Azər Turan: İstanbulun fəthi, Amerikanın kəşfi, qızıldərililərin soyqırımı
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Azər Turan
İstanbulun fəthi, Amerikanın kəşfi, qızıldərililərin soyqırımı. – 1915-ci il,
Əli bəy Hüseynzadənin Stokholmda etdiyi məruzə və Co Baydenin
uğursuz bənzətməsi – Azər TURAN
Bir dəfə sübh azanının səsinə İstanbulda oyandım…
Azan səsi Süleyman Qanuninin tikdirdiyi Şahzadə camesinin minarəsindən
yayılırdı.
Səhər.
Cemal Süreyanın “Üvercinka”da dünyaya doğru getdiyi Laləli.
Mən isə cameyə tərəf gedirəm… Yolun sağ tərəfində Fəth Şəhidlərinin uyuduğu
yaşıllığa qərq olmuş kiçik bir məzarlıq var. 1453-cü ildə İstanbulun fəthi zamanı
şəhid olan 18 alpərənin məzarı burdadır.
Altı əsrdir ki, bu millət öz şəhidlərini belə əzizləyir…
İstanbul Fəth olunanda Amerika qitəsi kəşf olunmamışdı.
Amerikanın kəşfi İstanbulun fəthindən sonra gerçəkləşdi.
“Məlumdur ki, Amerikanın kəşfi şərəfi Kristofor Kolumba aiddir… Bir neçə
millətlər vardır ki, bu şərəfə iştirak iddiasında bulunuyorlar… Osmanlı türkləri
deyirlər ki, biz İstanbulu fəth etməsə idik, avropalılar Hindistana ayrı yollar arayıb,
Amerikanın kəşfinə müvəffəq olmaz idilər… Fransızca “Fiqaro” qəzetəsinin verdiyi
xəbərə baxılarsa, türklərin Kolumdan çox əvvəl Amerikaya getmiş olduqları
anlaşıyor”. (Əli bəy Hüseynzadə).
Amerika kəşf olundu. Burda min illərdən bəri qızıldərili bir toplumun yaşadığı
görüldü. Amerika qitəsində yaşayan qızıldərililər bu qitəyə nə zaman yerləşib?
Qitənin ilk sakinləri kimlərdir? Bu sual daha çox XX yüzildən etibarən gündəmə
gəlir. Bakıda isə bu məsələ 1905-ci ildən sonra araşdırılmağa başlanıb. Durub-
dururkən, Əli bəy Hüseynzadə yuxarıda da bir-iki cümləsini xatırlatdığım “Kristof
Kolumbmu, yoxsa türklərmi?!” adlı məqalə ilə çıxış edib. Avropa mətbuatına
istinadən Amerika qitəsinin bəzi qəbilə və əşirətlərinin dilinin türkcəliyinə dair
tədqiqatlardan bəhs edib. Yazı “Həyat” qəzetində dərc olunandan bir-iki ay sonra
Amerikanın mətbuat vəkilləri Hovard Tomson və Heliks Gerson hansı səbəbləsə
Bakıya gəlib, Hüseynzadə ilə görüşmüşdülər. Hovard Tomson da söhbət əsnasında
qızıldərili bəzi qəbilə və əşirətlərin dilində türkcə elementlər olduğunu bir daha
təsbit etmişdi. Amerika qızıldərililərinin leksikasında Araz, Bərdə, Alma, Çala,
Çənə, Sapul, Kara, Kara Ayaq, Keçə, Törə kimi sözlərin yer aldığını yüz il sonrakı
tədqiqatlar da təsdiqlədi. Amma daha əvvəl, ötən əsrin ilk illərində bu məsələlərin
əsassız olmadığını qeyd edən Hüseynzadə yazırdı ki, “bir tərəfdən türkoloqlar
Baykal gölü sahillərində “Orxon mədəniyyəti” adlanan qədim bir türk mədəniyyəti
kəşf etmiş olduqlarını və digər tərəfdən, Sibirin uzaq şərqinə qədər yakut qəbilələri
kibi ancaq türk əqvamının yayılmış olduğunu və Amerikaya ən qədim zamanlarda
Berinq boğazı vasitəsilə ancaq Sibirin müntəhasından yol olduğunu nəzərə alırsaq,
“Fiqaro” qəzetəsində yayılmış xəbərin həqiqətdən xali olmadığını anlarız”.
