AĞDAMDA – “OSMAN TƏPƏSİ” MİKROTOPONİMİ…
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Qurban Bayramov
AĞDAMDA – “OSMAN TƏPƏSİ” MİKROTOPONİMİ…
(AĞDAM BÖLGƏSİNİN ƏLİMƏDƏDLİ İCRA NÜMAYƏNDƏLİYİ ƏRAZİSİNDƏ “OSMAN TƏPƏSİ” DEYİLƏN BİR TARİXİ MƏKAN VAR…)
Azərbaycanda oluqca çoxlu tayfa, xalq, nəsil adları, şəxs adlarını daşıyan mikrotoponimlər var. Məlum olduğu kimi toponimlər tarixi baxımdan ən etibarlı məxəz olmaq əhəmiyyətə malikdir. Ona görə ki, zamanın amansız siyasi-ictimai hadisələri ən çox yazılı mənbələri məhv etdiyi halda, onlara nisbətən toponimlər uzun ömürlü olur. Ancaq, makrotoponimlərdən fərqli olaraq yerlərdən yazılı şəkildə qeydə alınmayan mikrotoponimlər tez unudulub sıradan çıxır. Lakin, unutmaq olmaz ki, mikrotoponimlərdə də xalqın tarixi, dili, mədəniyyəti və həyat tərzi yaşamaqdadır… Belə toponimlərdən biri də “Osman təpəsi”adı ilə məlum olan mikrotoponimdir.
AĞDAM BÖLGƏSİNİN ƏLİMƏDƏDLİ İCRA NÜMAYƏNDƏLİYİ ƏRAZİSİNDƏ “OSMAN TƏPƏSİ” DEYİLƏN BU TARİXİ MƏKAN – şəhidlər qəbristanlığıdır. “Osman təpəsi” mikrotoponimi Xaçın çayının sol sahilində Tayırrar qışlağı, Məşədi Qurban – Salman bəy dəyirmanı tuşunda yerləşir. Xaçın çayının sağ sahilindəki XIV əsr Sarı Musa türbəsi, Cinli kəndi ilə üzbəüzdür. Cinli kəndinin üstündəki yüksək Fərrux adlanan dağ ətəyində isə erməniləşmiş alban tayfası yaşayan kənddən erməni vandalları həmişə aşağı ərazidə — Kolanı tayfasına mənsub Cinli, Əlimədədli, Əliağalı, Xaçındərbənd, Mollalar, Kürdlər, Kəngərli adlanan azərbaycanlılar yaşayan kəndləri atəş altında saxlayıblar…
Tarixə qısa ekskurs etsək, əvvəlki əsrləri hələ demirik, xüsusən, keçən əsrin əvvəllərində Azərbycan, Bakı qəzası, o cümlədən Qarabağ erməni terroruna və işğalına məruz qalanda ilkin bizə yardıma qoşan Omanlı Türkiyəsi olmuşdur. 1918-ci ildə Bakının azad edilməsindən sonra Nuru Paşa başda olmaqla əsas özəyi Osmanlı ordusundan ibarət olan Qafqaz İslam Ordusu Qarabağ, Şuşa istiqamətində erməni barbarlarından xilasetmə mövqeylərinə yiyələndilər. Mənbələrdə göstərildiyi kimi, 1918-ci il noyabrın 1-də Nuru Paşa Ağdama gələrək döyüş hazırlıqlarına başlamış, noyabrın 4-də Əsgəran-Şuşa istiqamətində və Xaçın çayı boyunca yerləşən erməni işğalçılarının mövqelərinə hücüm əməliyyatına başlmışdılar. Fərrux, Daşbaşı, Sırxavənd, İsmayılbəyli, Ballı qaya, Koladəy, Dovşanlı, Vəng istiqmətlərində də, xeyli erməni daşnak cəlladlarının qüvvələri ilə Osmanlı türk taborları arasında qızğın döyüşlər gedirdi. Qafqaz İslam Ordusuna məxsus 9-cu və 106-cı türk alaylarına məxsus taborun mühüm bir qismi və qərərgahı Xaçın kənarında əvvəllər bağlı-bağatlı bir ərazi olan, xalq arasında sonralar “Osman təpəsi” adlanan yerdə mövqe tutmuşdular. Buradan Yeddixırman, Fərrux dağı və Vəngə qədər Xaçınboyu kəndləri asanlıqla nəzarətdə saxlamaq və idarə etmək olurdu…
Qocaların dediklərinə görə “Osman təpəsi” adlanan yerdə salınan şəhid qəbristanlığı 1918-ci ildə Qarabağı talan edən erməni silahlı qüvvələrindən xilasa gələn Osmanlı qoşunlarının şəhidlərinə məxsus olubdur və xalq arasında “Osman təpəsi” adlandırılıbdır. Onu da qeyd edək ki, Osmanlı Türk qoşunlarının sərkərdələrindən olan Nuru Paşanın, Mürsəl Paşanın, Cahid Cəmil bəyin, İsmayıl Hakkı bəyin adları Azərbaycanda, Qarabağda, Ağdamda olduqca məşhur idi və xalqın bu sərkərdələrə məhəbbəti və hörməti heç vədə sönmədi…
Xalq, sadə camaat Sovet dönəmində belə, bu məhəbbəti qorumaq üçün övladlarına Osman, Nuru, Mürsəl, Cahid, Cəmil, Hakkı (Haqqı), Paşa, İsmət, Mustafa, Kamal, Rəfiq, Yılmaz, Adnan, Amir, Akşin, Ayvaz, Çələbi, Bülənt, Cövdət, Əmirə (Emre), Ərtoğrul (Toğrul) və s. bu kimi türk adlarını fərəh və şərəflə qoyur, bununla da, araya nifaq salmaq istəyən qüvvələrin açığına Türk qardaşlarına məhəbbətlərini qoruyub saxlayırdılar. Yadımdadır ki, təkcə bizim kəndlərdə onlarla Osman, Nuru, Paşa, Kamal (Kemal), Mustafa, Midhət, Nihad, Timur, Teyfur (Tayfur), Turan, Turqut, Türkeş, Temir, Yavuz adlarını daşıyanlar var idi. Bəlkə də, Azərbaycanda yeganə Hakkı adını daşıyan tanınmış ziyalı, müəllim, məktəb direktoru olmuş Ağdamın Ətyeməzli kəndindən Hakkı müəllim idi…
Bu adların hamısı, xüsusən sovet dönəmində toplumda, cəmiyyətdə özlüyündə tarixi-sosial və kulturoloji məna və mahiyyət, status daşıyır, örtülü, gizli şəkildə olsa da, xalqın ümid və arzularının, ideallarının daşıyıcısı olur, türk xalqları dostluğunun, türkçülük yaddaşının qoryucusuna, himayəçisinə çevrilirdi… Çünki, ən qədim tarixdən, Dədəd Qorqud dönəmindən üzübəri ad qoymanın Türk kulturunda olduqca böyük milli-mənəvi, əxlaqi önəmi olmuşdur…
“Osman təpəsi” yer adının qorunub saxlanması da, bu idealın, məhəbbətin təzahürlərindən biri idi… İnanırıq ki, indi – Qarabağın erməni işğalından azad olunması uğrunda qələbə ilə nəticələnən 44 günlük Böyük Vətən Müharibəsindən sonra yüzlərlə azərbaycan körpələrinə bizim qələbə müjdəmizdə əvəzsiz rol oynayan Ərdoğan, Hulusi, Akar, Mövlud, Çavuş, Selcuq, Bayraqdar, Akınçı adlarını qoyacaqlar…
Cinli kəndinin sayılan-seçilən ziyalılarından, birinci Qarabağ müharibəsində üç il sərasər bölük və batalyon komandiri olan, Qarabağ müharibəsi veteranı, hazırda Sumqayıtda yerləşən Ağdam köçgün məktəbinin direktoru Quliyev Adil Vəli oğlu, söyləyir ki, “keçən əsrin 80-ci illərinin əvvəlləri idi. Məni, gənc komsomolçunu M.F.Axundov adına üzümçülük sovxozunda, o vaxtalar dəbdə olan “Gənc komsomolçular briqadası”na başçı – briqadir seçmişdilər, üzüm – tənək bağları salır, geniş bağ sahələrinə xidmət edir, bol da məhsul götürürdük. “Osman təpəsi” adlanan yer də bizim xidmət sahəmizə düşürdü… Bağ sahəsini genişləndirmək adı ilə rəhbərlikdə olan hansısa qaragüruhçunun ağlına düşmüşdü ki, bu təpəni şümladıb əkin sahəsinə çevirsinlər… O vaxtalar biz şəhid qəbristanlığı adını bilmirdik, amma onu bilirdik ki, bu təpədə vaxtilə bizi erməni qırğınlarından xilasa gələn türk-osmanlı qoşunundan həlak olan döyüşçülər dəfn olunubdur və ağıldanbəla kimsə əkin sahəsini genişləndirmək adı altında bu müqəddəs təpəni məhv etmək fikrinə düşübdür… Uzun sözün qısası, biz gənclər qəti etiraz etdik ki, bura qəbristanlıqdır və buradan götürüləcək məhsul da haramdır. Bizi çək-çevirə saldılar, az qala ideoloji səbatsızlıqda günahlandırdılar, yolumuzdan çəkilmədik, kənd ağsaqqallarından da bizi müdafiəyə qalxdılar, rayon rəhbərliyndən də anlaşıqlı yanaşmalar oldu…
Onu da deyim ki, bizim mövqeyimizdə bütün traktorçülar bu yeri şumlamaqdan imtina etdilər. Haradansa bir erməni tapıb gecə ilə şum atmğa başlamışdılar, vaxtında xəbər tutduq, qarşısını aldıq. Gödək bir şum şırımından xeyli giliz , insan sümükləri çıxmışdı, təzədən onları tapdığımız yerdə basdırdıq… İndi həmin təpə – “Osaman təpəsi” durur. “
Bəli, şükürlər olsun ki, bu tarixi şəhidlik məzarıstanı durur… Bu məkan da, başqa belə müqəddəs məkanlar təkin Türk qardaşlığının, Türkiyə – Azərbaycan qardaşlığının pozulmaz tarixi faktlarından biridir…
2021-ci il iyunun 15-də Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şüşadakı möhtəşəm görüşü və “Şuşa Bəyannaməsinin” imzalanması da bu tarixi ənənənin müqəddəsliyə və əbədiliyə söykənən davamıdır, həmçinin hər iki dövlətin humanist, ədalətli və vicdanlı social siyasətinin bəhrəsidir…
Dediyimiz, təklifimiz budur ki, Ağdamın Əlimədədli kəndində yerləşən “Osman təpəsi” adlanan bu tarixi şəhidlik məzarıstanı Türkiyə-Azərbaycan arxeoloqları, mütəxəssisləri tərəfindən tədqiq olunsun, mümkünü qədər şəhidlərin şəxsiyyətlərinin müəyyənləşməsi aparılsın və bu şəhidlik məzarıstanı tarixi abidə kimi təsbit edilərək qorunsun, ziyarətgaha çevrilsin…
Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin! Amin!!