Bu gün Baharın ilk çərşənbəsidir – SU ÇƏRŞƏNBƏSİ
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Könül, “Ədəbiyyat və incəsənət”
Baharın ilk müjdəçisi olan Su çərşənbəsi bu il məhz bu soyuq 25 fevral gününə düşür. Neçə gündür ki, ölkəmiz əsl qış yaşayır. Amma elə bu gündən artıq bahar təravəti duyulmaqdadır. Bəli, bu gün su şərşənbəsi – 4 şərşənbədən birincisidir. Su şərşənbəsi saflıq, bərəkət və yeniliyin rəmzidir
Qədimdən xalqımız baharın ilk xəbərçiləri sayılan çərşənbələrdə öz adət-ənənələrini, inanclarını yaşadıblar, təbiətin canlanmasını bu cür qeyd ediblər. Yaradılışla bağlı olan Novruzun – baharın gəlişinin əsasında su, od, hava (yel) və torpaq dayandığına görə, onlar xüsusi günlərə bölünərək, mərasimlərlə qarşılanıb. Bu gün Su çərşənbəsini qeyd etdikdən sonra Od çərşənbəsini martın 4-də, Yel çərşənbəsini martın 11-də, İlaxır, yaxud da Torpaq çərşənbəsini isə martın 18-də qeyd edəcəyik.
ƏZƏL ÇƏRŞƏNBƏ: Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Qədim inanclara görə, kainatın yaradılışı zamanı ilk su mövcud olub və su həyatın mənbəyi sayılıb. Buna görə də Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Bu gün insanlar suyun gücünə inanaraq müxtəlif adət-ənənələr yerinə yetirir, onun vasitəsilə həm mənəvi, həm də fiziki təmizliyə nail olmağa çalışırlar.
İNANCLAR:Su çərşənbəsi ilə bağlı xalq arasında maraqlı inanclar mövcuddur. Deyirlər ki, bu gün su canlanır, oyanır və saflaşır. İnsanlar səhər tezdən bulaq başına gedir, axar suyun üzərindən atlanaraq ilin bütün ağırlıqlarını arxada qoyduqlarına inanırlar. Evdə su ilə təmizlik işləri aparılır, həyətlər yuyulur, hətta bəzən süfrəyə qoyulan suyun bərəkət gətirdiyinə inanılır.
Azərbaycanın müxtəlif bölgələrində Su çərşənbəsi xüsusi adət-ənənələrlə qeyd edilir. Quba və Qusar kimi dağlıq ərazilərdə insanlar səhər tezdən çay kənarına gedir, oradan götürdükləri suyu evlərinə apararaq həyətlərinə və ağacların dibinə səpir, bunun bərəkət və firavanlıq gətirəcəyinə inanırlar. Lənkəranda isə çay suyu saxsı qablarla evə gətirilir, bu su ilə yuyunmaq ilin bütün bəlalarından qorunmaq anlamına gəlir. Bəzi kəndlərdə isə səhər tezdən evin girişinə su tökmək və qırmızı lent bağlamaq şərtdir – bu, ailəyə xoşbəxtlik gətirir.
Xüsusilə şimal bölgələrində – Qax və Zaqatalada su ilə bağlı maraqlı inanclar var. Burada insanlar Novruz öncəsi kəndin ən təmiz bulağının suyundan gətirir, həmin sudan içir və yuyunaraq il boyu sağlam qalacaqlarına inanırlar. Bəzi bölgələrdə, məsələn, Şamaxıda su üzərindən atlanmaq adəti var – bu, insanın pis enerjidən, bəd nəzərdən təmizlənməsi deməkdir.
Kür və Araz çaylarının sahilində yerləşən kəndlərdə çayın axarına niyyət söyləmək ənənəsi var. İnsanlar arzularını suya danışaraq, onun suda axıb getməsini seyr edirlər. Deyirlər ki, niyyət çaya söyləniləndə daha tez qəbul olunur, çünki su daim hərəkətdədir.
Şəkidə isə əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlib,“Ağırlığım-uğurluğum suya, Azarım-bezarım suya”, – deyib, su üstündən atlanırlar. Sonra əl-üzlərini yuyur, bir-birilərinin üstünə su atırlar. Xəstəliyə tutulanları da su üstündən hoppandırırlar. İnsanlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içərək, “Su haqqı, pis əməl sahibi olmayacağam”, – deyirlər.
SÜFRƏ: Su çərşənbəsi süfrəsində şirniyyatlar, qoz-fındıq və quru meyvələr xüsusi yer tutur. Bu nemətlər bolluq, bərəkət və gözəl günlərin rəmzi sayılır. İnsanlar inanırlar ki, bu gün süfrəyə qoyulan hər nemət gələcək ilin firavan və xoş keçməsinə töhfə verir. Su çərşənbəsi süfrəsində su dolu qab, təzə göyərtilər və südlü yeməklər də qoyulur. Su saf və təmiz həyatın başlanğıcı, göyərtilər isə təbiətin yenilənməsini simvolizə edir.
ZAMAN: Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş Şərqdə doğub, Qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Su çərşənbəniz mübarək!
Materialı hazırlayarkən Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədlinin qeydlərindən istifadə edilib.
“Ədəbiyyat və incəsənət”
(25.02.2025)
Su çərşənbəniz mübarək olsun!