GenelGüncelKültür Sanat

ÇOXLUQDAN VƏHDƏTƏ DOĞRU VƏYA QAPI İÇİNDƏ QAPI – lutviyye Asgerzade

ÇOXLUQDAN VƏHDƏTƏ DOĞRU VƏYA QAPI İÇİNDƏ QAPI

Lütviyyə Əsgərzadə
filologiya elmləri doktoru
Lütviyyə Əsgərzadə filologiya elmləri doktoru

(Xəyal Rza yaradıcılığında qapının fəlsəfəsi)

Uşaqlıqdan bizə öyrədilən bəzi şeylər var ki, şüuraltımızda hələ də yaşadırıq, məsələn, salam vermə adəti. Suya salam vermək, açılan sabaha salam vermək, boş evə salam vermək,  Günəşə gülümsəmək, Aya baxıb gözəl üzünə salavat çevirmək və s. Bunlara hələ də əməl edən biri kimi deyə bilərəm ki,  xeyri varmı, yoxmu bilməsəm də, bildiyim heç bir ziyanı da yoxdur. Salam öz-özlüyündə bir söz olduğu kimi mədəniyyətin, inancın və ümumi həyatın bir göstəricidir. “Salam” – Allah Təalanın Cəlal adlarından biridir. Yəni Allahın adlarından biri olan salam insanların bir-biri ilə rabitə amilidir. Bu rabitələri Ona olan eşqlə qurmaq lazımdır.” Rabitə qurmaq dəyərli bir əməldir, çünki Allaha nisbət verilir” (Tebyan) və islamdan öncə də vardı. Fəlsəfədə salam dedikdə yəni çoxluqdan vahidə doğru hərəkət nəzərdə tutulur. Şeirləri ilə qəlbimizdə taxt quran gənc şair Xəyal Rzanın  salamla rabitə qurduğu nə Günəş deyil, nə Ay, nə od  deyil, nə su, qapılardır. Fikrimizcə bu təsadüf deyil.

 “Qapı” sözünə ilk dəfə Qədim türk dilində təsadüf edilir. Əslində, Göytürkçə səslənişi “Kapuğ”dur. “Kapuğ” sözü günümüzdə də Azərbaycan dilində iki formada istifadə olunur. “Qapı” və “qabığ.” Söz bir müddət sonra öz tələffüz şəklini yavaş-yavaş itirməyə başlayıb, bir çox dildə söz əsasən, öz quruluşunu dəyişib. Son hərfinin düşməsi şəklində “Kapuğ”  “Kapu” şəklində (Macar dilində), Türk dilində “Kapı”,  Azərbaycan dilində isə “Qapı” şəklində səsləndirilib. Qapı keçmişdir, qapı gələcəkdir. Qapı həm də başlanğıcdır.

Aşıq Veysəlin “Uzun, incə bir yoldayam” mahnısında məhz bu həqiqət anladılır:

“Dünyaya geldiğim anda,
Yürüdüm aynı zamanda. 
İki kapılı bir handa, 
Gidiyorum gündüz gece.” 

Aşıq Veysəlin “iki qapılı han dedyi olumlu və ölümlü dünyadır. “Olum” giriş, ölüm çıxış qapısıdır. Başalanğıc və son. Lakin son da son deyil, yeni açılan qapılar var və hər açılan qapıya şükürlər olsun! “Heç bir ölüm əslində ölüm deyil, çünki hər ölüm yeni bir qapı açar, bir başlanğıcdır. Həyatın sonu yoxdur, yalnız yeni başlanğıclar, yenidən-doğuşlar mövcuddur”  (Oşo). Hər bağlanan qapı bir yeni qapı açır. İnsanın missiyası qapılardan keçmək, qapılar açmaqdır. Keçdiyimiz qapıların hər birinin əziyyəti olduğu qədər, açdığımız hər qapının fəziləti də var. Yəni qapıların missiyası yalnız döyüldüyündə açmaq və ya kimisə yola salanda bağlamaqla bitmir. “Həyatının bir mərhələsinin nə vaxt sona çatdığını bilmək həmişə əhəmiyyətlidir. Dairələr qapanır, qapılar bağlanır, kitabların fəsilləri başa çatır. Adını nə qoyuruqsa qoyaq, fərqi yoxdur, vacib olan həyatımızda baş verənləri keçmişdə qoymaqdır” (Paulo Koelyo). Deməli, “dairələrin qapanıb, qapıların bağlanması baş verənləri keçmişdə qoymaq”, yeni bir qapıdan içəri girməkdir.”  Qapı keçmişdir, digər qapının açılması isə başlanğıcdır. Həyat dediyimiz şey keçmişlə başlanğıcın arasında keçən ömür, yaşanan hallar, keçilən yollar, açılan qapılardan keçməkdır.

Xəyal Rza yaradıcılığında   tez-tez rast gəldiyimiz “qapı”nın mənası dərindir. Şair, “Evsiz qapı”, “Yetim qapı”, “Ay qapımı döyən qız” şeirlərində qapı, dünya və insan, “olum” və “ölüm”, “başlanğıc” və “son” haqqındakı düşüncələrini ifadə etmək üçün seçdiyi obrazdır. Xəyal Rza qapılarla rabitə quraraq öz düşüncələrini bu obraz vasitəsi ilə ifadə edir. “Dünyanın nə qədər qapısı var…?” Şairin qapıları bir obraz olaraq seçməsi, onlarla həsb-hal etməsi düşündürücüdür.

Şair “salam”la rabitə qurduğu qapının ilk öncə estetik görüntüşünü bütün incə detallarına qədər təsvir edir, rənglərini vurğulayır. Çünki heç nə təsadüf deyil, qapılar kimi  rənglərin də öz fəlsəfəsi, öz mahiyyəti var: “Salam, yaşıl qapı”, “Salam, ağ qapı”, “qırmızı qapı”, “sarı qapı” və s. Keçmişə ekskurs edən oxucunun gözləri önündə “yaşıl”, “sarı”, “ağ”, “qırmızı” rəngli qapılar sıralanır. Qapıların rəngləri, eyni zamanda qapı sahibinin dünyaya baxışından xəbər verir. Rənglər təsadüf seçilmirdi, hər rəngin öz mənası, öz təsir gücü var. Məsələn, “Stabilik, etibarlılıq” rəmzi olan yaşıl rəngli qapılar sakitləşdirici, bəzənsə neytral təsir göstərir. Bütövlükdə bahar və təbiət ilə assosiasiya olunan yaşıl rəng həyat rəngidir.” Bu rəngə daha çox din adamları üstünlük verir. “Ağ qapı”, daha doğrusu ağ rəng  “məsumluğu, günahsızlığı, ilahiliyi simvolizə edir. “Sarı rəngli qapı”lar isə şənlik, canlılıq, və “günəş”in rəngini əks etdirir. Qırmızı rəng isti rəngdir. “Qırmızı qapı” həyəcan, həvəsləndirici və ruhlandırıcıdır. Ta qədim zamanlardan ehtiras, təhlükə rəngi hesab olunan qırmızı rəng, həm də ekstremalıq və ifratçılıq rəngi hesab olunur. Xəyal Rza, salam verdiyi verdiyi qapıların rəngi “ağ”, “yaşıl”, “qırmızı” və sarıdır:

 “Salam, yaşıl qapı
Salam, ağ qapı
Köhnə dəmirlərdən
Cağbacağ qapı.

Hələ qırmızısı
Sarısı da var” (“Evsiz qapı”).

Əvvəllər ev qapıları əsasən taxta materialından hazırlanırdı, qapını döymək üçün toxmaq vurulurdu və fərqli rənglərlə boyanırdı. Son zamanlarda taxta qapıların yerini əsasən, dəmirdən hazırlanan qapılar alıb. Şairin “Köhnə dəmirlərdən çağbacağ qapı” sözü diqqətimi çəkir, “köhnə dəmir” və “yeni çağbacağ qapı.” Bu da köhnənin yenidən və ya yenidə ruh bulması deyilmi?…

“Yaşıl”, “ağ”, “qırmızı” və “sarı” qapılarla salamlaşaraq rabitə yaradan şair, ruhən qapıların o biri üzünə boylanır, qapını açıb içəri girmədən qapının arxasında yaşayan insanların kimliyini elə  onların yaşadığı evin qapısından, evinin görünüşündən analiz edir. Əslində dam, ev dediyimiz şey dünyanın kiçik modelidir.  Və bu evlərdə keçən gün, yaşanan ömür fərqli-fərqlidir.  Hətta bu qapıların ardında yaşayan insanların taleyi də qapıların rəngləri kimi fərqlidir. Bu “sökülmüş, uçulmuş köhnə evlərdə” “Yarım qalan”, hələ də “yarısını gözləyən” də var, “xəstə, əldən düşmüş qarısı” olan da var:

“Yarını gözləyən yarısı da var
Sökülmüş uçulmuş köhnə evlərdə
Xəstə, əldən düşmüş qarısı da var…” (“Evsiz qapı”).

