Cavanşir Feyziyev : Milli Məclisin deputatı
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
“Bir millətin tərəqqi və tədənnisini bilmək üçün həmin millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp məktəblər sayəsindədir.”
Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol” kimi qiymətləndirən Hüseyn Cavid hələ 100 il bundan öncə qələmə aldığı publisistik məqalələrində rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon məktəb müəllimlərinin yapon vətənpərvərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharətini öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.
“Həsb – hal” məqaləsində Cavid yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə öz təsirini göstərəcəkdir.
Məktəb cəmiyyətin mənəvi barometri, mənəviyyat aynasıdır. Cəmiyyətin sağlamlığı və ya ondakı mənəvi çatışmazlıqlar məktəbdən qaynaqlanır. Tərəqqinin – yüksəlişin cığırı sözün bütün mənalarında məktəbdən keçir. Məktəb müəllimindən tutmuş kitabınacan ona aid olan bütün nəsnələriylə müqəddəs bir ocaqdır.
Krımda Bağçasaray yaxınlığında bir mədrəsə var, adına “Zəncirlənmiş məbəd” deyirlər, məbədə girəndə mütləq başını əyməlisən, yoxsa qapının yuxarısından asılmış zəncir adamın alnının ortasından zərblə dəyə bilər. Bələdçisi deyirdi ki, bura əvvəllər mədrəsə olub, gənclər təlim almaq üçün bu müqəddəs məkana gəlirlərmiş. Elm ocağına isə girəndə ona hörmət – ehtiram əlaməti olaraq mütləq başını əymək, təzim eləmək lazımdır. Məbədin girəcəyində asılmış zəncirlər məhz simvolik olaraq buna işarədir.
Bəli, məktəb qutsal bir məbəddir. Biz cəmiyyət olaraq bunu belə qəbul və idrak etmişik. Son illərə aid olan mənzərələri təhlil etdikcə, Qarabağ azad edildikdən sonra ilk addımda həmin ərazilərdə təhsil quruculuğuna, məktəblərin inşasına başlanılması Azərbaycan dövlətinin və xalqının nə qədər qurucu potensiala və humanizmə söykənən yaradıcı təfəkkürə malik olduğunu nümayiş etdirməklə yanaşı, həm də 30 ilə yaxın zaman kəsiyində cənnət guşələrimizi cəhənnəmə çevirən, çörək bişirdiyi təndiri dağıdan, məktəbləri yandıran bir zehniyyətlə fərqimizi ortaya qoyur.
Azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Bu gün birdən-birə bu infrastrukturun bərpası mümkün olmasa da, bu qədər qısa zaman kəsiyində Zəngilanda, Füzulidə, Şuşada, Laçında ümumtəhsil müəssisələrinin, hətta Kəlbəcərdə modul tipli orta məktəbin fəaliyyətə başlaması dövlət başçısının təhsilə son dərəcə böyük diqqət və qayğısından qaynaqlanır.
Qarabağ Universitetinin milli təhsil ənənələrimizə söykənərək fəaliyyətə başlaması isə Azərbaycan maarifçilik tarixində önəmli bir hadisədir. Əvvəla onu qeyd edək ki, azad olunmuş Qarabağ adının təhsil seqmentində var olduğunu göstərmək tarixi zəfərimizin mənəvi tərəfini tamamlayan və dolğunlaşdıran əhəmiyyətli bir məqamdır.
Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş və 1988-ci ilədək yüksək göstəricilərlə ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdir. Təəsüflər olsun ki, işğal dövründə həyatın bütün sahələrində olduğu kimi Qarabağ Universiteti də fəaliyyətini dayandırmışdır.
2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa etdikdən sonra Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verilmiş və sərəncama əsasən, 2024-2025-ci tədris ilində universitetə geniş tələbə qəbulu həyata keçirilmişdir.
Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması və regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsini qarşıya məqsəd qoyan dövlət başçımız universitetin təhsilalanları və akademik heyəti üçün fərqli, müasir mühitin formalaşdırılması, universitet kampusunda bütün xidmətlərin verilməsi, həmçinin elmi-tədqiqata əsaslanan yaradıcı layihələrin dəstəkləndiyi ekosistemin qurulmasına dair proyektlərin gerçəkləşdirilməsi üçün əhəmiyyətli addımlar atmışdır. Ölkə başçısının bu diqqət və etimadının nəticəsidir ki, bu gün respublika üzrə ən yüksək nəticə göstərən, 600 – 700 arası bal toplayan 101 tələbə məhz təhsil almaq üçün Qarabağ Universitetini seçib. Pedaqoji, İqtisadiyyat, Humanitar və sosial elmlər, Mühəndislik, İncəsənət və Turizm olmaqla 6 fakültə və 27 ixtisas üzrə bu tədris ilindən 1200 tələbə və 100 akademik heyətlə fəaliyyətə başlayan Qarabağ Universiteti əminliklə söyləyə bilərik ki, qısa zamanda Azərbaycan təhsilində brendə çevriləcək.
Bu gün bizdə sırf tədqiqatyönümlü universitetlər, etiraf edək ki, yox dərəcəsindədir. Dünyanın çağdaş təhsilli əsas meyarlarından biri də universitetlərin tədqiqat istiqamətində fəaliyyət göstərməsidir. İnanırıq ki, Qarabağ Universiteti buna nail olacaq. Universitetlərimiz öz fəaliyyətlərini daha çox nəzəri baza, sovet ali təhsil modeli üzərində qurub. Qarabağ Universiteti isə düşünürük ki, tədqiqatyönümlü təhsil verməklə sırf klassik universitet tədrisinə yox, müasir dünyanın tələb etdiyi tədqiqatyönümlü təhsilə, elm və müasir iqtisadiyyatın tələb etdiyi tədris formasına xüsusi önəm verəcək ki, bu, onun dünya universitetlərinin reytinq cədvəlindəki yerinə xüsusi təsir göstərəcək.
İnanırıq ki, Qarabağ Universitetində təhsilin bütün istiqamətlərində dördüncü sənaye inqilabının tələbləri nəzərə alınacaq və bu ali təhsil müəssisəsində Azərbaycanın rəqəmsal transformasiyasını təmin edə biləcək insan kapitalı formalaşdırılacaq.
Qloballaşma dövründə universitetlərin formalaşması və transformasiyası bir çox cəhətdən qlobal trend və çağırışlar nəzərə alınmaqla baş verir. Biliklərin, eləcə də texnoloji proseslərin sürətlə dəyişdiyi dünyada universitetlər rəqabətə davamlılığı və dayanıqlılığı təmin etmək məqsədilə bu dəyişikliklərə çevik reaksiya vermək məcburiyyətindədirlər. Yeni qurulan universitetlərdə bu mühiti yaratmaq daha asandır.
Bu gün dünya universitetlərini ölçən, onların inkişafını müəyyənləşdirən reytinq cədvəlləri var. İnanırıq ki, Qarabağ Universitetinin tutduğu xətt, oradakı təhsilə göstəriləcək həssas münasibət və diqqət, şaxəli profillər, çağdaş dünya təhsili ilə uzlaşması bu universitetin təkcə regionda deyil, dünya miqyasında xüsusi mövqe qazanmasını təmin edəcək.