Acmış maral kimi… – Zeynəb Əliqızı
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Zeynəb Əliqızı
Acmış maral kimi…
(hekayə)
Həyətə peyin daşıyan kişi arabanı hər dəfə çevirib içindəkini torpağın üstünə boşaldandan sonra gözlərini süzdürə-süzdürə dönüb qıza baxırdı. Qız da gözlərini ondan çəkmədiyindən kişinin ona xüsusi maraqla baxdığı nəzərindən yayınmırdı. Günün sonuna az qalırdı. Kişi işini qurtarıb, pulunu alıb gedəcəkdi. Bağ sahibi evdə deyildi. Şəhərə getmişdi. Əslində, ev sahibləri bu bağda qalmırdılar. Onu kiməsə tapşırmışdılar. Tapşırılan adam da deyəsən, ev sahibinin qohumlarından idi. Həyət-bacaya çox can yandırırdı. Ağacları susuz qoymurdu. Vaxt tapan kimi, diblərini də belləyirdi. Maşını da vardı. Deyəsən, gündüzlər çıxıb harasa işə gedirdi. Amma tez qayıdırdı. Gün günortanı keçən kimi, bir də görürdün maşının səsi gəldi, evin ikinci sahibi düşüb gəlib qapını açdı, həyətə girdi, başladı ora-bura vurnuxmağa. Gah həyətdəki toyuq-hinduşkanı yemləməyə, gah samovar qalamağa, gah da həyəti yuyub təmizləməyə girişdi.
Qız qonşu evin eyvanından onlara tamaşa edirdi. Daha doğrusu, arabir oraya nəzər salırdı. Onda görürdü ki, evin ikinci sahibi həyətdə qayır-qayır qaynayır.
Həyətə peyin daşıyan kişi qızın diqqətini daha çox cəlb eləmişdi. Qız oturub-durub onun hərəkətlərini izləyirdi. Elə bil ona bu kişini gözdən qoymamağı tapşırmışdılar. Özü də bilmirdi ki, niyə onunla bu qədər maraqlanır. Heç istəmirdi ki, kişi işini qurtarıb getsin…
Kişi deyəndə, o, elə də yaşlı adama oxşamırdı. Amma cavan da deyildi. Qızın diqqətini cəlb edəcək qədər maraqlı birisi idi. Heç buralar adamına oxşamırdı. Elə bil başqa ölkədən gəlmişdi. Hərəkətləri də, danışığı da əvvəllər bu bağa gəlib-gedənlərin oturuşuna-duruşuna bənzəmirdi. Qız bunu da hiss eləmişdi ki, bu adam adi fəhlə deyil. Yəni heç də buraya fəhləlik eləməyə gəlməyib. Bu bir az qəribə idi. Qız əmin idi ki, bu kişi fəhləliyi elə-belə, özünə yaxşı bir iş tapanacan edəcək. Yaxşı, görəsən, o, niyə belə fikirləşirdi ki? “Əşi, ondan mənə nə?” – deyə birdən fikirləşdi. Qayıdıb otağa keçdi. Rəfiqəsi hələ oyanmamışdı. Şəhəri gəzib gələndən sonra yorulmuşdular. Yemək yeyib yatmaq – ən yaxşı istirahətdir.
Darıxdı. Həyətə endi. Kişinin mənalı baxışları artıq necə deyərlər, özünə yer eləmişdi. Qız həyətdə əllərini belinə qoyub bir az gəzişdi. Kişi də elə bil bunu gördü. Peyin dolu arabanı bir az yaxına sürdü. İçini boşaldandan sonra bir az ləngidi. Ayağı ilə quru peyini torpağın üstünə yaymağa başladı. Sonra ehmalca qıza baxdı. Baxışları qarşılaşdı…
– Niyə elə baxırsan? – astadan, lap astadan qızdan soruşdu.
– Necə baxıram ki? – qız da astadan soruşdu.
– Acmış maral kimi…
– Acmış maral necə baxır ki?..
– Sənin kimi…
– Yəni mən necə baxıram ki?..
– Acmış maral kimi…
Qız xəfifcə gülümsədi. Bu sual-cavab çox davam edəcəkdi. Qız ondan acmış maralın baxışlarının necə olduğunu, kişi isə acmış maralın ona bənzədiyini deyəcəkdi. Ya da əksinə… Acmış maralın necə baxması müəmması səhəri açacaq, amma mənası açılmayacaqdı. Qız baxışlarını yerə dikdi. Sonra yenidən başını qaldırıb kişiyə baxdı. Kişinin baxışlarını hələ də ondan çəkmədiyini görəndə üzünü qəfil döndərdi. Qıpqırmızı oldu. O dəqiqə də fikrindən keçdi ki, maral baxanda qızarıb-eləmir. Maral nə bilir, qızarıb-pörtmək nə deməkdir?.. Bunu kişiyə də demək istədi. Fikrindən vaz keçdi. Dönüb ayaqlarını sürüyə-sürüyə pillələri qalxmağa başladı. Amma heç getmək istəmirdi. Öyrənmək istəyirdi ki, acmış maral necə olur? Və ya onun acdığını baxışlarından necə bilmək olur? Niyə məhz acmış maral… Amma kişi ona bundan artığını deməyəcəkdi. Qız bildi ki, kişi çox şey bilir. Bu elə-belə adam deyil. Buralara da elə-belə, işləməyə gəlməyib. Bu, haradansa qopub gələn adama oxşayır. Bunun yurdu-yuvası haradasa başqa yerlərdədir.
Fikirli-fikirli yenə rəfiqəsinin yatdığı otağa keçdi. Rəfiqəsi artıq oyanmışdı. Yuxulu-yuxulu əsnədi. Salamlaşdılar. Sonra o da yerindən qalxıb eyvana çıxdı. Çıxmağıyla da rəfiqəsini səsləyib yanına çağırdı.
– Görürsən onu? – kişini göstərib soruşdu.
Qız başı ilə təsdiq etdi. Elə bil danışmağa utanırdı. Danışmaq üçün rəfiqəsinin üzünə baxmalı idi. Baxışlarının isə acmış maralın baxışlarına bənzədiyini göstərmək istəmirdi…
– İtalyana oxşayır e, bu kişi… – rəfiqəsi yuxulu səsiylə dedi. – Heç elə bil azərbaycanlı deyil. Gəlmədir. Görəsən, hardan tapıb gətiriblər bunu? Heç fəhləyə-zada oxşarı yoxdur. Fikir vermisənmi heç?
Qız başını aşağı salıb təsdiqlədi. Deməli, eyni şeyləri fikirləşən tək o deyildi.
– Səndən bir söz soruşmaq istəyirəm, – handan-hana özünə gəlib dilləndi.
– Buyur, – rəfiqəsi dedi.
– Maral görmüsən?
– Nə?! – rəfiqəsi bir şey başa düşmədi. – Nə maral, aaz? Bu hardan ağlına gəldi? Olmaya kişini marala oxşatdın? – deyib qəhqəhə çəkdi.
– Az, yaxşı, biabır olduq. Eşidib-eləyər, az danış görək, – qız tutuldu.
– Eşitsin də, ayıya, canavara oxşatmadıq ki? Ən qəşəng heyvana oxşatdıq. Minnəti olsun…
Qız rəfiqəsinin məzəli danışığına güldü.
– Yaxşı, xeyirdimi bu sualı verməkdə? Maral hardan düşdü yadına, sən Allah?
– Heç, bayaq internetdə bir ifadəyə rast gəldim, “acmış maral kimi…” ifadəsinə. Maraqlandım ki, görüm, acmış maral nə təhər olur axı.
– Yəni bu nə deməkdi? Cümləni bütöv deyə bilərsən?
– Yox, yadımda qalmadı…
– Onda universitetə gedəndə müəllimdən soruşarıq…
Güldülər.
***
– Salam.
– Salam. Axşamın xeyir. – Kişi qızın salamını mehribanlıqla aldı. – Siz çoxdan bu evdə olursunuz?
– Yoox. Mən burda yaşamıram, qonaq gəlmişəm. Rəfiqəmlə…
– Lap yaxşı. Nə vaxt gedəcəksiniz?
– Nə bilim. Niyə soruşursunuz ki?
– Heç. Elə-belə, – bir az susub əlavə elədi, – soruşmaq olmaz ki?
– Olar… – qız duruxub dedi.
– Çoxdandı burda qonşuyuq, bir-birimizdən bəzi şeylər soruşmaq qəbahət olmaz ki.
“Burda qonşuyuq…” Qız istədi desin ki, biz qonşu deyilik axı. Yəni bizim heç birimiz bağ, ev sahibi deyilik, birimiz qonaq, o birimiz – özgə həyətində işçi. Hardan olduq qonşu? Amma hər halda…
– Siz burda çoxdanmı yaşayırsınız?
– Mən yox. Burda yaşamıram, burda işləyirəm.
Qız fikirləşdi ki, bu da acmış maral sorğu-sualı kimi uzanacaq. Gəldikləri mağazadan isə evə hələ xeyli yol vardı. Elə bil onun fikirlərini kişi də başa düşdü.
– Bəs siz necə, bura çoxdanmı gəlib-gedirsiniz?
– Hə, hərdən olur.
– Yəni… bir də nə vaxt gəlmək fikrindəsiniz?
Qız dönüb ona baxdı. Amma acmış maralın baxışlarını xatırlayıb tez üzünü o yana döndərdi. Kişi hər halda, onun baxışlarının mənasını tutdu:
– Yersiz sual oldu? İnciməyin, elə-belə soruşdum, sözgəlişi… – bir az susub dedi: – Mən bir həftəyəcən gedirəm. Amma yenə gələcəyəm. Ona görə dedim ki, bəlkə, təsadüfən yenə bir-birimizin rastına çıxdıq. – Sonra qıza baxdı, – işdir də, insan insana rast gəlir. Həyatda təsadüflər çox olur.
Qız baxışlarını ona tərəf çevirməyə qorxurdu. Amma çox istəyirdi ki, baxsın. Bu adamın gözlərini, üzünün ifadəsini görmək istəyirdi. Kişinin parlaq, ala gözləri, işıqlı siması vardı. Cəlbedici idi. Deyəsən, o özü də bundan xəbərsiz deyildi. Belə inamlı, arxayın danışığı ilə qızın xoşuna gəldiyini bilməmiş olmazdı.
– Çatdıq, – o, birdən dedi, bu arada ehtiyatla qıza baxdı. Qız onu başa düşdü: “Heyif ki…” Amma özü də eyni şeyi düşünmüşdü: “Nə tez?”
– Sağ olun.
– Hələlik.
Qız yenə ona baxdı. “Hələlik?” Yəni nə…
– Siz qayıdıb gələndə, mən də bura gələcəyəm… – deyib tez uzaqlaşdı. Hiss etdi ki, kişi hələ getməyib. Onun arxasınca baxır… Amma arxadan acmış maralın baxışlarını görmək mümkün deyil.
***
Öz-özünə düşünürdü ki, bu ifadənin mənasını onun özündən başqa bu qıza heç kəs izah edə bilməyəcək. Ona görə də kişini görüb onu sorğu-suala tutmağa can atırdı. Həm də hiss edirdi ki, darıxır… Kişidən ötrü? Yox, bağdan ötrü… Rəfiqəsi ilə söhbət etməkdən, istirahət etməkdən ötrü. İstəyirdi ki, həftəsonu tez gəlsin, gedib bağda qalsınlar. Düzdü, bir az soyuq idi, havalar hələ yaxşı isinməmişdi, amma eybi yox, onsuz da yorğanda yatırdılar gecəni…
– Salam.
Qız diksindi. Dönüb baxanda tanımadığı eynəkli bir kişinin düz onun yanında dayandığını gördü. Kişi eynəyini çıxardı. Tər-təmiz geyinmişdi. Lap italyanlara oxşayırdı… Həmin kişi idi!
Qız elə karıxmışdı ki, salamı almağı unutdu. Ağzı açıla halda kişinin üzünə baxırdı. Kişi gülümsəyə-gülümsəyə azacıq qıza tərəf əyildi, pıçıldadı:
– Acmış maral…
Qız qızarıb-pörtdü…
– Hardan gəlirsən? – kişi nəzakətlə soruşdu.
– Dərsdən…
– Bilirəm. Demək, burda oxuyursan.
– Hə…
Yanaşı getməyə başladılar. Qız istədi soruşsun ki, hardan gəlib çıxıb bura? Onun buralarda nə işi? Bəs deyirdi ki, rayona gedəcək? Amma heç bir sual vermədi. Hiss etdi ki, həyəcandan titrəyir. Boğazı da qurumuşdu, udquna-udquna qalmışdı.
– İstəyirsən, buralarda bir az gəzişək? Tələsmirsən ki?
Qız başının işarəsi ilə “yox” dedi. Bu “yox” ikinci sualın cavabı idi. Amma nə gəzişmək, niyə gəzişməlidirlər ki?
– Hava yaxşıdır, – kişi onun fikrini anlayaraq dedi, – piyada yolun çoxdur?
Qız başı ilə “hə” dedi. “Heç dəxli var?” – ürəyində düşündü. Amma dilinə gətirmədi. Kişinin təklifi nədənsə ürəyincə olmuşdu, etiraz etmək istəmirdi.
– Onda gəl, bir yerdə bir az oturaq. – Sonra ətrafına boylandı, elə bil kimi isə axtarırdı. – Tələsmirsənsə, bir çay da içə bilərik.
– Yox, zəhmət çəkməyin… – qız zəif səslə etiraz etdi. Amma elə bil qurumuş boğazı onun dediyinin tərsini edirdi. Boğazını arıtladı.
Kişi ehtiyatla onun əlindəki noutbuku aldı.
– Ver götürüm, sənə ağır olar.
Qız heç nə demədi. Həyəcanı get-gedə artırdı. Axı bu kişi nə istəyir ondan? Niyə çıxıb öz yolu ilə getmir?
– Siz burda kimi isə gözləyirdiniz? – qız birdən soruşdu.
– Yox, necə bəyəm?
– Bəs… mən elə bildim ki…
– Yox, təsadüfən keçirdim, birdən səni gördüm və dayandım.
– Həə, – qız nə deyəcəyini bilmədi. Əslində, kişinin dedikləri inandırıcı da deyildi. Amma söhbətin gedişi elə məqama yönəlirdi ki, bundan artığını da demək uyğun deyildi.
Bir-birindən bir az aralı yeriyirdilər. Kişi hərdən nədənsə, yolunu yeriyə bilməyib anasına toxunan uşaq kimi, qızın qoluna, çiyninə toxunurdu. Qız bundan narahat olsa da, özünü elə göstərirdi ki, guya onun hərəkətlərini hiss etmir.
Kişinin təkidi ilə razılaşıb oturdular. Qız devikə-devikə qalmışdı, birdən yan-yörədən keçən adamlardan onu tanıyan olardı. Kişinin isə dünya vecinə deyildi. Əvvəlcə dondurma sifariş elədi, dalınca çay gətirmələrini tapşırdı…
***
– …Vallah, heç bilmirəm, nə deyim, – anası qızının əvəzindən danışmaq istəmədi. – İndi o zamanlar deyil ki, durub qızımızı görüb bəyənmədiyi birisinə ərə verək…
– Kim dedi ki, görüşməsinlər? – oğlan tərəfdən gəlmiş qonaq bir az özünü çəkdi. – Görüşsünlər də, gəzişsinlər də, bir-birini tanısınlar da.
– Yox bir… – kimsə söz atdı. Bu, qızın kiçik bacısı idi.
Elçi gələnlərlə ev sahibləri bir-birinə hər şeyi danışmağa çalışdılar; evdən, yaxşı şəraitdən, imkandan, iş-gücdən söz saldılar, sevgidən başqa… Düşündülər ki, bu, qızla oğlanın “işidir”, baş tutsa, böyüklər də xeyir-dua ilə xeyir işə başlayarlar.
***
…Qız ipə-sapa yatmırdı. Çox götür-qoydan sonra oğlanla görüşüb söhbət etməyə razılıq verdi.
– Ana, amma bir işim var, onu həll edim, sonra…
– Həll eləyərsən də, qızım, qaçaqaç deyil ki. Bunun görüşüb iki kəlmə söz danışmağa nə dəxli? – anası təkid elədi.
– Yox e, vallah, işimi düzüb-qoşmamış, fikrimi dağıtmaq istəmirəm. Qaçmırıq ki, bu burda, mən burda. Görüşərik də…
– Yaxşı, nə deyirəm ki… – ana çar-naçar razı oldu.
***
– Bilirsən, hərdən mənə elə gəlir ki, biz lap çoxdan tanıyırıq bir-birimizi. Lap elə Nuh əyyamından, – kişi gözünün ucu ilə ona baxıb danışırdı. Həm də yanaşı yeriyirdilər. Elə asta-asta gedirdilər ki, deyirdin, ayaqlarının altında yumurta qalsa, sınmaz. – Sənə belə gəlmir ki?
– Nə bilim… hə, hərdən olur, – qız köks ötürdü.
– Ahın dağlara, – kişi zarafat elədi. Güldülər. – Sözlü adama oxşayırsan, – kişi birdən ona baxıb dedi.
Qız dinmədi.
– Hə, – kişi israr etdi, – elə deyil?
– Yox… – qız tutuldu, sonra soruşdu: – Sən Bakıya biryolluq gəlmisən? Heç qayıtmayacaqsan Almaniyaya?
– Yox, necə bəyəm?
– Heç. Elə-belə soruşdum…
– Qürbətdə qalmaq pis şeydi, – kişi dedi, sonra bir az susub əlavə elədi: – boş həyatdır da…
– Elə niyə?
– İnsan nə qədər qalar e, yad yerdə? Bunun nə mənası var ki… Onsuz da yüz il də keçsə, orda səni özlərinə qarışdırmırlar. Üçüncü sort adam olursan orda…
– Amma mən istərdim xaricdə yaşayım…
– Məsləhət görməzdim…
– Bəs özün niyə getmişdin?
– Mən də o vaxtlar sənin kimi fikirləşirdim. Elə bilirdim, oralarda yel əsib, qoz tökülüb…
– Noldu, tökülməmişdi?
– Var e, hər şey var, adamlıqdan başqa.
– Elə niyə?
– Orda sənə kimin canı yanacaq?.. Yenə Vətən yaxşı…
– Bəs sənin belə imkanın, ali təhsilin… o həyətdə xeyir ola, torpaq daşıyırdın, nə bilim, peyin daşıyırdın?..
– Məşq eləyirdim.
– Doğrudan?! Nə məşq? – qızı gülmək tutdu.
– Həm həkim mənə demişdi ki, bir az fəhləlik elə, yəni fiziki iş gör. Demişəm axı sənə, qaraciyərimdə bir az piylənmə var. Həm də… nə bilim e, özüm də maraqlanırdım ki, görüm, bağ evlərində iş-güc nə təhər olur. – Bir az ara verib sözünə davam elədi: – Oğlan mənim dostumdu, bağ sahibi. Ona dedim ki, istəyirəm, əlim-ayağım bir az açılışsın. O da dedi ki, istəsən, gəl bizdə – bağda bir az qurdalan. Mən də qurdalandım.
– Yəni Bakıda qalmaq istəyirsən də, – deyə qız dəqiqləşdirmək məqsədilə soruşdu.
– Əslində, Azərbaycanda. Bunun Bakı, yaxud başqa bir məkan olması önəmli deyil. Ev-eşik var, normal bir iş tapıb işləmək fikrim var. Yəni istəyirəm buranı.
Qız susurdu. Danışmaq istəmirdi. Evlərində olan elçilik söhbəti də yadından çıxmırdı. İstəyirdi anasından xahiş eləsin ki, oğlan evi ilə danışsın, gedib başqa birisini elçiləsinlər. Amma bunu deməyə ürək eləmirdi, buna tutarlı bir səbəb lazımdı…
– Nə çox fikrə getdin? – kişi qıza baxa-baxa soruşdu.
Qız dönüb ona baxdı.
– Heç… Düşünürəm ki… – sözünü tamamlamadı, düşündüklərini dilə gətirmək istəmədi.
– Yoxsa mənim burda qalmağımı istəmirsən?
Gözlənilməz sual qızı çaşdırdı, gözləri bir az iriləşdi. Amma həyəcanının əksinə çox sakit tərzdə, təmkinlə ona cavab verdi:
– Sənin burda qalıb-qalmamağından mənə nə var? – deyib incik tərzdə üzünü yana tutdu.
Kişi təcrübəli idi, belə davranışdan təsirlənmədi. Üstəlik, qızın cavabı da normal idi, doğrudan da, onun burada qalması kimin nəyinə gərək idi ki? Demək, söhbətə bir qədər ciddi çalar vermək lazımdı…
– Məncə, münasibətimizin inkişafı sənə az şey demir…
Qız ona ötəri nəzər saldı: yəni çox şey də demir…
– Elə isə bir qədər açıq danışmaq olar, – deyib ehtiyatla qıza baxdı. Qız başını aşağı salmışdı. Bu, razılıqla onu sonadək dinləməyə hazır olması demək idi.
– Mənim sənə qarşı olan münasibətim zarafatdan yaranmayıb, mən… mənim səninlə evlənmək fikrim var…
Bu zarafatcıl adamın birdən-birə belə ciddi danışığı qızı da özünü toparlamağa vadar etdi. Amma hər halda, onun fikrinin ciddiliyi bütün sınaqlardan keçirilməli idi.
– Biz heç düz-əməlli tanış deyilik… – qız tərəddüdlə dedi.
– Mən də o fikirdəyəm, istəyirəm ki, əməlli-başlı tanış olaq. – Kişi bir az susub əlavə etdi: – Əlbəttə, əgər razısansa…
– Mən nə etməliyəm ki?.. – qız başını yuxarı qaldırmadan soruşdu.
– Məncə… ətraflı tanışlığa icazə versən, bəs edər… Yəni… biz bir-birimizi daha çox tanımalıyıq. Ailələrimiz də tanış olmalıdırlar.
Qız udqundu. Anası ilə bu yaxınlarda “işim var” bəhanəsi ilə kəsdiyi söhbətin yeni məcrada ortaya çıxmasına hazır deyildi. Üstəlik, bu “işin” valideynləri tərəfindən necə qarşılanacağı da müəmmalı idi.
– Mən səni başa düşməyə çalışıram. Əlbəttə, bizim adət-ənənə ilə münasibətlərimizin üst-üstə düşmədiyi çox şeylər var. Sizinkilər elə o saat mənim hardan peyda olduğumu soruşacaqlar. Ancaq biləsən ki, mən sonadək səninlə getməyə hazıram. Nə cür təklif eləsən, o cür də edərik…
***
– Bəlkə, bizə gedək? – kişi təklif etdi.
– Sizə-ə-ə?! – qızın təəccübdən az qala ağzı açıla qaldı.
– Noldu? Olmaz ki? – kişi də onun təəccübünə qarşılıq verməyə çalışdı.
– Nə deyərlər bizə? Elə şey olar? – qız yenə təəccübünü gizlədə bilmədi.
– Elə baxdın ki, elə bil…
– Hə? Necə baxdım ki? – qızın birdən yadına kişi ilə ilk dəfə danışdıqları gün, kişinin ona dediyi həmin müəmmalı ifadə düşdü. Elə o dəqiqə düşündü ki, nəhayət, acmış maral baxışının müəmmalı kodunu açacaq. – De də, nolar, mən necə baxdım ki?
– Altını batırmış uşaq anasının üzünə baxan kimi…
Bir-birinə qoşulub ucadan şaqqanaq çəkdilər. Kişi dediyi sözə ürəkdən gülür, qızı belə güldürdüyünə görə sanki özündən razılıq edirdi. Qız isə gülüşünə ara verib hər iki bənzətmənin açmasını nəhayət ki, soruşmağa çalışırdı. Ancaq gülməyinə ara verə bilmirdi.