GenelGüncel

Azərbaycanın qardaşlaşan iki məktəbi və yaxud Məclis Məktəbinin işıqları

Avropa Azərbaycan Məktəbi  ilə Şamaxı Avropa Liseyi pesrublikamızın qardaşlaşan ilk  məktəblərdəndir.

Bu qardaşlaşma ideyası mən Avropa Azərbaycan Məktəbində kafedra müdiri işlədiyim vaxxtlarda 10 sinif şagirdlərinə M.Ə.Sabir mövzusunu keçərkən yaranmıdır.

Dərslikdə M.Ə.Sabirin  görkəmli şair S.Ə.Şirvaninin yaratdığı məktəbdə oxuduğu israrla şagird və müəllimlərə xatırladılırdı.

Mən hər dərsə yaradıcı münasibət bəsləyən müəllim kimi buradakı bəzi tarixi faktları şagirdlərə başa salanda hiss etdim ki, dərslikdəki dolaşıq məsələlər mütləq şagirdlərə düzgün başa salınmalıdır.Dərslikdə yanlışlıqlar ola bilər.Müəllim bunlara mütləq ö münasibətini bildirməlidir.

TQDK-nın seminarlarında da dəfələrlə bu təkliflərimi seminar iştirakçılarına xatırlatmışam.

Dərsliklərdəki bəzi nöqsanlara vaxtında münasibət bildirilməlidir ki, kimin kim,nəyin nə  olduğu  müəllim və şagirdlərə məlum olsun.

 M.Ə.Sabirin oxuduğu, dərslikdə adı  Şamaxı Məclis məktəbi kimi tanıdılan  təhsil ocağı haqqında hələ 1979-ciu ildə yazdığım bir məqalədə ətraflı söhbət açmışdım.Bu məqalə akademik Hüseyn Əhmədovun müsbət rəyi ilə Azərbaycan müəllimi qəzeti vasitəsilə oxuculara  çatdırılmışdı.Məqalədə Sabirin oxuduğu məktəbin görkəmli maarifçi  Hacı Səid Əfəndi Ünsizadə (1842-1903)  tərəfindən yaradıldığı sübut edilirdi.

Nə isə… Elə dərs vaxtı şagirdlərlə birlikdə qərara aldıq ki,vaxtilə S.Ə.Ünsizadənin  yaratdığı, S.Ə.Şirvaninin müəllim işlədiyi,M.Ə.Sabirin oxuduğu məktəblə əlaqə saxlayaq.( Bu,indiki Şamaxı Avropa Liseyidir.)

Fikrimizi Avropa Azərbaycan Cəmiyyətinin və Avropa Azərbaycan Məktəbinin rəhbərliyinə bildirdik.Təklifimiz bəyənildi.

…Altı il bundan əvvəl -2013-cü il mayın mayın 25-də Bakıdakı Avropa Azərbaycan Məktəbinin bir qrup müəllim və şagirdi dahi Azərbaycan şairi M.Ə.Sabirin ad günü ərəfəsində Şamaxıda oldq. Əvvlcədən planlaşdığımız tədbir  çox maraqlı keçdi.

Tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin Bakıdakı Avropa Azərbaycan Məktəbi ilə Şamaxıdakı Avropa Liseyi arasında pedaqoji əməkdaşlığın əsası qoyuldu.

M.Ə.Sabir poeziya günləri ərəfəsində keçirilən tədbirin iştirakçıları M.Ə.Sabirin məqbərəsini və Şamaxıdakı məşhur “Məclis məktəbi”ndə Sabirə  ana dili və şəriətdən dərs deyən, onun dahi şair kimi yetişməsində böyük xidmətləri olan S.Ə.Şirvaninin qəbrini ziyarət etdilər.

 Şamaxı Rayon Təhsil Şöbəsi ilə Avropa Azərbaycan Məktəbinin birgə layihəsi olan bu tədbirdə Şamaxı və Bakı məktəbliləri maraqlı elmi və bədii proqramla çıxış etdilər.

***

Şamaxı Avropa Liseyi  bu il 145 yaşı  olacaq məşhur “Məclis məktəbi”nin varisidir. “Məclis məktəbi” adı ilə tanınan təhsil ocağı Şamaxıda fəaliyyət göstərən ruhani idarə rəhbərlərinin xahişi ilə Bakı qubernatoru general-leytenant D.S.Staroselskinin (1832-1884) icazəsi ilə 1874-cü ildə yaradılmışdır. Məktəbin yaradılmasının əsas təşəbbüskarı Şamaxı qazısı Hacı Səid Əfəndi Əbdürrəman Əfəndi oğlu Ünsizadə (1842-1903) olmuşdur.

Səid Ünsizadə  məktəbin kadrlarını özü seçmiş, pedaqoji savadına və biliyinə inandığı və güvəndiyi müəllimləri məktəbə dərs deməyə dəvət etmişdir. Onlardan biri Səid Ünsizadənən əqidə və məslək dostu ali dini təhsilli şair Seyid Əzim Məhəmməd oğlu (S.Ə.Şirvani), digəri Səid Əfəndinin kiçik qardaşı Cəlaləddin əfəndi idi. Məktəbdə rus dili dərslərinin tədrisi şəhər rus məktəbinin müəllimi  Emmanuel Pirbudaqov adlı özündən razı, iddialı, sası dinli bir şəxsə tapşırılır..

S.Ə.Şirvani Bakıya “Əkinçi” qəzetinə göndərdiyi şeirində “Məclis məktəbi”nin yaranma şəraiti, müəllimlərin seçimi, Şamaxı əhlinin yeni təhsil ocağına münasibətini öyrənmək baxımından maraqlı məqamlarla dolu olan şeirində rus dili müəllimini arzuolunmaz bir şəxs kimi qiymətləndirmişdir:

Məsləhətçün dübarə oldu cülus,

Manveli tutdular müəllimi-rus,

Onu üç yüz mənata söylədilər,

Mərhəba , fikri “bikr ” eylədilər,…

Axırını misradakı fikri “bikr ” eələmək ifadəsi burada işləyən sası dinli rus dili müəllimi E.Pirbudaqovun milli mənsubiyyətinə işarədir.

Ünsizadə qardaşları daha böyük maarifçilik işləri görməkdən ötrü  Tiflisə köçəndən sonra E.Pirbudaqov bu məktəbə rəhbərlik ettmək fikrində düşmüşdür. Yaxşı ki Şamaxılılar Emmanuelin bu arzusunu gözündə qoymuş, o  Kutaisiyə köçməli olmuşdur.

E.Pirbudaqovun  sonralar Şamaxıda rus dilində məktəb açmaq istəyi də baş tutmamışdır.

Səid Ünsizadənin yaratdığı, adı təhsil tariximizə “Məclis məktəbi” kimi  düşmüş təhsil ocağının bütün ağırllığı S,Ə.Şirvaninin üstünə düşmüşdür.Təəssüf ki,məktəbə yardım etməyə söz verən dini məclislərin üzvlərinin çoxu sonralar məktəbə yardım etməkdən uzaqlaşışlar.

S.Ə.Şirvani bu barədə Tiflisə-dostu Səid Ünsizadəyə dəfələrlə müraciət etmişdir.

Səid Ünsizadə S.Ə.Şirvaninin məktublarını imtiyaz sahibi olduğu “Ziya” qəzetinin səhifələrində işıqlandırmaqla sözündən qaçan tanıdığı insanları dəfələrlə utandırsa da, Məclis məktəbinə yardım  etməyə söz verənləri düz yola yönəldə bilməmişdir.Məhz buna görə də Məclis məktəbinin müəllimləri  yoxcul ailələrin  övladları olan  şagirdlərə məccani dərs deməli olmuşlar.Bütün bu çətinliklərə baxmayaraq,Məclis məktəbi öz fəaliyyətini uzun illər boyu davam etdirmiş, burada Ə.Tahirzadə (M.Ə.Sabir),M.Mahmudbəyov, S.M.Qənizadə kimi görkəmli ziyalılar yetişmişdir.

S.Ə.Şirvaninin ölümündən sonra Məclis məktəbində ana dili və şəriət dərslərini  oğlu Cəfər Məhəmmədzadə tədris etmişdir.

Tədqiqatçıların çoxu S.Ə.Şirvaninin Ezop maneralı bir sıra  şeirlərindən yan keçdiklərindən “Məclis məktəbi”-nin yaranma tarixi haqqında elmi-pedaqoji ədəbiyyatda yanlış fikir yaranmışdır.Onlar heç bir sıənədə istinad etmədən  S.Ə.Şirvani səhvən Məclis  məktəbinin yaradıcısı hesab edilmişlər.  Halbuki pedaqoji fikir tariximizdə də, ədəbiyyat tariximizdə də misilsiz xidmətləri olan S.Ə.Şirvaninin belə yersiz canfəşanlığa ehtiyacı yoxdur.

S.Ə.Şirvani Tiflisə – “Ziya” (“Ziyayi-Qafqasiyyə”) qəzetinin redaktoru S.Ünsizadəyə yazdığı müxbir məktublarında onların Tiflisə getmələrindən sonra “Məclis məktəbi”nin düşdüy çətinliklərdən ürək ağrısı ilə, yana-yana söz açmışdır. O, belə məktublarının çoxunda “Siz Şamaxıda olarkən binagüzarlıq etdiyiniz məktəb” (yəni yaratdığınız-N.N.) sözlərini işlətmişdir.

S.Ə.Şirvani H.Məlikova (H.Zərdabiyə- N.N.) yazdığı mənzum məktublarının birində özünü məktəbin ikinci müəllimi (“müəllimi-sani”) kimi təqdim etmişdir:

Dedilər ki, müəllimi-islam

Bizə lazımdır bir fəsih -kəlam”. (Gözəl,aydın danışıq-N.N.)

Vaqifi- nəhvü sərfü üsul,

Arifi-rəmzi-şəri-paki-rəsul,

Şüəra bəzminin nəməkdani,

Hacı Seyyid Əzim Şirvani,

Sədri əlfazi-müşkilə mənus,

Ona əzbərdi “Kənz” ilə “Qamus”.

Biz də olduq müəllimi -sani,

Ta ki təlim edək “Gülüstani”.( S.Ə.Şirvani. Əsərləri,2-ci cild , B., 1969, səh.131-132)

Məktəbin müəllimlərindən biri də Molla Hüseynağa Lətif oğlu idi.

S.Ə.Şirvani Molla Hüseynağanı da yüksək qiymətləndirir, onu “zərif” (incə mətləbləri başa düşən, söz anlayan-N.N.) adlandırır. Məktəb 6 ay yaxşı işləyir, heç bir çətinlik yaşanmır. Sonralar məclis üzvləri arasında əlbirlik və dilbirlik işləri səngiyir, məktəb haqqında əvvəlki təəssürata kölgə düşür. Bunun bir səbəbi məktəbə daimi qayğı göstərən Bakı qubernatoru D.S.Staroselskinin Tiflisə daha böyük vəzifəyə təyinat alması, ikincisi Şamaxı Əhli-Təsənni İdarəsinin rəisi (qazısı) Səid Ünsizadənin Zaqafqaziya Əhli-Təsənni İdarəsinə uzunmüddətli ezamiyyəti ilə əlaqədar idi.

Səid Ünsizadə Tiflisə ezamiyyət adı ilə getməsi,  sonralar Tiflisdə qalması da  “Məclis məktəbi”nə nəzarəti zəiflədir. Doğrudur, S.Ünsizadə Tiflisə gələndə məktəbdə idarəetmə işlərini qardaşı Cəlaləddinə tapşırmışdı. Amma Cəlaləddin də qardaşının ardınca onun litoqrafiya (daş basmaxanası), mətbəə və mətbuat işlərinə kömək məqsədilə Tiflisə köçür, əvvəlcə “Ziya” qəzetinə redaktorluq edir, 1883-cü ilin əvvəllərində isə, bəzi mənbəələrdə yazıldığına görə özü ayrılıqda (ayırma mənimdir-N.N.) “Kəşkül” jurnalının nəşrinə başlayır.

Ünsizadə qardaşları Tiflisdə  öz mətbəələrində dərslik və bədii ədəbiyyat nəşrinə geniş rəvac vermişlər.  

Bizim fikrimizcə, həm “Ziya”, həm də “Kəşkül” Səid Əfəndi tərəfindən idarə olunurdu. Yeni nəşrə-“Kəşkül”ə başqa ad geyindirmə Senzor Komitəsini və buradakı qulağı darı dənləyən əməkdaşların diqqətini yayındırmaqdan irəli gələn yaxşı düşünülmüş yaxşı ideya idi: qardaşların bir əldə iki qarpız tutmağı idi.

Tədqiqatlar göstərir ki,Ünsizadə qardaşları Tiflisə gedəndən sonra “Məclis məktəbi”nin bütün ağırlığı burada ana dili və şəriətdən dərs deyən Seyid Əzim Məhəmmədzadənin (S.Ə.Şirvaninin) üzərinə düşür.

Bu tarix 1877-ci ildən başlayır. Bu dövrdə S.Ə.Şirvani yorulmaq bilmədən işləyir. O həm “Məclis məktəbi”ni idarə edir, həm də  bütün müəllimlərinin Avropanın nüfuzlu ali məktəblərinin məzunu olan müəllimlərn işlədiyi şəhər rusdilli məktəbdə Azərbaycan dili və şəriət müəllimi kimi fəaliyyət göstərir.

S.Ə.Şirvani bütöv bir elmi-tədqiqat institutunun 2-3 ildə görə biləcəyi işi təbbaşına  görür; 300-dən artıq şair haqqında məlumat verən təzkirə yaradır,özünü bacarıqlı ədəbiyyatşünas alim kimi tanıdır. Şair təzkirəsində  271 şairin  tərcümeyi-halından da söz açır, oxucuları onların əsərləri ilə tanış edir.

Təzkirədə şeirləri verilməyən 9 şairin də adı çəkilir. Təzkirədə  əlliyə qədər “laərdi” beyt (müəllifi məlum olmayan beyt.- “laədri” – ərəbcə “bilmirəm” deməkdir -N.N.) də var.

S.Ə.Şirvani bu illərdə “Məclis məktəbi”ndə dediyi dərslərin əsasında “Rəbiül-ətfal” (“Uşaqların baharı”) adlı dərslik-müntəxəbat da yazmışdır. Lakin o, bu kitabını müəyyən baryerlərdən-sərhəd və maneələrdən  keçə bilmədiyinə görə çap etdirə bilməmişdir. S.Ə.Şirvaninin “Məclis məktəbi”ndə  dərs dediyi şagirdlərinin bir neçəsinin adı sonralar türk  dünyasının pedaqogika  tarixinə düşmüşdür.Onlardan  Sultan Məcid Qənizadə,M.Ə.Sabir,  Həbib bəy Mahmudbəyov, Mahmud bəy Mahmudbəyov  və başqaları türk dünyasının sayilib seçilən ziyalılarındandır.

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (sonralar “Sabir”, “Hophop”, “Qızdırmalı” ,”Mirat”, “Boynuburuq”, “Əbunəsr Şeybani”, “Din dirəyi”…. imzaları ilə şeir çap etdirən şair) də S.Şirvaninin ən yaxşı şagirdlərindən idi. S.M.Qənizadə Ələkbəri -gələcəyin böyük şairinin məktəbdə zəkalı, dərrakəli şagird kimi tanındığını yazırdı. Ələkbər ilk sistemli təhsilini məhz “Məclis məktəbi”ndə almışdır. S.M.Qənizadənin yazdığına görə M.Ə.Sabir “Məclis məktəbi”ndə cəmi iki il oxumuşdur. M.Ə.Sabirin mollaxana və “Məclis məktəbi”ndə aldığı təhsil ona dünya şöhrəti qazandırmışdır. Şamaxı mollaxanaları və S.Ə.Şirvaninin işlədiyi “Məclis məkktəbi” hər şeydən əvvəl şagirdlərə üç dildə düşünməyi, üç dildə şeir yazmağı öyrədə bilirdi. Biz-bu günün müəllimləri bu təhsil sisteminin üsul və qaydalarını müəllimlərə də, şagirdlərə öyrətməliyik.

Biz 2014-cü ilin dekabr ayında Şamaxıda Mclis Məktəbinin 140 yaşını rayon səviyyəsində təmtəraqla keçirdik.Yubileydə Avropa Azərbaycan Məktəbinin o vaxtkı direktori Graem Pollock da  qardaş məktəbin uğurlarından fərəhlə söz açdı.(İndi Graem Pollock AMİM-in direktorudur)

Bu il “Məclis məktəbi”nin  145 yaşı tamam olacaqdır.bu yubileyə indidən hazırlaşmalı,”Məclis məkktəbini”nin tarixini monoqrafik tədqiqat səviyyəsində hazırlayıb çap etdirməliyik.

Mən keçən əsrin 70-ci illərindən “Məclis məktəbi”nin tarixini araşdırıram. Bu mövzuda 10-dan artıq məqalə yazıb, çap etdirmişəm. Bu məktəb S.Ə.Şirvanidən dərs alan babam Rəsulun məktəbidir. Atam da bu məktəbdə (“Məclis məktəbi”nin yerində tikilən məktəbdə) oxumuşdur.

Mən Şamaxıda yaşayacağım təqdirdə, nəvələrimi də məmnuniyyətlə bu məktəbdə oxudardım.

Bu məktəb atamın ən yaxşı müəllimlərindən biri  Azərbaycan ədəbiyyatında gözəl təbiət hekayələrinin müəllifi, biologiya alimi Cəmo bəy Cəbrayılbəylinin məktəbidir. Mən eşidəndə ki, bu məktəb indi “Şamaxı Avropa Liseyi” adlanır, sevindim. Axı Avropa indi yüksəliş deməkdir. Amma 2013-cü ildə ilk dəfə  bu məktəbə gələndə Cəmo Cəbrayılbəylinin adını  məktəbib divarında görməyəndə ,döğrusu, çox  məyus oldum.Məktəbə Avropa adını vermək olar,amma buradan Cəmo Cəbrayılbəylinin adını silmək ən azı mədəni irsə biganəlik kimi qiymətləndirilə bilər.

Bu barədə bir balaca düşünmək lazımdır. Biz-  bizə ağıl verənləri qiymətləndirməyi bacarmalıyıq.

          ***

Mən hər dəfə Şamaxıya gələndə sovet hökumətinin əlimizdən aldığı mülkümüzü, S.Ə.Şirvaninin qəbrini, Sabirin məqbərəsini, Sabirin qəbri ətrafında dəfn olunan, lakin hələ yerini dəqiq müəyyənləşdırə bilmədiyim, tapa bilmədiyim atamın babası Nəsrəddin kişinin -Nəsrəddin İsmayıl oğlunun    ziyarətinə gedirəm, hamısına Azərbaycan dilində dualar oxuyuram. Atamın dostu Yusif Şirvanın məzarı önündə baş əyirəm. M.Ə.Sabirin şəxsiyyətinə pərəstiş elədiyi, matəminə mərsiyələr yazdığı Şamaxı Əhli-Təsənni İdarəsinin başçısı Hacı Məcid Əfəndini də ziyarət edirəm.

“Məslis məktəbi” bizi hələ çox danışdıracaq.

Əslən şamaxılı olan Zaqafqaziya Əhli-Təsənni İdarəsinin müftisi, ömrünün   son 7 ilini “Rusca-azərbaycanca lüğət”in tərtibinə həsr etmiş, ana dilindən əlavə, bir neçə dili şeir yazmaq dərəcəsində bilən Əbdülhəmid bəy Əfəndizadəni (1812,Şamaxı-10.12.1881,Tiflis) xatırlayıram.

Ə.M.Əfəndizadə 10.12.1881-ci ildə  beyninə qan sızması nəticəsində öləndən sonra Tiflisdə müftilik vəzifəsi uğrunda açıq və gizli mübarizə başlayır. Səid Ünsizadə ən real namizəd kimi diqqəti cəlb edir. 2 il bu vəzifə boş qalır. Bir müddətdən sonra bu vəzifə müvəqqəti olaraq şəkili Əhməd əfəndiyə tapşırılır. Lakin heç kəsin gözləmədiyi halda, iki ildən sonra müftilik vəzifəsinə Zaqafqaziya Müəllimlər Seminariyasında sünniməzhəb tələbələrə ana dili və şəriətdən dərs deyən Hüseyn Əfəndi Qayıbov təyin olunur.

H.Ə.Qayıbov Qori şəhərindəki müəllimliyindən əvvəl Tiflisdə-Zaqafqaziya Əhli-Təsənni İdarəsində kaib və idarənin nəzdindəki məktəbdə müəllim işləmişdir.

M.F.Axundov molla Hüseyn əfəndini Qafqaz Canişinlik İdarəsinin mühüm işlər üslər üzrə əməkdaşı A.P.Berje ilə tanış etmişdi. Atası fransız, anası alman olan görkəmli rus şərqşünası A.P.Berjenin 1867-ci ildə Almaniyanın Leypsiq şəhərində çap etdirdiyi “Qafqazda və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” toplusunun materiallarını Molla Hüseyn Əfəndi Qayıbov toplamışdır. Müftilik vəzifəsi boş olan vaxtlarda canişinlikdə dini məsələlərə nəzarət məsələlərinə S.Ünsizadənin də yaxşı tanıdığı A.P.Berje nəzarət edirdi. Heç də təsadüfi deyil ki, A.P.Berje Molla Hüseyn Əfəndiyə borclu qalmamaq üçün kitabının tərtibçisinə üstünlük vermiş,  Molla Hüseyn Əfəndi Qayıbov müfti  təyin olunmuşdur.

Hakimlərdən asılı olan müsabiqədə məğlub olan S.Ünsizadə hakim dairələrin təklifini qəbul edib, doğma şəhərinə-Şamaxıya qayıdır və ona təklif olunan əvvəlki vəzifəsinnndə – Şamaxı Əhli-Təsənni Uİdarəsinin rəisi-qazısı vəzifəsində işləyir.

S.Ünsizadə Şamaxıda işləyərkən hələ də Tiflisdə çap olunam “Ziyayi-Qafqasiyyə” qəzetinə rəhbərlik edirdi. O, qəzetin Tiflisdə mətbəə ilə əlaqəli əsas işlərini damadı İsmayıl bəy Şilyanskiyə  tapşırmışdı. “Ziyayi-Qafqasiyyə”nin materialları Şamaxıda hazırlanır və bu materiallar qəzet çərçivəsində Tiflisdə çap olunurdu.

1884-cü ildə “Ziya qəzetində rus qrafikası ilə yazılmış bir cümlə S.Ünsizadənin mühərrirlik fəaliyyətinə son qoydu. “Əlbəttə, qəzetdəki “Səid Ünsizadənin məqsədi rus müsəlmanlarını  mətbuat vasitəsilə oyatmaqdır” cümləsinə hakim dairələr mütləq öz münasibətlərini bildirməli idilər. Rus müsəlmanlarını yuxudan oyanmasını istəməyən hakım dairələr “Ziya”nınişıqlarını söndürürlər.

Bir müddətdən sonra S.Ünsizadə Şamaxıdakı vəzifəsindən də uzaqlaşdırılır. O,1890-cı ildə  Bakıda  əvvəlki qəzetini yenidən çap etdirmək istəsə də, hakim dairələrdən icazə ala bilmir. S.Üvsizadə elə həmin il İstanbula üz tutur. O, burada, XIX əsrdə düz üç dəfə Türkiyənin maarif naziri olan Münif Əfəndinin köməyi ilə maarifçilik fəaliyyətini davam etdirir.

Səid Ünsizadə Quranı türk dilinə təfsir edən ilk ziyalılarımızdandır.

S.Ünsizadə 1903-ci ilin iyun ayında İstanbulda vəfat edir,burada Fatih Camii Haziresində dəfn olunur.

 Onun ölüm xəbərini 1905-ci il iyun ayının 7-də də Bakıda fəaliyyətə başlayan “Həyat” qəzeti 5 iyul tarixli 21-ci nömrəsində  türkdilli oxucula xəbər verir.  Nekroloqda oxuculara türk dünyasının fazillərindən biri tanıdılan Səid Ünsizadə  80 yaşında olan ixtiyar kimi göstərilir.  

“Həyat” qəzeti S.Ünsizadəni yaxşı tanıyanları Səid Ünsizadə haqqında yazı yazmağa çağırır.(bax: “Həyat” qəzeti,  05.07.1905, N 21)”.

“Kaspi” qəzetində də (“Kaspi” qəzeti, 1905-ci il, 9 noyabr) Səid Ünsizadə hörmətlə xatırlanır.

Yeri gəlmişkən qeyd edək ki,sonrakı tədqiqatlardan öyrəndik ki,  S.Ünsizadənin dünyadan 61 yaşında köçmüşdür.

Son iki ildə S.Ünsizadənin Türkiyədə yaşayan qohumlarından və türk arxivlərindən  çoxlu sənədlər və fotolar meydana çıxarılmışdır.Dünyaya səpələnmiş Ünsizadələrin onlarla   qohum=əqrəbası  ilə dostluq əlaqələri yaradılməışdır.

İstandulda müasir Ünsizadələr əsasən Arkun imzası ilə  tanınırlar; idman yazarı,qəzetəçi Fevfik Ünsi Arkun (1917-2004),Ahmed Arkun Ünsi,Coşkun Arkun Ünsi,Fiat Arkun Ünsi, kimyaçı mühəndis professor Yaman Arkun (14.05.1952) və başqaları.

Mənə elə gəlir ki,qardaşlaşan məktəblərin hər ikisində-həm Avropa  Azərbaycan Məktbində,həm də Şamaxıdakı Şamaxı Avropa Liseyində Ünsizadələr haqqında xüsusi guşələr yaradılmalı,onlarən hər ikisində “Ziya” qəzetinin 140 illik yubileyi təntənəli şəkilldə qeyd olunmalıdır.

Əlaçı tələvə və şagirdlərə Səid Ünsizzadə təqaüüdü  мукшдьэыш barədə də büşünmək gərəkli görünür.

***

S.Ünsizadə dünyadan köçəndə onun yaratdığı “Məclis məktəbi”nin əlaçı şagirdi Ələkbər Zeynalabdin oğlu Tahirzadənin 41 yaşı var idi. Cəmi bir mətbu şeirin – “Şərqi-Rus” qəzetinin nəşrə başlaması münasibəti ilə yazdığı- “Şükr lillah ki, afitabi -süxən” şeirinin müəllifi idi. Onun təkcə bir şeirində

9 mart 1911-ci ildə “Molla Nəsrəddin” jurnalının 10-cu nömrəsində “Gözü yuxulu” imzası ilə çap etdirdiyi “Girdim yerimə başımda qayğu” adlı 36 beytlik məsnəvisində Şamaxının yetişdirdiyi bir neçə məşhurun adlarının cərgəsində Səid Ünsizadənin də adını oxuyuruq. Uyğunamə adlandırıla biləcək bu məsnəvinin maraqlı bir süjet xətti var: şair yuxuda görür ki, ləzzətli suyu, gözəl havası, cənnəti, zövqü- səfası olan bir şəhərdədir. Bu şəhərin əhalisinin hamısı fəzilətlidir. Bura mömin yatağı olan qədim Şirvandır. Şair şəhəri gəzir, ziyarət edir, heç kəs gözünə dəymir. Birdən şəhərin bir səmtində bir yığıncaq görür, ora yüyürür. Şair marağını gizlədə bilmir:

Baxdım ki, əzim bir cəmaət,

Eyzən ürəfa, əvət , həqiqət !

Lakin nə üçündür, işbu əhval?-

Sordum, birisi dedi bu minval:

“Rahi mədəniyyəti tey etdik,

Bir şəxsi-əzizə yubley etdik”

Şair bu cavabdan sevinir, qədim Şirvanlıların bu qayğısını alqışlayır. Ona elə gəlir ki, yubiley ya Xaqani, ya Zülfiqar Şirvani, ya vaxtilə Şamaxıda oxuyan Həsən bəy Məlikov, ya “Kəşkül”ün müdüri və ən ağıllı adamlardan biri olan Ünsizadə Səid, ya Seyyid Əzim Şirvani, ya S.M.Qənizadə, ya Həbib bəy Mahmudbəyov, ya da “Rəhvər “jurnalının redaktoru Mahmud bəy Mahmudbəyovundur. Şairə başa salırlar ki, o yanılır.

Məlum olur ki, yubiley bu yerlərdə təhsil sahəsində iddialı hərəkətləri ilə tanınan Azqurlu Hafiz Məhəmməd Əmin Şeyxzadənin şərəfinədir. Əsərin sonunda şair təəssüf edir ki,“insandakı cəhldən ziyadə həqsizlər edərlər istifadə”.

Şair bununla da demək istəyir ki, hər kəsə öz ləyaqətinə görə qiymət verin. M.Ə.Sabirin Səid Ünsizadəyə verdiyi qiymətdən çıxan nəticə belədir:

Səid Ünsizadə millətdən yüksək qiymət almalıdır. Səid Ünsizadəyə belə bir ən yüksək qiyməti ictimai-siyasi fikir tariximizdə ilk dəfə ümummili liderimiz Heydər Əliyev vermişdir. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanında Səid Ünsizadənin adı Azərbaycan dilinə dair dərsliklərin yazılmasında görkəmli maarifçilərin cərgəsində çəkilmişdir.

***

Azərbaycan Respublikasında hələ heç kəsə rəsmi şəkildə XALQ MÜƏLLİMİ fəxri adı verilməyib.

Belə bir fəxri adın verilməsinə aid əsasnamə hazırlanandan sonra, mən bu adı alanların cərgəsində- adları təhsil tariximizə qızıl hərflərlə yazılmalı olan Qədim Şirvanın üç böyük söz ustasını – Səid Ünsizadəni, Seyid Əzim Şirvanini, 40 yaşından sonra  müəllimliyə başlayan Mirzə Ələkbər Sabiri də görmək istərdim.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq

26.05.2013-cü il. s.20:01.

 Ədəbiyyat siyahısı

1.S.Ə.Şirvani. Əsərləri, II cild, B., 1969, səh.131-132

2.”Ziya” və  “Ziyayi-Qafqasiyyə” qəzetləti (25.01.1879-26.06.1884)

3.Nazim Nsrəddinov. “Ziya” qəzetində işlənən bəzi terminlər haqqında .

  Azərbaycan SSR EA  aspirantlarının elmi konfransının materialları.Bakı.1977,səh.308-314.

4.Nazim Nəsrəddinov.Məclis məktəbini kim yaratmışdır? (axtarışlar,tapıtılar)

    “Azərbaycan müəllimi” qəzeti, 23.02.1979, N 16 ( 3110 ).

5.Nazim Nəsrəddinov.M.Ə.Sabir  və S.Ünsizadə. “Ziya” qəzeti ,27.04.1992, N  8; 21.051992,  N  9.

6.Nazim Nəsrəddinov.Unudulmuş Ünsizadə.”Həyat” qəzeti,    09.02.1993, N  13 (7748). 

6.Nazim Nasrəddinov. “Ziya” qəzetində işlənən bəzi terminlər haqqında .Azərbaycan SSR EA aspirantlarının elmi konfransının materialları.Bakı.1977,səh.308-314.

Bakı,

25.05.2019

Pin It on Pinterest