GenelGüncel

Aşıq Veysəlin xatirəsinə –

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Arif Fərzəli (Fərzəliyev Arif Xudakərim oğlu) 1956-cı ildə Masallı rayonunun  Xırmandalı kəndində ziyalı ailəsində anadan olub.

1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) kimya fakültəsini, 1991-ci ildə Moskva şəhərində M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirib.

Yarım əsrə yaxındır ki, bədii yaradıcılıqla məşğuldur. Şeirləri, publisistik yazıları “Azərbaycan”, “Literaturnıy Azərbaydjan”, “Ulduz”, “Gənclik”,  “Karvan”, “Söz” jurnallarında, almanaxlarda, onlarca qəzetdə çap edilib.

“Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib”, “Tarix kitabı” və “Ömürdən iki yarpaq” kitablarının müəllifi, Azərbaycan Yazıçılar  Birliyinin üzvüdür.

Arif Fərzəli

Can yox dözə bu dərdə

                                 Aşıq Veysəlin xatirəsinə

Gözlərim tutulmadı ki,

Onu özüm bağladım.

Bir az qorxub bağladım,

Bir az bezib bağladım.

             ***

Bir daha cürət edib,

Bu “qapı”nı açmaram.

Lap dönüb mələk ola,

Niqabını açmaram.

               ***

Qara Keşiş ovsunu

Kirpiyimdən o yana.

Ya həbəçi ovcudu,

Ya da yuyucuxana.

              ***

Pəsdə məzlumun sözü,

Zildə zalım dediyi.

Sağdan əcəb kürsüdü,

Soldan … edam kötüyü.

           ***

Can yox dözə bu dərdə,

Don yox qından savayı.

Nə var çılpaq bu yerdə,

Qılıncından savayı?!.

               ***

Qarşıma qızıl çıxa,

Bu “qapı”nı açmaram.

Dünyanın yalan dolu

Kitabını açmaram.

Ey söz

Ey kökü, mayası, ruhu, ahəngi

Torpaqdan, atəşdən, sudan, havadan!

Nadanlar dilində qərib, didərgin,

Ariflər dilində yeri abadan!

                       ***

Füzuli vəsfində məqamın – yerin

İnsandan o yana, Allahdan bəri,

Bəs indi mən sənə nə qiymət verim,

Getməsin irəli, qalmasın geri?..

                         ***

Ey bəzən bir anın bəhəri – barı,

Bəzən gecələrnən çəkilən yuxum!

Adicə qələmlə qəlblərə sarı

İllərin altından atdığın lağım!

                       ***

Mən söz yazmamışam, söz yaşamışam,

Varlığım yoğrulub mehrindən sənin.

Bir ömür ələknən su daşımışam,

Çıxa bilməmişəm sehrindən sənin.

                         ***

Ey kökü, mayası, ruhu, ahəngi

Torpaqdan, atəşdən, sudan, havadan!

Nadanlar dilində qərib, didərgin,

Ariflər dilində yeri abadan!..

Yetim segah

Mizrab toxunacaq, sim ağlayacaq,

Xətrinə dəyməyin – dedim – segahın.

Görüm, məni ən çox kim ağlayacaq,

Qoy bir harayında itim segahın.

                          ***

Bu nizə daşları keçən nizədi,

Elə bu nizənin yönü bizədi.

Ağrısı – acısı hələ təzədi

Yarası qədimdən – qədim segahın.

                        ***

Qapısı nalədi, bacası ahdı,

Dinib dillənəndə dinməz günahdı.

Dövran dəyişsə də, o yenə şahdı,

Durum hüzuruna gedim segahın.

                   ***

Simlər pərdə üstdə yollardı – qoşa,

Gedən ölməzliyə gedib qovuşar.

Qaçıb el-obaya hay sal, ay uşaq,

Dədəsi tapılıb “Yetim segah”ın…

     Qartal oylağı

Yayıldı dünyanın hər tərəfinə

Bu müjdə: işğaldan qurtardı Şuşa.

Adını, odunu, şan-şöhrətini –

Özünü özünə qaytardı Şuşa.

                       ***

Nərlər-ərənlər tək qalxdı yerindən,

Qayası dikəldi, daşı dikəldi.

Qurtuldu yadların sərkilərindən,

Şəhərlər yanında başı dikəldi.

                      ***

Bu yerlər yenə də qartal oylağı,

Bir də sinəsinə dağlar çəkilməz.

Daha bu yerlərdə hər bahar çağı

Bitən bənövşənin boynu bükülməz.

                         ***

“Bir saat havada qanad saxlayın,

Nizam ilə gedən qoşa durnalar”…

Gəlib, səmasıyla ülfət bağlayın,

Sizi haraylayır Şuşa, durnalar…

Şəhidlər ölməz ki…

Bəlkə də, bir anlıq bükər dizini,

Ensə də, bir anlıq enər torpağa.

Şəhidlər təzədən açar gözünü,

Şəhidlər təzədən qalxar ayağa.

                    ***

Yağan yağışlara, əsən küləyə,

Süzən  ulduzlara dönər şəhidlər.

Dönüb ildırıma, dönüb şimşəyə,

Düşməni kiridib yenər şəhidlər.

                     ***

Yenə alov saçar od baxışları,

Təpəri yerində, gücü yerində.

Yenə səngər-səngər Zəfərə sarı,

Vətəni aparar çiyinlərində…

Dağlar,  bu mənəm gəlmişəm

Əyrilməmiş, görüşünə

Dedim, bir də gəlim, dağlar.

Şax qamətnən bir də sənə,

Baş endirə bilim, dağlar.

                      ***

Sinəm üstü dağ yeridi,

Dərdlərin oylaq yeridi.

Bir köhnə ocaq yeridi

Daha ruhum – könlüm, dağlar.

                      ***

Ömür yarpaq tökür hələ,

Narın-narın çökür hələ.

Qor tutsam da, şükür, hələ

Soyumayıb külüm, dağlar.

                    ***

Gəldim, sənə sirr anlatım,

Özüm necə sirr anladım.

Qayan nə çəkir – anladım,

Lal olunca dilim, dağlar.

                  ***

Vəsfini gör hara yazdım,

Zirvəndəki qara yazdım.

Ələsgərdən sonra yazdım,

Əsə-əsə əlim, dağlar…

Ucalıq var ölümündə

Qapısından şəhid girə,

O həyət çökməzmi ola?!.

Ahənrüba tək hamını

Özünə çəkməzmi ola?!.

                ***

Enib gələr quşlar belə,

Bir oxşama başlar belə.

Muma dönüb, daşlar belə

Göz yaşı tökməzmi ola?!.

                 ***

Ucalıq var ölümündə,

Bir taclıq var ölümündə.

Şəhid elə ölümün də

Dizini bükməzmi ola?!.

               ***

Qürur qoymaz ana sına,

Yenilməz dərd – bəlasına.

Qəlbində öz balasına

Bir qala tikməzmi ola?!.

Gülmə yetimə

Eşidən-bilən qınar,

Gülmə yetimə, gülmə!

Bir sınıb, bir də sınar,

Gülmə yetimə, gülmə!

                   ***

Qapısı yox, bağlasın,

Dərdini sirr saxlasın.

Yeyib doymadı, barı

Qoy doyunca ağlasın,

Gülmə yetimə, gülmə!

               ***

İlk atamız, de, kimdir?

İlk atasız bəs kimdir?..

O da, bu da Adəmsə,

Demək, hamı yetimdir,

Gülmə yetimə, gülmə!..

İnsan bir məktubdur

Sevdaymış sevdasız bildiklərim də,

Həm ağ sevda varmış, həm qara sevda.

Gizlin sevda qalar görüş yerində,

Ayrılıq sevdası aşkara sevda.

                       ***

Sevdasız alışıb yanmazdı bu şam,

Bir daşdır – yeriyir sevdasız adam.

Azanı dinlədim, sevdaymış tamam,

Ozanı dinlədim, dübarə sevda.

                      ***

Babəkin kəsilmiş qolu sevdadı,

Şuşanın açılmış yolu sevdadı,

Laləyə baxıram, alı sevdadı,

Bağrının xalı da bir ayrı sevda.

                ***

İnsan bir məktubdu – məzar ünvanı,

Cənnət yaxın qoymaz sevdasız canı.

Yaşarıq – olarıq sevda qurbanı,

Ölərik – şəklimiz divara sevda…

Apar məni

Üşəmirəm seyrəldikcə dost-tanış,

Ötən bulud, apar məni özünnən.

Gündən-günə tamam tənha qalmamış,

Ötən bulud, apar məni özünnən.  

                        ***

Səmtin-yönün hansı yana olsa da,

Lap kimsəsiz biyabana olsa da,

Bu səfərin sonu fəna olsa da,

Ötən bulud, apar məni özünnən.

                            ***

Hicran yaram dönə-dönə duzlanıb,

Hər qatından neçə nisgil assanıb.

Sən dolmamış yanaqlarım islanıb,

Ötən bulud, apar məni özünnən.

                          ***

Bu dünyanın bir təlaşı yoxdusa,

Qəlbdə qəmi, gözdə yaşı yoxdusa,

Vaxtsız köçən can sirdaşı yoxdusa,

Ötən bulud, apar məni özünnən.

                               ***

Bəxt çiçəyim daşı dəlib çıxmadı,

Solmağını erkən bilib çıxmadı.

Aparmağa əcəl gəlib çıxmadı,

Ötən bulud, apar məni özünnən.

                           ***

Ta həyatın əvvəlki tək bərqi yox,

Həsrətimin ondan ötrü fərqi yox,

Demək daha yazacağım şərqi yox,

Ötən bulud, apar məni özünnən…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest