Azərbaycanın dövlət siyasətində Qarabağa aparan yol
Vətən müharibəsinə həsr edilmiş “Azərbaycanın dövlət siyasətində Qarabağa aparan yol” adlı kitab işıq üzü görüb.
Kitabda 44 günlük Vətən müharibəsinə həsr edilmiş və bu müharibədə 20 saylı orta məktəbin şəhidlik zirvəsinə ucalmış şəhidlərinə həsr edilib. Əsasını Ulu öndər Heydər Əliyevdən başlanğıcını götürən, cənab Prezident İlham Əliyev tərəfindən də davam etdirilən dövlətçilik siyasəti öz əksini tapmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, xüsusilə də Qarabağın işğaldan azad edilməsi yolları nəzərdən keçirilib.
Kitabın müəllifi Bakı şəhəri, Yasamal rayonu, 20 saylı məktəb-liseyin müəllimi Sevda Heydərova, elmi redaktor və ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru Ramil Rüstəmov, rəyçiləri isə AMEA Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev və AMEA Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblıdır.
Oxuculara təqdim olunan bu kitabda Azərbaycan Respublikasının dövlətçilik siyasəti və bu siyasətdə önəmli yer tutan Qarabağ məsələsi haqqında məlumat verilmişdir. İstər wmummilli lider Heydər Əliyevin, istərsə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik siyasətində Qarabağ həmişə prioritet məsələ olmuşdur. XX yüzilliyin sonları Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi. Ölkə daxili və xarici düşmənlərin əli ilə parçalanmaqda idi. Azərbaycanı güclənməkdə olan fəlakətdən Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilas etdi. Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü Heydər Əliyev onilliyidir. Məhz bu dövrdə “müvəqqəti atəşkəs rejiminin” yaradılması ilə Ermənistanın işğalçılıq siyasəti dayandırılmış, ölkədə daxili sabitliyə nail olunmuş, dövlətçiliyimiz möhkəmləndirilmiş, hərbi sənayemiz qurulmuş, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar keçirilmiş, qlobal layihələrə imza atılmış, respublikamız tədricən dünya birliyinin sıralarında yer almış və sayılıb-seçilməyə, söz sahibi olmağa başlamışdı. Azərbaycanın bütün sahələrdə güclənməsinə baxmayaraq Qərb və rus diplomatiyasının gücü ilə formalaşdırılmış, xristian Ermənistanına himayəçilik etmək, münaqişəni dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün təsis edilmiş ATƏT-in Minsk qrupu 28 il ərzində “məkik diplomatiyası” yolu ilə problemin hərbi yolla həllinə imkan verməmişdi. Nəinki imkan verməmiş, hətta BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qəbul etdiyi qətnamələr, habelə AŞPA və ATƏT-in özünün qəbul etdiyi qətnamə və qərarların da kağız üzərində qalmasına səbəb olmuşdu. Süni şəkildə yaradılmış çətinliklərə, xristian həmrəyliyinə, Ermənistana edilən havadarlığa, onun hərtərəfli şəkildə silahlandırılmasına, regionda gedən geosiyasi mübarizəyə baxmayaraq, zaman Azərbaycanın xeyrinə işləyirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə diplomatik-siyasi müstəvidə getdiyi üçün bu mübarizə səbir, qətiyyət və iradə tələb edirdi. Ümummilli lider Heydər Əliyev təsadüfi olaraq demirdi ki: “Diplomatiya döyüş meydanı deyil, burada siyasətçilər təvazökarlıq, səbir, iradə və əzm göstərməklə istədiklərinə nail ola bilirlər”. Bu əzm və qətiyyəti onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərdi və göstərməkdə davam edir.
Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994-cü illər arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal edərək 27 il ərzində vaxtilə çiçəklənən bir diyarı “boz zonaya” çevirmişdi. Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi torpaqları cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzliyi haqqında mifi” darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi. Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ermənistanda ciddi çaşqınlıq, çaxnaşma və olduqca mürəkkəb vəziyyət yaratdı.
Qarşıda bizi müxtəlif dövlətlərin geosiyasi ambisiyalarının toqquşduğu kifayət qədər mürəkkəb, görünən və görünməyən tərəflərə malik sülh müqaviləsinin imzalanması ilə bağlı diplomatik-siyasi mübarizə, hərb yolu ilə əldə edilənlərin diplomatik-siyasi müstəvidə təsbit edilməsi kimi çətin vəzifələr gözləyir. Buna görə də sülh müqaviləsi imzalanarkən Ermənistanın Türkiyəyə və Azərbaycana ərazi iddialarından birmənalı olaraq imtina etməsi, türk dünyasına qarşı informasiya müharibəsini dayandırması məsələlərinə xüsusi yer ayırmalıyıq.
Möhtərəm prezident Cənab İlham Əliyev görüşlərində “Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır” şüarını səsləndirərək haq səsimizi dünyaya bəyan etmişdir. 20% torpaqlarımızın sülh yolu ilə qaytarılması üçün bütün gücünü səfərbər etmişdir. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun gücü və şücaəti sayəsində mənfur düşmənlər hər zaman öz layiqli cavablarını almışdlr. Bunu 12 iyulda başlayan Tovuz döyüşləri və 44 gün ərzində işğaldan azad edilən 20% torpqlarımızın qaytarılması sübur edir. Dünya azərbaycanlılarının sevgisini qazanan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Alı Baş Komandanı, Prezident İlham Əliyevin verəcəyi qərarlar və çıxışları böyük sevincə çevrildi və sevilərək izləndi. Müzəffər Azərbaycan Ordusunun gücü, yenilməzliyi sayəsində azad ediən Qarabağ torpaqları haqqında qərarı ilk olaraq Ali Baş Komandan İlham Əliyevin təqdimatında eşitmək hər kəsin diqqətini efir xəbərlərinə cəmlədi.
“Yeni Tarix” yazan əsgərlər sirasinda məktəbimizin məzunlarınında öz qəhrəmanlığı var. Arif Hüseynzadə adına 20 saylı məktəb liseyin məzunu Səfərov Məmmədağa Balakişi oğlu şəhid oldu, 19 məzunumuza qazı adı verildi.
Beləliklə, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Sübhan Talıblı,
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent