Azərbaycan-Polşa əlaqələri tarixindən
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi
Nəsiman YAQUBLU
tarix elmləri doktoru
Azərbaycan-Polşa əlaqələri tarixindən
Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə Azərbaycan-Polşa əlaqələrinin üç başlıca səbəbini göstərirdi: “Azərbaycanın Qafqaz xalqları ailəsinə mənsubluğu, ölkədə yerli türk əhalisinin çoxluğu və nəhayət bu xalqın rus imperializmi tərəfindən əzilməsi”.
M.Ə.Rəsulzadə qeyd edirdi ki, azərbaycanlılar Polşanın ən cəsur oğullarının Şamilin qəhrəmanlıq mübarizəsi ilə maraqlandıqları dövrü həmişə xatırlayırlar. Məlum olduğu kimi həmin dövrdə polyaklar Şamilin azadlıq mübarizəsinə artilleriya və topla kömək edirdilər. Polkovnik Teofil Lapinskinin 200 nəfərlik dəstəsi üç il Qafqazın azadlığı uğrunda mübarizə aparmışdı.
Qeyd olunmalıdır ki, Türkiyənin Polşanın bölünməsi faktını tanımaması bu xalqda Türk xalqlarına daimi rəğbət yaratmışdı.
Rusiya əsarəti altında əzilən xalqlar arasında Azərbaycanın siyasi xadimləri də Polşanın siyasətçiləri ilə ciddi əlaqələr qurmuşdular. Bu əlaqələr daxilində hələ çar Rusiyasının Dövlət Dumasında bizim nümayəndələrlə Polşa təmsilçilərinin münasibətlərini qeyd etmək mümkündür. Eyni zamanda bu əməkdaşlıq o dövrün məşhur “Federalistlər cəmiyyəti”ndə də davam edirdi. Bu cəmiyyəti isə Birinci Dövlət Dumasının başqa əyalətlərdən olan nümayəndələri yaratmışdılar. Həmin cəmiyyətin rəyasət heyətində Polşanın tanınmış siyasi xadimi A.Lednitski ilə sonradan Azərbaycan Parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov əyləşirdi.
M.Ə.Rəsulzadə Bakıda yaşamış polyaklar haqqında yazırdı: “Bakı qarnizonunda çalışan, səhv etmirəmsə, familiyası Menjinski olan polyak hərbi həkimi xatırlayıram. Onun yerli əhaliyə qarşı çox səmimi münasibəti vardı. Mənim rəhmətlik atamla, axundla yaxın dostluq münasibətində idi. Atam Menjinski haqqında həmişə deyirdi: “O əsl müsəlman ola bilərdi”. Eyni zamanda fizika və riyaziyyat müəllimimiz olan Boyçevskini xatırlayıram. O bizə yalnız fizika və riyaziyyatı öyrətmirdi, həm də rejimə qarşı nifrət yaradır, çar rejiminə qarşı üsyankarlıq ruhu formalaşdırırdı”.
Qeyd edək ki, Azərbaycan-Polşa əlaqələri tarixi haqqında ilk mənbələr XV əsrlə bağlıdır. Məhz həmin dövrdən hər iki xalq arasında siyasi münasibətlərə aid yazışmaların əsası qoyulmuşdu…
M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr edilən “Açıq söz” qəzetinin 1917-ci ilin 24 yanvar tarixli sayında isə Bakıda Henrix Senkeviçin xatirəsinə həsr edilmiş tədbir haqqında məlumat verilmişdi. Tədbir yanvarın 22-də Polşa cəmiyyəti tərəfindən təşkil edilmişdi və 40-a qədər millətin nümayəndəsi iştirak edirdi. Polyakların nümayəndəsi tədbiri açıq elan etdikdən sonra gürcülərin, yəhudilərin, çexlərin, polyakların, latışların təmsilçiləri də çıxış etdilər. Azərbaycan ziyalıları adından isə Mehdi bəy Hacınski, Əli Səbri Qasımov, Sara xanım Axundova, Nəriman Nərimanov, Rza Zəki Lətifbəyov, Əlimərdan bəy Topçubaşov çıxış etdilər.Tədbirdə M.Ə.Rəsulzadənin çıxışı çox təsirli oldu və böyük maraqla qarşılandı.
XX əsrin əvvəllərində Polşanın tanınmış neft sənayeçisi S.İ.Rılski Bakıda “Polşa Komitəsi”ni yaratmışdı və bu komitə Polşa qaçqınlarına kömək edirdi.
Eyni zamanda Bakıda ayrıca “Polşa evi” də fəaliyyət göstərirdi. “Polşa evi” tez-tez mədəni tədbirlər keçirir, maraqlı tamaşalar səhnəyə qoyurdu.
Qeyd edək ki, sonralar Polşa yazıçısı S.Strumif-Voytekviç Bakıda yaşamış polyakların həyatından bəhs edən “Mənim Bakıya qayıdışım” romanını, Stefan Jeromski isə polyakların demokratik respublika dövründəki həyatından bəhs edən “Baharın sonu” əsərini yazmışdı.
Azərbaycanlıları polyaklarla əlaqələndirən çoxlu sayda faktları sadalamaq mümkündür. Məşhur polyak şərqşünası Vladislav Kostyuşki isə 1858-ci ildə çap edilmiş yazılarında məşhur alim və şair Mirzə Kazım bəy haqqında maraqlı məlumatlar vermişdi. O, göstərmişdi ki, Mirzə Kazım bəy 18 il Polşada yaşamış və polyak dilini əsaslı şəkildə öyrənmişdi. Eyni zamanda o, Varşavaya gözəl şeirlər həsr etmişdi. Mirzə Kazım bəyin poetik nümunələri içərisində polyak dilində dini mövzuda yazdığı bir neçə şeir də var.
M.Ə.Rəsulzadə tanınmış Azərbaycan şairi Məhəmməd Hadinin Polşa haqqında olan şeirləri ilə bağlı özünün 1936-cı ildə Parisdə etdiyi “Müasir Azərbaycan ədəbiyyatı” adlı məruzəsində maraqlı faktlar açıqlayırdı.
Qeyd edək ki, çar Rusiyasının amansız rejimi şəraitində yaşayan polyaklar azərbaycanlılara qarşı imkan olanda xeyirxahlıq göstərirdilər. Milli mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzetinin nəşrinə milliyyətcə polyak əsilli Bakı qubernatoru Staroselski xeyirxahlıqla yanaşmışdı.
Bakı neft sənayesi rayonunda polyak kapitalistlər də çıxış edirdilər ki, onların arasında Rılski qardaşlarını göstərmək olar. Əsədullayev qardaşlarının neft şirkəti Polşaya neft daşıyırdı və orada çoxlu ambarları vardı.
Əslən polyak olan vəkil S.Vonsoviç isə 1918-ci ildə formalaşan ilk Azərbaycan Parlamentinin üzvü idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründəki (1918-1920) mövcud qaydalara görə, milli azlıqların nümayəndələri yalnız bir mandata sahib olurdu. Polyak S.Vonsoviç parlament iclaslarındakı çıxışlarında həmişə Azərbaycan dövlətçiliyinin və milli partiya olan Müsavatın mövqeyini müdafiə edirdi.
Azərbaycanda yeni, demokratik dövlətin qurulmasında da polşalı ziyalılar yaxından iştirak edirdilər. Mühəndislər, hüquqşünaslar bu sahədə böyük fəallıq göstərirdi. Azərbaycan ordusunun formalaşmasında isə polyak zabitlərin böyük rolu vardı. Sonradan bolşeviklər tərəfindən güllələnən polyak, tatar əsilli general M.Sulkeviç Azərbaycan ordusunun qərargahına başçılıq edirdi.
Qeyd etmək lazımdır ki, Azərbaycanda 1918-1920-ci illərdə ilk demokratik dövlət qurulmasında və möhkəmlənməsində Polşa tatarlarının da mühüm rolu olmuşdu. Onların arasında 1919-cu ilin martından 1920-ci ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalına qədər Azərbaycan ordusunun Baş Qərargah rəisi vəzifəsində işləmiş general-leytenant Masey Sulkeviç (1865-1920), Nazirlər Şurası dəftərxanasının rəisi, publisist və tarixçi Leon Kriçinski (1887-1939, onun qardaşı Ədliyyə Nazirinin müavini Olgerd Kriçinski (1885-1939) və başqalarının fəaliyyəti diqqəti cəlb edirdi. Ümumilikdə isə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi və dövlət strukturlarında 20 nəfərə qədər Polşa tatarı çalışırdı.
Polşa tatarlarının digər nümayəndəsi olan Nayman Mirzə Kriçinski, Bakıda əvvəl apellyasiya məhkəməsində prokuror, sonradan isə Ədliyyə nazirinin müavini işləmişdi. Onun qardaşı Leon Nayman Mirzə Kriçinski isə Nazirlər Kabinetində dəftərxana direktoru və hökumətin rəsmi orqanının redaktoru vəzifəsində çalışmışdı.
Digər bir polyak isə Xarici İşlər Nazirliyində kanselyariya direktoru olaraq işləmişdi. Polyak Muxranski Nəzarət Nazirliyinin dəftərxana direktoru, Aleksandr Poltoji isə Sənaye və Ticarət Nazirliyinin departamentlərindən birinin rəhbəri idi.
Qeyd edək ki, çar hökumətinin Azərbaycanda yürütdüyü siyasət milli kadrlardan ibarət olan mütəxəssislərin hazırlanmasını qeyri-mümkün etmişdi. Odur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni cəmiyyət quruculuğu prosesinə başqa millətlərin nümayəndələri ilə yanaşı, polyaklar da cəlb edilmişdi.
Azərbaycan ərazisində digər peşə sahibləri olan polyaklar da az deyildi: həkimlər, vəkillər, mühəndislər və s. Bakının ən gözəl memarlıq abidələrindən biri olan, vaxtilə Müsəlman Xeyriyyə cəmiyyətlərinin yerləşdiyi “İslamiyyə” binası da polyak-mühəndis Ploşkonun layihəsi ilə tikilmişdi.
Azərbaycanın müxtəlif bölgələrində bolşeviklərə qarşı aparılan mübarizədə polyaklar əsl fədakarlıq göstərmişdilər. Polyak zabitlərdən Zuqeniuş Dunin-Martsinkeviç, kapitan Yeji Klossovski, kapitan Çarnetski, kapitan Pavlovski, kapitan Tomişin və başqaları Gəncədə silahlı müqavimətin təşkilində xüsusi fərqlənmişdilər.
Polkovnik Dunin-Martsinkeviçin başçılığı altında onlar milli ordumuzda artilleriyanı təşkil edərək bolşeviklərə qarşı çoxlu sayda döyüşlərdə cəsarətlə vuruşurdular. Müsüslüdə, Hacıqabulda, Kürdəmirdə, Ələtdə döyüşlərdə əldə edilən uğurlarda polyakların başçılıq etdiyi Azərbaycan artilleriyasının xüsusi rolu olmuşdu. 1918-ci il sentyabrın 15-də Bakının türk qoşunlarının köməyi ilə düşmənlərdən azad edilməsində də artilleriyanın fəallığı olmuşdu. Türk zabitləri başda Nuru Paşa olmaqla belə fikir söyləmişdilər: “Türk piyadası Azərbaycan artilleriyasına söykənib hər şeyi edə bilər”.
Bakının azad edilməsindən sonra bütün zabit-polyaklar “qəhrəmanlığa görə” türk ordenləri ilə təltif edilmişdilər. Eyni zamanda onlar Azərbaycan hökumətinin təşəkkürünü də qazanmışdılar. Türklər Mudros müqaviləsinin şərtlərinə əsasən Azərbaycan ərazisini tərk edib getdikdən sonra polyaklar milli ordu quruculuğuna böyük dəstək verdilər. Azərbaycanın ordu sistemində polyaklar yüksək vəzifələr tuturdular. Yüngül artilleriyadan ibarət olan diviziyalardan birinə Xarkeviç, atlı artilleriyasına isə polkovnik Dunin-Marçinkeviç rəhbərlik edirdi. Piyada qoşunlarında isə polkovnik Dzevulski və kapitan Snetlovski seçilirdilər. Ordunun süvari hissələrində də müxtəlif vəzifələrdə çalışan polyaklara rast gəlmək mümkün idi. Azərbaycanın milli ordusunda hansı sahədə olmasından asılı olmayaraq polyaklara həmişə böyük hörmətlə yanaşılırdı.
Məhz polyakların köməyi ilə Bakıda döyüş silahları təmir edən müəssisə yaradılmışdı. Həmin müəssisədə polyaklar mərmilər istehsal edirdi. Bu sahədə polkovnik Dunin-Marçinkeviç və kapitan Rodzeviç böyük fəallıq göstərirdi.
M.Ə.Rəsulzadə polyak dilində nəşr edilmiş “Azərbaycan Müstəqillik uğrunda mübarizədə” kitabında isə əslən polyak olanların adını sadalayır: “Azərbaycanın müəssisələrində mən yalnız tatar polyaklarını deyil, eyni zamanda əsl polyakları da görmüşdüm. Biz əlbəttə ki, texniki səbəblərə görə burada həmin adamların böyük bir siyahısını vermək fikrində deyilik. Lakin Azərbaycanın dövlət həyatında iştirak etmiş bəzi polyakların adlarını çəkmək istəyirəm: Çeslav Qutovski – təhqiqat hakimi, Çeslav Klossovski – prokuror köməkçisi, Kazimej Jepski – prokuror köməkçisi, Komarovski – prokuror köməkçisi, Ziqmund Belinski – notarius, Zaxobiç – hakim, Paçeviç – hakim, Kiselevski – Ədliyyə Nazirliyinin kanselyariya direktoru və s.
Göründüyü kimi, polyaklar hüquq sahəsindəki işlərdə üstünlük təşkil edirdilər. Lakin onlardan bəziləri dövlət müəssisələrində də müxtəlif vəzifələr tuturdular”.
Qeyd edək ki, Azərbaycanın beynəlxalq dövlətlərə tanıdılmasında da polyakların ölkəmizə həmişə dəstəyi olmuşdu. Azərbaycan nümayəndələri Versal konfransında Polşa nümayəndələri ilə sıx əlaqələr qururdu. Onlar Parisdə Paderevski və digər nümayəndələrlə tez-tez görüşürdü.
Məlumdur ki, Azərbaycanı tanıyan 23 dövlətdən biri də məhz Polşa idi. O dövrdə başda Filippoviç olmaqla (sonradan Polşa Respublikasının Amerikada səfiri) xüsusi bir nümayəndə heyəti Bakıya gəlmişdi.
1920-ci ildə bolşeviklər Azərbaycanı işğal etdikdən sonra ilkin olaraq Gəncə şəhərində böyük üsyan oldu. Bolşeviklərə qarşı aparılan qanlı döyüşlərdə minlərlə yerli əhali və əsgər-zabitlərimizlə yanaşı artilleriya zabiti polyak Stankeviç də şəhid oldu.
Tarixdə Azərbaycanla Polşanı yaxınlaşdıran çox məqamlar vardır. Bu faktlar həqiqətən hər iki xalqın arasında xoş və səmimi münasibətlərin olduğunu təsdiqləyirdi.