə isə
nəzəri fizika doktoru adına layiq görülmüşdü. 26 yaşında həm professor, həm də
Pakistanın elmi məsələlər üzrə dövlət müşaviri idi. 28 yaşında isə Pakistan Elmlər
Akademiyasının akademiki seçilmişdi.
“Nəzəri fizikada təcrid-ölümdür” qənaətinin sahibi kimi o, bütün islam dünyasına,
ümumiyyətlə, üçüncü dünyaya və ümumiyyətlə dünyaya vətəndaşlıq edirdi.
Avropada, İtaliyanın Triyest şəhərində yaşayırdı. 1955-1958-ci illərdə, yəni 29
yaşından etibarən Birləşmiş Millətlər Təşkilatında Atom Enerjisinin Sülh Naminə
İstifadəsi Konfransının elmi katibi; 1971-1972-ci illərdə BMT Elm və Texnoloji
Məsələlər Komitəsinin qurucularından biri və başçısı; 1981-ci ildən YUNESKO-
nun Elm, Texnologiya və Cəmiyyət Məsələləri Bürosunun sədri və s. vəzifələrin
daşıyıcısı idi. Bütün bunlar Abdus Salamın dünya miqyasında fəaliyyət göstərdiyi
təşkilatların, rəhbərlik etdiyi beynəlmiləl quruluşların çox az bir qismidir.
Bəs, elmdəki Abdus Salam kimdir? “İslam və elm” əsərində yazırdı ki: “Hər
şeydən əvvəl ifadə edim ki, mən müsəlmanlığa həm inanan, həm də onu tətbiq

edən bir insanam. Mən müsəlmanam. Çünki “Quran”ın ruhi dəvətinə inanıram. Bir
elm adamı olaraq “Quran” mənimlə kosmolojidən, fizikadan, biologiya və tibbdən
alınan misallarla, təbiət qanunları üzərində ilahi inikasların bütün insanlığa xitab
edən dəlillər olduğuna diqqət çəkərək danışır”.
Paster “Elmin vətəni olmur, alimin isə vətəni olmalıdır” deyirdi. Vətən duyğusu
Abdus Salamın taleyinin ana xəttidir. Pakistanda Atom Enerjisi Komissiyasını
qurmaqla görəvləndirildi. Kosmos və Üst Atmosfer Araşdırma Komissiyasını
yaratdı. Pakistanın nüvə silahı proqramını reallaşdırdı…
Robert Valqatye Abdus Salamın dünyagörüşünü və təbiətini xarakterizə edərək
deyirdi ki, Salam fizikada və həyatda ümumiyyətlə, simmetriyalarla ilgilənir.
Abdus Salam isə: “Kainatın gözəllik, simmetriya, ahəng və intizam içində,
qarğaşaya yer vermədən Allah tərəfindən yaradıldığını düşünmək bəlkə də mənim
islam mirasımdan irəli gəlir. Bu üzdən mənim elm anlayışımda islamın böyük rolu
var. Allahın hikmətini kəşf etməyə çalışırıq. Əlbəttə ki, çox zaman buna tam
mənası ilə nail ola bilmirik. Amma bəzən həqiqətin kiçik bir parçasını görməklə
böyük bir məmnuniyyət və zövq duyuruq” deyir.
O, birmənalı şəkildə Dünya Vətəndaşı idi.
O dərəcədə dünya vətəndaşı idi ki, hidrogen bombasının təsirinin zəiflədilməsi
kimi qlobal problemləri dünya elmi və siyasi təsisatlarının müzakirə mövzusuna
çevirməyə cəhd edir və həmin müzakirələrin başlanmasına vəsilə ola bilirdi.
O dərəcədə dünya vətəndaşı idi ki, inkişaf etmiş dünyada xüsusi nüfuz və imtiyaz
sahibi kimi, məhz həmin dünyaya üçüncü dünyanın haqlarını xatırlada bilirdi.
Abdus Salamın apardığı müqayisələrə görə, təkcə 1960-cı ildə inkişaf etmiş ölkələr
hərb sənayesinə 60 milyard dollar xərclədiyi halda 1957-1958-ci illərdə inkişaf
etməkdə olan ölkələrə 2,4 milyard dollar həcmində humanitar yardım göstərmişdi.
Hələ üstəlik, inkişaf etməkdə olan ölkələr satdıqları yun və pambığın müqabilində
çox cüzi pul almışdılar ki, bununla da inkişaf etmiş ölkələr verdikləri yardımı
ikiqat geri almağa nail olurdular. Abdus Salam bu anormal “humanist” – iqtisadi
inteqrasiyanı Paul Hoffmanın təbirincə “az inkişaf etmiş ölkələrin sənaye
ölkələrinə yardımı” adlandırırdı.
O dərəcədə dünya vətəndaşı idi ki, həyatının ən parlaq mücadilə çağlarını
Millətlərarası Nəzəri Fizika Mərkəzinin qurulmasına həsr edən Abdus Salam 1964-
cü ildən ömrünün sonuna, 1996-cı ilə kimi yaratdığı həmin Beynəlxalq elmi
təsisata rəhbərlik etmişdi.

 
Millətlərarası Nəzəri Fizika Mərkəzinin qurulmasında məqsəd nə idi? Bu suala
birmənalı cavab vermək olmur: Çox geniş bir miqyasda elmin inkişafına xidmət.
Çox vüsətli bir şəkildə islam elminin tərəqqisinə xidmət. Çox mütəfəkkir bir əda
ilə Qərbin və Şərqin bir-birinə inteqrasiya olunmasına xidmət. Çox humanist bir
əxlaqla üçüncü dünyanın inkişaf etmiş dünyaya qovuşdurulmasına xidmət. Və
nəhayət, nəzəri fizikçilərin vaxtı ilə özünün də yaşamış olduğu intellektual
təcriddən xilasına xidmət.
Mən Abdus Salamın “İdeallar və Gerçəklər” (İstanbul, 1987) kitabını dönə-dönə
mütaliə edərkən belə bir qənaətə gəlmişəm ki, görüşüb dərdləşmək də, fikir
mübadiləsi aparmaq da nəzəri fizika mütəxəssislərinin tədqiqat və araşdırma
sferasında elmə bilavasitə dəxli olan bir anlayışdır. Bunsuz təcrid baş verir və
intellektual ölüm labüdləşir. Onun vaxtilə Pakistandan Avropaya qayıtması da
həmin o intellektual əcəldən qaçmağa bənzəyirdi. “O zaman Pakistanda tək bir
nəzəri fizik var idi. O da mən idim” – deyirdi.
 
Millətlərarası Nəzəri Fizika Mərkəzi hələ səksəninci illərdə öz ətrafında dünyanın
hər yerindən otuz min nəzəri fizika alimini birləşdirir, onları dünya qürbətindən,
təcriddən, tənhalıqdan xilas edirdi.
Abdus Salam xatırladırdı ki, təkcə bir atom sualtı qayığının dəyəri 1,7 milyard
dollara hesablanır. Yalnız bir qayığın məsrəfi ilə Triyestdəki kimi bir Elm
Mərkəzini saxlamaq olar. Dünya sularında isə 250 belə atom qayığı üzməkdədir.
Millətlərarası Nəzəri Fizika Mərkəzi təkcə inkişaf etmiş ölkələrdən deyil, üçüncü
dünyadan da seçdiyi fizikləri Mərkəzə dəvət edir, yol və digər xərclərini ödəməklə
onların araşdırmalara cəlb olunmasını təmin edir. Millətlərarası Nəzəri Fizika
Mərkəzinin yaradılması kimi mürəkkəb və ümumdünya himayəsi istəyən
problemin həllində ona ilk mötəbər dəstək hələ 60-cı illərin əvvəllərində ABŞ-ın
Atom Enerjisi Komissiyası tərəfindən verilmişdi.
Abdus Salamdan sonra da İtaliyada fəaliyyətini davam etdirən bu elmi təsisat indi
“Abdus Salam Uluslararası Nəzəri Fizika Mərkəzi” adlanır.
Abdus Salamın Nəzəri Fizika Mərkəzindəki otağının divarında üzərinə “Allahım,
yeni bir mözüzə yarat” sözləri yazılmış və orta əsrlərə aid bir Təbriz xalçası
asılıbmış. O, yeni möcüzənin özü deyildimi, Abdus Salam? Allaha bu qədər yaxın
olan ikinci bir elm adamına XX yüzil təsadüf etmədi. İslam və “Qurani-Kərim”

Abdus Salamın elmi dünyagörüşünün həyatverici amilinə çevrilmişdi. “Quran”
işığı, ilahi nur onun zəka çevrəsində həmişəlik ziyalandı.
“Nə üçün geri qaldıq?” – kədərini və təəssüfünü içəridən yaşayan bu böyük alim,
həmin dərdlərin səbəbini bildiyi kimi, çarəsini də bilirdi. Eyni zamanda o, islam
qövmlərinin orta əsrlərdəki elmi yüksəlişini, geniş anlamda dünyanı oyandıran
islam renessansının başvermə səbəblərini də tamam yeni bir dəyər çərçivəsində,
fərqli bir rakursda incələyirdi.
…Abdus Salama görə, islamın verdiyi həyat və araşdırma ruhu (və gücü) cəmiyyəti
elmə yönəldən başlıca səbəblərdir. Eyni zamanda, Allahın və Onun rəsulunun elmə
səsləyən müqəddəs dəvətləri o dövrün islam xəlifələri və dövlət təsisatları
tərəfindən birmənalı qarşılanmaqdaydı. İslamda elm himayə olunurdu.
Elmin inkişafına həsr olunan ən müxtəlif Beynəlxalq simpoziumlarda dünyanın
diqqətini keçmişə – müsəlman İspaniyasına (Əndəlusa) – Toledo, Kordova
mədrəsələrinə, ibn-Sinaya, ibn-Heysəmə, əl-Biruniyə cəlb edirdi. O, BMT-də
Atom Enerjisinin istifadəsinə həsr olunmuş konfransda da, Vatikanda da,
Bəhreyndə də eyni duyğuları bölüşürdü. Vaxtilə elmə qızıl çağlar yaşadan islam
intibahını yenidən həyata qaytarmaq üçün çarpışırdı.
…Abdus Salam çağdaş elm süfrəsindən müsəlman qövmlərinin halal payını
istəyirdi. Və qəribədir ki, bu istəyində də özünəməxsusdur. Avropa intibahı
zamanında formalaşmış cəmiyyət mədəniyyətindəki paya, qismətə əl uzatmır.
Qərbli alimləri Şərqə dəvət edir. Dəvət edir ki, gəlin, min il bundan əvvəl
İspaniyada müsəlmanların böyük səxavətlə və xeyirxahlıqla qurduğu elm
ocaqlarının, millətlərarası elm mərkəzlərinin, Toledo, Kordova mədrəsələrinin
oxşarlarını, bənzərlərini müsəlman şərqində və o cümlədən daha geniş anlamda
üçüncü dünyada bu gün siz qurun.
O, Avropanın içərilərində min il bundan qabaqkı əcdadlarımız kimi, Elm Mərkəzi
təşkil etməkdə ibn-Rüştə bənzər hərəkət etdi.
Abdus Salam çağdaş dünyada öz böyük intellektinə, fəaliyyətinin bəşəri dəyərinə
görə Qərbi fəth etmiş yeganə müsəlman idi.
Nizamiyyə Mədrəsəsinin həsrət dolu təəssüfünü yaşayan Abdus Salam həm də
Dünya Universiteti ideyasının müəllifi kimi tanınırdı.
O, London Kral Cəmiyyətinin pakistanlı ilk üzvü, eyni zamanda həmin cəmiyyətin
tarixdə ilk ən gənc üzvü olmuşdur. Kral Cəmiyyətinə üzv seçiləndə Abdus Salamın
33 yaşı var idi.

Dünyanın bütün böyük ölkələrində universitetlərin fəxri doktoru, akademiyaların
fəxri akademiki Abdus Salam Nobel Mükafatından əlavə, Hamburq Universitetinin
Hopkins, Adams mükafatlarına, London Fizika Cəmiyyətinin Maksvell medalına
və həmin mükafatın ilk laureatı adına, Sülh Naminə Atom Komitəsinin Sülh
Naminə Atom medalına və mükafatına, Mayami Universitetinin Robert
Oppenheimer medalına və mükafatına, London Fizika İnstitutunun Quthire
medalına, Kəlküttə Universitetinin Desaprasat Varsadhikari Qızıl Medalına, Roma
Milli Akademiyasının Matteuçi Medalına, Amerika Fizika İnstitutunun Con
Torrençe Tate medalına, London Kral Cəmiyyətinin Kraliyyət, Hülges, Kopli,
Beyker, Hyuz medallarına, YUNESKO-nun Eynşteyn medalına, Hindistan Fizika
Birliyinin Biria mükafatına, Çexoslovakiya Elmlər Akademiyasının Fizika
Sahəsində Xidmətlərə görə Qızıl Medalına, Praqa Universitetinin Qızıl Medalına,
SSRİ Elmlər Akademiyasının Lomonosov Böyük Qızıl Medalına, Amerika Fizika
İnstitutunun Teyta medalına, Pakistan dövlətinin “Nişani-İmtiyaz” Ordeninə,
Venesuela dövlətinin Andres Bello Ordeninə, Ürdün Haşimi Krallığının “İstiqlal”
Ordeninə, İtaliya dövlətinin Kavaler Ordeninə və başqa bu kimi yüzlərlə mükafat
və təltiflərə sahib idi.
Abdus Salam bir tərəfdən İslam elminə qarşı çıxan xristian təəssübkeşlərini, digər
tərəfdən də, ümumiyyətlə, elmə qarşı çıxan ehkamçı müsəlmanları tənbeh edirdi.
O, eyni zamanda islam cəmiyyətindəki durğunluğa avropalı həmkarlarının bəzən
yersiz kinayəsinin ağrısını içəridən yaşamağa məhkum idi.
Abdus Salama qədər Avropa elmşünaslığında belə bir fikir də mövcud idi ki, guya
islam elmi antik yunan elminin törəməsi, varisidir.

  • “Yox!” deyir, Abdus Salam. Bu məqamda əl-Biruniyə və Briffaulda istinad edir:
    “Çox insanların dərdi Aristotelin fikirləri ilə bağlı ifratlardır. Özləri də Aristotelin
    …heç bir yanılma ehtimalı olmayacağına inanırlar”. O, əl-Biruninin mülahizələrini
    opponentlərinin iddialarına cavab olaraq təqdim edir. Yəni Abdus Salamın demək
    istədiyi mətləb odur ki, heç də sizin düşündüyünüz kimi deyil, görürsünüzmü,
    İslam alimi əl-Biruni hələ ikinci minilliyin başlarında Aristoteli tənqid edirdi.
    Aristotelin təliminə münasibətdə ifrat pərəstişi, ehkamçılığı qəbul etmirdi…
    Qərb elm tarixinə üz tutan Abdus Salam Briffauldun düşüncələrini paylaşır:
    “Yunanlar sistemləşdirmişlər, tədqiq etmişlər, nəzəriyyələr qurmuşlar, amma səbr
    və müşahidə istəyən şeylərin hamısı qreklərin mizacına yabançı qalmışdır. Elm
    deyə adlandıra biləcəyimiz hadisə Avropaya ərəblər vasitəsilə gətirilən təcrübə,
    müşahidə və ölçü metodları nəticəsində doğulmuşdur. Modern elm İslam
    mədəniyyətinin dünyaya ən önəmli ərməğanıdır”.

Abdus Salam islam ümmətinin sonrakı dövrlərdə elmdə geriləməsinin, kütləvi
ətalətin və intellektual ölümün baş verməsinin səbəblərini də araşdırır. Səbəb isə
bir deyil, bir çox sosial-mənəvi-siyasi amillərlə bağlıdır.
Geri qaldıq, ona görə ki, monqol istilası baş verdi, kitabxanalar, elm xəzinələri,
təfəkkür sisteminin maddi daşıyıcıları dağıdıldı, yandırıldı.
Geri qaldıq, ona görə ki, səlib yürüşləri baş verdi, Kordova, Toledo kimi
millətlərarası elm mərkəzlərini itirdik, elm adamlarımız təcridə uğradılar,
dünyadan və onun inkişafından aralı düşdük.
Geri qaldıq, ona görə ki, yeniliklərə meyil hissini itirdik.
Geri qaldıq, ona görə ki, məzhəb davalarına aludə olduq.
Dahi fizik müsəlman intibahının yenidən yaşanılacağına inanır və bunun üçün beş
prinsipin birgə tətbiq olunmasını zəruri hesab edirdi: Prinsipiallıq. Xeyirxah
himayə. Sarsılmaz inam. Özünü idarəetmə qüdrəti. Elmi təşəbbüslərin
beynəlmiləlləşdirilməsi.
O, eyni zamanda Körfəz Universitetinin qurulmasının labüdlüyü fikrində də israrlı
idi. Bu gün, İslam Konfransı nəzdində fəaliyyət göstərən İslam Elm Vəqfinin
yaradılması ideyasını da 1973-cü ildə Abdus Salam təklif etmişdi.
Abdus Salam Beynəlxalq Atom Enerjisi Komitəsində 1986-cı ildə etdiyi çıxışında
müsəlman dövlətlərinin liderlərinə, krallara, şahlara, xəlifələrə, sultanlara,
prezidentlərə, sərvət sahiblərinə, neft maqnatlarına xitab etdi: “Bəzilərinizə Allah
100 milyard dollarlıq bir gəlir bəxş etmişdir… VIII-XI əsrlərdə millətlərarası elmi
araşdırmalarda məşəl daşıyanlar sizin atalarınızdı, Ərəbistan, İran, Hindistan,
Türkiyə və Bizansdan gələn elm adamlarının toplandığı “Beytül Hikmət”ləri
quranlar onlar idi. Yenə comərd olun. Onların etdikləri kimi, insan biliyinə yeni
şeylər əlavə etmək, Allahın əmrlərinə uyğun olaraq üzərimizə düşən bir
məsuliyyətdir. Başqaları etməsələr belə, millətlərarası elmə siz milyardlar
xərcləyin. Bütün müsəlman və inkişaf etməkdə olan digər ölkələrin faydalana
biləcəyi bir fond qurun ki, inkişaf yolundakı dünyada qabiliyyətli elm adamı
potensialı israf olmasın. Mənim bu fonda şəxsi kiçik hədiyyəm Nobel Komitəsinin
mənə verdiyi mükafata görə aldığım sərmayədir”.
Bu da şəxsi nümunə! “Davasına malını verməyən canını da verməz” – düsturunun
əməldəki nümunəsi.

Abdus Salam Londonda nəşr olunan aylıq bir dərgidən ürək ağrısı ilə bəhs edirdi.
Qeyd edirdi ki, bu dərgi İngiltərədə ən çox oxunan islami məcmuədir. Amma
təəssüf ki, dərgi həm də bunları yazır: “Əl-Kindi, əl-Fərabi, ibn-Heysəm, ibn-Sina
kimi orta əsr islam alimlərinin həyat hekayələri göstərir ki, tədqiqatlarının islamla
heç bir əlaqəsi olmamışdır. Əksinə, həyat tərzləri tamamən islam xaricində idi…”.
Abdus Salam heyrət edir və dərhal da Əl-Biruninin dediklərini xatırladır:
“Bizanslıların yeməyində çörək də olur. İndi siz çörəyə qarşı da dini bir yasaq elan
edəcəksiniz?”.
Bu konteksdə Abdus Salam İslam Elm Komitəsini təklif edirdi. Bu Komitə daxili
siyasi münasibətlərdən kənar və məzhəblərüstü bir təsisat şəklində qurulmalıydı.
Elmdə məzhəblərüstü olmağın islam tarixində örnəyi də vardır: “Fizikada qardaşım
ibn-Heysəmin Abbasi xəlifəsinin hakimiyyətindəki Bəsrədən qalxıb, bugünkündən
heç də xəfif olmayan siyasi və məzhəb ayrılıqlarını bir kənara buraxaraq, etibar və
hörmət görəcəyindən əmin olaraq, Abbasilərin rəqibi Fatimi xəlifəsinin sarayına
gedə bildiyi zamanların böyük bir gerçəyi idi”.
 


Abdus Salam nəzəri fizikada nəyi kəşf etmişdir? Ona Nobel mükafatını qazandıran
hansı icadıdır? Con Ziman onun kəşfinə belə bir şərh verir: “Bu nəzəriyyənin etdiyi
şey elementar zərrəciklər arasında mövcud olan təsirləri məsələn, bir neytronu bir
elektronla bir protona çevirən zəif qüvvətin bir parçası olaraq görülə biləcəyini
göstərmək idi. Bu bir elm həmləsiydi. Kvant fizikasında yeni bir inqilabın yolunu
açmışdı. Hədəf təbiətdəki bütün qüvvələrin birləşdirilməsiydi. Bəlkə bu yalnız bir
miraj idi. Yaxud da Abdus Salamın maddə və enerjinin sonuncu inşası üçün xəyal
gücünə qurduğu bir sxem idi və öncədən təxmin edilən və əksi isbatlana
bilməyəcək bir fizika hadisəsi müşahidə yoluyla təsdiqlənəcəkdi. Onun mövcud
nəzəriyyələrindəki belə bir təxmin, kainatdakı ağır maddənin inşaat daşları olan
protonların sonsuza qədər yaşaya bilməyəcəkləridir. Eynən neytronlar kimi onlar
da ən nəhayət, bütün kainatda cari olan bir qüvvətin kiçik bir parçasıyla, daha xəfif
zərrəciklərə və şüalanmaya çevrilməlidir. Şükür ki, bu çox kiçik bir təsirdir. İndiki
protonlar kainatın indiyə qədərki ömründən milyardlarla il daha artıq bir müddətə
yaşayacaqlar”.
Abdus Salamın kəşf etdiyinə elmdə bəzən “Tanrı hissəciyi” də deyirlər.
Əslində, Abdus Salamın kəşfi bir inanc məsələsidir. Eynşteynin “dinsiz elm
şikəstdir, elmsiz din kordur” prinsipindən çıxış edən Abdus Salam, bütün hallarda

Eynşteynin dediyi kimi hərəkət etdi. Eynşteynin inancına görə dünyanın ən böyük
möcüzəsi kainatın qavranılmasıydı. Buna görə ömrünün sonuna qədər işığın
ardınca getdi. Allahın hikmətini kəşf etməyə çalışan Abdus Salam isə, belə demək
mümkünsə, nəzəri fizikaya kəlmeyi-şəhadət söylədən ilk fizik oldu…
 


O, XXI yüzilin elmdə türk əsri olacağına da inanırdı. 40 il əvvəl yazdığı
məqalələrin birində “Türkiyənin 2025-ci ilə qədər elmdə kəsinliklə bir lider
olmaması üçün heç bir səbəb yoxdur” – deyirdi. Baş nazir Kənan Evrənə türk
elminin gələcək təkamül yollarını göstərirdi. Abdus Salama görə, elmin gəlişməsi
bütün mənalarda milli ehtiras məsələsiydi. Milli ehtiras ölgündürsə, hər hansı
irəliləyişdən danışmaq əbəsdir. O, yaponların XIX yüzilin sonlarında həyata
keçirməyə başladıqları elm siyasəti xəttini Türkiyəyə, Pakistana və Misirə örnək
göstərirdi. Yapon imperatorluğunun 1890-cı ildə elan etdiyi Meiji konstitusiyasına
görə, imperatorun 5 andı vardır və bu andlardan biri də budur: “Yaponiyanın
böyüklüyü və güvənliyi üçün bilik hansı qaynaqdan gəlirsə gəlsin, əmrimizdəki hər
vasitə ilə aranıb əldə ediləcəkdir”. Həmin dönəmdə Yaponiya dövləti öz alimlərini
Avropaya ezam edirdi. Onlardan biri – dünyanın ən qabaqcıl elm mərkəzinə –
Qlazqo Universitetinə göndərilmiş Naqaoka Xantaro professor Tanakadateyə
ünvanladığı məktubda yazırdı ki, “aktiv olaraq, oyanıq bir şəkildə, fərasətlə,
dərindən dərk edərək, yorulmadan və bir an belə durmadan çalışmalıyıq.
Avropalıların hər bir işdə bizdən belə üstün olmaları üçün heç bir səbəb yoxdur.
10-20 il ərzində bu qürurlu insanları elmdə keçəcəyik”.
Abdus Salam Türkiyədə elm adamı statistikasını dəyərləndirərkən, qəribə
müqayisələr aparmışdı. Səksəninci illərdə Türkiyədə 7000 elmi işçi vardı. Bunların
1000 nəfəri təməl (fundamental) elmlər sahəsində çalışırdı. 400 nəfər fizika ilə
məşğuldu. Abdus Salam bu yanlışı təshih etməyi də Kənan Evrənə tövsiyə etmişdi.
Yaponiya, yaxud Avropa normalarına görə Türkiyədə 400 deyil, 4000 fizik
olmalıydı…
Abdus Salam “İdeallar və gerçəklər” əsərində üçüncü dünyanın sınırlarını aşmaq,
inkişaf etmiş dünyaya qovuşmaq üçün mühəndis fizikasının önəmindən yazır…
Yaponiyaya müasir fizikanı gətirən, iki Nobel mükafatı laureatını yetişdirən
Nishina, yaxud Kvant fizikasının qurucularından, XX yüzil fizikasında ən böyük
ism olan Dirak, fizika üzrə Nobel mükafatı laureatı Viqner və b. hamısı elmin bu
sahəsində fəaliyyət göstərmişdilər – deyə qeyd edirdi.

Abdus Salama görə elmlə dəstəklənməyən texnoloji bütün mənalarda səmərəsizdir.
Buna görə də o, Avropadan texnoloji idxalını deyil, elm adamı mübadiləsini,
akademiyaların qurulmasını önəmsəməyi tövsiyə edirdi. Özü isə yuxarıda dediyim
kimi, 1983-cü ildə Dünya Elmlər Akademiyasını yaradırdı. Və Akademiyanın 42
üzvündən 9 nəfəri Nobel mükafatı laureatı idi.
 


Abdus Salam bitib-tükənmir. Çünki o, “qəlbi də əqli qədər geniş olan” (Con
Ziman) bir insandır. Tale elə gətirib ki, Abdus Salam barədə Azərbaycanda ilk
məqaləni mən yazmışam. 1990-cı ildə “Gənclik” jurnalında dərc olunan həmin
yazımı xatırlayanlar yəqin ki, indi də var.
Sonralar onun haqqında kitab da yazdım.
 


Bu yazını yazdıqca xəyal məni uzaqlara apardı. Kəbədəydim. Gecəydi. Məscidül-
Həramın qarşısındakı işıqlarla süslənmiş geniş meydanda iki nəfər – pakistanlı kişi
və qadın əyləşib üzüm yeyirdilər. Yaxınlaşıb “Allahu Əkbər” dedim və sonra da
Abdus Salamın adını çəkdim. Kişi dərhal ayağa qalxıb mənə bir salxım üzüm
ikram etdi. Bir-birimizin dilini bilməsək də, o, urdu dilində, mən isə Azərbaycan
dilində xeyli söhbət etdik. O da Salamdan danışırdı, mən də… Bir elm adamının –
Salamın adı dünyanın müxtəlif yerlərindən gəlmiş bizi Kəbədə doğmalaşdırırdı…
Ayrı dildə eyni sevgini bölüşürdük və deyəsən, bir-birimizi anlayırdıq… Onda hələ
Abdus Salam həyatdaydı, yaşayırdı və müasirimiz idi.
 


Nobel mükafatı laureatı Feynmanın hekayəti bu yazıya son olsun.
Bunu Abdus Salamın kitabında oxumuşam: “Feynman xassələrdən təmizlədilmiş
bir təcrübə çəninin içərisinə girərək orada bədən xarici bir təcrübə keçirmişdir. Öz
bədəninin çölə çıxmış olduğunu, bədəninin öz yaxınlığında yatdığını müşahidə
etmişdir. Bu təcrübənin doğruluğunu yoxlamaq üçün Feynman qolunu hərəkət
etdirməyə çalışaraq, önündəki bədəninin qolunun hərəkət etdiyini görmüşdür.

Sonra bədəninin xaricində qaldığını düşünüb təkrar özünə dönmüş, bədəninə
girmişdir”.
Feynmandan bu qəribə təcrübəsini nə ilə izah edə biləcəyini soruşanda cavab verib
ki: “pozulmuş heç bir fizika qanunu görmədim”.
Abdus Salam da “Quran”ın zamanlarüstü mənəvi mesajlarında pozulmuş heç bir
fizika qanununa təsadüf etmir və fizikanı Allaha ibadətin bir şəkli olaraq
dəyərləndirirdi…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest