Genel

AZƏRBAYCAN RESPUBLIKASI KONUSTITUSIYASINDA İNSAN HÜQUQ VƏ AZADLIQLARI

Lətafət Beybutova
Lətafət Beybutova

AZƏRBAYCAN RESPUBLIKASI KONUSTITUSIYASINDA İNSAN

 HÜQUQ VƏ AZADLIQLARI

Lətafət Beybutova Ələsgər qızı

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri

qubatovaltaft@gmail.com

İnsan dünyaya gəldiyi gündən  ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayır. Yer üzündə hər bir insanın irqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq hüquqları var, onların  hüquq və azadlıqları sərbəstdir, toxunulmazdır. Hətta hər hansı səbəbdən belə  cinayət törədərək həbsxanaya düşən insanın da öz hüququ var. Tanrı  yer üzündə yaşayan  canlılar  arasında  təkcə insana   zəka, düşüncə, şüur, özünüdərk, təffəkür, məntiq, dil ünsiyyəti və qurub yaratmaq kimi üstünlüklər bəxş edib. İntellektli, dünyagörüşlü insan daim öz üzərində çalışaraq irəliyə doğru can atır, qurub yaradır. Azad, hüquqlu, bilikli insan cəmiyyət və dövlət üçün gərəkli işlər görür, ölkəsinin müstəqilliyi, inkişafı üçün öhdəsinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Hər bir cəmiyyətin hüquqi dayağı onun konstitusiyasıdır. Hüquqlar ümumbəşəri dəyərlərdir. Onlar hər kəsə, məhz insan olduğuna görə, heç bir ayrı-seçkiliyə yol vermədən mənsubdur. Hər kəs bərabər insan hüquqlarına malikdir və ləyaqətinə hörmət edilməyə haqqı vardır.

II dünya müharibəsi başa çatdıqdan sonra qalib dövlətlər ABŞ prezidenti Ruzveltin təşəbbüsü ilə dövlətlər arasında sülhü və bütün dünyada insan hüquqlarını təmin edə biləcək daimi beynəlxalq təşkilatı Birləşmiş Millətlər Təşkilatını yaratmaq qərarına gəlmişlər. BMT-nin 26 iyun 1945-ci ildə qəbul olunmuş nizamnaməsində maddələrin birində göstərilirdi ki, bu təşkilatın vəzifəsi “hamı üçün irqinə, cinsinə və dininə görə heç bir ayrı-seçkiliyə yol vermədən insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət və əməl edilməsinə kömək etməkdir” (1.55-ci maddə).  Bununlada, insan hüquqlarının beynəlxalq hüququn subyekti kimi tanınması yolunda ilk addım atıldı.

Demokratik ölkələrin təşəbbüsü ilə ABŞ prezidenti Ruzveltin arvadı Eleonorun başçılıq etdiyi xüsusi komitə özündə dövlətin poza bilməyəcəyi əsas insan hüquqlarının siyahısını əks etdirməli olan beynəlxalq bəyannamə üzərində işə başladı. Bu, böyük gərginlik və həssaslıq tələb edən bir iş idi: Qərb ölkələri bəyannamədə əsasən siyasi və vətəndaş hüquqlarının əks olunmasına çalışdıqları halda, SSRİ nümayəndələri tələb edirdilər ki, bəyannamədə üstünlük sosial və iqtisadi hüquqlara verilsin, belə ki, onların fikrincə, bu hüquqlar SSRİ-də lazımınca təmin edilmişdi və bunlarsız siyasi hüquqların heç bir əhəmiyyəti yox idi. Bəyannamədə hər iki tələbə əməl olundu, lakin sosialist ölkələri onu imzalamaqdan imtina etdilər.

Bəyannaməni 10 dekabr 1948-ci ildə BMT-nin 48 ölkəsi qəbul etdi (həmin gün Beynəlxalq insan hüquqları günü sayılır). Sənədi din azadlığı barədəki müddəa ilə razılaşmaq istəməyən Səudiyyə Ərəbistanı, irqi bərabərliklə razılaşmaq istəməyən Cənubi Afrika Respublikası və bəyannamədə göstərilmiş siyasi hüquqlardan ehtiyatlanan SSRİ, Polşa, Çexoslovakiya və Yuqoslaviya imzalamaqdan imtina etdilər. 

Bəyannamənin beynəlxalq sənəd statusu yox idi, o, yalnız insan hüquqları sahəsində ölkələrin can atmağa vəd etdikləri beynəlxalq standart kimi qəbul olunmuşdu. Lakin bu sənədin olduqca böyük mənəvi və ideoloji əhəmiyyəti var idi. İlk dəfə etiraf olunurdu ki, insan hüquqları universal ümumdünya xarakteri daşıyır və dünya ölkələri arasındakı mədəni, tarixi və ictimai fərqlərdən asılı deyildir. Bundan başqa, insan hüquqları daha ölkənin daxili işi sayıla bilməzdi.

Müstəqil yaşamaq haqqını təmin etmiş hər bir ölkədə Konstitusiya təkcə dövlətçiliyin hüquqi bazasını yox, həm də xalqın milli inkişaf prioritetlərini müəyyənləşdirən, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsini  təmin  edən  fundamental  hüquqi  sənəddir. Konstitusiya  dövlət qanunlarının təməl prinsiplərini müəyyən edən  Əsas  Qanun  olmaqla  hökumətin fəaliyyətini nizamlayır, insanların çəmiyyətdə və biri-birinə münasibətdə əxlaqi davranışlarını qaydaya salır.

Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini elan edərək beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildikdən sonra demokratik cəmiyyətin atributu olan, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulu ciddi vəzifə kimi qarşıda dayanırdı. Bu, ilk növbədə, totalitar rejimdən liberal cəmiyyətə transfer olunmaq istəyən Azərbaycanda keyfiyyətcə yeni dövrün tələblərinə cavab verən demokratik hüquq sistemi formalaşdırmaq, dövlətin inkişaf perspektivlərini xalqın iradəsinin təcəssümü olan Konstitusiya ilə müəyyənləşdirmək zərurəti ilə şərtlənirdi.

1991-1993-cü illərdə hakimiyyətdə xalqımızın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun reallaşdırılması, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

Dövlətçiliyə qarşı yönəlmiş qəsdlərin qarşısı alındıqdan sonra 1995-ci il mayın 2-də Milli Məclisin iclasında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi. Həmin qərarla komissiyanın tərkibi sədr müavinindən və 32 üzvdən ibarət müəyyənləşdirildi.   İşin həcmi, əhəmiyyəti nəzərə alınmaqla, o cümlədən ayrı-ayrı vətəndaşlar, təşkilatlar və dövlət orqanları tərəfindən daxil olan təkliflərin dərindən öyrənilməsi məqsədilə komissiyanın 1995-ci il 5 iyun tarixli qərarı ilə işçi qrup yaradıldı. Həmin iclasda çıxış edən ümummilli lider Heydər Əliyev Konstitusiyanın xalqın və dövlətin taleyində müstəsna əhəmiyyətini nəzərə alaraq deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü– ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti–bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqları və azadlıqları hüquqi dövlət quruculuğunun təməlini təşkil edən, cəmiyyətin demokratik inkişafı və insan ləyaqətinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyan bir məsələdir.
Hər bir cəmiyyətin hüquqi dayağı onun konstitusiyasıdır. Azərbaycan Respublikasının 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyası isə dövlətimizin hüquqi və siyasi əsaslarını formalaşdırmaqla yanaşı, insan hüquq və azadlıqlarının qorunmasını da təmin edən ali hüquqi sənəddir. Konstitusiyanın preambulasında da bu açıq şəkildə ifadə olunur – insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması dövlətin əsas vəzifələrindən biri kimi göstərilir.

         Konstitusiyanın III fəslində “İnsan və vətəndaşın əsas hüquq və azadlıqları” başlığı altında ümumilikdə 48 maddə toplanmışdır. Bu maddələr şəxsin hüquqi statusunu müəyyənləşdirir və bu hüquqların mahiyyətcə toxunulmaz, ayrılmaz və doğuşdan əldə edilmiş olduğu bəyan edilir.

Şəxsi və mülki hüquqlar: Konstitusiyada insanın yaşamaq hüququ – ən fundamental hüquq kimi göstərilir. Həyatın toxunulmazlığı prinsipi həm milli hüquqda, həm də beynəlxalq hüquqi sənədlərdə əsas yer tutur.  Həmçinin şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, şəxsi həyatın gizliliyi və şərəf və ləyaqətin müdafiəsi hüquqları da təsbit olunmuşdur. Mülkiyyət hüququ da Konstitusiyanın qoruduğu əsas prinsiplərdəndir. Vətəndaşlar mülkiyyət sahibi olmaq, ondan istifadə etmək və onu qanuni yolla miras qoymaq hüququna malikdirlər. Bu hüquq dövlət və özəl mülkiyyət arasında bərabərlik prinsipinə əsaslanır.

 Siyasi hüquqlar: Siyasi hüquqlar vətəndaşların dövlətin idarə edilməsində iştirakını təmin edən mühüm vasitələrdir. Konstitusiyaya əsasən, hər bir Azərbaycan vətəndaşı seçki hüququna malikdir – həm seçmək, həm də seçilmək hüququ var. Sərbəst toplaşmaq, siyasi partiyalara qoşulmaq və fikir azadlığı da bu kontekstdə mühüm rol oynayır. 

Sosial-iqtisadi və mədəni hüquqlar: Konstitusiya təhsil, əmək, istirahət, sosial təminat və səhiyyə hüquqlarını da əhatə edir. Bu hüquqlar birbaşa dövlətin sosial siyasətinə bağlıdır və vətəndaşların rifahını artırmaq məqsədi daşıyır[2]. Məsələn, təhsil hüququ pulsuz orta təhsili nəzərdə tutur, eyni zamanda ali təhsil almaq imkanı da dövlət tərəfindən dəstəklənir. Mədəni hüquqlar çərçivəsində isə hər bir vətəndaşın milli və mənəvi dəyərləri yaşatmaq, elmi və bədii yaradıcılıqla məşğul olmaq hüququ Konstitusiyada təmin edilir.

Hüquqların məhdudlaşdırılması və balans mexanizmləri: Konstitusiya hüquq və azadlıqların toxunulmazlığını tanısa da, müəyyən hallarda onların məhdudlaşdırılmasına yol verir. Bu hallar yalnız qanunla müəyyən edilir və demokratik cəmiyyətin əsas prinsipləri–milli təhlükəsizlik, ictimai asayiş, başqalarının hüquqlarının qorunması – ilə əsaslandırılmalıdır. Bu, hüquqi sistemdə balans yaratmaq üçün vacibdir.

Hüquqların təminatı və müdafiə institutları: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi məhkəmələr və İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman hüquqların müdafiəsində əsas orqanlardır. Ombudsman institutu 2002-ci ildə yaradılmış və bu institut hüququ pozulmuş şəxslərin şikayətlərini araşdırmaqla bərabər, dövlət qurumlarının insan hüquqlarına yanaşmasına da nəzarət edir. 

Beynəlxalq öhdəliklər və uyğunluq: Azərbaycan bir sıra mühüm beynəlxalq sənədlərə qoşulmuşdur. Bunlara BMT-nin İnsan Hüquqları Bəyannaməsi (1948), Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt (1966), Avropa İnsan Hüquqları Konvensiyası (1950) daxildir. Ölkəmiz  2001-ci ildən etibarən Avropa Şurasının üzvüdür və bu çərçivədə Azərbaycan vətəndaşları hüquqları pozularsa, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər. 

Konstitusiyanın 71-ci maddəsində qeyd olunur ki, hüquq və azadlıqlar yalnız qanunla və demokratik cəmiyyətin, dövlətin təhlükəsizliyinin, ictimai asayişin və əxlaqın qorunması məqsədilə məhdudlaşdırıla bilər. Eyni zamanda, insan ləyaqəti, həyat hüququ, işgəncəyə və qeyri-insani rəftara məruz qalmamaq kimi hüquqlar heç bir halda məhdudlaşdırıla bilməz.  Azərbaycan Respublikası insan hüquqlarının qorunması üçün həm milli, həm də beynəlxalq səviyyədə təsirli  mexanizmlər  tətbiq edir.  Milli səviyyədə vətəndaşların hüquqlarını məhkəmələr, hüquq-mühafizə orqanları və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) müdafiə edir. Beynəlxalq səviyyədə isə Azərbaycan Avropa Şurasına üzv olaraq Avropa İnsan Hüquqları Konvensiyasını qəbul etmişdir və vətəndaşlarımız Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilirlər.

Azərbaycan Respublikası Konstitusiyasının “Şəxsi toxunulmazlıq hüququ” adlanan  32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.  Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. 

Azərbaycan Respublikası Konstitusiyasının “Milli mənsubiyyət hüququ” adlanan 44-cü maddəsinə əsasən, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Bundan əlavə, dövlət dilimizin Azərbaycan dili (maddə 21) olmasına baxmayaraq, 45-ci maddə hər kəsin ana dilindən istifadə, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququnu müəyyən edir.  Milli mənsubiyyətini müəyyən etmək azadlığı və ana dilindən istifadə etmək hüququ insan hüquqlarının müdafiəsi sahəsində əsas sənədlər hesab edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasında öz əksini tapmışdır. Göstərilən aktlar irqi, dərisinin rəngi, 61 cinsi, dili, dini, siyasi və digər mənsubiyyəti, milli və sosial mənşəyi, əmlak vəziyyəti, anadan olma və digər şəraitinə münasibətdə heç bir fərq qoyulmadan onun ərazisində yaşayan və yurisdiksiyası altında olan bütün şəxslərin hüquqlarını təmin etməyə və ona hörmət etməyə yönəlmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsi vicdan azadlığı prinsipini təsbit edir. Konstitusiyaya əsasən hər kəsin vicdan azadlığı vardır.  Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və ya yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının müdafiəsini hüquqi dövlətin əsası kimi müəyyən etmişdir. Bu hüquqlar yalnız qanun çərçivəsində və demokratik prinsiplərə uyğun şəkildə məhdudlaşdırıla bilər. Hüquqların həyata keçirilməsi üçün həm milli, həm də beynəlxalq müdafiə vasitələri mövcuddur. Hüquqi maarifləndirmə və hüquqi mədəniyyətin inkişafı insan hüquqlarının daha effektiv qorunmasının vacib şərtidir. Konstitusiyada əks olunan insan hüquq və azadlıqları yalnız hüquqi prinsiplər deyil, həm də cəmiyyətin dəyər sistemini ifadə edir. Bu hüquqların qorunması isə yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Hüquqi şüurun artırılması, insan hüquqlarının təşviqi və müdafiəsi üçün həm fərdi, həm də ictimai səylər göstərilməlidir.

Ədəbiyyat  siyahısı


  1.   Azərbaycan Respublikasının Konstitusiyası, 1995.

  • Avropa İnsan Hüquqları Konvensiyası, 1950.
  • Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında       

      Qanun, 2002.

  • BMT İnsan Hüquqları Bəyannaməsi, 1948.
  • Elmira Süleymanova,  Zaur Əliyev; İnsan Hüquqları mühazirələr toplusu: Bakı – 2014
  • Əliyev Ə.İ. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. Dərslik. Bakı, 2009
  • Əliyev Ə.İ. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya       
  • “İnsan Hüquqları və Dövlətin Vəzifələri”, Hüquqşünas Təranə Məmmədova, 2020.
  • Rafael Cəbrayılov, Milli Məclisin deputatı Xalq qəzeti.- 2009.- 13 noyabr.- S. 5.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest