GenelKültür Sanat

Aysel Kərim  – Şeirler


 Nazım Ahmetli

Kıımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Aysel Kərim  Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Üç dəfə Prezident təqaüdçüsüdür. Gənclər mükafatçısıdır. “Bir ovuc yağış” və “Kəpənəyin göz yaşı” adlı şeirlər kitabının müəllifidir.

Aysel Kərim


            Nağıl


Bu nağıllar bir gün sona da yetər,

Bizim nağılların sonu şirindir.

Nağıldan düşən pay ona da yetər,
Deyərlər  bu  qızın  qanı  şirindir.

                   ***

Göydən düşən alma nəyinə gərək?

Gəl, sənə bir buğda əkmək öyrədim.

Heç kəsdən heç umma bir tikə çörək,
Özünə bir kümə tikmək öyrədim.

              ***

Bilirəm ömrümün kiçik çağıdır,

Hələ nağıllara dalan yaşdasan.

Səni həqiqətlər elə çağırır,

Hələ əvvəldəsən, hələ başdasan.

               İz

O yerdə silinməz izim qalıbdır,

Ruhum o yerləri doğma sanıbdır.

İçində yaşadıb daim anıbdır,

Elə hey səslənir məni unutma.
               ***

Qəlbimdə bitməyən böyük dözüm var,
Özümə gizlənən başqa özüm var.

Aynada gözümə baxan gözüm var,

Elə hey səslənir məni unutma.

               ***

O izlər ruhumun pıçıltısıydı,

Çəkdiyim dərdlərin sızıltısıydı.

Bir körpə nəğməsi, qığıltısıydı,

Elə hey səslənir məni unutma.

               Bəlkə

Bəlkə düşüncədir dünyanın adı?

Qalmayıb dilimdə bir tamı- dadı.

Cahana sığmırsa bir quş qanadı,
Belə əziyyətlə çalışmaq nədir?

                 ***

Kəpənək ömrünə yazdım adını,

Yenicə tanıdım doğma, yadımı.

Qürbəti görməyən bilməz dadını,

Bilməz həsrət ilə alışmaq nədir.

             ***

Danışa bilsəydi dil-dil ötərdi,
Dərdini dənizə, gölə tökərdi.
Bu çətin zinciri elə sökərdi,

Görərdin dünyayla vuruşmaq nədir.

               ***

Tanrı dağ yaradıb, həm dərə verib,

Fürsəti həmişə ilk şərə verib.

Sevincin yerini kədərə verib,

Bilərsən özünlə barışmaq nədir.

          Alqış düşür

Sənə alqış düşür, məni mən edən,

Əriməz dediyim qarı əridən.

Nə bir qanun bilən, nə qayda bilən,
Səni də məzlumun ahı tutacaq.
                ***

Tanrı, keç səhvimdən, məni əfv elə,

Fərz et ki, gileyim gəlməmiş dilə.

Kaş bütün ölülər bir gün dirilə,

Görə günahkarı günah udacaq.

                  ***

Bəlkə də keçmişsən, ya da gələcək,

Ya heç keçməmişsən, ya gəlməyəcək.

Bəlkə də bağrını dəlib keçəcək,

Heyf gec olacaq, bax, onda ancaq.

      Həqiqətin adamı

Bəzən elə yoruluram özümdən,

Bəzən sözüm heyran edir özümü.

Ay gecənin elə düşüb gözündən,
Qoruyur o içindəki dözümü.

            ***

Səbrim bitir, deyinən bir söz olur,

Aha dönür, ağladan bir göz olur.
İçindəki qığılcımı sönsə də,

Ömrü talansa da, yanıb köz olur.

                     ***

Sevirəm düz həqiqətin özünü,

Yalanlardan bir yol tapıb qaçıram.
Acılara məhkum edib özümü,

Həqiqətin sirrlərini açıram.

                  ***

Tale oyuncağı olmaq da çətin,

Heç səndən soruşmaz nə istəyirsən.

Bilməz içindəki qopan fəryadı,

Bilməz ürəyində nə gizləyirsən.

            Gərək

Gərək qoruyaydım hər an səni mən,

Gərək səni tənha qoyub getməzdim.

Əgər söyləsəydim, o an, səninəm,

Sevgi şikəstinə dönüb getməzdim.
                ***

Sənin yoxluğunla xeyli danışdım,

Yoxluğun susmağı çox şey öyrətdi.

Axırda özüm də mənlə barışdım,

Fəqət bu iztirab qəlbi göynətdi.

                ***
Sükutun nəğməsi, notu qəlizdir,

Hisslər səslənmirsə, barmaq nə çalsın?
Not dəftəri notsuz və tərtəmizdir,

Kim dinləyə bildi, kim də əl çalsın?


                    ***

Boş ver hər sözümə, belə incimə,

Mənəm, danışıram, ötüb keçəcək.

Arabir şərik ol, gəl, sevincimə,

Bir də gördün fələk alıb gedəcək.

Sevgi həsrəti

Yenə xatirələr göz önündədir,

Qəlbimdə yenə də sevgi həsrəti.

Bu könül mülkünü küsdürən nədir?
Dözümdən savayı yox cəsarəti.

                    ***

Yenə varlığım da puç olur, inan,
Həsrətdən don geyir hər gündüz-gecə.

Həsrət məkanında gizlicə dayan,

Ruhumu aldadım mən də beləcə.

                 ***

İndi viranədir yamyaşıl bağlar,

İlahi, şəfa ver qanlı yarama.

Görsən ki, səninçün bir doğma ağlar,

Onda yad ünvanda məlhəm arama.

                 ***

Kimsələr dərdini dərindən bilməz,

Heç kim güzgüdəki üzümüz deyil.
İllər sovursa da, qəlbindən silməz,

Bu şirin vədəli  sözümüz deyil.

Allah eşqi


Bu günüm sabaha bənzəməyəcək,

Dünənin bu günə heç bənzəri yox.

Ulduzlar gecəni bəzəməyəcək,
Ayın da yer üstə işıq zəri yox.

                 ***

Bu gecə sabaha bir az da yaxın,

Bu gecə elə bil nələrsə deyir.

Onun da seyrinə dayanmır axın,

Hər dəfə sirrini bizdən gizləyir.

             ***

Nə dinmək əlacdır, nə də dinməmək,

Bəxtinlə barışıb susmaq gərəkdi.

Dinclik  bəxş edir onu dinləmək,

Gərək dinləyəsən, Tanrıdı, təkdi.

                  ***

Bir Allah eşqidir sonsuz kainat,

Bir ucsuz-bucaqsız səhralardayıq.

O bizə gizləyib özünü deyən,

Görəsən özümüz haralardayıq?

Adam


Adı daş üstünə yazılan adam,

Görəsən daşların günahı nədir?

Torpağı əzəldən qazılan adam,

Ölümü bilsə də, günah işlədir.

                     ***

Nədir gözlərini örtən bu nəfs?

Nədir şeytan adlı günah, nədir nə?

Allah bəxş edərkən səni tər-təmiz,

Necə dönə bildin belə iblisə?

                  ***

Bu dünya mələklə iblis oyunu,

İnan ki, bu xəmir çox su aparır.

Əsrlər öncədən gələn soyunu,

Adəm-Həvva bilib hamı aldanar.

                   ***
Yaxşısı budur ki, qoşulma ona,
Özünü bilərək alova atma.

Hər nəfəs bir addım yaxındır sona,

Sözünü dünyanın malına satma.

Əcəl

Bir ağac da belə qopdu dünyadan,

Özünü rüzgardan qoruyanmadı.

Yerində kökünü , izini qoydu,

Daha  kimə gərək- yandı- yanmadı.

                 ***

Bu dünya heç kimə vəfalı deyil,

 Əcəl ayırmayır qulu padşahdan.

O dünya hər kəsin gedəcəyi yer,

Günahın əhvini dilə Allahdan.

                 ***

Əzrayıl qapıya gəlibsə əgər,

Kimin köməyinə kim çatacaqdır?

Ahı ucalacaq Allaha qədər,

Şeytan əməlindən utanacaqdır.

                    ***

Gedəni xəyal tək yaşadacağıq,

Hər nəfəs alanda anılacaqlar.

Hərdən qəmli olan, hərdən sevincli,

Bu könül fəslinə sarılacaqlar.

İnsan olmaq

İnsan olmaq nə çətindir,

Saz tanınar sarı simlə.

Əsl adam saf mətndir,

İnsan olmaq cümlə-cümlə.

                 ***
Adamların sayı çoxdur,

Adam olub, adam qalmaq.

Bəlkə atılmamış oxdur,

Ünvanına insan olmaq.

              ***
İnsan olmaq necə qəliz,
Bir adam olmağa nə var?
Yaşamaqçün quru nəfəs,

Ölmək üçün bir edam bəs.

                ***
İnsan olan ruhən ölməz,

İnsanların ruhu yaşar.

Adamları boş ver, gülüm,

İnsan könlü cənnət aşar.

               ***

İnsan olmaq qəlb işidir,

Təki yaxşı sonla bitsin.

Yazılmamış gərdişidir,

Çözmə onu, anla bitsin.

              ***

Adamları burax, getsin,

Yer üzünə insan göndər.

Tanrım, özün yalnız, təksən,

İnsanı mələyə döndər.

              ***

İnsan olmaq nə çətindir,

Peyğəmbərin mirasıdır.

Qəlbi ibadət yeridir,

Ömrü xeyir qalasıdır.

Aysel

Aysel… yaran sağalacaq,

Müjdə gözlə hər anından.

Qeybdən səs çağıracaq,

Xoşbəxtliyin ünvanından.

             ***

Ağ libasda yaranmısan,
Kəkliyisən dümağ qarın.

Yanacaq bir gün adına,

Bəyaz şamı axşamların.

              ***

Bəlkə özün bir dünyasan,

İçində bir qız böyüyür.
Sən yuxusan, bir röyasan,

Gerçəkliklər tez böyüyür.

             ***
Rəvayətlər, əfsanələr,

Bu dünya aydan danışır.
Sən baharın müjdəsisən,

Cahan qışla vidalaşır.

           ***

Tanrı eşqiylə yarandın,

Sinə gəldin dərdə, Aysel!
Sən bir ocaq – tək qalandın,
Zülmət gecələrdə, Aysel.

             ***
Ulduzların üzü güldü,

Baxıb gözlərinə, Aysel!

Kim səndən can əsirgəyər?

Şirin bir sözünə, Aysel!

Sərhədçi qardaşım

Salam, dan yerinə keşikçi olan,

Mənim sabahıma muğayət oğul.
Aya sirdaş olub, günlə doğulan,

Sözü baldan şirin, könlü şad oğul.

                ***
Sərhəd dirəkləri sıxır əlini,

Sənə həmdərd olur vətən torpağı.

Müqəddəs yurdumun bar-bəhərini,

Sənin sədaqətin qoruyur axı.
                 ***
Könül bağlamısan vətən andına,

Adında, andında yaşayır vətən.

Atəşi müqəddəs ürək yanğına,

Bir ömür boyunca qızınıram mən.
                   ***

Nə qədər doğmasan alınmaz qalam,

Necə də mətinsən cəsur nəğmə tək.

Nə qədər sən varsan – həyatda varam,

Sabahlar eşqilə sədan gələcək.

Azərbaycan bayrağı


Sənlə yoğrulub xəmirim,

Sənsiz bir yetiməm, yadam.

Qoy Allahdan gəlsin əmrim,

Mən də şəhid adın alam.

              ***

Bürünüb kəfən donuna,

Qanım axsa bayrağına.

Qalxsam Allah dərgahına,
Uğrunda can verə bilsəm.
                 ***

Dərdim-sərim olmaz mənim,

Sənsiz günüm doğmaz mənim.
Varlığım var olmaz mənim,

Var ol, mən yox olum, vətən.

                    ***

Sən bizə tanrının payı,

Yoxdur bənzərin, nə tayın,

Ömrümün günəşi, ayı,

Azərbaycan bayrağı!

Müqəddəs məmləkət

Bu müqəddəs məmləkətə can fəda,
Çatsın düşmənə bu şüar səs-səda.

Ömrümü vermərəm mən onsuz bada,

Sinəmi qurşuna sipər eylərəm.

                   ***

Haray salıb car çəkərək dünyaya,

Haqq səsimi yetirərəm mən aya.
Bayrağımı qaldırıb ən ucaya,

Vətən göyün tamam ağ zər eylərəm.

                  ***
Mərd diyarın mərd olar övladları,

Dərdimizin vətən adlı adları.

Yurddan qovub o hiyləgər yadları,

Torpağımı barlı-bəhər eylərəm.Sevgidir dünya

Göylər nalə çəkir, bulud ağlayır,

Dalğa dənizində coşub-çağlayır.

Çirkabı tullayır, safı saxlayır,

Bu nəhəng dünyanın hikmətinə bax.

                    ***

Quşlar  cəh-cəh  vurur, min büsat qurur,

Budaq gövdəsinə güvənib durur.
Ondakı boy-buxun, ondakı qürur,

Tanrının əvəzsiz sərvətinə bax.

                    ***
Həyata, növrağa qol-qanad verən,

Ruhunu nəğməli sözlərə sərən.

Sevən könüllərin barını dərən,

Sevgili dünyanın nemətinə bax.Yavaş-yavaş

Yavaş-yavaş insanlar da yadlaşır,
Hərə bir cür bu dünyadan köç edir.

Ümid ölür gələn hər bir sabaha,

Gözlərimdə bu dünyanı heç edir.

                      ***
Vaxt keçdikcə mən də yaşa doluram,

Günü-gündən heyrətim də azalır.

Hərdən elə kövrək qəlbli oluram,

Bahar fəslim payız olub saralır.

                       ***
Ömür sanki bir kəpənək olmalı,

Bu dünyanı daha aydın görməli.
Çiçəklərdən- çiçəklərə qonmalı,

Nəfsini bir hörümçək tək hörməli.

                   ***

Dünya görən əzəldənmi belədir?

Zamanında sayılmayan insana.

Sağlığında bir tikəni çox görüb,

Öldüyündə bol edərik ehsanı.

Rəssamam

Bir rəssamam sanki mən sabahımı  çizirəm,

Bu günümdə yaşayıb sabahımda gəzirəm.

Yeridiyim yolları incidirəm, əzirəm,

Özüm istəməsəm də gizlinim aşkar olur.
                      ***

Gah dünyaya qarışır öz dünyamdan qaçıram,

Gah özümlə barışır sirrlərimi açıram.
Ayı çox sevsəm belə, günəş kimi saçıram,

Mənim yazım, baharım, boran olur, qar olur.
                         ***

O sanki tablolarda, kitabda gəzir məni,

Fikir-fikir üstünə çoxalır, əzir məni.

Kölgəm məndən xəbərsiz axtarır, gəzir məni,

Ən çətin gündə belə Tanrı mənə yar olur.

Taqətim yoxdur

Taqətim yoxdur mənim bu qədər savaşmağa,

Tam hazır dayanmışam hər şeylə barışmağa.

Kim görəsən dözərdi odlanıb-alışmağa?
Mən ölməyi özümlə lap çoxdan bacarmışam.

                     ***

Gah özümü dünyanın tavanından asmışam,

Gah yüksək zirvələrdən aşağıya atmışam.

Ən gözəl anlarımı bir düşmənə satmışam,

Mən ölməyi özümlə lap çoxdan bacarmışam.

                     ***
İşim yaman qəlizdir; asanları payladım,

Gün gəldi öz halıma dil-dil deyib ağladım.

Ox yaydan çıxdı artıq – öz-özümü ovladım,

Əllərimlə gözümü yavaş-yavaş bağladım,

Gördüm ki, mərd olmağı lap çoxdan bacarmışam.

Sanki

Sanki buludlara gileyi vardır,
Nəyisə astaca demək istəyir.

Hər dəfə nədənsə məyus olanda,

Yağış yağacaqdır, deyib gözləyir.

                ***
O, öz ürəyinə bələddir, bələd,

Bilir ki, ahına dağ da dayanmaz.

Ay vaxtsız boylanmaz siyah gecəyə,

Günəş də səhərə erkən oyanmaz.

                ***

Onu çox qorxudur hər ötən zaman,

Qorxur ki, bir zaman yatar, – oyanmaz.
Suda boğulanın imdadı saman,

Fırçayla dənizin rəngi boyanmaz.

                      ***

Xilas edə bilməz, nə də ki batmaz,

Sən yenə o çılğın ləpəyə sığın.

Ondan yıxılana bir yoldaş olmaz,
Yoxdur fəryadına gələn qayığın.

Oyatmağa gəlmişəm


Oyatmağa gəlmişəm,

Çoxdan bəri mürgüləyən xəyalını.

Oyatmağa gəlmişəm,

Dünənini, sabahını.

Zaman kimi keçib gedən,

Yolu yoldan uzaq edən,
Döngəsini, cığırını,

Dənizini, qayığını,

Qayasının hər daşını,

Tanımağa gəlmişəm.

               ***

Gəlmişəm ki,  salam verim,

Bir yad olan əkinçiyə.

Soruşum ki, nələr əkir,

Sevinc əkir, kədər əkir?

Nələr əkir torpaq olan əzəlimə,

Özü çoxdan toxum olan,

Nələr səpir dalğın olan nəzərimə.

                  ***
Gündüzünü-gecəsini,
Ayırmağa gəlmişəm.
Günəş hanı, ulduz hanı

Tamaşaya gəlmişəm.

              ***
Aya sirdaş şam olmağa,

Əzilən bir qum olmağa.

Mən keçmişə yar olmağa,

Bu gün üçün var olmağa,

Gələcəkdən gəlmişəm.    

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest