Azər TURAN – Mərziyə Davudova – Turan Cavidin yeni çap olunan əsəri

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Azər TURAN

Mərziyə Davudova – Turan Cavidin yeni çap olunan əsəri

Hüseyn Cavidin qızı Turan Cavidin 1950-ci ildə qələmə aldığı “Mərziyə Davudova” monoqrafiyası 71 ildən sonra ilk dəfə “Ədəbiyyat qəzeti” yayınları” seriyasından nəşr olunmuşdur.”Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabı filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan nəşrə hazırlayıb, kitaba “Mərziyə Davudova” – Turan Cavidin əsəri” adlı Ön söz yazmışdır.  

Kitabın elmi redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, rəyçiləri sənətşunaslıq doktoru, professor Məryəm Əlizadə, professor Aydın Talıbzadə, AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.

A.Turanın kitaba yazdığı Ön sözü ixtisarla təqdim edirik.

Turan Cavid Azərbaycanın ilk qadın teatrşünaslarından biridir!

1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirərkən diplom işi olaraq yazdığı “Mərziyə Davudova” monoqrafiyası Turanın ilk və yeganə əsəridir.

Onu kitab halında nəşr etmək qərarına gəlməyimin bir sıra səbəbləri var. 

Hansı səbəblər?

Mərziyə Davudova haqqında yazılmış bu kitab bəraətdən əvvəl, 1950-ci ildə qələmə alınıb və kitabın müəllifi “xalq düşməni” Hüseyn Cavidin qızıdır.

Mətnin hazırlanmasında Mərziyə Davudovanın özü şəxsən iştirak edib. Tədqiqat zamanı “Mərziyə xanımın söylədiyi xatirələr, təəssüratlar” əsas götürülüb.

Eləcə də Aleksandr Tuqanovun, Rza Təhmasibin, Fatma Qədrinin məsləhət və göstərişləri nəzərə alınıb.

Diplom işinin elmi rəhbəri Sabit Rəhmandır və bu əsər Sabit Rəhmanın elmi rəhbər olduğu son diplom işidir…

Dediyim bu və başqa səbəblərə görə əsərin gələcək nəsillər üçün maraqlı qaynaqlardan biri olacağına inanıram.

Bu kitab Turan Cavidin imzası ilə çıxan ilk kitabdır.

Kitabda nə yoxdur, yaxud müəllif hansı məqamların üzərindən sükutla keçib?

Turan Cavid Mərziyə Davudova barədə yazdığı diplom işində böyük aktrisanın oynadığı Cavid tamaşalarına toxunmur, Cavid əsərlərində Mərziyə xanımın yaratdığı obrazların üzərindən sükutla keçir. Baxmayaraq ki, Davudovanın yaradıcılıq həyatının böyük bir dövrü Cavidin əsərlərindəki qadın qəhrəmanlarla bağlı idi. O, “Şeyx Sənan”da Xumarı və Əzranı, “İblis”də Xavəri və Rənanı, “Uçurum”da Anjeli, “Knyaz”da Jasmeni, “Səyavuş”da Südabəni oynamışdı. Və bütün bunlar Cavidin qızı Turanın Mərziyə Davudovadan bəhs edən diplom işinin “unudulmuş səhifələri”, həm də acı, məşəqqətli ömrünün unudulmaz, yaralı səhifələri idi. O mənada yaralı ki, 1950-ci ildə yazılmış bu əsərdə Turan Cavid Hüseyn Cavidin tamaşalarından yalnız o şərtlə bəhs edə bilərdi ki, “xalq düşməni”nin faciə və dramlarını ideya baxımından mürtəce, zərərli əsərlər olaraq dəyərləndirsin.

Turan Cavid təbii ki, Mərziyə Davudovanın Cavid tamaşalarında yaratdığı surətlər barədə də yazmaq istəyib. Bunu diplom işi üzərində çalışarkən apardığı yaddaş qeydlərindən də görmək olar: “Xavər – 1920, Əzra – 1921, Xumar – 1922, / 1928-29, Anjel – 1923-24, Jasmen – 1928-29, Rəna – …, Südabə  – 1933-34”. Turan Cavid Mərziyə xanımın oynadığı bütün rolların siyahısını tərtib edib. Lakin həmin siyahıda kim tərəfindənsə məhz Cavid qəhrəmanlarının adının qarşısına xüsusi işarə qoyulub. Yəni yazmaq olmaz.

Bu sətirləri yazarkən əlimin altında o dövrdə Teatrşünaslıq fakültəsi tələbələrinin, o cümlədən Turan Cavidin oxuduğu bir dərs vəsaiti var. Təsəvvür edin, Cavidin qızı növbəti dərsə hazırlaşır və dərslikdən bunları oxuyur: “Millətçi və pantürkist dramaturq Hüseyn Cavid, teatr daxilində və incəsənət idarələrində burjua-millətçi ünsürlərin köməyi ilə özünün “İblis”, “Uçurum”, “Afət”, “Peyğəmbər”, “Şeyx Sənan”, “Topal Teymur” kimi pyeslərinin oynanmasına müvəffəq ola bilmişdi… Hüseyn Cavidin düşkün, dekadent Türkiyə ziyalıları həyatından alınmış “Uçurum” və “Afət” pyesləri  tamaşaçılar tərəfindən rədd edildi… Bu pyeslər tamaşaçının şüurunu zəhərləyir, həyata etibarsızlıq hissi aşılayır, dünyada səadət və azadlığın gərəksizliyi kimi çürük fikirlər təbliğ edirdi. “İblis” pyesi osmanlı şovinizmi, ruh düşkünlüyü və bədbinlik fəlsəfəsi təbliğ edirdi. Bu fəlsəfəyə görə, dünyada xəyanətdən və cinayətdən başqa heç bir şey yoxdur, çünki dünyaya hakim olan insan özü cinayətkar və xaindir. Bu pyesin insanlığa nifrət bəsləyən alçaq fəlsəfəsi bundan ibarət idi”.

Bu köhnə kitabı vərəqlədikcə Turan Cavidin dərslərə hazırlaşarkən, yaxud diplom işini hazırlayarkən, necə psixoloji və mənəvi travmalar aldığını təsəvvür etmək çətin deyil.

…Hətta lap tutaq ki, möcüzə baş verib… Teatrşünaslıq fakültəsinin məzunu olan gənc tədqiqatçıya atası barədə tərəfsiz danışmağa izn veriblər, o zaman müəllif Mərziyə xanımın “İblis” faciəsindəki Xavərindən, yaxud Rənasından, “Şeyx Sənan”dakı Xumarından, yaxud Əzrasından, “Uçurum”dakı Anjelindən, “Knyaz”dakı Jasmenindən, “Səyavuş”dakı Südabəsindən necə danışsın? Həm də bu rolları ifa edən aktrisanın tərəf-müqabilləri – Abbas Mirzə Şərifzadə də, Ülvi Rəcəb də 12 il əvvəl, 1938-ci ildə “Vətən xaini” elan edilib güllələnmişdilər. (Bu da çox rəmzidir ki, Turan Cavid diplom işini 1950-ci il iyun ayının 4-də tamamlayıb. Hüseyn Cavid bu tarixdən 13 il əvvəl, 1937-ci ilin 4 iyun gecəsində həbs olunmuşdu).  Və bu diplom işinin yazıldığı əllinci ildə dövrün teatr biliciləri məhz Şərifzadənin, Ülvi Rəcəbin oynadıqları tamaşaları təftiş etməklə məşğul idilər… Tənqidçilərdən biri yazırdı ki, “Hamlet” tamaşasının nöqsanı, hər şeydən əvvəl həyat hadisələrinə qeyri-sinfi və qeyri-tarixi yanaşılmasında idi”. Təsəvvür edirsinizmi, Şərifzadənin və Ülvi Rəcəbin oynadığı Hamlet ona görə tənqid olunurdu ki, aktyorlar “Hamlet”in ümumbəşəriliyi haqqında Höte prinsipinə və mücərrəd “Hamletizm”ə istinad edirmişlər… 

Bu əsər belə bir dövrün yadigarıdır.

Yəni elə bir dövrün ki, Mərziyə Davudova barədə yazmaq, onu təqdir etmək olar, çünki SSRİ xalq artistidir, Ali Sovetin deputatıdır, Stalin Mükafatı laureatıdır. Amma onun səhnədəki tərəf-müqabillərinin – Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin adını çəkmək olmaz. Nəinki adlarını çəkmək, hətta oynadıqları tamaşaları belə təqdir etmək olmaz.  Çünki ikisi də “xalq düşmənidir”. Birinin İrana “casusluq” etdiyi, digərinin isə “patefonda xarici musiqilərə qulaq asması” Stalin NKVD-si tərəfindən “ifşa” edilib… Dövrün sənət tənqidçiləri isə Bağırovun etimadını qazanmaq üçün yarışa giriblər. Şərifzadənin soyadını da redaktə edib onu Şərifova çeviriblər. Onların fikrincə, artıq Şərifzadə yox idi. Daxili boşluğu pərdələyən təzahürçü, saxta və zahiri plastikası ilə burjua romantiklərinin qızğın müdafiəçisi olan və “xalq düşməni” kimi ifşa edilən aktyor A.M.Şərifov var idi…

Şərifzadə həm də o dövrün tənqidçilərinin yamanladığı kimi, “sırf gözəllik”, “sırf sənət” təlqin edən Cavid teatrının aktyoru idi və yeni bolşevik doktrinaları belə bir yanaşmanı qəbul etmirdi. Əl-ələ verib göylərə uçan Şeyx Sənanla Xumar – Abbas Mirzə Şərifzadə ilə Mərziyə Davudova artıq belə edə bilməzdilər. Qeyb olmaq olmazdı. Ona görə də Cavid estetikası mistika adı ilə səhnədən çıxdaş edilməkdəydi. “Məchul qüvvələr”, “kabuslar” teatrdan uzaqlaşdırılacaqdı. Cavid “Şeyx Sənan”ın 1932-ci il quruluşundan bu səbəbə görə narazıydı. Teatr finalda Sənanla Xumarı göyə pərvazlanmağa qoymamışdı… Hüseyn Cavid isə buna etiraz edirdi… Mehdi Məmmədov xatırlayırdı ki, belə günlərin birində Cavid, əlində vərəqləri cırılmış “Şeyx Sənan” əsəri, sinfə daxil oldu, öz-özünə danışırmış kimi: – “Fahişələşmiş beyinlərə başa sala bilmədim, qanmadılar ki, faciənin faciə sonluğu olmalıdı, komediyanın komediya sonluğu”…

Repressiya illərindən, Abbas Mirzə Şərifzadə “Vətən xaini” elan ediləndən sonra, təbii ki, hətta onun oynadığı tamaşalar barədə danışırsansa, ya onu görməzdən gəlməliydin, ya da ən yaxşı halda yuxarıda da xatırlatdığım kimi, “Şərifovun zahiri və saxta plastikası” barədə danışmalıydın. Amma Turan Cavid bu mənada susmağa üstünlük vermişdi. Axı həm də ailəvi dost idilər. Şərifzadənin oğlanları Cavidin qəhrəmanlarının adını daşıyırdı: Qaratay, Ərtoğrol… Cavidin ailəsi ilə Şərifzadənin ailəsi hərdənbir gecələr indiki İstiqlaliyyət küçəsindəki evlərinin damında əyləşib Ay işığında “Göy çadırın altında, parlaq ulduzların işığında” (M. Cavid) samovar çayı içərdilər… Turan susmuşdu, amma “xalq düşməni” Hüseyn Cavidin ədəbiyyatçı, bəstəkar və rəssam oğlu Ərtoğrol öz rəssam təxəyyülü ilə Şərifzadənin Şeyx Sənan, İblis, Səyavuş rollarındakı obrazını canlandırır, onun portretlərini çəkirdi…  

1937-ci ildə Mərziyə Davudova keçmiş həyat yoldaşı Abbas Mirzə Şərifzadədən də, ikinci əri Ülvi Rəcəbdən də təkcə səhnədə deyil, həyatda da əbədi ayrıldı. “Otello”da ikisi də Otello, o Dezdemonaydı, “Maqbet”də ikisi də Maqbet, o Ledi Maqbetdi, “Hamlet”də ikisi də Hamlet, o Gertruda idi… 1937-ci ildən sonra Mərziyə xanım Şekspir tamaşalarında olduğu kimi, həyatda da tərəf-müqabilsiz qaldı. Axı hər zaman, demək olar ki, əksər rollarda, o cümlədən yuxarıda xatırlatdığım kimi, Otello rolunda da, Hamletdə də Abbas Mirzə Şərifzadənin dublyoru bir qayda olaraq, Ülvi Rəcəb olurdu… Yuxarıdakı sıralamanı Hüseyn Cavidin faciələrinin timsalında belə də davam etdirmək olar: Xavər – Mərziyə Davudova, İblis – Abbas Mirzə Şərifzadə, Xumar – Mərziyə Davudova, Şeyx Sənan – Abbas Mirzə Şərifzadə, Südabə – Mərziyə Davudova, Səyavuş – Abbas Mirzə Şərifzadə… Ya da Şeyx Sənan – Ülvi Rəcəb, Xumar – Mərziyə Davudova, İxtiyar – Ülvi Rəcəb, Xavər – Mərziyə Davudova, Səyavuş – Ülvi Rəcəb, Südabə – Mərziyə Davudova… Bəzən isə belə: Kirmani – Abbas Mirzə Şərifzadə, İldırım Bəyazid – Ülvi Rəcəb, Almas – Mərziyə Davudova…

***

Bu kitab qələmə alınanda Mərziyə Davudovanın 49 yaşı var idi.  Sonra 11 il yaşadı, Azərbaycan teatrının səhnəsində yeni rollar yaratdı, 1956-cı ildən 61-ci ilə qədər Azərbaycan Teatr Xadimləri İttifaqının sədri oldu…

Mən bu qısa ön sözdə bu kitabda nə yoxdursa onu yazdım.

Amma bu kitabda həm də bizim bilmədiyimiz çox şeylər var…

***

Bu kitab Azərbaycanda professional bir teatrşünasın görkəmli bir səhnə xadiminə, onun yaradıcılığına həsr etdiyi ilk fundamental monoqrafiyadır. Əsərin bu günə qədər diqqətdən kənarda qalması, milli teatrşünaslıq tariximizi araşdıran alimlərin tədqiqat sferasına daxil edilməməsi təkcə teatr tariximizin deyil, fikir tariximizin də ciddi kəsirlərindən biridir. Əminliklə qeyd edirəm ki, 1950-ci ildə yazılmış bu kitabın 2021-ci ildə reallaşan ilk nəşri müasir Azərbaycan teatrşünaslığının üfüqlərini xeyli dərəcədə genişləndirəcəkdir.

Kitabı nəşrə hazırlayarkən, müəllifin istinad etdiyi  qaynaqlara da nəzər yetirdim. Turan Cavidin yazdıqları yenidir və bütün mənalarda bir ilkdir. Mərziyə Davudovanın yaradıcılığı barədə ilk sistemli teatrşünas rəyidir.

***

…Mərziyə Davudova, Turan Cavidin dediyi kimi, “gözəl Şekspir aktrisası” olub. Bu kitabda Mərziyə xanımın yaratdığı Dezdemona, Ledi Maqbet, Gertruda surətlərinin timsalında Şekspirin “Otello”, “Maqbet”, “Hamlet” əsərlərinin mükəmməl təhlilləri vardır. Turan Cavidin bu əsərində müəllifin dərin ədəbiyyat bilgisi ilə yanaşı, teatr təsəvvürləri, Cavidanə zövqü də öz sözünü deyib. Məsələn, yazır ki, “Şekspir, hadisələri elə qurmuş ki, Ledi Maqbet ifaçısına, rolun ən mürəkkəb, çətin yeri olan “somnambulizm” səhnəsinə hazırlanması üçün III pərdənin 4-cü səhnəsindən V pərdəyə qədər uzun bir vaxt vermişdir”. Ledi Maqbetin somnambul halını – lunatik vəziyyətini incəliklərinə qədər təhlil etmək o dövrdə hər teatrşünasa nəsib olan bacarıq deyildi. Diplom işində Turan Cavid hətta missiyasının hüdudlarını aşır. Mərziyə xanımın Ledi Maqbetinə dair başqa tənqidçilərin mülahizələri ilə polemikaya girir: “Bir tənqidçi aktrisanın, bu səhnədə həddindən artıq coşduğunu, əllərini çox hərəkət etdirdiyini, gizlətmək əvəzinə gözləri qarşısında saxladığını yazmışdır. Qeyd etməliyik ki, bu səhnədə Ledi Maqbet somnambuldur. Somnambullarda isə şüur itmir, ancaq yatırılır və onlar adi insanlar kimi görür və eşidirlər. Lakin onların hərəkətləri rabitəsiz, məntiqsizdir. Ona görə də Mərziyə xanımın pıçıltıdan çığırtıya və əksinə keçməsini təəccüblü, kəsirli hal hesab etmək olmaz”. Yaxud “təqriz (resenziya – A.T.) müəlliflərindən biri Mərziyə xanımı “facianə pıçıltıdan” çox istifadə etməklə təqsirləndirir. Bizcə, müəllif Ledi Maqbet surətinin bütün səciyyəvi xüsusiyyətlərini yaxşı təhlil etsəydi, Mərziyə xanımın Ledi Maqbetinin, hadisələrin doğurduğu vəziyyətlər nəticəsində pıçıltı ilə danışmasını heç də süni, artıq olmadığını bilərdi”. Razılaşaq ki, 1950-ci il teatrşünaslığı üçün belə yanaşma gözlənilməz idi. Yaxud “Əgər pyesin əvvəlində xəbis, cani Ledi Maqbet Dunkanı öldürən Maqbetə cəsarət, qüvvət verərək dəhşətli pıçıltı ilə “Qapı çalınır, yataq odasına çəkiləlim! Etdiyimiz işin ləkəsini bir stəkan su təmizlər” deyirdisə, indi insani hissləri oyandıran, cinayətinin dəhşətindən sarsılaraq qanlı əllərini təmizləyə-təmizləyə “Yenə qan qoxusu gəlir. Bu kiçik ağ əli Ərəbistanın ətirləri də yuyub pak etməz…” deyir. Bu böyük fərqli sözləri aktrisa pıçıltı ilə, lakin tamamilə müxtəlif hisslərlə söyləmişdir. Cinayətlərinin dəhşəti – onun faciəli səsində təzahür edir. Pıçıltı getdikcə artır, gah yüksəlir, gah da enir. O həm həyəcanlanır, həm də sakitləşir”. Və Teatr İnstitutunun 26 yaşlı məzunu Turan Cavidin gəldiyi qənaətlərini əsaslandıracaq dərəcədə yetkin bilgiləri var. Məsələn, bu məqamda Stanislavskidən gətirdiyi sitata diqqət yetirirəm: “Əgər sizə Şekspiri oynamaq lazım gəlsə o zaman müəllif sizdən səs, səs, səs, yenə də səs tələb edər, yüksəlmələr və enmələr tələb edər”. Turan Cavid əlavə edir: “Mərziyə xanım ahəngdar, məlahətli, qüvvəli səsindən sənətkarlıqla istifadə edərək gözəl Şekspir surətləri yaradır… Aktrisa gözəl səhnə vasitələrilə, xüsusən müstəsna qəribə səsilə surətin kamilliyini tamamlayır”.

Bütün bunlar, yaxud Mərziyə xanımın oynadığı Dezdemona barədə aşağıdakı fikirlər hətta bugünkü gənc teatrşünaslar üçün də bir örnək ola bilər: “Son dərəcə yumşaq qəlbli Dezdemona Otellodan Kassionun bağışlanması üçün böyük bir əmniyyət və ürəklə rica edir. O, Kassio məsələsiylə bərabər qadının sevdiyi əri üzərindəki hökmünü də yoxlamaq istəyir. Dezdemonanı Otellonun, onun ricasına, yalvarışlarına göstərdiyi münasibət çox maraqlandırır. Mərziyə xanım Dezdemonanın bütün işvəsini, nazını, hökmünü böyük təbiilik və sadəliklə göstərdiyi bu səhnədə əvəzedilməzdir!”.

Mən Turan Cavidin 26 yaşında yazdığı bu əsərindən 1920-30-cu illərdə Şekspir tamaşalarında Mərziyə Davudovanın oynadığı rolların təhlillərini oxuduqca aktrisanın qeyri-adi səhnə potensiyası, plastikası, səsi, ümumiyyətlə, hər şey  barədə aydın təsəvvür əldə etdim. Özümü sanki o illərdə və o tamaşalara baxırmış kimi hiss etdim…

Və nəhayət, Davudovanın Dezdemonası barədə mənəvi və fiziki məşəqqətlər girdabında çırpınan məyus bir qızın – 26 yaşlı teatrşünasın unikal qənaəti: “Aktrisa sevdiyi bu surətlə o dərəcədə birləşib ki…”

Yanaşma cavidanədir!..

***

Bu kitab Turan Cavidin ilk kitabıdır. Həm də son kitabıdır. Çünki yeganə kitabıdır. Turan xanım onu 71 il əvvəl qələmə alıb…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest