GenelGüncel

Ağa Laçınlı

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Ağa Laçınlı 

Ağa Laçınlı 1940-cı il may ayının 5-də  Laçın rayonunun   Oğuldərə  kəndində
anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat
İnstitunun poeziya fakültəsində təhsil alıb.
1966-1969-cu illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin şeir şöbəsində ədəbi işçi
vəzifəsində çalışıb. 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun
müdiri olub.
Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun “Lenin yolu” qəzetində çap
olunan “Çoban” şeiri ilə başlayıb. 1966-cı ildə “Ümid” adlı ilk kitabı işıq üzü
görüb. Sonralar “Sakitlik”, “Sirli-soraqlı dağlar”, “Aşırımlar qarşısında”, “Vaxt
yetişəndə”, “Sevgimizlə sevindirək”, “Meşə nəğməsi”, “Gecə yuxusu”, “Alın
yazımız” və s. kitabları çapdan çıxıb.
Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, “Dünya ədəbiyyatı”
kafedrasının dosenti olub. 1980-ci ildə “Azərbaycan bayatılarının bədii
xüsusiyyətləri” adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi
adına layiq görülüb. “Homer dastanlarında türkçülük” adlı doktorluq
dissertasiyasını yekunlaşdırmışdı. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan
Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak,
rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik
poeziyasından seçmələri dilimizə çevirib.
1967-2006-cı illərdə işlədiyi filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq
edib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə
Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.
Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-
da, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstand
a, İraqda və s. ölkələrdə çap edilib.
Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.Allah rəhmət
eləsin!

Ağa Laçınlı

Üzük
Bəxtimin üzünə gülübdür üzün,
Sevincim sel kimi qaynayıb daşır.
Toydan beş il sonra aldığım üzük
Xınalı əlinə necə yaraşır!


Sən bir kəndçi qızı, mən bir tələbə,
Evləndik… evimiz olmadı ancaq.
Uymadın dərzilər saldığı dəbə,
Keçdi təqaüdlə hər dolanacaq.


Evləndik… güldün də utanmağıma,
Dedin bu qayğıyla üzmə özünü.
Qırmızı sap bağla boş barmağıma,
Olsun toy üzüyü, nişan üzüyü.


Bu da yoxsulluğun uzanan ömrü,
Üzürlər istədim hey dönə-dönə.
Bir payız pul yığdım üzükdən ötrü,
Qaçıb qış papağı tikdirdin mənə.


Dolandı fəsillər. Qış getdi yaya.
Amansız olmadıq zamanımıztək.
Qaldı nişanımız toydan sonraya,
Yaşadı ürəkdə üzüklü istək.


Bir gün biz yollandıq dükana sarı,
Aldıq üzüyünü nişanımızın.
Mən sənə verdiyim o yadigarı
Yazdırdın adına uşağımızın…


Səmimiyyət
Ərk ilə evinə gəlmişəm, ay dost;

Görürəm, açıqdır qaşın-qabağın.
Komanı imarət bilmişəm, ay dost,
Nə gərək utanıb tər axıtmağın.


Səndən dünya malı ummayıram mən,
Sanma bəyənmirəm yavan loxmanı.
Doyursan qəlbimi səmimiyyətdən,
Bağrıma basaram kasıb daxmanı.


Sən danış səmimi, kiri səmimi,
Səmimiyyət qəlbin məhək daşıdır.
Söhbət olacaqsa qeyri-səmimi,
Dinib-danışmamaq daha yaxşıdır.


Dostum, doğrultmasa əməl niyyəti,
İnsan necə qalxar, necə ucalar?
Bir ölçü götürsək səmimiyyəti,
Alim var, çobandan geridə qalar.


Bir acı baxışdan sınmış ürəyi
Sağaldan o hansı şirin nemətdir?..
Dada gətirən də duzu, çörəyi,
Elə səmimiyyət, səmimiyyətdir.

Ölmərəm
Ölüm, məni nə beləcə hərlərsən, –
Mən bir ömrü sürməyincə ölmərəm.
Öz anama, öz Tanrıma borcum var,
Aldığımı verməyincə ölmərəm.


Nə istərsən can ağacım quruya,
Arız olub nə girmisən araya?
Sən öləsən, il kərpicli saraya
Yüz neçəni hörməyincə ölmərəm.


Qarı düşmən, bu nə qorxu kinosu,
Neçəyədi bu möhlətin kilosu?

Dəhrələyib dərd bitirən kol-kosu,
Sərgiliyə sərməyincə ölmərəm.


Nə dilərsən soluxuban sozalım,
Axı niyə çarpaz dağla yazılım?
Əkdiyimi biçməyincə, a zalım,
Səpdiyimi dərməyincə ölmərəm.


Qoca quldur, məni azca qarala,
İnanmıram inam sapı qırıla.
Tufan qopa, iki dünya bir ola,
Gözləncimi görməyincə ölmərəm.


Könüllərdi mənim evim-eşiyim,
Könül olsun axırıncı beşiyim.
Qorxuram ki, qəbirdə də üşüyüm,
Ürəklərə girməyincə ölmərəm.

Qapını aç
Qapını yüyrək aç mən qayıdanda,
Ay qədir bilənim, üzə gülənim.
Barı öz qapıma gəlib qonanda
Açar qabağıma yüyürsün mənim.


Qapılar önündə ürəyim yanıb,
Yolsuzlar daş olub yolu hörəndə.
Üzümə oxarta qapı qapanıb,
Qorxuram qapını bağlı görəndə.


Mənim xoşum gəlmir söz böyütməkdən,
Sözün də yalanı ölüb-itibdi.
Qapı qabağında boyun bükməkdən
Az qala boynum da əyri bitibdi.


Kürlük görə-görə kürküm od alır,
Arılıq öyrədir ad-sanı kirli.
Kəsib qapıları hay-haray salır

Büllura bürünən qızıl zəncirli.


Qapı qabağında qaraldı qanım,
Öyrəşə bilmədim düzü danmağa.
Öyrəşdi varlığım, günüm, gümanım
Qanmaz qapısında donub-durmağa.


Yoruldu, dirəndi diribaş dilək,
Dünyadan iriymiş keçilməz qoruq.
Ölüm kilidləri önə sərilcək
Asılı qalırıq, adsız oluruq.


Bağlıca qapılar bağrı çatladır,
Bəzən də ölümdən qaçıram birbaş.
Ərkim bir evimə, bir sənə çatır,
Qapını yüyrək aç, istəkli sirdaş.


Barışmaram
Gedirsənsə, gözünü məndən tamam kəsib get,
Gözünlə barışaram – özünlə barışmaram!
Yoxluğumun ucundan, həsrətimin ucundan
Yuxuna qarışaram – özünlə barışmaram!


Dilinin kor tiyəsi öyrənibdi pis kəsə,
Pisini də öyərəm, özgə səni pisləsə.
Dərd qəlbini tək görüb qarmalamaq istəsə,
Dərdinə darışaram – özünlə barışmaram!


Sən yanılan, yandıran, sən küsdürən, sən küsən,
Heç qapından girmərəm, qayıt desən, gəl desən.
Görsəm dara düşmüsən, görsəm yaman gündəsən,
Yağınla vuruşaram – özünlə barışmaram!


Çox əyri düzələrdi qovuşsaydı düz-düzə,
İllər ilmə toxudu, söykənmədi söz-sözə.
Elin yığnaq yerində birdən gəlsək üz-üzə,
Halını soruşaram – özünlə barışmaram!


Axı mənə kim çatar ağ günü diləməkdə,
Qələbəni gəzmərən qırmaqda-şiləməkdə.
Oğul-uşaq böyüdüb başçılıq eləməkdə
Yolunla yarışaram – özünlə barışmaram!


Qəlbə hopur sirdaşın hər baxışı, hər izi,
Düşmən çıxan dostun da ağır olur itkisi.
İşdir, səndən başlayıb ölüm ayırsa bizi,
Qəbrinə sarışaram – özünlə barışmaram!


Ayrıca qalarıq

Ayrıca qalarıq min il, milyon il,
Torpağın torunda görüşmək çətin.
Bağlanaq birliyə barı beş-on il,
Alaq hayıfını uzun həsrətin.


Əzizim, ömür də bir haqqı-saydı,
İnsan bu dünyada gərək sevinə.
Səni görməyimə güman olsaydı,
Yalvarıb gedərdim qəbir evinə.


Dünya bəndə vurub bizə də gülər,
Ürək sayğacında hesabını çək.
Anın yarısıdı yaşanan günlər,
Yatılan illəri ölçü götürsək.


Ayrıca qalarıq bir qarışlıqda,
Qaralar gözünün qara çırağı.
Vallah, üşüməzdim mən o qışlıqda,
Eşidə bilsəydim bu səs-sorağı.


Orda qarğışın da könül oxşardı,
Durğunluq gölündə duyğu göyərməz.
Darıxsaq bəlkə də ruh qovuşardı,
Amma ruh görüşü bu dadı verməz.


Ayrıca qalarıq qaranlıq qatda,
Orda ödənici ödəmək çətin.
Gəl yaxşı dolanaq yaman həyatda,
Alaq hayıfını uzun həsrətin.

Fəxri üçün
Oğlum, mən müqəddəs bildim atamı,
Həmişə atana sən hörmət elə.
Bəlkə heç qalmadım ağlın kəsənə,
Dözüb ağrılara dəyanət elə.


Günəş ol – bəşəri isitmək üçün,
Şahin ol – zirvədə dövr etmək üçün.
Ellərin adını yüksəltmək üçün
Böyük işdən yapış, mənzil qət elə.


Düşmən toxmağıdır oğul, ay oğlum,
A mənim qanadım, a mənim qolum!
Səhvimi öyrənmə, qurbanın olum,
Yaxşı adətimə sən adət elə.


Mən özüm hamıya ağ gün dilədim,
Soruşma, bəs kimi xoşbəxt elədim?
Mən ancaq ümidlə baş girələdim,
Bacar, ümidləri həqiqət elə…


Oğlum, bir Vətən var, bir də ki, məslək,
Vətənin borcunu verəsən gərək…
İşığın parlamaz yanmasa ürək,
Məsləkin naminə cəsarət elə.


Ağayam, atanam, gəl tut yerimi,
Görsün nəsillərim diləklərimi…
Sən allah, mən sənə dediklərimi
Sən də övladına nəsihət elə.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest