Genel

AZƏRBAYCAN – TÜRK BAYRAĞI

 Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

YUSİF NƏĞMƏKAR

AZƏRBAYCANTÜRK BAYRAĞI

Məğrurluğu tərkedilməz,

Siz sancılan Yurd yenilməz –

Ey Tanrısal, vəsfəgəlməz,

Azərbaycan,Türk bayrağı.

*****

Varlığınız güvəncimiz,

Yarlığınız – yar incimiz,

Zəfər donlu sevincimiz –

Azərbaycan,Türk bayrağı.

*****

Ay, ulduz-səmavi dəstə,

Bəyazlıq ali al üstdə,

Al da, yaşıl da ruh bəstə –

Azərbaycan,Türk bayrağı.

*****

Atlaz zəmin üstdə qumaş,

Qoşa namus, qoşa ardaş,

Qoşa sirdaş, qoşa qardaş –

Azərbaycan,Türk bayrağı.

*****

Mərdlik – əzəl ünvanınız,

Arkadaşlıq – hər anınız,

Həp birlikdə dalğalanız –

Azərbaycan, Türk bayrağı.

*****

Birdən yaranan ikilik,

İkilikdən doğan birlik,

Hər çalarında dirilik –

Azərbaycan, Türk bayrağı.

*****

Anası bir – əkiz övlad,

Birdi əsli, soyu, əlbət,

Ey bir millət,iki dövlət –

Azərbaycan, Türk bayrağı.

*****

Hər zəhmi, zəhmətçiyi bir,

Hər rəhmi, rəhmətçiyi bir,

Əsgəri, Mehmetçiyi bir –

Azərbaycan, Türk bayrağı.

*****

Bu vəhdətdən ha yaz, keçməz,

Qış adlayıb, ayaz keçməz,

Arasından Araz keçməz,

Azərbaycan, Türk bayrağı.

*****

Totemi-Bozqurd-Göy oğlu,

Savaş-yolgöstərən ağlı…

Qurd dişi nəzərə bağlı –

Azərbaycan, Türk bayrağı.

*****

Kəsər söz, ayıq baş, ağ üz,

Şərqi-türküsü bir ağız,

Kökü Şumer, Şaman, Oğuz –

Azərbaycan, Türk bayrağı.

*****

Oğuz Qayı boyu doğrul,

Süleyman oğlu Ərtoğrul;

Ər nəsildən Osmanı bul,

Azərbaycan, Türk bayrağı.

*****

Alban, Qıpçaq, Hun börküyəm,

Şərhsiz bir şərqi, türküyəm,

Azərbaycanım – Türkiyəm –

Azərbaycan, Türk bayrağı.

*****

Biz Türkləriz – mərdlər dəsi,

“Çadırımız – göy qübbəsi”;

Bilgə Kağan təntənəsi –

Azərbaycan, Türk bayrağı

*****

Hürr bəhərindən barınım…

Andım, imanım, ”Quran”ım,

Pak qibləm yönü Turanım –

Azərbaycan, Türk bayrağı.

*****

Ozandan əzana gələn,

Yazandan yozana gələn,

Dürüst bir mizana gələn

Azərbaycan, Türk bayrağı.

*****

Şəhid qanıyla güllənən,

Hünər şanıyla dillənən,

Çanaqqalada yellənən

Azərbaycan, Türk bayrağı.

*****

Zaman – zaman zülmü tərk mən,

Yer üzündə göyə görk mən…

Ulu Səlcuq, Təkə Türkmən –

Azərbaycan, Türk bayrağı.

*****

Yetirilən – ayparası,

İtirilən – xətər yazı…

Qarış – qarış qaytarası –

Azərbaycan, Türk bayrağı.

*****

Zülmətlər biçib, gəldiniz,

Sidqən and içib, gəldiniz,

Odlardan keçib, gəldiniz,

Azərbaycan, Türk bayrağı.

*****

Osmanlı, Səfəvi, ayıl;

Sultan Səlim, Şah İsmayıl,

Çaldıranda barış sayıl…

Azərbaycan, Türk bayrağı.

*****

Azmı mənəmlik riqqəti;

Ötən əyyamlar hiddəti?!

Əksliklərin vəhdəti –

Azərbaycan, Türk bayrağı.

*****

Məhəbbətdir qoynundakı,

Suyu, odu, yeli, xakı,

Ankara, İstanbul, Bakı –

Azərbaycan, Türk bayrağı.

*****

Güman yeri Yer bəndimin;

Təbrizimin, Dərbəndimin…

Hər şah misram, hər bəndimin

Azərbaycan, Türk bayrağı.

*****

Ağrıdağın ağı zərdi,

Ruh nə əkdi – can becərdi,

Ərzurumdu, Kəlbəcərdi

Azərbaycan, Türk bayrağı.

*****

Göydə laylan,Yerdə yer aş,

Ulduza dön, günə yaraş,

Şuşa,İzmir, Gəncə,Maraş –

Azərbaycan, Türk bayrağı.

*****

Ağ, Mərmərə, Egey, Xəzər,

Qaradəniz – aydın nəzər…

Könül – könül, əl – əl gəzər

Azərbaycan, Türk bayrağı.

*****

 Dönməz qəlb – Kövrək ”şüşə”li,

Həm səkkiz, həm beşgüşəli,

Əzəl İmandan rişəli

Azərbaycan, Türk bayrağı.

*****

Şəhpər qanadlı istiqlal,

Təpər inadlı istiqbal,

Alın yazım – qədər, iqbal –

Azərbaycan, Türk bayrağı.

*****

Eeheeyy, şərə uzanan əl,

Eşit, bədxah, xəbis əməl,

Sarsılmazdır bu tunc təməl –

Azərbaycan, Türk bayrağı.

*****

Qərib bilmə, nankor yağı,

Gelibolu, Qarabağı!…

Gözmüzün qarası, ağı

Azərbaycan, Türk bayrağı.

*****

Ruhu göylər, göyü Göytürk,

Bayanı xan, bəyi bəy türk,

Mutlu millət, milli, yey türk –

Azərbaycan, Türk bayrağı.

*****

Qayələnsin, bəyan olsun,

Ayələnsin, əyan olsun!…

Cahana nur yayan olsun

Azərbaycan, Türk bayrağı.

*****

Haqqa səslər bölgələri;

Qitələri, ölkələri,

Gündoğandır kölgələri –

Azərbaycan, Türk bayrağı.

*****

Baş – başadır miz üstündə,

Yeri könül, göz üstündə,

Önündəyik diz üstündə –

Azərbaycan, Türk bayrağı.

*****

Doğma yurdların can səsi,

Cümhuriyyət iradəsi,

Məslək, amal təntənəsi –

Azərbaycan, Türk bayrağı.

*****

Sancıl qüdrət dərgahında,

Yerin, göyün cinahında,

Ucal Tanrı pənahında

Azərbaycan, Türk bayrağı.

Pin It on Pinterest