Arif Gürşadoğlu
Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan
Arif Gürşadoğlu
Arzuları güllələnən uşaqlar
Atası yox, anası yox- yaşadı,
Bir qarnı ac, bir qarnı tox yaşadı,
Arzuları özündən çox yaşadı,
Arzuları güllələnən uşaqlar.
Ah-naləsi Tanrıyacan ucaldı,
Ucaldıqca naləsindən güc aldı,
Uşaqyaşda arzuları qocaldı,
Arzuları güllələnən uşaqlar.
Yurdu yoxdu- qürbət eldə dil açar,
Ay sovuşar, gün çiçəklər, il açar,
Mərmilər də ürəyində gül açar,
Arzuları güllələnən uşaqlar.
Yurd yerləri viran qaldı, köç oldu,
Köçhaköçdə ümidləri heç oldu,
Arzuları-diləkləri puç oldu,
Arzuları güllələnən uşaqlar.
TÜRKÜN ADI TARİXLƏRDƏ QALANDI
Tanrım, Türkəm, Cahana Türk gəlmişəm!
Odlar Yurdun Türkə Vətən bilmişəm!
Yağı-düşmən sanmasın ki, ölmüşəm!
Dədəm-Qorqud, Manas tarix qalamdı,
Türkün adı tarixlərdə qalandı!
Qibləm Laçın, səcdəgahım Şuşadı!
Həsrətimiz, sevincimiz qoşadı!
Türkü Türklük, Türk doğulmaq yaşadır!
Türkdən başqa Türkün dostu yalandı,
Türkün adı tarixlərdə qalandı!
Ta Doğudan Batıyacan yurdumuz,
“Tülkü-çaqqal” ovundadı “Qurdumuz”,
Yağılardan öc alacaq Ordumuz!
Yurd-yuvamız xəyanətlə talandı,
Türkün adı tarixlərdə qalandı!
Talış, Ləzgi, Kürd də Türkün yurddaşı,
Yerindədi Ulu Türkün yaddaşı!
Azərbaycan Türkiyənin qardaşı,
Qarabağla Quzey Kıbrıs balandı,
Türkün adı tarixlərdə qalandı!
Tarix boyu Ulu Türküm yaşasın!
Nuru paşa- paşaların paşası!
Qarı düşmən, başınızdan daş asın!
Türk dediyin daşı başdan alandı,
Türkün adı tarixlərdə qalandı!
ŞƏHİD ANALARININ DİLİNDƏN…
Sənin ürəyini yandıran güllə,
Mənim ürəyimdə soyudu, oğul.
Şəhidlər can verdi Şəhid qolunda,
Ruhun da qoynumda uyudu, oğul.
Neçə arzuların qəlbində getdi,
Son sözün, istəyin dilində getdi,
Atan da, anan da səninlə getdi,
Gen dünya çıxılmaz quyudu, oğul.
Sanma günahın var, günah ağlayır,
Göylər də, yerlər də vallah ağlayır,
Balam, yön aldığın, Allah ağlayır,
Yağışlar gözünün suyudu, oğul.
ÖLƏNDƏ KİŞİTƏK ÖLƏSƏN GƏRƏK…
Uca zirvələrə ucalmaq üçün,
Ətəyin qədrini biləsən gərək.
Ağrıdan-acıdan sızıldasan da,
Namərd qarşısında güləsən gərək.
Vətəndə Vətənsiz bilinməməkçün,
Tarixdən tarixsiz silinməməkçün,
Düşmən qabağında bölünməməkçün,
Yavan çörəyi də böləsən gərək.
Həsrətlə, kədərlə, dərdlə qoşasan,
Töhmətdən, möhnətdən uzaqlaşasan,
Yurdunla-yuvanla qucaqlaşasan,
Öləndə kişitək öləsən gərək.
LAÇIN, SƏNƏ DÖNƏCƏM!
Ruhuma qüvvət verir hər maneə, hər əngəl,
Gücüm birə beş artır, vaxtsız əcəl, yaxın gəl!
Bu yoldan döndərəmməz, yüz fitnə, milyon kələk,
Laçına qovuşmamış nə əzrayıl, nə mələk?
Razıyam, lap sürünüm dərə boyu, dağ boyu,
Cəsədim də olmasın, görünməsin “ağ boyum”.
Dərəndən su içməsəm, qarışmasam şehinə,
Qoy Ruhum həsrət qalsın yurd-yuvamın mehinə!
Zarıncı qalsam belə, lal olub dinməyəcəm,
Donacam şaxtalarda, Sənsiz isinməyəcəm.
Dərələrdə mamıra, dağda çənə dönəcəm,
And içirəm adına, Laçın, sənə dönəcəm!
And içirəm adına, Laçın, sənə dönəcəm!!!
DAĞ ÇİÇƏYİM…
Dağ çiçəyim!
Həyatıma min rəng qatan,
Özü təkcə ağ çiçəyim.
Dağ çiçəyim!
Zərrə qədər
xəyanətim olsa sənə,
Qəbrim üstə
dəstə-dəstə yağ, çiçəyim.
Dağ çiçəyim!
İllər boyu üşüsəm də,
Yaz ətrini duyacağam.
Ömründən kədəri-qəmi,
Ömrüm ilə yuyacağam.
Dağ çiçəyim!
Solmamançün, yağış olub,
Gözlərimdən yağıram mən.
Ləçəklərin məndən küssə,
Bil ki, “daş”dan baxıram mən.