Yazar: Kırım'ın Sesi Gazetesi

GenelGüncelKültür SanatTürk Dünyası

Böyük Turan ellərinin qovşağında yer­ləşən Zəngəzur yolu – Umud Mirzəyev

Umud Mirzəyev,

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

Biz dirçəltməyə, qurmağa, yaşatmağa qayıtmışıq

Vətəndaş cəmiyyəti qurumları Şərqi Zəngəzurda…

Biz bundan sonra da Azər­baycanda vətəndaş cəmiyyəti­nin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir.

(Prezident İlham ƏLİYEVİN 14 fevral 2024-cü il tarixli andiçmə mərasimindən)

24 iyun 2024-cü il. Gecə saat 04:00-da Bakıda Su İdman Sarayının qarşısında 200-ə yaxın vətəndaş cəmiyyəti və media nümayən­dələri toplaşıb. Az sonra maşın karvanımız Şərqi Zəngəzura doğru yol alır. Təxminən 4 saat sonra Füzuli rayonunun Horadiz qəsə­bəsini keçib yenicə salınmış asfalt yolla bizi Xan Arazın sahili boyunca Cəbrayıl və daha sonra Zəngilana aparan avtobuslar sürətlə irəliyir.

O taylı– bu taylı Vətən torpaqlarıdır. Ça­yın bir tərəfi Qaradağ mahalı, digər tərəfi isə Qarabağ mahalıdır! Hər iki tərəf bizim üçün çox doğmadır. Uzaqdan Xudafərin dəryaçası görünür. “Lil ilə axan” Arazın suları baxdıqca fikrimi çəkib aparır, xatirələr çözələnir, ötən günlər yada düşür, fikrən sanki zamanda sə­yahət edirəm. O ağır illəri, 90-ların əvvəlləri göz önünə gəlir: 1993-cü il 23 avqust Füzuli­nin və Cəbrayılın işğalı, məcburi köçkünlərin faciəvi durumu, insan hıçqırtıları, ana-bacı­larımızın, ağbirçək nənələrimizin ah-naləsi, hayqırtıları… Fəryadlar yeri-göyü titrədir. Yağı düşmənin zülmü ərşə dirənib. Xilas yolu axtara-axtara özünü çaya vuran, lal axan Arazda batan, boğulan insanlarımızın, itkin düşən soydaşlarımızın xatirəsi yaddaş axa­rında yenidən təzələnir…

Həmin vaxtlar Füzuli və Cəbrayılın iş­ğalından sonra Zəngilanın nicat yolu qal­mamışdı. Zəngilanlıların yeganə yolu Arazı o taya keçmək, qonşu İrana pənah aparmaq idi. Yurd-yuvasından qovulan, ev-eşiyindən didərgin düşən on minlərlə dinc sakin özü­nü Arazın soyuq suları qoynuna atıb canını qurtarmağa çalışırdı. Suda boğulanların, itkin düşənlərin sayı-hesabı yox idi. Bu faciələrin davamı isə 1993-cü il oktyabr 30-da Zəngila­nın işğalı oldu.

Bu gün də biz, o qanlı-qadalı günlərə şa­hidlik edən, uzun illər işğal altında qaldıqdan sonra azad olmuş Böyük Turanı bir-biri ilə qovuşduracaq Şərqi Zəngəzur yolundayıq. O yol ki, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Ordumuzun şanlı Qələbə­sini simvolizə edir. O yol ki, Azərbaycanın, türkün gücünü özündə birləşdirir. Bəli biz, o möhtəşəm Qələbədən sonra salınan yeni yol­larla Zəngilana yaxınlaşırıq. Vaxtilə gözüm­də canlanan, qulağımda eşidilən o faciələrin, köçün qorxulu həyəcanı indi məğrur və bir o qədər də xoşbəxt bir hiss ilə əvəz olunurdu.

***

Dağıdılmış, viran qoyulmuş ərazilərdən, xarabazarlıqlardan keçəndə quruculuq işlə­rini davam etdirən Azərbaycanın varlığı və insan əməyi duyulurdu. Taleyi həm Zəngəzu­ra, həm də Qarabağa bağlı olan birisi kimi, Zəngəzura doğru getdikcə bütün vücudumla hiss edirdim ki, bu mahalda uyuyan dədə-ba­balarımızın istisnasız olaraq hamısının ruhla­rı şaddır. Həqiqətən də bütün bu hissləri sözlə ifadə etmək çox çətindir.

Şərqi Zəngəzura səfərimizdə məqsəd həm Azərbaycan Respublikası Qeyri-Hö­kumət Təşkilatlarına Dövlət Dəstəyi Agent­liyi və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə Zəngilanda düzənlənən QHT-lərin Əməkdaşlıq Forumunda iştirak etmək və həm də regiondakı mövcud vəziy­yətlə tanış olmaq idi. Maşınlarımız işğaldan azad edildikdən sonra Qarabağda ilk salınan “ağıllı kənd” Ağalıdan keçib Zəngilanda, dörd bir tərəfi də vəhşi düşmənin yaratdığı xarabazarlıq olan Konqres Mərkəzinin önün­də dayandı.

Foruma qədərki görüşlər, danışıqlar, mü­zakirələr qeyri-adi həmrəylik ruhu, fərqli bir ab-hava yaratmışdı. Kiçik çay fasiləsindən sonra forum öz işinə başladı. “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənista­nın dağ-mədən sənayesinin ekoloji fəsadları” və “COP29 və Yaşıl Dünya Naminə Həm­rəylik Hərəkatı” mövzularında 3 əsas panel üzərindən keçirilən forumun proqramında Azərbaycan QHT-lərinin beynəlxalq əmək­daşlıq imkanlarının müzakirəsinə də xüsusi yer ayrılmışdı.

Tədbirin açılışında çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Prezident Administrasi­yasının QHT-lərlə iş və kommunikasiya şö­bəsinin sektor müdiri Tural Əliyev son illər Azərbaycan vətəndaş cəmiyyətində baş verən mühüm dəyişiklikləri və onlara göstərilən diqqət və etimadı vurğuladılar. Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorun­da dərinləşdirilən islahatların, yaradılan sağ­lam mühitin məntiqi nəticəsi olaraq vətəndaş cəmiyyəti təşkilatlarının ölkənin ictimai hə­yatında mühüm rol oynaması və xüsusi yerə sahib olduğu da ayrıca qeyd edildi. Milli QHT Forumunun yeni seçilmiş rəhbəri Ramil İsgəndərlinin çıxışı da özünəməxsusluğu ilə yadda qaldı.

Forumun panel moderatorları və çıxış­çıları da öz nitqləri ilə tədbirə ayrı bir dəyər qatdılar. Ölkənin tanınmış QHT nümayən­dələri xalqımızın qürurunu özünə qaytaran Böyük Qələbə sevinci ilə bir sıra mühüm məsələlərə dair fikir mübadiləsi apardılar. Onlar ümumi həmrəylik mühitində demok­ratik düzənin ən vacib seqmentlərindən olan Vətəndaş Cəmiyyətinin gələcək inkişafından, görüləcək işlərdən, planlardan danışdılar. Bu müzakirələr yeni metodların tətbiqi və bey­nəlxalq təcrübəyə əsaslanması ilə nəzərə çar­pırdı. Yüksək səviyyədə keçən forum dövlət və QHT-lər arasında qarşılıqlı anlaşmanın, faydalı əməkdaşlığın və sarsılmaz həmrəyli­yin mövcud olduğunu, bu faktorun ölkəmizin gələcək inkişafına böyük qatqılar verəcəyini əyani nümayiş etdirirdi. İki gün davam edən tədbirdə Sahib Məmmədovun, Rauf Zeyni­nin, Ayaz Mirzəyevin, Azər Allahverənovun, Zaur İbrahimlinin, Sabit Bağırovun, Amin Məmmədovun vətəndaş cəmiyyətlərinin dünəni, bugünü və sabahı mövzularındakı konseptual çıxışları xüsusilə qeyd olunmalı­dır. Forumda vətəndaş cəmiyyəti institutla­rının peşəkarlığı, ölkəmizin həyatındakı rolu açıq-aydın hiss olunurdu.

QHT-lərin Zəngilanda keçirilən tarixi əməkdaşlıq forumunun açılış mərasimində mən də çıxışçılar arasında idim. Bir vətəndaş cəmiyyəti təmsilçisi olaraq deməyə sözümüz, ortada isə gördüyümüz çox böyük işlər vardı. Öz çıxışıma da yol boyu keçirdiyim hissləri ifadə edərək başladım. Bu gün regionun lider dövlətinə çevrilən müstəqil Azərbaycanımı­zın son illər əldə etdiyi möhtəşəm qələbələr­də vətəndaş cəmiyyəti qurumları kimi xüsusi payımızın olduğu üçün qürurlu idim.

Tale elə gətirib ki, mənim də bütün hə­yatım əvvəldən indiyədək Qarabağda işğal­çı rejimlə, quldur separatçılarla mücadilədə keçib. Qurucusu olduğum Beynəlxalq Avra­siya Mətbuat Fondu (BAMF) Qarabağın 30 illik işğalı dövründə Azərbaycan həqiqət­lərini dünyaya çatdırmaq üçün ən müxtəlif beynəlxalq platformalarda, nüfuzlu audito­riyalarda qaçqınların, məcburi köçkünlərin və işğal qurbanlarının hayqıran səsinə çev­rilmişdi. BAMF-ın əsas missiyası, vizyonu sülh və konflikt bölgələrindən obyektiv in­formasiyaların yayılması olduğu ücün biz ilk gündən xarici jurnalistlərin, diplomatların, beynəlxalq təşkilatların nümayəndələrininm Qarabağa səfərlərini təşkil etdik. Buradan doğru-dürüst məlumatların yayımlanmasına çalışdıq. Aparıcı media qurumlarını, təmsil olunduğumuz BMT rəsmilərini, öz tərəfdaş­larımızı bu problemə və Azərbaycan reallıq­larına doğru çəkdik. Təkcə birinci Qarabağ müharibəsi dövründə yüzdən çox xarici jur­nalistin ölkəmizə, qaynar nöqtələrə səfərlə­rini təşkil etdik. Müharibədən zərər çəkən regionlarda sosial-iqtisadi layihələrin əsas təşəbbüskarı və icraçısı olduq.

İnformasiya cəbhəsində çalışmaqla ya­naşı, Azərbaycanda Mina Təhlükəsi ilə Mü­barizə Proqramına qoşulduq. Bu gün BAMF BMT agentlikləri və digər beynəlxalq təşki­latlarla yanaşı, ölkəmizdə ANAMA-nın əsas partnyorlarından biridir. BAMF-ın yaratmış olduğu İcma Mina Aksiyası Komandası son 20 ildə 12 min hektardan çox ərazini minalar­dan təmizləyib istifadəçiyə təhvil vermişdir.

Biz harada olduqsa insanların ümid yeri, onların həyatlarının bir parçası olduq. Bizə qarşı olan güclərə, düşmən qüvvələrə qarşı yumşaq gücümüzü göstərdik, birlik olmağı bacardıq. Bəli, sülh missiyamızdan, öz əqi­dəmizdən və beynəlxalq hüquqi normalarına olan sədaqətimizdən əl çəkmədik. Dünyada hökm sürən ikili standartların gətirdiyi haq­sızlıqlara, ədalətsizliklərə baxmayaraq, öz yolumuzdan dönmədik.

Mən də İkinci Qarabağ müharbəsi za­manı 27 sentyabr 2020-ci il tarixdən 27 no­yabr 2020-ci ilə qədər iki ay fasiləsiz olaraq Əl-Cəzirə TV-nin əməkdaşları ilə ön cəbhədə oldum. Bir QHT təmsilçisi kimi İkinci Qa­rabağ müharibəsi zamanı ölkədə hökm sürən və şanlı Qələbəmizin əsasını təşkil edən ümumxalq birliyinin mühüm parçalarından olduq. Müharibədən sonrakı dövrdə də bütün sahələrdə – təhsil, iqtisadiyyat, sosial, tibb, sülh quruculuğu, ətraf mühit və s. istiqamət­lərdə fəaliyyətimizi daha da artırdıq.

Mən fəxr edirəm ki, 2021-ci il oktyab­rın 17-də doğma Füzulimizin azad olunduğu gündə ölkə başçısı İlham Əliyevin və birin­ci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən təməlqoyma mərasimində iştirak etmişəm. Prezidentlə birlikdə o təməldə pay sahibi olmaq vaxtilə doğma yurdunu acı­lar içində tərk edən, 30 illik nisgili özündə yaşadan bir azərbaycanlı, qarabağlı üçün o ağrılara çəkilən məlhəm idi. Çünki biz qayıt­mışdıq. Biz dirçəltməyə, qurmağa, yaşamağa qayıtmışdıq.

2023-cü il təməlqoymadan 2 il sonra elə həmin tarixdə, “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə ölkə Pre­zidentinin görüşü baş tutdu. Artıq yeni məs­kunlaşan sakinlərə açarlar təqdim olundu. Hər iki görüşün, mərasimin bir parçası oldu­ğum üçün çox qürurluyam. Eyni zamanda, bir o qədər də məsuliyyəti öz üzərimdə hiss edirəm. Axı bir vətəndaş cəmiyyəti qurumu olaraq bu proseslərdə iştirak etmək və öz töhfəmizi vermək həm də bizim vətəndaşlıq borcumuzdur…

Mən öz çıxışımda təkcə özümüzdən, nailiyyətlərimizdən danışmadım. Bütövlükdə vətəndaş cəmiyyətinin uğurlarından söhbət açdım. Ölkəmizin yeraltı sərvətlərinin qo­runmasına xidmət edən eko-aksiya, mina xə­ritələrinin təqdim olunması üçün başladılan petisiya, Azərbaycana tətbiq olunan qərəzli sanksiyalara qarşı birgə bəyanatlar, Metsamor atom elektrik stansiyasının fəaliyyətinə yönə­lik etiraz çıxışları və s. çoxsaylı fəaliyyətləri­miz buna misaldır. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra seperatçıların qanunsuz silahlanmasına qarşı başladılan etiraz aksiyası, verilən bəyanatlar, hazırlanan hesabatlar ayrı­ca qeyd olunmalıdır.

2024-cü ilin fevral ayında bizim də yaxından iştirak etdiyimiz növbədənkənar Prezident seçkilərində vətəndaş cəmiyyəti təşkilatları üzərlərinə düşən müşahidəçilik missiyasını ləyaqətlə yerinə yetirdilər. Ölkə­də fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarını və ictimai birlikləri təmsil edən 6 045 nəfər seçkilər günü prosesdə müşahi­dəçi qismində yer aldı.

Bu il də vətəndaş cəmiyyəti nümayən­dələrinin qarşısında fövqəladə faydalı bir missiya dayanır: COP29 kimi mühüm bey­nəlxalq tədbirə evsahibliyi edən Azərbayca­nımıza dəstək olmaq! Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaş cəmiyyəti institutla­rı bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaqlar.

Çıxışım zamanı bu fikirləri səsləndirdik­cə, həqiqətən də, qəlbimdə bir əminlik, bir fəxarət hissi artır, ürəyim dağ boyda olurdu. Sanki Zəngilandan yayılan səsimiz bütün Zəngəzurda eşidilir, tarixi torpaqlarımızda əks-səda verirdi…

Yekunda Azərbaycan QHT-ləri Əmək­daşlıq Forumunun iştirakçıları adından Azər­baycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu. Biz müraciətdə xüsusi olaraq vurğuladıq ki, bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda gedən hərtərəf­li quruculuq işləri bölgəni sanki əsrarəngiz bir cənnət məkanına çevirir, bu dağıdılmış ərazilər yaşıl enerji zonaları kimi çox mühüm ekoloji məkan olaraq yenidən dirçəlir.

Bu dirçəliş əsası ulu öndər Heydər Əli­yev tərəfindən qoyulmuş uğurlu daxili və xarici siyasət strategiyasının çağdaş dönəm­də müvəffəqiyyətlə reallaşdırılmasının bariz göstərici kimi təqdirəlayiqdir. Biz möhtərəm Prezidentə müraciətdə onu da qeyd etdik ki, QHT nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda heyrətamiz quruculuq və bər­pa işlərinin şahidi oldu. Ermənistanın işğalı dövründə Azərbaycan torpaqları 1,5 milyon­dan çox mina və partlamamış hərbi sursat ilə çirkləndirilsə də, indi ərazilərimizin minadan təmizlənməsi, ətraf mühitin qorunması üçün çox böyük işlər aparılır. Qəti əminliklə deyə bilərik ki, cənab Prezident, gün gələcək Siz bütün dünyaya Qarabağ və Şərqi Zəngəzurun minadan tam azad gülüstana çevrildiyini bə­yan edəcəksiniz!

Müraciətin Zəngilanda, işğaldan azad olunmuş ərazidə qəbul edilməsi xüsusilə əlamətdar idi. Çünki bu bölgələrdə aparılan yenidənqurma işləri və yaşıl enerji layihələri Azərbaycanın ekoloji və iqtisadi inkişafının təməl göstəricilərindəndir. Ermənistanın işğalı dövründə ciddi ekoloji problemlərlə üzləşən digər ərazilər kimi, Zəngilan da indi yaşıl enerji zonası elan olunub. Bu isə bir daha Azərbaycanın qlobal iqlim dəyişiklik­lərinə qarşı mübarizəyə olan yanaşmasının göstəricisidir.

Yeri gəlmişkən, Zəngilan səfəri boyun­ca cənab Prezidentin bu il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirdiyi fikirlər düşüncəmdə dolaşırdı. Prezidentin öz çıxışında qələbədən sonra Azərbaycanda vətəndaş cəmiyyətinin inkişa­fı və həmrəyliyinin gücləndirilməsi üçün ad­dımların atılacağına vurğu etməsi artıq yeni bir mərhələnin başlanğıcına çağırış idi. Məhz bu sahədə inkişafa xidmət edən forum sübut edirdi ki, Prezidentin sözü ilə əməli birdir və o, cəmiyyətimizin inkişafı üçün bütün lazımi addımları atır, şəxsi dəstəyini əsirgəmir.

***

Şübhəsiz ki, tarixin ən çətin və keşməkeş­li günlərində Azərbaycanın yeganə xilaskarı olan görkəmli dövlət xadimi, dahi Heydər Əliyev həm də müstəqil Azərbaycanda de­mokratik təsisatların, o cümlədən, vətəndaş cəmiyyətinin qurucusu kimi əvəzsiz xidmət­lər göstərmişdir. Xalqın tələbi ilə yenidən ha­kimiyyətə qayıdan Ulu öndər dövlət idarəçi­liyinin sükanı arxasına keçdiyi ilk günlərdən etibarən müstəqilliyimizin möhkəmləndiril­məsinə, hakimiyyət strukturlarının bərpasına, ordu quruculuğuna, demokratiya prinsipləri­nin bərqərar olmasına yetirdiyi diqqət qədər, həm də vətəndaşların rifahına, cəmiyyətin in­kişafı üçün zəruri hüquqi bazanın formalaşdı­rılmasına böyük önəm verirdi. Onun təşəbbü­sü və müəllifliyi ilə 1995-ci ildə qəbul edilən Yeni Konstitusiya, eləcə də insanların hüquq və azadlıqlarının təminatına yönəlik bir çox qanunvericilik aktlarının qəbulu Heydər Əli­yevin tarixi xidmətlərindəndir. Məhz zəruri hüquqi bazanın yaradılması bu gün vətəndaş cəmiyyəti təşkilatlarının sərbəst fəaliyyət göstərməsinə və onların mənafeyinin qorun­masına əsaslı təminat kimi mövcuddur. Bu isə ölkədə milli birliyin, ümumxalq həmrəy­liyinin yaranmasına vəsilədir.

***

Zəngilan Forumu çərçivəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Qubad­lı rayonunda yerləşən N saylı hərbi hissəyə səfərimiz oldu. Biz böyük məmnuniyyət və mehribanlıqla qalib əsgərlərimizlə görüşdük. Hazırda Azərbaycan Ordusu Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə günü-gün­dən inkişaf edən qüdrətli bir gücə çevrilib. Bunu İkinci Qarabağ müharibəsində 44 gün ərzində qazanılan Qələbədə və ötən il 24 sa­atdan da az bir vaxtda gerçəkləşən antiterror əməliyyatlarında əyani gördük. Qubadlı gö­rüşündə müzəffər odumuzun əsgər və zabit­lərini səmimi-qəlbdən bayram münasibətilə təbrik etdik, onlarla öyündüyümüzü bildir­dik. Xalq və ordu həmrəyliyi sübut edir ki, artıq Azərbaycan regionda söz sahibi olan güclü, qüdrətli bir dövlətə çevrilib.

***

Zəngilanı tərk etməzdən öncə məscidi ziyarət etdik. Məscidin ətrafındakı vandal­casına dağıdılmış evlər diqqətimi çəkdi. Axı, o evlərdə körpələr dünyaya gəlmiş, uşaqlar doğulmuş, böyümüş, o həyətlərdə oynamış, şənlənmiş, dinc həyat sürmüş, oğul-qız toyları baş tutmuş, nə qədər xoşbəxt anlar yaşanmış­dı. Bu xoşbəxt həyatın axarını erməni vəhşiliyi yarıda qoymuşdu, talelər məhv olmuş, faciələr törənmişdi… Evləri, yolları, bütün tarixi-mə­dəni abidələri dağıdan düşmən, o cümlədən, məscidləri də xüsusi amansızlıqla yerlə-yek­san etmişdi. Bu zaman Prezident İlham Əliye­vin 2020-ci ilin dekabrın 23-də Zəngilandakı təsirli çıxışı yadıma düşür. “Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələ­rimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib. 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etdik, dəfələrlə bil­dirdik ki, bizim məscidlərimiz, tarixi abi­dələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, amma bura bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Müharibə qurtaran kimi isə onlar başlayıblar ki, gərək erməni xalqının abidələri qorunsun…” O bəyan etdi: “Biz bü­tün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, bura məscid olub, UNESCO, buraya gəl, gəl gör! Avropa Şurası, səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət de­yil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu isla­mofobiya nə qədər davam edəcək? Bunu dağı­dan Ermənistan olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici hi­mayədarları tərəfindən belə qəbul edilən mə­dəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər…”

Zəngilan məscidinin önündə xatırladığım bu çıxış Azərbaycan Prezidentinin vətənpər­vərliyini, xalqa sevgisini, mədəni irsə qayğı­sını və yüksək intellektual səviyyəsini dünya­ya nümayiş etdirirdi. Həmçinin Azərbaycan xalqının nə qədər alicənab, humanist və mə­dəni xalq olduğunu göstərirdi.

Mən bütün bunları düşünür və Ulu öndə­rin ifadə etdiyi kimi, azərbaycanlı olmağımla fəxr edirdim…

***

İnanıram ki, dirçələn Qarabağımızın ye­nilməz gələcəyi var və bu gələcəyin əsas mo­tivlərindən biri də xalqın həməryliyi, Vətən və dövlət sevgisidir. O parlaq gələcək təkcə Zəngilanın, Laçının dirçəlişi ilə bağlı deyil, Cəbrayılın, Füzulinin, Ağdamın, Şuşanın, Kəlbəcərin və ümumən, Azərbaycanın bü­tün bölgələrinin sürətli inkişafı ilə sıx bağlı­dır. Bu yolda vətəndaş cəmiyyətinin mühüm elementi kimi QHT-lər də bütöv Azərbaycan naminə fəal və iradəli addımlar atmaqdadır­lar. Əlbəttə, ölkəmizdə bəzi məsələləri var ki, ötən dövr üçün qəbul olunsa da, yeni re­allıqlarla tam uzlaşmır. Bugünün reallığında, yeniləşən dünya düzənində yeni Azərbaycan boy göstərir. Bu fərqli Azərbaycan indi qu­rulmaqdadır. Bu quruculuq prosesində hər bir vətəndaşın öz payı, faydalı qatqısı olmalıdır.

Lakin onu da unutmayaq ki, regionun parlayan ulduzu Azərbaycanın inkişafını gözü götürməyənlər də az deyil. Azərbaycana qısqanclıqla yanaşan, uğurlarımızı həzm edə bilməyən qüvvələr bu gün dişini qıcayıb. Ona görə də ölkə daxilində ümumxalq həmrəyliyi daha möhkəm olmalıdır və bu məqamda da yenə vətəndaş qurumları önə çıxmalıdırlar. Bir tərəfdə güclü ordumuz olduğu kimi, digər tərəfdə də ölkəmizin demokratik təsisatları, güclü vətəndaş cəmiyyəti institutları düş­mənlərimiz üçün gözdağına çevrilməlidir! Vətəndaş cəmiyyəti qurumları ölkənin görən gözü, danışan dilidir. Hər bir vətəndaş öz hə­yatında, gündəlik əməlində bunu hiss etməli və göstərməlidir.

Bu gün Qarabağa qayıdış prosesi gedir. İnsanlarımızın Qarabağa köçü davam edir. Amma bu geri dönüş özü ilə bərabər müəyyən qayğılar də meydana gətirir: insanların yerli şəraitə, yeni mühitə uyğunlaşması, psixoloji faktorlar, onlarla mütəmadi ünsiyyət, maa­rifləndirmə, işsizlik, sosial problemlər həllini tapmalıdır. Bu məsələlərdə əsas yük həm də QHT-lərin üzərinə düşür. Yeniləşmiş QHT Agentliyinin apardığı yeni kurs, müasir dəs­ti-xətt təqdirəlayiqdir. Atılan addımlar hədə­fimizin doğru olduğunu göstərir. Hədəf doğ­rudursa, deməli, agentliyin gücü, potensialı da get-gedə artacaq, ona olan inam, etimad çoxalacaq.

Heç şübhəsiz ki, Azərbaycan QHT-ləri donor asılılığından qurtulmalı, cəmiyyətin dayanıqlı təsisatlarına çevrilməlidir. Ancaq bu, heç də xarici donorlardan imtina anla­mına gəlməməlidir. Dünyada elə maliyyə qaynaqları mövcuddur ki, onların böyük ək­səriyyətində Azərbaycanın da payı var. Res­publikamız bütün beynəlxalq çağırışlarda öz vəsaiti ilə iştirak edir. BMT başda olmaqla əksər beynəlxalq qurumlarda ölkəmizin də üzvlük haqqı var. O vəsaitlərdən formalaşan donor qaynaqlarından imtina edilməməli, ək­sinə, onlardan faydalı şəkildə istifadə olun­ması üçün şərait yaradılmalıdır.

Eyni zamanda, QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericilkdə nəzərə çarpan boşluq­lar aradan qaldırımalıdır. Bu boşluqlar, əslin­də, vətəndaş cəmiyyəti meyarına münasibət­lərin fərqli olmasından irəli gəlir. Düşünürəm ki, Milli Məclisin yeni tərkibi bu problemin də optimal həll variantını tapacaq və qanun­vericiliyimizin daha da təkmilləşməsi is­tiqamətində zəruri addımlar atılacaqdır.

Bu il Azərbaycan mötəbər bir konfran­sa, COP29-a ev sahibliyi edəcəkdir. Burada da QHT-lərin gücü, rolu önəmli və vacibdir. Nədən qabaqcıl QHT-lər COP29 prosesin­də aktiv iştirak etməsin? Hesab edirəm ki COP29-un keçiriləcəyi məkanda təcrübəli Azərbaycan vətəndaş cəmiyyəti qurumla­rının ayrıca pavilyonlarının olması faydalı olardı. Çünki bu tədbir ölkə QHT-lərinin bey­nəlxalq təşkilatlarla əlaqələr yaratması, ölkə­mizin maraqları baxımından qarşılıqlı faydalı münasibətlər qurması üçün yaxşı bir fürsət­dir. COP29-un Təşkilat Komitəsi üzvləri ilə Vətəndaş Cəmiyyəti mənsubları arasında fo­rumda olduğu kimi, mütəmadi görüşlərin təş­kili də faydalı olardı.

Azərbaycan QHT-ləri ölkədaxili uğurlu fəaliyyətləri ilə seçilməli, həmrəylik nümayiş etdirməli, öz imkanlarını beynəlxalq səviy­yələrə daşımalıdırlar. Qalib ölkəmiz sülh, ba­rış istəyən ölkədir və belə olan halda yumşaq güc, xalq diplomatiyası aktuallıq təşkil edir. Həm yerli, həm də xarici faydalı əlaqələ­rin qurulmasından, QHT-lər arası çoxşaxəli əməkdaşlığın inkişafından istər cəmiyyət, həm dövlət, istərsə də vətəndaşlar qazanar. O zaman hamımız daha mütəşəkkil “vətən­daş” və “cəmiyyət” məfhumunun, eləcə də “vətəndaş cəmiyyəti”nin güclü tərəflərinin şahidi olarıq.

***

Böyük Turan ellərinin qovşağında yer­ləşən Zəngəzur yolu ilə Bakıya qayıdırıq. Bu yol həmin yoldur. Bu yol bizi zəfərə, qələ­bələrə, Qarabağa aparan yoldur. Düşüncələ­rimi yekunlaşdırarkən bir daha qeyd etmək istərdim ki, biz doğma torpaqlara qayıdışa inamı hər zaman yüksək olan vətəndaş cə­miyyəti mənsubları kimi, bundan sonra da xalqımızla və dövlətimizlə birgə addımlaya­raq Zəngəzurdan keçib Turan ellərinə çıxaca­ğımıza inanırıq. Bu yol, həm də xalqımızın, millətimizin həmrəyliyindən keçir. Dünyanı heyrətə gətirən, düşməni lərzəyə salan həm­rəylikdən… O həmrəylik ki, lazım gələndə dəmir biləyə, dəmir yumruğa çevrilə bilir. Yolumuz işıqlı, gələcəyimiz parlaq olsun!

Read More

Pin It on Pinterest