Cavanşir Feyziyev: “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz və ədəbiyyat şünaslığımız üçün qiymətli töhfədir.”
Cavanşir Feyziyev: “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz və ədəbiyyat şünaslığımız üçün qiymətli töhfədir.”
Çağdaş Türkiyə ədəbiyyatının istedadlı nümayəndələrindən olan Nazmi Bayrının “Azərbaycandan Anadoluya axan Türkcə…” kitabı Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında Bakıda işıq üzü görüb. Layihənin rəhbəri – nəşrin təşəbbüskarı və Ön sözün müəllifi M.Kaşğari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyev; kitabın rəyçisi professor Mahirə Nağıqızıdır.
kiriminsesigazetesi.com Türk dünyasının dəyərli alimi Cavanşir Feyziyevin kitaba yazdığı ön sözü oxuculara təqdim edir:
Cavanşir Feyziyev: “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz və ədəbiyyatşünaslığımız üçün qiymətli töhfədir.”
Ana dili günümüzdə ümümtürk mədəniyyətinin, ədəbiyyatının fədakar təbliğatçısı, TÜRKSOY-un baş katibi Sultan Raevin qardaş Türkiyənin istedadlı qələmlərindən olan Nazmi Bayrının ortaq türkçəmiz üzərinə apardığı həssas müşahidə və araşdırmalardan doğulan bir kitabının əlyazma nüsxəsini oxuyub dəyərləndirməyim və Ön söz yazmağım üçün göndərməsi çox xoş təsadüf oldu.
“Azərbaycandan Anadoluya axan türkcə” kitabının izi ilə çağdaş Türk ədəbiyyatının usta yazarı Nazmi bəyin yaradıcılıq yolunu kitab-kitab vərəqlədim: 2010-cu ildən günümüzədək işıq üzü görən “Otel Atlantik”, “Uçurtmalar”, “Güz buluşmaları”, “Kırgın öykülər”, “Kırık öykülər”, “Kırılğan öykülər” və “Ürəyimdəki Adana kəsitləri” kitablarındakı həyat dadlı, mayası gerçəkliklərdən yoğrulan hekayələrlə tanış olmağım müəllifin istedadı və söz duyumu haqqında düşüncələrimi bütövləşdirdi.
Nazmi Bayrının orijinal yazı manerası, özünəməxsus üslubu, boyasız tərtəmiz türkçəsi, təbii axarda hadisələri nəqletməsi ilə nəinki kitabla oxucu arasında sədləri qaldırır, hətta qardaş ölkələrimiz arasındakı sərhəd və məkan uzaqlığı məfhumunu tamamən aradan götürərək oxucusuna həmsöhbət ola bilir.
Nazmi Bayrı Türkiyənin qədim mədəniyyət beşiyi olan Elazığdandır.
Elazığ bizlərdən ötrü həm də Almas Yıldırımı qoynuna aldığı üçün doğma, əziz yurd yeridir. O zamanlar Atatürkə yazdığı məktubunda Almas Yıldırım Vətəni üçün darıxdığını, eyvanından baxanda gördüyü gölü Xəzərə bənzətdiyini, hər baxanda o gölü gördükcə həsrətinə su sərpildiyini deyir. Məktubu oxuyan Atatürk necə təsirlənirsə, həmin gölün “Xəzər gölü” adlanması ilə bağlı fərman verir. Artıq illərdir ki, həmin gölün ətrafında hər il Almas Yıldırımın anım günündə şairin əziz xatirəsinə həsr olunmuş “Xəzər şeir axşamları” keçirilir. Bu mənada, Elazığ bizdən ötrü ikiqat doğmadır. Nazmi Bayrının əsərini oxuduqca müəllifin yol bələdçiliyi ilə doğma Elazığı, Harputu, Ulucamini, Göllübağı, əsərdə dil elementlərinin təhlilə cəlb olunduğu, Azərbaycan türkcəmizin eynisini danışan Koruk köyünü ev-ev, küçə-küçə, ilçə-ilçə, məhəllə-məhəllə gəzmiş oldum. Yayınlanmış 7 hekayə kitabı və hal-hazırda əlyazmasını oxuduğum “Azərbaycandan Anadoluya axan türkçə” araşdırma kitabının düşüncəmdə açdığı geniş üfüqdə bu qənaətə vardım ki, Nazmi Bayrı uzaq diyarlarla aramızdakı məkan sərhəddini unutduran, sözünün qanadlarında oxucusunu o əziz torpaqlara götürən usta bir qələmdir.
Koruk köyü Şərqi Anadolu bölgəsində Elazığın mərkəzinə 33 km uzaqlıqda yerləşən 250 evlik qədim bir kənddir. Sakinlərin kənddə məskunlaşma tarixi zaman etibarilə tarixin xeyli əvvəllərinə gedib söykənir. Şəhərə bu qədər yaxın olmasına rəğmən, həmçinin şəhərlə sıx sosial-mədəni münasibətlərinə baxmayaraq Koruk köyü öz ləhcəsinin özünəməxsus çalarlarını bugünə qədər qoruyub – saxlaya bilmişdir. Kəndlə mənəvi bağını qoruyan nəsillər hələ də öz ləhcəsini nisbətən də olsa, qoruya bilirlər. Çox təəssüflə qeyd etməliyik ki, kənddən uzaq düşənlər, şəhər mühitində doğulub – böyüyənlərin kəndlə bir mənəvi bağı olmadığı kimi doğma ləhcə ilə də bağını itirmişlər. Nazmi Bayrının “Azərbaycandan Anadoluya axan türkcə” kitabı, əslində, bizim ana türkcəmizin ortaq köklərini işlək örnəklərlə gözümüz önündə sərgiləyən bir yaddaş kitabıdır. Və Nazmi bəy Anadolu və Azərbaycan türkcələrinin oxşarlıqlarını, ləhcə, ağız, şivə bənzərliklərini, felin zamanlarından, ismin hallarından, xəbərlik şəkilçilərindən tutmuş, fonem, morfem, leksem, sintaqm səviyyəsində bütün dil elementlərinə qədər uzun müddət apardığı müşahidələrə söykənərək haqlı olaraq belə bir iddiada bulunur ki, “Anadolu’nun bir köyünden Azerbaycan’a… Ya da Azerbaycan’dan Anadolu’ya bir ses yükselir. O ses Azerbaycan Türkçesidir – o ses öz Türkçemizdir.”
Nazmi Bayrı geniş mütaliə dairəsi olan bir qələm adamıdır. Dünya ədəbiyyatının incilərindən sayılan çoxsaylı müəllifləri ta uşaqlıq illərindən oxuyub mənimsəməsinə rəğmən o öz doğma türkçəsini, hətta ana türkçəsinin ən kiçik ləhcə incəliklərini belə qoruyub saxlamağı özünə bir yazar olaraq borc bilir. H. Balzak, V. Hüqo, F. M. Dostoyevski, M. Qorki, M. Şoloxov, L. Tolstoy, J. Steynbek, türk ədəbiyyatından isə Orhan Kamal, Mahmut Makal, Kamal Tahir, Nazım Hikmet, Talip Apaydın, Aziz Nesin, Bekir Yıldız, Yaşar Kemal kimi müəllifləri Nazmi Bayrı hələ orta məktəbdə oxuduğu yeniyetməlik çağlarından mütaliə etməyə, elə orta məktəb illərindən də qələmini hekayə janrında sınamağa başlamışdır. İlk qələm təcrübələrini maraqlı bir bənzətmə ilə insanın doğumuna bənzədir müəllif. Birinci doğum bəlkə də çətinliklərlə üzləşsən də, zaman keçdikcə, gözünə çətin görünənlərin necə sadələşdiyini görürsən…
Yazıçı müsahibələrinin birində Muzaffer İzgünün bir sözünü xatırladır: “Sən yazmazsan, yazı səni tərk edər, onun için davamlı yazmalısan. Yazdıqca qələm itilənir…” deyərmiş Müzəffər İzgü. Bu minvalla, ustadının bu sözünün təsiriylə, qələmə bir ömür sədaqətlə bağlanıb Nazmi Bayrı…
C.Bukowskinin “Demək ki, yazar olmaq istəyirsən” adlı bir mənsur şeiri var. Yazır ki, “Hər şeyə rəğmən içindən vulkan kimi coşmursa yazmaq eşqi, o zaman yazma…Qəlbindən, qələmindən, ciyərlərindən, nəfəsindən, gözlərindən tökülmürsə sözlər, burax yazma…” Bəli, öz ruhunda, canında, cismində olan istedadını bütün varlığıyla kəşf etdiyi üçün qələmlə bir ömür yol yoldaşlığını seçib, qələmlə sirdaş olub Nazmi Bayrı…
Türkiyədə ötən əsrin sonunda “kitab yanğını” ili olduğu tarix kitablarından hamımıza məlumdur. Nazmi Bayrının “Uçurtmalar” kitabı məni həmin “darbe illərinə”, “tonqallarda yandırılan, torpaqlarda basdırılan, gizlədilərək yox edilərək kitablar”ın taleyi ilə bağlı düşünməyə vadar etdi. O ağrılı tarix haqqında oxuduğum ən təsirli və ümid dolu hekayə də məhz Nazmi bəyin “Uçurtmalar” hekayəsi oldu. Çünki Nazmi bəyin qəhrəmanı kitabları nə yandırmır, nə də torpaqların altında tərk etmir. Gizlədilən kitabların səhifələrindən ilk baharda uçurtmalar uçuran uşaqları təsvir etməklə Nazmi bəy göy üzünə sanki bir ovuc işıqlı ümid toxumu səpələyir.
Bütün səmimiyyətimlə deyə bilərəm ki, tərz və üslubu ilə Nazmi Bayrı Türk hekayəçiliyinin yeni fenomenlərindəndir. Çağdaş türk hekayəçiliyi onun qələmində həqiqətin sadə və sadə olduğu qədər də estetik ifadəsi ilə tanış oldu. Nazmi bəyin hekayələrinin ana xətti, onurğası, özəyi həyat və gerçəkliyin özüdür.
Nazmi Bayrı təhkiyəsində Yunus İmrə sayağı dili daxildən zənginləşdirmə bacarığı vardır. Ədəbi dilin ifadə imkanlarına söykənərək belə yüksək məharətlə söz yaratma keyfiyyəti və bacarığına görə ikinci Necati bəylə qarşılaşırıq desək, mübaliğə etmiş olmarıq.
Nazmi Bayrının ən önəmli özəlliyi, fitri istedadı, Allah vergisi bir nüfuz qabiliyyətidir. O, hekayələrində yer alan canlı-cansız hər şeyin daxilinə nüfuz edərək, həmin obrazın diliylə danışır. Bu, çox təəccübləndirici qabiliyyətdir. Varlıq və hadisələrin dilinə nüfuz edərək onların diliylə danışan, əslində, yazarın özüdür.
Nazmi Bayrının duyumu və üslubunu izah edən məqam iki dil arasında yer almasıdır. Bunu, sadəcə, öyrənməklə etmək mümkün deyil. Bu duruş və duyumda Nazmi bəyin kökü Mevlana və Yunus İmrəyə söykənən genetik bir mirasın varisi olduğu aşkardır. Bu mirasda bütün həqiqəti bizə neydin dilindən dinlədən Mevlananın, sarıçiçəkdən cəddini soruşan Yunusun, Anavarza qalası ilə dərdləşən Dadaloğlunun, ulu bir çinardan düşən yarpaqda ağacın iniltisini onunla eyni anda duyan, uzun incə bir yolun yolçusu Aşıq Veysəlin siluetləri vardır.
Nazmi Bayrının dili sezdirən və seyr etdirən dildir. O, əsərlərində dili xüsusi bacarıq və istedadla, sistemli şəkildə işlədə bilən nasirdir. Nazmi bəyin dilinin ən üstün özünəməxsus keyfiyyəti hekayə qəhrəmanlarının daxili səsinə qulaq asmağı bacarması və onu canlandıra bilməsidir.
Yazıçının əsərlərindəki dilin xüsusi semantik dəyəri var. Hadisələri oxucunun gözlərində canlandırırmış kimi təsvir etməklə Nazmi bəy oxucusunu dilin dramatizasiyasına aparır. Dramatizasiya teatr terminidir və təsvirin görümlülüyünü (vizuallığı) özündə ehtiva edir.
Nazmi Bayrının dili, sadəcə, səsiylə deyil, həm də, dramatik xüsusiyyətləri ilə, canlandırma, seyr və xəyal etdirmə gücü ilə yadda qalır.
Nəsrdən daha çox şeirə bənzəyən sətirlərdə təhkiyə edənin həssaslığı Anton Çexov sayağı Nazmi Bayrının, demək olar ki, bütün hekayələrində gördüyümüz insan həssaslığının istiliyini ötürür.
Nazmi Bayrı Yunus İmrənin şeirləri kimi axıcı bir dillə oxuduğumuz hadisələri gözümüzün önündə canlandırır. O, əsərlərində kəlmələri bir sıraya düzməklə, sadəcə, cümlə qurmur, həzin-həzin oxunan türkülərin ahəngində yaşantılarına şahid olduğu cəfakeş Anadolu insanının içindəki fırtınaları oxucuya hiss etdirə bilir. Elə buna görə də, biz Nazmi Bayrını oxuyarkən onun hisslərinə şərik olur, əsər boyu yazarın qəhrəmanları ilə gülür, bəzi məqamlarda isə Türk insanının çarəsizliyinə, bu insanları bir yarpaq kimi sovuran taleyə (talesizliyə!) yumruğumuzu sıxırıq.
Bu hekayələri bizə sevdirən ən ümdə cəhət müəllifin türk mədəniyyətinə hakim olması və Anadolu həyatını bütün incəliklərinə qədər dərindən duymasıdır.
Nazmi Bayrı bu əsərləri ilə təkcə solub getməkdə olan mənəvi dəyərləri deyil, həm də Türk dilini qorumağı bacaran sənətkardır.
Nazmi Bayrı hekayələrində ən çox diqqət çəkən məqam yazarın qəhrəmanlarını sevərək yaratmasıdır. Ədibin hekayələri həyatın təfərrüatından doğulduğu üçün o hadisələrin alt qatında incə bir yumor özünü göstərməkdədir. Və səmimi olaraq belə ifadə edə bilərik ki, yazıçının yaratdığı qəhrəmanları ilə münasibətləri çox yaxşıdır. O, qəhrəmanlarını, sadəcə, sevmir, həm də, onların hər birinə mərhəmətlə yanaşır. Bu, yazıçının barışcıl mövqeyi və barışdırıcı ruhu ilə birbaşa bağlı olan xüsusiyyətidir. İnsanları yanlışı və doğrusu ilə qəbul edə bilməsi yazıçının yüksək insani keyfiyyəti və həyatı olduğu kimi dərketmə və qəbullana bilmə özəlliyidir.
Nazmi Bayrı hekayələrindəki ən böyük üstünlük dili uğurla istifadə etməsindədir. Bəzi hekayələrində ədəbi dilin, bəzilərində isə xalq dilinin və folklorun təsiri duyulan yazıçının bu cür istedadlı yetişməsində ustadlar yetirən Elazığ torpağının və Koruk köyünün ayrıca payı var. Onun təsvir və təhkiyəsində uydurma bir dil deyil, dipdiri, canlı, yaşayan Türkçə ilə qarşılaşırıq.
Etiraf edək ki, Xalid Ziya, Məhmət Rauf, Əbdülhaq Şinasi, Tanpınardan gələn üslubi damar çağdaş türk ədəbiyyatında xeyli zəifləmişdi. Nazmi Bayrı əsərlərinin dili və üslubi özəllikləri ilə türk ədəbiyyatında uzun zamandır yaranan bu boşluğu, nəinki, doldura bilmiş, hətta hekayələrindəki orijinal məna və məzmun çalarları ilə çağdaş türk nəsrinə yeni bədii keyfiyyətlər qazandırmışdır.
Bu mənada, sənətkarın ədəbi-bədii yaradıcılığının yanısıra ərsəyə gətirdiyi “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz, dilçiliyimiz və ədəbiyyatşünaslığımız olduqca qiymətli töhfə və dəyərli məxəzdir.
Cavanşir Feyziyev
Fəlsəfə doktoru
Bakı, 1 avqust 2024