Hüseynzadə həmin məqaləsində o günlərdə dünyasını dəyişmiş Amerika etnoqrafi
Kuşinqi xatırlatmışdı. “Kuşinq bədəvi qövmlərin (qızıldərililərin) əhvalını mütaliə
üçün gedib həmin qəbilənin içində 15 ilə qədər yaşayıb. Kuşinq məzkur xalqın
əhvalına dair bir çox hekayət, tarixi rəvayətlər və əfsanələr toplamışdır. Bunlar
vasitəsilə isbat etmişdir ki, Zuni qövmi Berinq boğazından keçib Amerika qitəsinə
gəlmişdir. Hətta bunların həyat hekayətlərində gəldikləri yollara dair işarət və
məlumat vardır”. Sonrakı, yəni çağdaş tədqiqatlarda məhz 14-18 min il əvvəl
Berinq boğazından bura keçən Zuni qəbiləsinin nağıllarının bəzi türk nağılları ilə
eyniyyət təşkil etdiyi təsbit edildi.
Amerika qızıldərililərinin mənşəyi ilə bağlı məlumatlar bilirəm ki, indi çoxları
üçün yenilik deyil. Amma nəinki Azərbaycanda, hətta Türkiyənin özündə belə
türkoloqlar, etnoqraf və linqvist alimlər bu məsələlərin türk dünyasında ilk dəfə
Bakıda, özü də XX yüzilin əvvəllərində elmi dövriyyəyə buraxıldığını bilmir.
“Kolumbmu, yoxsa türklərmi?!” məqaləsini həm də o səbəbdən təfərrüatı ilə
xatırladıram. Həmin məqaləsində Əli bəy onu da qeyd etmişdi ki, “Türklər kimdir
və kimlərdən ibarətdir” ünvanlı məqaləmizdə xatırlatdığımız kimi, Baykal
yaxınlığında Orxon çayı kənarlarında tuk-yu, yaxud türk-oğuz türklərinə dair
fövqəladə mühüm araşdırmalar aparan Peterburq və Helsink-fors türkoloqlarının
Meksikaya elmi heyətlər göndərəcəklərini ümid ediyoruz. İstanbulda hənuz böylə
şeylərin qədrini biləcək dərəcədə hazırlıq yoxdur…”.
Sonrakı təşəbbüs 1930-cu illərdə Atatürkdən gəldi. Prototürklərin yayılma arealı və
köç yolları diqqəti çəkdi. Şimali Amerikada da bir çox yer adlarının türkcə olduğu
bilindi və Atatürk, hətta yaxınlarından birinə, yəni Ənvər Paşanın qudası Təhsin
bəyə Mayatəpək soyadını verdi (qızıldərili mayaların dilində “təpə” təpək
deməkdir) və Atatürk Təhsin Mayatəpəki qızıldərililərin mədəniyyətini, Maya
uyğarlığını araşdırmaq üçün Şimali Amerikaya diplomatik nümayəndə olaraq
göndərdi…
…1906-cı ildə Amerika mətbuat vəkili Hovard Tomson Bakıda Hüseynzadəyə bir
də bu xəbəri vermişdi: “Qızıldərililərə məxsus bir çox qədim əsərlər, üzərində
heroqlif yazısı olan daşlar, rəsmlər, fotoqrafiyalar və sairə bu gün Birləşmiş
Ştatların paytaxtı olan Vaşinqtonda hifz olunmaqdadır”.
İndi Amerikada belə muzeylər çoxdur. Və yəqin, ötən həftə, aprelin 24-də “erməni
soyqırımı” ifadəsini işlədən Amerika Prezidenti Co Bayden həmin muzeylərə baş
çəkməmiş deyil.
Yenə də tarixə qayıdaq. “İstanbul fəth edildi, Amerika kəşf olundu. Avropalıların
kəşf olunan Amerikada etdikləri vəhşilikləri, qaniçiciliyi tarix kitablarında
oxuduqca insanın tükləri biz-biz duruyor!” (Ə.B.Hüseynzadə).
Bayden də Amerika qitəsinə köç etmiş, orada vəhşiliklər törətmiş həmin
avropalıların soyundandır. Devlət Bahçelinin srağagün Türkiyə Böyük Millət
Məclisində İstanbulun fəthi tarixini – 1453-cü ili xatırladıb söylədiyi kimi: “ABŞ
yönətiminə soruyorum, pəki, o zaman siz hardaydınız? Avropadan qaçanlar və ya
sonu məlum olmayan bir macəraya atılıb okeanı aşanlar belə o tarixlərdə hənuz
ortalıqda görülmürdü. İndi yaşadığınız coğrafiyanın əsl sahibləri, hətta dərilərinin
rəngindən dolayı qətl etdiyiniz milyonlarca insan mutlu və hüzurlu bir şəkildə
həyatlarını yaşayırdılar”.
Baydenin soyqırım bənzətməsi ilə anımsadığı 1915-ci il hadisələrinə, Çanaqqala və
erməni məsələsinə diqqəti cəlb edən və Avropanı Türkiyə qarşısında sorumlu tutan
Əli bəy Hüseynzadə, 1917-ci ildə “Stokholmda, Dünya savaşının önünə keçib
müharibələri bir an əvvəl ümumi bir sülhə qovuşdurmağa bir yol bulmaq üçün
toplanan” beynəlmiləl sosialist konqresində məruzə etmişdi. Məruzənin indiyə
qədər Azərbaycanda çap olunmamasını nəzərə alıb onun tam mətnini sitat gətirmək
istəyirəm: “Osmanlı dövlətindəki millətlərin bağımsızlığını qazanması üçün, eyni
zamanda, Asiya və Afrikadakı bütün qövmlərin bağımsızlıqlarını qazanmaları
lazım gəlir. Kapitalist imperializminin bu savaşda meydana çıxardığı problemlər
arasında türk məsələsinin sosialistlər tərəfindən diqqətlə ələ alınması gərəkdir.
Sosialistlərin bir qismi bu xüsusda kapitalist dünyanın, islam aləminə qarşı
aldıqları tövrü, tələsik hökmləri kontrolsuzca mənimsəməkdədir. Labour Party
(Leyboristlər Partiyası), Türkiyənin gələcəkdə Millətlər Cəmiyyətindən
çıxarılmasını istəməkdədir. Yəni bu sosialist partiya Osmanlı İmperatorluğunu
yıxmaq və parçalamaq istəyən istilaçı kapitalist görüşü qəbul etmiş, sosialistlik
iddiasına rəğmən kapitalist zehniyyət içində qalmışdır. Burada bir məsələ meydana
çıxır. Sosialist Partiyaların əsaslı vəzifələrindən biri kapitalist və imperialist
görüşün tələsik hökmlərindən qurtulmaq olacaqdır. Müsəlman düşmənliyi, türk
düşmənliyi bu hökmlərin başında gəlir. Halbuki yalnız Labour Party deyil, alman
və fransız sosial-demokrat partiyalarından bir çoxunda bu hökmlər davam
etməkdədir. Buna qarşı 1908-ci il Türk inqilabı bu şikəst dünyagörüşünü ortadan
qaldırmaq amacını güdməkdə idi. İmperatorluğa girən ünsürlərdən hər birinin
haqlarını qəbula, onlar arasında bərabər haqlara görə hür bir nizam qurmağa doğru
gedirdi. Bunun üçün öncə Türkiyənin səhhətini qazanması və bu səhhət yardımıyla
Şərqdə yeni bir barış düşünüləcəkdi. Fəqət imperialist dünya Türkiyəyə bir dəqiqə
nəfəs aldırmadı: Daha bu təşəbbüsün üzərində düşünməyə vaxt qalmadan…
səbəbsiz olaraq Trablisə hücum etdi. Sonra da böyük kapitalist dövlətlər Türkiyəni
parçalamanın tətbiqatına girmək və hazırlanmağa vaxt buraxmamaq üçün Balkan
savaşını icad etdilər. Sosialistlər arasında yalnız böyük Jaures, Osmanlı dövlətinin
parçalanmasının sosialist idealına ayqırı olduğunu gördü və bunu çox açıq olaraq
ifadə və müdafiə etdi. Ona görə türk inqilabına dəyər verilməli, Şərqdə parçalama
siyasətindən vaz keçilməlidir. Türkiyənin gələcəkdə Societe des Nations-a
(Millətlər Cəmiyyətinə) həqiqi bir üzv olması üçün ixtilalın bütün əsərini
tamamlamasına imkan verilməlidir. Müsəlmanların və Osmanlı dövlətinin
millətlərarası təşkilatdan çıxarılması böyük bir ədalətsizlik olduğu kimi, ayrıca çox
böyük bəsirətsizlik olacaqdır. Çünki bu surətlə İslam aləmini gələcəkdəki barış
baxımından təhlükəli bir qaynaşma içində buraxmış olacaqdır. Halbuki bu aləm
modern mədəniyyətdə bir yer almağa böyük bir istək duymaqdadır. Əgər böyük
Jaures tragik bir surətdə ölməmiş, Stokholm Konqresində aramızda bulunmuş
olsaydı, bu çox yayğın olan türk düşmənliyi (turcophobie) ilə mücadilə edərdi.
Çünki o, Türkiyənin mühafizəsinə və bağımsız Türkiyənin Şərqdə barışı davam
etdirmək üçün biricik təminat olduğuna qane idi. Türklərin dünya savaşına
girmələri də imperialist saldırmaların doğurduğu bir əmrivaki olmuşdur. Çanaqqala
zəfəri imperialist dünyanın irəliləməsi üçün bir baraj olmuş və bu böyük hadisə
Doğu millətlərinin oyanmasına imkan hazırlamışdır…”.
Azərbaycanlı professor beynəlxalq tribunada Türkiyənin və türk millətinin haqqını
bu şəkildə və bu sözlərlə müdafiə edirdi. Onda hələ Birinci Dünya savaşı
bitməmiş, Osmanlı imperatorluğu tamam çökməmiş, Türkiyə Cümhuriyyətinin
qurulmasına isə sayılı illər qalırdı…
XX yüzilin əvvəllərindəki həqiqətlər Amerikanın tarix kitablarında varmı,
yazılıbmı? Varsa, necə var? Məsələn, amerikalı gənclərin orta və ali məktəblərdə
“Avropa cəmiyyət tarixi”, “Dünya tarixi” kimi kitablardan oxuyub-öyrəndikləri
bunlardır: “Osmanlı sultanı Abduhəmid 1915-ci ildə erməniləri ruslara yardım
etməklə haqsız yerə suçlayaraq, ölkədə yaşayan bütün ermənilərin öldürülməsini
əmr etdi… Soyqırım iki yüz min erməninin ölümü ilə nəticələndi. (M.Perry).
“Ənvər Paşaya görə, türk və müsəlman olmayan kimsələr Türkiyəyə sadiq ola
bilməzdilər. Paşa 1915-ci ildə bir milyon erməninin öldürülməsi əmrini verdi.
(B.L.Linder).
Kitabdan-kitaba ötürülən bu tezislərdə göründüyü kimi, dəyişən yalnız guya
genosidə məruz qalmış ermənilərin sayıdır…
Ədəbiyyat kitabları da belə yalanlarla nəfəs alır… Bu yalanlar yüz ildir ki, Amerika
gəncliyinin süuraltına yeridilməkdədir.
Bizdə isə 1914-15-ci illərdə Osmanlının sınırları daxilində ermənilərin törətdiyi
məzalimlər, vəhşiliklər barədə Hüseyn Cavidin “Qars və Oltu ətrafında alçaqcasına
qətl və yağma edilən məzlumlar üçün” başlığı ilə yazdığı şeirdən başqa modern bir
ədəbi örnək tapmayacaqsınız. Fəqət, o şeir də sovetlər dönəmində Cavidin
əsərlərinə, sadəcə, “Məzlumlar üçün” adı ilə daxil edilib. Qars və Oltu ətrafında
alçaqcasına qətl və yağma edilən məzlumların kimliyi mətndən çıxarılıb. Şeirdə
Cavidin həm ənənəvi humanizmi, həm də milliyyətçi görüşləri iç-içədir. Həm
indiki kimi erməni məzaliminə nəinki seyirçi qalan, hətta bəzən ona dəstək olan
dünyaya, həm də erməni təcavüzünə məruz qalan türklərə – bizə xitabdır…
Qars və Oltudakı vəhşətlərin mənzərəsi isə tükürpədicidir. Bütün kişilər qətl
edilmiş, 1500-ə yaxın qadın və uşaq Oltu çayında boğulmuşdu. Qars və Oltudakı
türk zərərdidələrinə maddi və mənəvi yardımları isə Bakıda İslam Xeyriyyə
Cəmiyyətini quraraq və özü də yarım milyon qızıl pul ianə edərək Hacı
Zeynalabdin Tağıyev gerçəkləşdirmişdi. Tağıyevin rəhbərliyi ilə Bakı və gəncəli
sahibkarların və ziyalıların timsalında Azərbaycan cəmiyyəti Qars və Oltunun
fəlakətdən qurtulması üçün, Qars zərərdidələrini – sağ qalsalar da canlı cənazə kimi
çöllərə səbil olmuş kimsəsizləri himayə etmişdi… Əsas məsələ yetim qalmış türk
çocuqlarını qorumaq idi.
Cavidin şeiri isə 1915-ci ildən qabaq, 1914-cü ilin dekabrında Naxçıvanda
yazılıb… Şeirin varlığı da isbat edir ki, soyqırımını, genosidi 1915-ci ildə türklər
ermənilərə qarşı deyil, 1914-cü ildə ermənilər türklərə qarşı törədib. Hüseyn Cavid
1914-cü ildə Qarsda, Oltuda öldürülən körpələrin, qadınların faciəsinə bu misilsiz
poetik lövhəni yaratmaqla ayna tutmuşdu:
Kəfənli çölləri al lalələr qılar təmcid.
O qarlı dağları təzyin edən qızılgüllər
Deyil cənazə… birər xəndədir, həyata gülər.
Gülər bəni-bəşərin duyğusuz səfillərinə,..
Fəqət qalanlar, o bikəslər – ah ya Rəbbi!
Nə yapsın!? İştə qoşar canlı bir cənazə kibi.
Qoşar zəlami-fəlakətdə ac, soluq, bihuş,
Qoşar ümidi-səadətlə müztərib, mədhuş.
Qoşar, qoşar da arar bir şərareyi-iman,
Arar zəlami-fəlakətdə şöleyi-vicdan.
Fəqət nə çarə!? Sönər həpsi, yoq ümidi-nicat.
Qulaqlar iştə sağır, kimsə dinləməz, heyhat!..
…Ah, əvət, həp dəyişdi ruhi-bəşər,
Hökm edər şimdi başqa fəlsəfələr.
Haq, ədalət, təbiət iştə bu gün
Əbdi-məzluma qarşı pək küskün…
Yaşadan kainatı qüvvətdir,
Gücsüzün həp nəsibi zillətdir.
Yaşamaq istəsən çalış, çabala,
Rəd olub gurla, bərq olub parla!
Yoqsa fəryadü nalə zaiddir,
Bir həqiqət bu: “əzməyən əzilir!..”.
Maraqlıdır, iki həftə əvvəl Paşinyanın Ermənistan parlamentindəki sərsəm çıxışına
cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi 1937-ci ildə erməni
müstəntiqlərinin zavalına uğramış Hüseyn Cavidin Siyavuşun dilindən yazdığı
sözlərlə cavab verdi: “Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana
elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:
Yurdumuzu çiynəyən
Sayğısız hər kim olsa
İnan ki, çox sürmədən
Diz çökəcək qarşıda”.
Məncə, bu, həm milli-məfkurəvi ədəbiyyatımızın, həm də bu ədəbiyyatın dilində
danışan diplomatiyamızın mənəvi zəfəri idi.
Bayden İstanbulu Konstantinopol adlandırdı.
Devlet Bahçeli demişkən, Bayden “bir de Konstantinopolis ibarəsini kullanmışdır.
Osmanlı İmperatorluğunda böylə bir isimləndirməylə anılan bölgə və ya bir şəhər
yoxdur. Bizim İstanbulumuz vardır və dünyanın ən böyük Türk şəhəridir. Okeanın
ötəsindən baxınca necə gördüklərinin, nəyi görmək istədiklərinin bizim
nəzərimizdə bit qədər dəyəri olmayacaqdır. Konstantinopolis səhifəsi 568 il öncə
qapanmışdır”.
568 il öncə İstanbulun fəthi “o vaxtın şərtlərinə görə Asiyanı Avropanın istilalarına
qapamış olurdu” (Yahya Kamal Bayatlı).
Bir də 1915-ci ildə Əli bəy Hüseynzadənin təbirincə, “Çanaqqala zəfəri imperialist
dünyanın irəliləməsi üçün bir baraj olmuş və bu böyük hadisə Doğu millətlərinin
oyanmasına imkan hazırlamışdır”.
Söz sözü gətirir. Uzun illər Azərbaycanda Hüseynzadənin Stokholm konqresinə
qatıla bilmədiyini yazdılar. Türkiyədə də bu məsələlər geniş araşdırılmadı. Amma
nəinki konqresə qatıla bilməmək, nəinki konqresdə çıxış… O günlərdə İsveç
paytaxtına gəlmiş Hüseynzadə rus sosialist nümayəndələriylə faydalı təmaslarda
bulunmuş, alman sosialistlərinin liderləri ilə, o cümlədən Birinci Dünya
müharibəsindən sonra Almaniyanın ilk prezidenti olan Evertlə görüşüb
söhbətləşmiş, hələ üstəlik, ermənilərin türk milləti əleyhinə apardıqları
propaqandaya qarşı antipropaqanda yapmaq məcburiyyətində qalmışdı.
Bayden erməni soyqırımı məsələsini yenidən dünyanın gündəminə gətirdi.
Əslində, Bayden təkcə Türkiyə-Amerika münasibətləri baxımından deyil,
ümumilikdə, Amerika tarixi baxımından yanlış addım atdı. Bununla Bayden öz
əcdadlarının əməllərini də dünyanın siyasi gündəminə gətirdi. Hamı yenidən
xatırladı ki, onlar Amerikada yerli əhalini – qızıldərililəri kütləvi şəkildə qırıblar.
Aprelin 24-dən üzü bəri keçən bu bir neçə gündə politoloqlarımız Baydenin bu
açıqlamasının ardından daha nələr ola biləcəyini çözür, proqnozlar verir. Kədərli
gözləntilərdən biri də budur ki, Amerikadan sonra ondan çəkinən bəzi Avropa
ölkələrində də uyğun açıqlamalar verilə bilər…
Hansı Avropa?
XX yüzildə Amerika qızıldərililərinin mifolojisini tədqiq edən struktural
antropologiyanın qurucularından Levi Stross “bəlli mədəniyyətlərin və
sivilizasiyaların başlanğıcındakı ilk halqa qızıldərililərdir”, – deyə
Avropasentrizmin ehkamlarını dağıtdı.
Dünya tarixində ilk sistemli genosid isə Amerika qitəsində qızıldərililərin kütləvi
şəkildə məhv edildiyi illərdə baş verib…
28 aprel 2021