Qapı ümiddir, bu “sökülmüş uçulmuş köhnə evlərdə” nə qədər gözləri qapıya dikili “yarısı”nı, Ağ atlı qəhrəmanını gözləyənlər də var, “xəstə, əldən düşmüş” ölümünü gözləyən insanlar da.  Şair qapıların evin, insanların kimliyindən xəbər verməsinə toxunur: “Evli qapı” da var, “Dul qapı” da. “Ağa qapısı” da var, “Qul qapısı” da. “Ağa qapısı” üz tutulan mübarək qapılardandır:

“Salam, evli qapı
Salam, dul qapı
Salam, ağa qapı
Salam, qul qapı
Atılsan kimsənin vecinə olmaz..
Satılsan yox yerdən dolar pulqabı.”

Dünyanın nə çox qapısı var, ilahi! (Evsiz qapı”).

Qapılar müxtəlifdir, həyət qapısı var, bu həyətin “qabaq qapısı” var, “dal qapısı” və “yol qapısı var.” Həyət qapısı, “qabaq qapı” (giriş),  “arxa qapı”dan (çıxış) çox fikrimi çəkən şairin vurğuladığı “yol qapı” olur. “Yol qapı” “iki qapılı han”da gedilən yoldur:

“Salam həyət qapı
Salam yol qapı
Salam, qabaq qapı
Salam, dal qapı” (“Evsiz qapı”).

“Yol qapı” insanı yola, yolçuluğa şəriət, təriqət, mərifət və həqiqətə – Tanrıya dəvət edən qapıdır. Qapını açmaq, qapıya açar salmaq üçün qapının məziyyətlərindən xəbərdar olmalısan. Qapılardan keçməlisən. Tanrıya yaxınlaşmaq üçün bu qapılardan keçməlisən.

Qapı girişdir. Qapı qapanışdır. Qapı ümiddir və s. Qapı simvoldur. Qapı ədəbiyyatımızda, folklorumuzda tez-tez adı çəkilən simvollarından – elementlərindəndir. Bağlı olan hər şey kimi, bağlı qapı şirrdir, müəmmadır. Nağıllarımızdakı 40-cı qapı kimi… 40-cı qapıya qədər uzun yol var. sonuncu qapını açmaq üçün öncə 39 qapı açılmalıdır.  “Qapı içində qapı” elementi bir çox nağıllarımızda öz əksin tapır. Məsələn, “Məlikməmməd az getdi, çox getdi, gedib bir otağa çıxdı. Qapını açıb bir boş otağa girdi, gördü ki, bu otağın içində də bir qapı var, bu qapmı açdı.” Vəya , “Məlikməmməd az getdi, çox getdi, gedib bir otağa çıxdı. Qapını açıb bir boş otağa girdi, gördü ki, bu otağın içində də bir qapı var, bu qapını açdı, gördü bir ayrı qapı var.” Cəsarətlə bu qapıları açmağa davam edən Xəyal Rza, 39 qapını keçib 40-cı qapıya salam verir:

“Salam, otuz doqquz
Salam, qırx qapı” (“Evsiz qapı”).

Qapılar yalnız dünyaya giriş deyil, kiçik dünyalara -evlərə də girişdir, insanın “dörd divarı” saydığı məhrəminə girişdir, gün-güzəranına girişdir. Qapı kəndardır, astanadır. Hələ keçən əsrin sonlarında ilk dəfə Türkiyəyə getdiyimdə bir evə qonaq çağırıldıq. Evin qapısının baştağında ərəb hərfləri ilə yazılan sözlər diqqətimi çəkdi. Ev sahibindən bu nə anlama gəlir, soruşduqda, ev sahibi uca səslə ərəb dilində yazılanları oxudu. Sonra da bizə aydın olsun türk dilində təkrarladı. Burada yazılır: “Ey evimin kəndarına ayaq qoyan şəxs. Mənim haqqımda nə düşünürsənsə, Allah qatında  iki qatı sənə gəlsin. Yaxşı düşünürsənsə, yaxşı, pis düşünürsənsə, pis.”  Eyni düşüncələrə Xəyal Rzanın şeirində də rast gəlirik. Burada evin girişi olan qapı (astana)  “nəzərdən-fitnədən uzaq olsun”, – deyə “qara nal” vurulub:


“Nəzərdən, fitnədən
Uzaq ol deyə
Boynundan sallanan
Qara nal qapı” (“Evsiz qapı”).

Qapıların bu üzü, bəzən o biri üzdə yaşananları da özündə, rəngində, görkəmində əks etidrir. Şair bunları böyük bir ustalıqlar təsvir edir,  “söyülməkdən üzü tökülmüş”, “hər gün min təpiyə qonaq edilən”, “qırıq, səbirli və təmkinli qapı”nın sözlərlə portretini çəkir. Gözümüzün önünə bəzilərinə şahidlik etdiyimiz “kiçik dünyalar”da baş verənlər canlanır. Bu qapılar nisgili ilə, təmkini, səbri ilə, söyülməkdən üzü tökülmüş “, “qırıq” görkəmi ilə oxucunun gözü önündə sərgilənir. Şair sözdən “Qapı” adlı sərgi açır, “yaxşı qapı, “pis qapı”, “paslı qapı”, “His qapı”, “qızıl qapı”, “mis qapı”, ”qara qapı”, “Avara qapı”, “köçkün qapı”, “tər-təmiz qapı”, “damsız qapı”, “çarəsiz qapı”,  “əsir qapı” və s.


“Salam, söyülməkdən
Üzü tökülmüş
Hər gün min təpiyə
Qonaq edilən
Səbirli, təmkinli,
Ay qırıq qapı” (“Evsiz qapı”).

Qapıları şəxsləndirən şair, onları həm də təsnif edir. “yaxşı qapı”, “pis qapı”, “paslı qapı”, Bir az sərxoş qapı, bir az dəm qapı”, “əsəb qapı”, “his qapı”, “höcət qapı”, tərs qapı”, “şikəst qapı”, ”möhkəm qapı”, “bərk qapı” və s.


“Salam, yaxşı qapı
Salam, pis qapı
Salam, paslı qapı
Salam, his qapı
Salam, qızıl qapı,
Salam, mis qapı
Salam, qara qapı
Avara qapı
Salam, köçkün qapı…
Tər-təmiz qapı” (“Evsiz qapı”).

Şairin ən “əziz qapısı” “evsiz qapı”dır. Bu qapı Ona gedən yolun qapısıdır. “Göy üzünün təkbir qapısı”dır.

“Salam, evsiz qapı,

Ən əziz qapı…

Salam, aciz qapı

Çarəsiz qapı

Salam, göy üzünün

Təkbir qapısı

Salam, yer üzünün əsir qapısı…

Yoxsul insanların kəsir qapısı! (“Yetim qapı”).

Şairin salamı Göy üzünün “təkbir qapısı”nadır.”

Təkbir – ərəb dilində “böyütmək, böyük saymaq” mənasını verir. Oxunuşu “Allahü əkbər” olan təkbir “Allah vəsfə gələcək hər şeydən böyükdür”, – deməkdir. Allah təsəvvürə gələn hər şeydən və hər bir qüvvədən böyük və ucadır. “Allah ən böyükdür” mənasını verir. Bu salam “vəsfə gələcək hər şeydən böyük” olan Allaha, qapıların sahibinədir.

Bəhs etdiyimiz kimi, istər dini inancımızda istərsə də, ədəbiyyatımızda, folklorumuzda qapı simvoldur. “Göyün qapısı” olduğu kimi  cənnətin-cəhənnəmin də qapıları var. Cənnətin 8, onun ziddi olan cəhənnəmin 7 qapısı var. Şair bu qapıları da unutmur, onları da salamlayır. Qapıları insan xarakteri ilə paraleləşdirir: “Ürəyi yaralı, gözü nəm qapı.” Ürəyi yaralı göz nəm qapı yəqin ki, vətən uğrunda can verib ad alan Şəhid qapısıdır. Qapı da yiyəsizdir, gözü nəmlidir. Ev kişisi ilə tanınar, deyirlər. Bəzən də evlər qapıları ilə tanınır. Görkəmli, böyük görüb onun ardında yaşayanları “bəxtəvər, xoşbəxt sandığı”mız qapılar kimi… “Bir az sərxoş qapı, bir az dəm qapı”, “əsəb qapı”, “hirs qapı”, “höcət qapı”, tərs qapı”, “gözləri eynəkli, əli əsalı, dişləri çürümüş şikəst qapı”, ”möhkəm qapı”, “bərk qapı”lar.

“Salam, cənnət qapı, cəhənnəm qapı

Ürəyi yaralı, gözü nəm qapı

Hər kəsin bəxtəvər, xoşbəxt sandığı,

Bir az sərxoş qapı, bir az dəm qapı.

Salam, əsəb qapı

Salam, hirs qapı

Salam, höcət qapı

Salam , tərs qapı

Gözləri eynəkli,

əli əsalı

dişləri çürümüş ay şikəst qapı

salam, möhkəm qapı

salam, bərk qapı”  (“Yetim qapı”).

Şairin, salam verdiyi bütün qapıların, xüsusilə “dərk” və “ərk qapısı”, “bacı-qardaş”, “ata-ana”, “vətəndaş” qapısının,  öz missiyası və xarakteri var:

“salam, alim qapı

salam, dərk qapı

kasıbın-kusubun

ümid çırağı

yetim-yesir üçün

Hələ ərk qapı

Salam, bacı qapı

Ay qardaş qapı

Atam, anam qapı

Həmsirdaş qapı” (“Yetim qapı”).

Bu qapılardan biri və ən şərəflisi “yumruğa çevrilən, dəmirə dönən”, dərdlərin şəriki”, “namus dağı”, “vicdan ocağı”, Qüruru, şərəfi, qeyrəti” saydığı  “gözü yolda, qulağı səsdə” qalan “ Vətəndaş qapısıdır!”

“Dərdlərin şəriki –

Vətəndaş qapı!

Salam, namus dağı,

Vicdan ocağı

Qürurüm, şərəfim, qeyrətim qapı

Salam, gözü yolda, qulağı səsdə

Kimsəsiz, binəva, ay yetim qapı…” (“Yetim qapı”).

Ümumiyyətlə, qapı Xəyal Rza üçün önəmli simvoldur. Mahiyyət kəsb edir. İnsan qapı ağzında dayananda əsasən, düşüncələri bu olur, qapı açılacaqmı? Qapını kim açacaq? Və ya qapı açılsa içəri dəvət olunacaqmı?… Dua zamanı düşündüyü tək şey, “Dərgah qapısı” açıqmı?  Bir də bunun astar üzü var. Qapını döyən sən deyilsən, sənin qapını döyürlər və bu qapı “könül qapısı”dır. Hər döyənin üzünə açılmır.

Söylənənlərə görə, Böyük Britaniyalı rəssam William Holman Hunt, bir bağçanı izah edən cədvəli London Kraliyet Akademiyasında sərgilənirdi. Holman Hunt “Kainatın İşığı” adını verdiyi bu tabloda gecə əlində bir fənərlə bağçada dayanan filosof görünüşlü bir adam vardı. Adam, o biri əliylə bir qapını vurur və içəridən sanki bir cavab gözləyirmişcəsinə dayanırdı. Sərgidə tablonu araşdıran bir sənət tənqidçisi Holman Hunta dönür və deyir: – “Gözəl bir tablo doğrusu, amma mənasını heç cür qavraya bilmədim. Adamın vurduğu qapı heç açılmayacaqmı? Ona qapı qolu çəkməni unutmusunuz da…”

Holman Hunt gülümsəyir. “Adam sıravi bir qapıya vurmur ki”…Və tablonun mənasını açıqlayır: “Bu qapı, insan ürəyini işarələyir. Ancaq içəridən açıla bildiyi üçün xaricində qola ehtiyac yoxdur…”
O qapı sizə içəridən açılmamışsa girə bilməzsiniz…” Tam da Xəyal Rzanın “Ay qapımı döyən qız” şeirindəki kimi…

Lirik qəhrəmanın qapısı döyülür, amma o, “nə səsə qaça bilir, nə də qapı aça bilir.” Qapı döyənsə inadla qapını döyməkdə davam edir. Sanır ki, qapının döyüldüyü duyulmayıb. Halbuku içəridəki lirik qəhrəman hər şeyi duyur, ancaq, “son gedən” bu qapını elə bağlayıb” ki, daha bu qapı hər gələnə açılmaz. Günahkar lirik qəhrəmanın qəlbini sındıran, ümidlərini öldürən “son gedəndir.”  Bu “taxta deyil, sındırasan”, “qanan da deyil, söz ilə qandırasan.” Bu, könül qapısıdır:

“Könül qapısıdı bu,

Açılmaz hər döyənə.

İnan ki, bel bağlamır,

Hər sevirəm deyənə.

Ayaqlarım yerimir,

Səsə qaça bilmirəm.

Daha döymə qapımı,

Gəlib, aça bilmirəm” (“Ay qapımı döyən qız”).

Holman Huntun rəsmdə vurğuladığı kimi, “könül qapısı sizə içəridən açılmamışsa girə bilməzsiniz…”

Xəyal Rza yaradıcılığında diqqətimi çəkən, məni bir oxucu kimi düşünməyə vadar edən elementlərdən biri “qapı”, digəri isə şairin şeirlərində yaratdığı rənglər dünyasıdır. Şairin rənglər dünyasına səyahət arzusu ilə Xəyal Rza haqqında yazdığım ilk yazımı sonlandırıram. Unutmayaq ki, hər son həm də bir başlanğıcdır!!!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest