GenelGüncelTürk Dünyası

Bir cüt mələk çiynində – Bəsti Əlibəyli

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Bəsti ƏLİBƏYLİ

 Bir cüt mələk çiynində

Sinəsi iki oğuldan yaralı köçən anamın əziz xatirəsinə

Uzun ömrün son anı

Uzun sürdü, anacan.

Şəkilləndi gözündə

İki balan, anacan.

          ***

Birinin yarı torpaq,

Biri yarı-yarımcan.

İki düşmən çəpəri,

İki pöhrə, anacan…

           ***

Dua et Sahibi-kana,

Dua et sonsuzacan.

Dərdin pirini vermiş,

Seçmiş səni, anacan…

           ***

Harda şaşırdın yolu,

Yıxıldın hansı qatdan?

Qoynun-qucağın dolu,

Əllərin boş, anacan…

          ***

Gəlmiş fərağın sonu,

Baxtın gülür, anacan.

Bir cüt mələk çiynində

Taxtın yürür, anacan…

Çiçəklər

 Elegiya

Yağış göz yaşıyla yarışa bilmir,

Gülür bu yarışı udan çiçəklər.

Biri Göyün rəhməti,

Biri könül möhnəti –

Bu qoşa yağmurdan

odam çiçəklər.

Odlanır ürəyim, alışa bilmir,

Olub bitənlərlə barışa bilmir,

O çiçək tənlərə qarışa bilmir,

Pir könüllü növcavanım,

Anam-atam çiçəklər.

Cürəfəsiz, bapbalaca,

Dərdləri var qoca-qoca.

Bülbül istər könül aça;

Hop götürər,

alar, gedər küləklər.

Altı məzar, üstü bağça,

Hər şey yalan, yalan çiçəklər.               

Arkadaşım böcək

Getmək,

            fani dünyadan,

vaxtında çıxıb getmək,

Bir az da qumru kimi,

            anadil kimi ötmək…

Orda, sükut evində

            uyuyub dincini almaq,

Bir az da başqa aləmin

            sehrinə dalmaq…

Silkinib öncəki gen yaddaşından

ya bir tutam ot,

            ya bir daş olmaq…

Əl-ələ, kürək-kürəyə

Bir tənha böcəyə

            arxadaş olmaq…

 Getmək,

Düşmənin yolundan,

dostun yadından çıxıb getmək.

Atıb yükünü ilk Adamın,         

bu vecsiz duracaqdan

            son adam kimi getmək!..

Ay adamı

Yaxına-yada qahmar,

Öylə aşiqi-qəmxar;

Qüssə təngə gəldi,

Qəm çərlədi əlindən.

          ***

 Elə tərs ki, yolunu

Nə dağ kəsdi, nə dərə.

Elə fağır, üzüyola;

Əcəlin də sözünü

Salmadı yerə…

           ***

Nə firona itaət,

nə bütə biət etdi.

Aydan gəlmiş qonaqdı;

göynən gəldi,

            göynən getdi.

          ***

 Yaşarkən yalnızdı,

Yadlara alışmadı.

Ölüb getdi torpağa,

Torpaq

            torpağa qarışmadı…

Son nəfəsin şəkli

Dəniz çəkmək istəyirəm,

                        alınmır,

Gəmi çəkmək istəyirəm,

                        alınmır,

Torda balıq çəkirəm,

                        alınır.

Səma çəkmək istəyirəm,

                        alınmır,

Uçaq çəkmək istəyirəm,

                        alınmır,

Qəfəsdə quş çəkirəm,

                        alınır.

Yol cəkmək istəyirəm,

                        alınmır,

Qatar çəkmək istəyirəm,

                        alınmır,

Yolda qəza çəkirəm,

                        alınır.

Havadan, qurudan, sudan

Həyata yol çəkirəm,

                        alınmır,

Ömrə əlvida deyib

son nəfəs çəkirəm,

                        alınır.

Xatirə yağmuru

Mahnı

Eynən özümüz kimi

Sevgimiz də yaşlanır.

Ömrümüzün payızı

Xatirəylə başlanır.

           ***

Boğazımı göynədir

Qüssə dolu bir qəhər.

Yazdan dolan buluda

Bəhanədi son bahar.

           ***

Unudulmayıb hələ

Saf duyğular, diləklər.

Yarımçıq nəğməmizi

Səsləndirir küləklər.

          ***

 Nəmli xatirə yağır

Xəzəllərin üzünə,

Qırov kimi qonuram

Köhnə ayaq izinə…

Adsız

Gecə-gündüz baş yorub

Ad axtarma hər şeyə,

Vara hər söz yaraşır,

Yoxun adı yoxdu, yox!

           ***

Rastlaşırıq röyada

Hərdən, bivaxt olsa da,

Onda da yuxulardan,

Neylim, çıxmaq şansı yox!

          ***

Bu şansdı, nəmənədi,

Düzü, bir bəhanədi.

Hər şey çox şahanədi,

Baxtın özü yoxdu, yox!

Elin könlünü alıram

Mənə yol salğayan adam,

Mən öz yolumu tanıram.

Getmək deyil ki, qəsdim,

Yolun könlünü alıram.

           ***

Duz daşıyıb barınmayan,

Şələsindən darılmayan,

Küldə-kömürdə arınan

Qolun könlünü alıram.

           ***

Başımda şimşəklər çaxır,

Alovu canımı yaxır,

Üzümə təbəssüm taxır,

Qulun könlünü alıram.

           ***

Yarama məlhəm sürt, bağla,

Sən də məni oxşa, ağla,

Sinəmdəki çarpaz dağla

Elin könlünü alıram.

Belə yaşamaq olmur

Nə dinsiz ağrılar var,

Dözüb yaşamaq olmur,

Bu dağdan anrılar var,

Bilib yaşamaq olmur.

           ***

Hər bəla sənə gəlir,

Güdür, qəsdinə gəlir,

Yer-göy üstünə gəlir,

Belə yaşamaq olmur.

           ***

Dünya məbəd, pir ola,

İnci ola, dürr ola,

Yoxsa onda hürr olan,

Belə yaşamaq olmur.

           ***

Sağda ehtiyac pusur,

Solda ehtiyat pusur,

Eşq ölür, nəğmə susur,

Belə yaşamaq olmur.

           ***

Ömür puç, nəfəs kirayə,

Haqq yetməsə köməyə,

Elə döz, – deyib ürəyə,

Belə yaşamaq olmur.

Qara yağış

COVİD-19 pandemiyasının yeni başladığı günlərdə “Tovuzda qara yağışlar yağır” – deyib, hüznlə şikayətlənən və bir neçə ay sonra həmin bəlanın qurbanı olan görkəmli publisist-etnoqraf Bəhruzər Rüstəmovun əziz xatirəsinə

Qara yağışlar yağır

Ey dost, ümman könlümə.

Dərddə boğulur dünya,

Çökür duman könlümə.         

           ***

Təzə şükür elədik

Çıxınca qara qışdan,

Xəbərsizdik gizlicə

Yağan qara yağışdan.

           ***

Yağış deyil ki, yağan

Ölüm yağır, şər yağır,

Sümü-vallah bu şəri

Şeytan döşündən sağır.

           ***

Dirsəklənib taxtına

Mürgü döyür Yaradan,

Küllən çöpə atılır

Onun əsəri insan!

           ***

Bəlkə dua-sənayla

Rəhmət yağdıra Fələk;

Bu fitnə yağmurundan

Yuyunub təmizlənək.

          ***

Qara yağışlar təkcə

Tovuza yağmır, qağa,

Dünyanın hər yerinə

Eyni yağışdı yağan…

Qürur və qübar nəğmələri

Qarabağ müharibəsinin

şəhid və qazilərinə

Zəfər lalələri

Sən şimşəkdən doğulan

Sehrli göy qurşağı.

Al günəşlə yağmurun

Ən uca Zəfər tağı.

           ***

Ağ alnında parlayan

İlahidən bir işıq,

Mübarək şəhadətin

Ər adına yaraşıq.

           ***

Səngərlərin divarında

Qızaran al laləsən,

Sən Şuşada Xarıbülbül,

Murovdağda zirvəsən.

           ***

Savaşı sevgi kimi

Türk ruhunda daşıyan,

Yeni tarix başlayan

Mübarizsən, Poladsan.

           ***

Mehrab, Yüksəl, Cəbrayıl,

Göy üzündə mehtabsan,

“Dumandan xeymə quran”

Nəğməkar Xudayarsan.

           ***

Sən ey şanlı Qəhrəman!

Mələklər səcdə qılan,

Yağış yuyan, gün sığayan

Gözlərinə ölürəm.

Sonda Vətən – deyib susan

Ürəyindən öpürəm.

Giliz medalyon

Nur kimi süzüldülər,

Sutək hopub getdilər

Qoç igidlər torpağa,

Qaynayıb bir yamacdan   

Bulaq kimi axmağa.

Vəfa eyləməsə də,

Ömür murad almağa,

Qayıdarlar bu səfər

Bir ülvi sevgi kimi

Ürəklərə dolmağa.

Gizlənib yad baxışdan

Fürsət gəzər gözəllər,

Daşürəkli dünyada

Gül-çiçəkli daşlara

Sarılıb ağlamağa.

Bir kiçik təsəlliyə

Möhtac olan analar

Dilək tutar hər cümə;

Oğlu sevən gözəllə

Qəbir üstə tanışmağa.

Ürəklər yanğın yeri,

Söndürməz ulu göylər,

Damla salmaz buludlar,

Nə yaxşı ki, umud var

O dünyada buluşmağa…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest