Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə
Dini maarifçiliyimizi və təhsil tariximizi şərəfləndirən müəllimlərdən biri, yazıçı və pedaqoq Abdulla Şaiqin atası
Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə Açar sözlər-elm,təhsil, dərslik, maarifçilik görüşləri
Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə XIX əsr Azərbaycan milli ziyalılarının, eləcə də hakim dairələrdə təhsil və maarif məsələlərinə nəzarət edən dövlət məmurlarının biliyinə, dərrakəsinə və müəllimlik qabiliyyətinə güvəndiyi dərin zəka sahiblərindən biri idi. O, uzun müddət yüksək ruhani vəzifələrində çalışaraq xalqın maariflənməsi yolunda geniş və hərtərəfli fəaliyyət göstərmişdir. Təəssüf ki, onun həyat və fəaliyyətinə layiq olduğu qiymət hələ də verilməyib. Halbuki, dövlət arxivlərinin toz basmış, illər boyu qatı açılmamış sənədləri arasında M.S.Talıbzadənin ömür yolunu işıqlandıra biləcək çoxlu materiallar var.1993-cü ilin avqustunda “İslam dünyası” qəzetində Axund Molla Mustafa Talıbzadə haqqında yazdığım məqaləni nəvəsi, görkəmli ədəbiyatşünas alim, akademik Kamal Talıbzadəyə təqdim edəndə onun sevincdən yaşaran gözləri hələ də yadımdadır. Aradan bir neçə ay sonra alimlə Hüsü Hacıyev küçəsində rastlaşdıq. Sevinclə “yazınızı Abdulla Şaiqin muzeyinə qoymuşam” dedi. Sonra gözlərindən şikayətləndi, üzrxahlıqla “rastlaşanda görməsəm, özünüz yaxınlaşın” söylədi.
Kamal müəllimi bir daha görmədim. Əslində yaxınlaşmağa cürət etmədim, yenə də üzrxahlıq edəcəyindən çəkindim, amma babası haqqında topladığım arxiv materiallarını dönə-dönə vərəqlədim, sözləri, cümlələri yeni düşüncə tərzi ilə mənalandırmağa,incələməyə çalışdım. Bu yazını da həmin təəssüratla yazmaq qərarına gəldim.
Zaqafqaziya Şiə Ruhani İdarəsinin arxiv materialları içərisində vaxtilə deyilməsi və açıqlanması yasaq olunan elə sənədlər var ki, bu gün onlar bir çox qaranlıq məsələlərin işıqlanmasında, dolaşıq məsələlərin çözülüb açılmasında əhəmiyyətli rol oynayır. Axund Molla Mustafa Talıbzadə haqqında izinə düşdüyümüz materiallar məhz belələrindəndir.
M.Talıbzadənin 1871-ci il dekabrın 16-da tərtib olunmuş xidməti iş siyahısında onun 47 yaşı olduğu göstərilir. Burada onun ilk təhsil illərindən söz açılmasa da, sonrakı təhsili ilə əlaqədar maraqlı məlumatlar var: o, 1887-ci ildə Təbrizdə “Hacı Səfərəli Ali Ruhani Mədrəsəsi” adı ilə məşhur olan ürfan ocağını bitirib. Zaqafqaziya Şiə Ruhani İdarəsi təhsilini başa vurub Tiflisə qayıdan M.S.Talıbzadənin axund kimi fəaliyyət göstərə biləcəyinin təsdiqi olaraq, ona 12 dekabr 1873-cü il tarixli 310 nömrəli müvafiq sənəd verib.
Tiflis qubernatorunun 1 mart 1874-cü il tarixli 639 nömrəli sərəncamı ilə Axund Molla Mustafa Talıbzadə Tiflis-Kutaisi Şiə Məclisi İdarəsinə üzv təyin olunub. 8 il bu vəzifədə işləyəndən sonra Axund Molla Mustafanın Məclis üzvü kimi əsas fəaliyyət sahəsi təhsil məsələləri ilə bağlı idi. O, paytaxta yaxın quberniyanın məktəb və maarif məsələləri ilə ciddi məşğul olur, şagirdlərin mükəmməl və hərtərəfli təhsil almaları üçün vəzifə səlahiyyəti çərçəvəsində var qüvvəsilə çalışır, bu məqsədlə oxu və dərs kitablarının tərtibi sahəsində gücünə və qələminə inandığı və güvəndiyi ziyalılarla məsləhətləşir, əməli tədbirlər görmək üçün onların qüvvəsini ümumi işə səfərbər edirdi.
Şeyxülislam Əhməd Hüseynzadənin 1881-ci il sentyabrın 1-də Qafqaz Təhsil Dairəsinin popeçiteli (himayədarı – N.N.) K.P.Yanovckiyə göndərdiyi 234 nömrəli məktub bu fikri təsdiq edir. Məktubdan məlum olur ki, Zaqafqaziya Müəllimlər Seminariyasının şiəməzhəb şagirdlərinə Azərbaycan dilində şəriətdən dərs deyən Əbdüssəlam Axundzadənin yazdığı dərslik ruhani idarəsinin komissiyası tərəfindən bəyənilməyib və o, Qafqaz Canişinliyi Baş İdarəsi Departamentinin rəisi D.S.Staroselskiyə şikayət məktubu ünvanlayıb. Oradan da şikayət məktubu Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskiyə göndərilib. Popeçitel
26 may 1881-ci il tarixli 2540 nömrəli məktubu ilə Zaqafqaziya Ruhani İdarəsinə məsələyə yenidən baxılması barədə göstəriş verir və bu məqsədlə xüsusi komissiya yaradılması məsləhət görülür.
Qafqaz Canişinliyi Baş İdarəsi rəisi general-mayor D.S.Staroselski əvvəllər Bakı qubernatoru idi. O, müəllimlərə xüsusi qayğı göstərirdi. XIX əsrdə Azərbaycan dilində nəşr olunan “Əkinçi”, “Ziya”, “Ziyayi-Qafqasiyyə”, “Kəşkül” kimi mətbuat orqanlarının nəşrinə icazə verilməsində, onlara qayğı göstərilməsində D.S.Staroselskinin danılmaz xidmətləri var. Tiflisdə yeni vəzifədə işə başlayan D.S.Staroselski dərslik tərtib edən, elmi-pedaqoji fəallıq göstətən müəllimlərin mükafatlandırılması üçün xüsusi sərəncam vermişdi.
Dərsliyinə müsbət rəy ala bilməyən Ə.Axundzadə D.S.Staroselskinin müəllimlərə və digər ziyalılara qayğısından xəbərdar olduğu üçün ona müraciət edir, lakin ümidləri doğrulmur. Ruhani idarəsinin komissiyası Ə.Axundzadənin şikayətini əsassız sayır. Üslubu çətin, dili dolaşıq və qəliz olduğuna, istifadə mənbələri göstərilmədiyinə görə Ə.Axundzadənin əsəri bəyənilmir.
Şeyxülislam Ə.Hüseynzadə Qafqaz Təhsil Dairəsinin popeçitelinə
yazdığı 1 sentyabr 1881-ci il tarixli məktubunda dərsliyin nöqsanlarını izah edərək əsaslandırır və dərslik yazmaq işini daha səriştəli mütəxəssisə tapşırmağın vacibliyindən söz açır. Şeyxüyxülislam Əhməd Hüseynzadə Ə.Axundzadənin şikayəti ilə əlaqədar 2 avqust 1881-ci il tarixdə keçirilən komissiya iclasında Qafqaz Təhsil Dairəsinin bu işi Tiflis-Kutaisi Ruhani Məclisinin üzvü Axund Molla Mustafaya tapşırdığını K.P.Yanovskiyə xəbər verir. Şeyxülislam Ə.Hüseynzadə- Ə.Axundzadə ilə müqayisədə Mustafa Talıbzadənin Azərbaycan dili üzrə daha yaxşı mütəxəssis olduğunu vurğulayır.
Şeyxüiislam Ə.Hüseynzadə 5 fevral 1883-cü il tarixli 20 nömrəli məktubunda Firidəddin’in “Cami-Abbas” şəriət dərsliyinin “yerli Azərbaycan dili”nə tərcüməsini M.Talıbzadəyə tapşırdığını K.P.Yanovskiyə yenidən xatırladır.
Geniş müzakirədən sonra belə bir dərsliyin yazılması xalq arasında alim kimi şöhrət tapan M.S.Talıbzadəyə tapşırılır.
Yeri gəlmişkən, qeyd edək ki, XIX əsrin 70-80-ci illərində dərslik və oxu kitablarının hazırlanmasında və yazılmasında nəzərə çarpan fəallığın əsas səbəbi ziyalıların bu sahəyə maddi cəhətdən yaxşı həvəsləndirilməsi və mükafatlandırılmasına dövlət qayğısı idi. Sənədlər göstərir ki, bu məsələnin təşəbbüsçüsü vaxtilə “Əkinçi” qəzetinə yaxından kömək etmiş, 1876-cı ildə Bakı qubernatorluğundan Qafqaz Canişinliyi Baş İdarəsi Departamentinin rəisi təyin edilmiş D.S.Staroselski olmuşdur.
M.S.Talıbzadənin tapşırılan kitabı yazıb-yazmaması məlum deyil. Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin Qafqaz Təhsil Dairəsinin poreçiteli K.P.Yanovskiyə 1883-cü ildə göndərdiyi məktubdan məlum olur ki, M.S.Talıbzadə tapşırılan dərsliyı – Fəridəddin’in “Cami-Abbas” dərsliyini ərəb dilindən yerli Azərbaycan dilinə tərcümə etməklə məşğuldur.
Burada bir faktı da vurğulamaq istərdim. Dərslik yazma prosesi zamanı Zaqafqaziya rəhbərliyilə M.S.Talıbzadənin münasibətlərində yaxınlıq və doğmalıq artır. Tezliklə M.S.Talıbzadənini vəzifəsi böyüdülür: 1882-ci il martın 6-da 2218 nömrəli sərəncamla ona Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırığı verilir. O, Kutaisidən Tiflisə ezam olunur. Bir neşə aydan sonra M.S.Talıbzadə ruhani idarəsinin nəzdindəki “Əli məktəbi”nin müəllimi vəzifəsini də icra etməyə başlayır.
M.S.Talıbzadə ruhani idarəsinin üzvlüyünə yalnız 14 illik icraçılıqdan sonar – 1896-cı il oktyabrın13-də təsdiq olunub. Görünür hakim dairələr, nədənsə, ruhani idarəsində onun birinci şəxs ola biləcəyindən ehtiyat etmişdilər.
M.S.Talıbzadə böyük ailə sahibi olub. Onun birinci arvadı Mehri xanım Cəfər qızı idi. Arxiv sənədlərində bu izdivacdan dünyaya gələn üç övladı haqqında məlumat verilir: Yusif 22 yanvar 1877-ci ildə, Abdulla 12 fevral 1881-ci ildə, Ruqiyə 22 iyul 1884-cü ildə dünyaya gəlib.
Abdulla Şaiq öz xatirələrində atasının ikinci arvadı, Borçalı mahalının Sarban kənd sakini Mina Xudaverdi qızından dörd bacı və qardaşı olduğunu yazsa da, arxiv sənədlərində təkcə 6 iyul 1894-cü ildə anadan olan Əbdülhüseynin adı çəkilir. Əlbəttə, belə böyük ailənin çörək qazananı uzun müddət təkcə ata özü olub. Ötən əsrin əvvəllərində əvvəlcə Yusif, sonralar isə Abdulla İranda mükəmməl təhsil alandan sonra Bakıya gəlib, burada müəllimlik vəzifəsinə başlayırlar. Onların məvacibi Talıbzadələr ailəsinin maddi vəziyyəti bir qədər yaxşılaşdırır.
1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qolitsinin əmri ilə Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü Axund Mustafa Talıbzadə tutduğu vəzifədən və ümumiyyətlə xidməti işdən azad edilir. Belə bir xəbərin “Kavkaz” qəzetində (4 may 1900-cü il, N 117 ) dərc edilməsi M.S.Talıbzadənin böyüklüyünü göstərən fakt kimi qiymətləndirilməlidir.
Abdulla Şaiq öz xatirələrində atasının sərdar divanxanasının əmri ilə idareyi-ruhaniyyədən 1902-ci ildə çıxarıldığını yazır ki, bu da, göründüyü kimi, həqiqətə uyğun deyil (Bax: Abdulla Şaiq.Əsərləri, v cild, səh.355 ). Müəllifin “o, indi (işdən çıxarıldıqdan sonra –N.N.) böyük ailəsini yalnız məktəbdən aldığı maaşla idarə edirdi” fikri də dəqiqləşdirilməlidir. Belə ki, M.S.Talıbzadə həm idarə üzvlüyündən, həm də məktəbdəki işindən çıxarılmışdı. Bəlkə də o, “Əli məktəbi”ndən uzaqlaşdırıldıqdan sonra başqa təhsil ocağında işini davam etdirmişdir. Hər halda bu fikri sübut edən sənədlər axtarılmalı, M.S.Talıbzadənin maarifə bağlı olan zəngin həyat yolu hərtərəfli işıqlandırılmalıdır. Ömrünün xəzan çağında böyük çətinliklər və haqsızlıqlarla qarşılaşan və yaşadığı dövrün ziddiyyətləri ilə mübarizədə qüvvəsi tükənən M.S.Talıbzadə əsəb və ürək xəstəliyindən əziyyət çəkirdi.
Axund Mustafa Talıbzadə 1903-cü ildə dünyasını dəyişmişdir. Onun İslam dininin tarixinə, Şərq və ümumiyyətlə, dünya ədəbiyyatının incəliklərinə bələd olan övladları maarifpərvər atanın elmi və ürfan odu ilə közərən ocağını sönməyə qoymayıblar. Maarif fədaisinin övladları – Axund Yusif Talıbzadə (1877-1923), Abdulla Şaiq Talıbzadə (1881-1959 ) və nəvəsi akademik Kamal Talıbzadə (1923-2006) maraqlı və çoxsahəli pedaqoji fəaliyyətləri, müxtəlif janrlı gözəl əsərləri, dərslik və oxu kitabları ilə dil, mənəviyyat və ədəbiyyatımızı zənginləşdiriblər.
Talıbzadələr məktəbinin çoxsaylı nümayəndələri öz müəllimlərinin işini bu gün ləyaqətlə davam etdirirlər.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Respublika PrezidentininSərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq
Ədəbiyyat siyahısı
1. ARВTA (Azərbaycan Respublikası Dövlət tarix Arxivi). Fond 290,
siyahı 1,saxlama vahidi 258 (64 vərəq)
2. ARDTA. Fond 290,siyahı 4,saxlama vahidi 235 (20 vərəq)
3. Nəsrəddinov Nazim. Maaif fədaisi Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə. “Kəlam” jurnalı,27.03.2012