Aysel Nəsirzadə
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Nəsirzadə Aysel Bəhram qızı.1986 cı-il dekabrın 20-si Zəngilan rayonunda doğulub.Bakı Dövlət Universtetinin SEP-fakültəsinin Fəlsəfə ixtisası məzunudur.
“Sükutdan asılmış ruh” ,”Qəfəs darlığı”, “Bir sərbəst şeir, iki qafiyə kədər” şeirlər kitabının müəllifi, “Zərif kölgələr” antologiyasının və “Vətən mücahidləri” kitabının həmrəhbəridir.
Aysel Nəsirzadə
İKİNDİ AZANIYLA…
İkindi azanıyla yol alır
Üfüqə doğru Günəş.
Yol aldığı yerdən sarır
buludları atəş rəngi.
Bəzəyir göy üzünü
Qırmızının sarıyla ahəngi.
Qıyıldıqca günün gözü
Zamanı xatırladır –
Dünəni xatirə,
Sabahı xəyal
Bugünü acısıyla,
Şiriniylə gerçəkliyin bəmbəyaz üzü.
LÖVBƏR SALMAZ GƏMİLƏR
Bu limana lövbər salmaz gəmilər,
Susar qağayılar sahil boyunca.
Günəş də dənizə qıyğacı baxar,
Çəkilər qınına yerdən doyunca.
***
Rüzgar qayalara çırpar dalğanı,
Dənizə atılmış dərdlər dağılar.
Buxarlanıb göyə çıxan hər dərdə
Yağış söylər həzin-həzin ağılar.
***
Yer üzü islanar insan ahıyla,
Allahı unudan yadına salar.
Yenə o sahildə bərk qaya üstə
Gedənə həsrətli tək qalan ağlar.
YOL BİR NƏFƏS
“Öz dibinə kölgə salmaz şam ağacı”,
Dərd gözünü zilləyər,
Sevinc baxar qıyğacı.
Ömür yolun ölçər zaman-
Həyat adlı.
Bir gün gəlib keçmək bilmir,
İllər isə yel qanadlı.
Uzaq gəlir, hər şey uzaq,
Ümid əsir, arzu əbəs.
Bu dünyadan o dünyaya
Uzaq deyil, yol bir nəfəs.
TƏBİƏTİN BƏSTƏSİ
Budağıyla vidalaşan
Xəzəllərin xışıltısı
Təbiətin bəstəsidi.
Aynəbəndi döyəcləyən
Sərçələrin civiltisi
Payız zümzüməsidi.
Noyabrın bir qucaqlıq darıxmağı
Gəlib qoynuna sığınar.
Anlayarsan,
Hamı hər kəsin heç kəsidi.
ELƏ İNTƏHASIZ DARIXIRAM Kİ…
Elə intəhasız darıxıram ki…
Dilimdə ən şirin sözüm darıxır.
Nəmli kirpiyimin sığal çəkdiyi,
Çuxuru göllənmiş gözüm darıxır.
Elə intəhasız darıxıram ki…
Bu şəhərin mənəm qərib sakini.
Qayğılardan yosun tutmuş ürəyim,
Qarışdırmış nifrət ilə sevgini.
Elə intəhasız darıxıram ki…
Uzaq düşər sevinc, kədər boylanar.
Pəncərəmi xısın-xısın döyəclər
Qaranquşu yola salan son bahar.
Elə intəhasız darıxıram ki…
Üzərimdə nakam arzu kölgəsi.
Bu dünyaya ruhum sığmır əzəldən,
Yəqin, odur darıxmağın bəlkəsi.
Mən seçmədim göz yaşına əsirliyi
Mən seçmədim göz yaşına əsirliyi,
Tale seçdi.
Ruhum göyərçin tək dar qəfəsdə
Kədər biçdi.
İndi gözəl nə düşünsəm, yanındadır kədər payım.
Sevinc heçdir.
Bilinmədi qaça – qovda uşaqlığım,
Gəncliyim də
Belə….keçdi
ELƏ İNTƏHASIZ DARIXIRAM Kİ…
Elə intəhasız darıxıram ki…
Dilimdə ən şirin sözüm darıxır.
Nəmli kirpiyimin sığal çəkdiyi,
Çuxuru göllənmiş gözüm darıxır.
***
Elə intəhasız darıxıram ki…
Bu şəhərin mənəm qərib sakini.
Qayğılardan yosun tutmuş ürəyim,
Qarışdırmış nifrət ilə sevgini.
***
Elə intəhasız darıxıram ki…
Uzaq düşər sevinc, kədər boylanar.
Pəncərəmi xısın-xısın döyəclər
Qaranquşu yola salan son bahar.
***
Elə intəhasız darıxıram ki…
Üzərimdə nakam arzu kölgəsi.
Bu dünyaya ruhum sığmır əzəldən,
Yəqin, odur darıxmağın bəlkəsi.
YAĞIŞ QOXAN TORPAQ
Yağış qoxan torpağın
Ətri ilə bir səhər
Oyanıb görəsən ki,
Nə qüssə var, nə kədər.
***
Dünyanı yuyub Allah,
Silib başdan yaradıb.
Gizlicə yanan qəlblər,
Arzuya, kama çatıb.
***
Günəş də sarı-sarı,
Gülümsəyir səmadan.
Bütün qullar günahsız,
Bağışlayıb yaradan.
***
Səhər azan səsiylə,
Oyanır yer kürəsi.
Yerdən göyə ucalır,
“Şükür Allah!” kəlməsi.
HƏSRƏT YOLU
Sənsiz bu şəhərə
Nə gecənin qaranlığını yaran
Ay mavisi boylanır,
Nə gündüzünü aydınlatan şəfəq sarısı.
Alatoranlıqdı xəyallar,
Ümidsizdi arzular.
Hər şey kəm-kəsir
Ürəyim qəfəsdə susqun, əsir.
Darıxmaq var, darıxmaq,
Ağlamaq var- gözü dolu.
Saxsıdakı çiçəkləri
Göz yaşıyla sulayaraq
Pəncərə önündən başlayır həsrət yolu.
ÖZÜ YIXILAN KƏSİN
Özü yıxılan kəsin
Gözündə yaşı olmaz.
Darıxmağın vədəsi,
Bəlkəsi, kaşı olmaz.
***
Xoşbəxtlik ilıq mehtək
Toxunar qəlbə keçər.
Tale ölçü götürər,
Həsrəti ömrə biçər.
***
Keçər ömür qatarı,
Arzuları aparar.
Xatirələr qoynunda,
Xəyallardan qoparar.
***
Gündüzün fikirləri,
Gecənin dərd, ələmi.
Görən ,xoşbəxt olaram?
Yerə qoysam qələmi