Afaq ƏBDÜLQIZI – HİKAYE
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Afaq ƏBDÜLQIZI
Gecəyə sahib çıxanlar
Sübhün işığının açarı gecənin zülmətində itmişdi…
Qara, Qarə, Qərə, Qəra, Siyah rənglər birləşib gecəni öz çalarlarına boyayır, hər yeri məşum havaya bürümək üçün can verirdilər. Onlar əlləşdikcə-əlləşir, vaxtla əlbəyaxa olurdular. Qorxurdular ki, dəqiqələr, saatlar onlara üstün gələr, işıq haradansa sızar, itmiş açar qəfil tapılar.
Həm də küləyin möhkəm qalxmağından qorxurdular. Birdən elə əsib-coşardı ki, açarı gecənin dərinliklərindən qoparıb harasa, nəyəsə – daşamı, dəmirəmi çırpar və izi tapılar, səsi duyular,yeri bəllənər, sirlər faş olar…
Qara var gücünü işə salıb, çarpışdıqca-çarpışırdı. Gecə ən uzun gecə idi. Yox, Yelda gecəsi deyildi, yox, yox, əsla Yelda deyildi. Gecə başqa gecələrə bənzəmirdi. Bayaqdan rənglər öz parıltısıyla köz kimi qamaşırdı. Amma köz o közdən ola bilməzdi. Sarımtıl, qırmızımtıl qığılcımlar saçmırdı. Onun qaramtıl bozu, sim-siyah parıltısı, ağımtıl, “üfləsən uçar” kimi külü vardı. Yanıb-yanıb nə kökə düşmüşdü?!
Gecə müdhiş gecə idi. Nəfəs almaq olmurdu. Udulan hava, çəkilən nəfəs qaradan da qaraya bürünərək, ürəyin şah damarı ilə qırmızı qana qarışır, qan da zülmət rəngi alıb, ruha toxunurdu. Ruh çabalayırdı, ağlayırdı. Axan qara göz yaşlarının sahibi olan qara gözlərdəki baxışlar havaya zillənirdi. Hava miskin halda idi, onun boz, ağımtıl, siyah axınında Qara bəxtini seyr edir, bəxtin üstünə gümüşü-qara xətlərlə zolaq çəkirdi.
Rənglər süzülür, dayanmadan gecəni boyayırdı. Həmin o sirli açar necəsə, hansı yollasa, üzə çıxa bilərdi. Rənglər boyadıqca gecə uzanırdı.
Haradansa it hürdü, uzaqlardan, naməlum bir yerdən gecəquşu nəğməsi eşidildi. Qaradan o yanda həyat, nəfəs vardı elə bil. Çox çəkmədi ki, səslər kəsilərək gecənin zülmətinə yuvarlandı. Gecə açarı udduğu kimi onları da uddu.
Fırtına gözlənilirdi. Lap bu qədər də ola bilməzdi, vaxt uzandıqca uzanırdı. Axı gecədən, qaradan da başqa nələrsə vardı. Bircə sabah işığının açarı tapılsaydı… Bəlkə… Bəlkə heç yoxdur sabah?! Bəlkə də sabah olmayıb?! Yəni ələddən ələstə aləmə qaranlıq gecə sahibdir?! Yox, göz yaşı axırsa, qaradan daralan nəfəs gedib-gəlirsə, sabah var demək. Amma sabahın işığının rəngi çoxdan, lap çoxdan unudulub. Açar qara boyaların içində, məşum zülmətdə itib-batıb. Açar sahibi mat qalıb,deyəsən çaşıb baş verənlərdən…
Qara qanı boyayır, onu gizlətməyə çalışırdı. Qarə göz yaşlarını xəlvətə çəkirdi. Qərə nəfəsə hücum edir, hava axınını qaraldır, boğurdu. Siyah zülfü əlinə dolamışdı, ucunu fırça edib nəsə çəkirdi. Nə çəkirdi, əcəba?! – Ağır-ağır düşünür, öz işinə davam edirdi.
Qara, Qarə, Qəra, Qərə və Siyah fırtınadan xəbərsizdilər. Başları möhkəm qarışmışdı. Özlərindən savayı nəyisə görmək, xatırlamaq istəmirdilər. Hərəsi özünü gecənin beş sahibindən biri sanırdı. Onlara elə gəlirdi ki, özlərindən savayı nə aşağıda, nə də yuxarıda heç kim və heç nə yoxdur. Qaranlıq göylərin də sahibidirlər. Qaranlıq havanın da hökmü onların əlindədir sanki… Hə, qaradan da o yana rəng yoxdur…
Siyah bəxtin şəklini çəkirdi, zülfü əlinə dolayıb öz rənginə boyayırdı onu.
Qarə bəxt yiyəsinin göz yaşlarını içir, içdikcə içindən qaralayıb süzürdü.
Qara tökülən qanı qaralayır, qan rəngini gizləyirdi. Bir tərəfdən də qan qoxusunun yayıldığını duyduqca qəzəblənir, ciddi-cəhdlə çalışırdı.
Qərənin işi lap ağırdı. İşləyə-işləyə qərəgün olmuşdu. O, bu gecə gördükləri bütün işlərə bəraət yazırdı. Qaranlıqda hərfləri seçə bilmədiyindən ağzına gələni yazıb-doldururdu. Hərflər özü ilə eyni rəngdə olduğundan bəraət gecənin qaranlığında itib -batırdı. O yazır, hərflər batırdı, Qərə lap əldən düşmüşdü.
Qəra dua edirdi. Kimə, hara dua etdiyini yalnız özü bilirdi. Nə fərq edərdi ki, hansı səmtə üzünü tutsaydı, qaranlıqdı…
… Onlar adam idilər. Ələddən ələstə kimi aləmi qaraya tutanlar…
Gecə Yelda gecəsi deyildi, sabahın işığının açarını qaranlıqlara gömənlərin nəfəslərinə bürünən zülmət idi. Gecə bu aləmin halı, yerin-göyün özü – açarı içində gizləyən zülmət idi.
Göylərin lap yuxarısında – dərin qatında Qaradan o yana, Fırtına gizlənmişdi. Sübhün işığının açarı kimi…