Aysel Nəsirzadə – Şeirlər
Nazım Ahmetli
Kırımınsesi Gazetesi – Azerbaycan Temsilcisi
Aysel Nəsirzadə
Şeirlər
Gedənlərin “tərifi”
Daşçatladan ayazdı
Dilindəki əlvida.
Elə unut ki məni,
Düşməyim bir də yada.
***
Qıfıl vur, xatirələr
Birdən yolundan edər.
Bütün vaxtsız gedənlər
Solundan çıxıb gedər.
***
Kaş heç vaxt olmayaydı
Eşqin vida tərəfi.
“Sən məndən yaxşısına
layiqsən” sözü olur
Gedənlərin “tərifi.”
***
Tərifini söylədin,
Gərək yox təsəlliyə.
Bəhanəylə gedənlər
Dönməz bir də geriyə.
Bir çatdaquş tamıdı uşaqlığım
Bir çatdaquş tamıdı uşaqlığım,
Bir xınadaşı qoxusu
Bir “hökümətağacı” qorxusu.
Çardaqdan ulduzlara boylanan qayğısız baxışlar,
Məktəbli çantasında işlənməmiş bəzəkli say çubuqlar,
Müəllimdən gizlədilmiş qırmızı qələm.
Bir də
Biləyimdə zamanı donduran “diş saatım”,
Bununla bitir uşaqlıq əhvalatım.
Sonra
Boz dumanlı havada qaçaqaç
Boğulmaqdan qurtulduğumuz Araz,
Arazın bu tayı dərd – ələm.
Və…
Uşaqlığını yaşamadan böyüməyə məhkum edilmiş mən.
Yoxdur başqa bir xatirəm.
Hər ürəyin öz kəsi var
Qanadın açmasın deyə,
Qəlbin sinə qəfəsi var.
Sevmək yetmir tək insana,
Sevilməyə həvəsi var.
***
Yarım qalan yara həmdəm,
Tapan tapar ruha vətən.
Yer üzünün sərinlədən
Günəşin Ay kölgəsi var.
***
Eşqə ümidlənib gələr,
Sevgini müqəddəs bilər.
Sevdimi ömürlük sevər-
Hər ürəyin öz kəsi var.
Özü yıxılan kəsin
Özü yıxılan kəsin
Gözündə yaşı olmaz.
Darıxmağın vədəsi,
Bəlkəsi, kaşı olmaz.
***
Xoşbəxtlik ilıq mehtək
Toxunar, qəlbə keçər.
Tale ölçü götürər,
Həsrəti ömrə biçər.
***
Keçər ömür qatarı,
Arzuları aparar.
Xatirələr qoynunda,
Xəyallardan qoparar.
***
Gündüzün fikirləri,
Gecənin dərd, ələmi.
Görən, xoşbəxt olaram
Yerə qoysam qələmi?
Həsrət yolu
Sənsiz bu şəhərə
Nə gecənin qaranlığını yaran
Ay mavisi boylanır,
Nə gündüzünü aydınlatan şəfəq sarısı.
Alatoranlıqdı xəyallar,
Ümidsizdi arzular.
Hər şey kəm-kəsir
Ürəyim qəfəsdə susqun, əsir.
Darıxmaq var, darıxmaq,
Ağlamaq var- gözü dolu.
Saxsıdakı çiçəkləri
Göz yaşıyla sulayaraq
Pəncərə önündən başlayır həsrət yolu.
Vardır betərin betəri
Baş söykəyib ağ vərəqə
Şeir-şeir ağlayıram.
Misralardan köz götürüb
Ürəyimi dağlayıram.
***
Bəm görünən dərdlər zildir,
Gizli-gizli qəlbi didir.
Gecənin biri bir ildir,
Zülm ilə sabahlayıram.
***
Sənsiz ömrüm, günüm talan,
Nə düşündü ayrı salan?!
Darağının üstə qalan
Bir telini qoxlayıram.
***
Dünya beş günlük, ötəri,
Hər döngədə bir xətəri.
“Vardı betərin betəri”,-
Deyib bir az toxtayıram.
Nöqtə hünəri çatmır
Nöqtəsi qoyulmayıb sənə yazılan şeirlərin,
Ara -sıra boy göstərir misraların arasından
Boynu bükük suallar.
Nəticələr səbəb tapmır.
Bəlkəli ,kaşlı bəndlərin önünə
Bir ehh-li sətir keçir nidası özündən böyük,
Son olsun deməyə
Nöqtə hünəri çatmır.
Yadelliyə dönər vətən olanlar
Qərənfil qoxusuna bürünər
Xatirəsi qızılgüllü xəyallar.
Arzular ümidinə gecikər.
Xəzəllərə sarılar payız ayrılıqları
Qürbət ürəkdən həsrət yol çəkər.
Eşqlə doğmalaşar insan insana,
Ürək döyüntüsün sevgidən alar.
Eşq olmadan ürəklər də yadlaşar,
Yadelliyə dönər vətən olanlar.
Ovutmaz ruhumu heç bir təsəlli
Yatar ürəyinə söhbətim , sözüm
Çətin bildiklərin görünər asan.
Möhürlə yolunu səssizliyimə
Mənim sükutuma qapılmayasan.
***
Dolanbac ömrümün yolu tikanlı,
Qara kölgələr var hər ağlığında.
Ən yaxşı məsafə durduğun yerdi,
Mən daha yaxşıyam uzaqlığında.
***
Dalma ürəyimin dərinliyinə,
Səni kədər boğar, qəm qaçaq salar.
Məndən duyduqların şeirə sığar,
Dastanlara sığmaz ağrılarım var.
***
Ovutmaz ruhumu heç bir təsəlli,
Dilə tutulası dərd deyil dərdim.
Həyat əzəlindən sınaq meydanı,
Mən də sınaqlardan keçməyə gəldim.
Ruh bədəndə yerin danır…
Bilsən necə qəm çəkirəm
Divar nəmi çəkən kimi.
Göz yaşlarım selə dönür
Gün gecəyə keçən kimi.
***
Düyünlənib acı qəhər,
Boğur məni yenə gecə.
Ürəyimə verir kədər,
Həsrət olub bir bilməcə.
***
Bilmirəm ki, bu nə sirdir?..
Bilməm, niyə narahatam…
Yadıma gəlmir, bir ildir
Başım atıb rahat yatam.
***
Vücudumun təpəri yox ,
Ruh bədəndə yerin danır.
Nə göylərə təslim olur,
Nə yerdəki yerin anır.
***
Yazan özü belə yazıb,
Taleyi mən seçməmişəm.
Ölüdən betərəm onsuz,
Bir dünyadan köçməmişəm.