Həyat qəzeti
Bir məqalənin həyəcanlı çağırışları və yaxud Əli bəy Hüseynzadəyə ünvanlanan məktubun müəllifi mürəttib M.Ə.R. kimdir?
Mən bu məqalə ilə ilk dəfə 1992-ci ildə elmi işimlə əlaqədar arxivlərdə çalışarkən rastlaşmışam və bu yazının mahiyyətini “Novruz” qəzetinin (redaktoru yazıçı Cəmil Əlibəyov idi) 30.10.1992-ci il tarixli 40-cı (95) nömrəsində ədəbi və elmi ictimaiyyətin diqqətinə çatdırmışam.
“Həyat” qəzetini vərərqləyirdım.
Yerinə düşən qısa bir haşiyə.
“Həyat” qəzeti Bakıda nəşr
olunmuşdur.Bu,XX əsrin Bakıda nəşr olunan Azərbaycan dillində çap olunan
ilk mətbu orqandır. Qəzetin ilk nömrəsi 1905-ci il iyunun 7-də çıxmışdır. Müdir
və baş redaktoru Əhməd bəy Ağayev və Əl bəy Hüseynzadə idi.
1905-ci ildə qəzetin 131 nömrəsi çıxmışdır.
1906-cı iı 102-ci nömrədən sonra qəzetə Əli bəy Hüseynzadə tək rəhbərlik
etmişdir. 1906-cı ildə qəzetin 194 nömrəsi işıq üzü görmüşdür.
Deməli, 131+194= 325 nömrə.
“Həyat”ın müasir əlifbamıza
transliterasiya edilərək kitab şəklində çap edilməsi tariximizə əməli işlə
verilən ən böyük xidmət olardı.Belə bir QƏZET KİTABININ nəşrinə mənəvi və maddi
yardım edənləri xalqımız heç zaman unutmayacaqdır.
Əlbəttə, bunlar gəlişi gözəl sözlər deyil.
Nə isə…
“Həyat”ın 14 dekabr (cümə günü)
1905-ci il tarixli 118-ci nömrəsində maraqlı bir yazıya rast gəldim.Bu,
“Mürəttib M.Ə.R”imzası ilə yazılmış bir məqalə idi.Yazını birnəfəsə,
böyük və ciddi maraqla oxudum, gizli imzanın kimə aid olmasını vərəvud
etməyə başladım. Vərəvud -Şirvan və Şəki
zonalarında işlənən sözdür, “yoxlamaq,ölçmək,tutaşdırmaq” çəkmək,
mənalarına uyğun gəlir. Bu sözü çəkinmədən ədəbi dilə gətirmək olar.
Ədəbiyyat və mətbuat tariximizdə gizli
imzalardan istifadə etmək müxtəlif məqamlardan irəli gəlir, kimi özünü şair və
söz ustası kimi tanıtmaqdan ehtiyat edir, kimi oxucunu intizarda saxlamaq
istəyir, kimi izi azdırmaq fikrinə düşür. Məsələn,”Ziya” qəzetində
“S” imzası çox vaxt qəzetin baş məqaləsinin altında olurdu.Diqqətli
oxucu onun qəzetin baş mühərriri və sahibi -imtiyazı Səid Ünsizadəyə aid
olduğunu çətinlik çəkmədən tanıyırdı. “Kürdəmir”dən ” qeydi ilə
verilən yol qeydlərinin altındakı “M.B” imzasının isə kimə aid
olmasını yazını çox diqqət və fəhmlə oxuyandan sonra başa düçmək olur.
“M.B” əcnəbidir, ərəb dilini gözəl bilir, Şərq ədəbiyyatından xəbərdardır,
bu yerlərdə məktəb və maarif məsələlərinə nəzarət etmək iqtidarına malikdir və
s.
Şəxsən mən işin içində olan bir mütəxəssis
kimi bu imzanın kimə aid olmasını illərə arayıb axtarmışam.”M.B”
ədəbiyyatımızı 1868-ci ildə Avropada -Almaniyanın Leypsiq şəhərində çap
etdirən, Peterburq Universiteində M.Topçubaşovun və Mirzə Kazım vəyin
dərsliklərindən dərs keçən, Qafqaz Canişinliyində M.F.Axundazadə ilə bir yerdə
çalışan Adolf Petroviç Berjedir. “B”-Berjedir. Bunu başa düşdük. Bəs
imzanın əvvəlindəki “M”- nədir?
A.P.Berje (28 iyul 1828,Peterburq-31 yanvar
1896,Tiflis) Qafqazın və eləcə də Tiflisin ən ləyaqətli insanlarından biri kimi
tanınırdı. Onun matəm mərasimi Tiflisdə çox böyük hörmətlə təşkil
olunmuşdu.Adolf Petroviç Berjenin düşmənləri yox idi, ona həsəd aparanlar isə
çox idi. Mösyö Berje…. (Burada dayanıram).Kim? Müsyö Berje ? Bəli, Müsyö
Berje! Deməli, “M”-Müsyö,”B”- Berje…
Müsyö – fransız sözüdür, müracit
formasıdır. Rus alimləri öz alimlərinin sayını artırmaq üçün A.P.Berjeni əslən
alman olan rus şərqşünası kimi qələmə verirlər. Əslində Adolf Petroviç Berje
bizim meyarımızca, milliyyətcə fransızdır.(Bəzi xalq və millətlərdə milli
mənsubiyyəti anaya görə müəyyənləşdirirlər. A.P.Berjeni alman hesab edənlər,
yəqin ki, bu meyarı əsas hesab etmişlər).) Onun atası 1805-ci ildə Fransadan
Rusiyaya köçmüş, Peterburqda müəllimlik etmişdir. Pyotr Berje 1820-ci ildə əsli
Meklenburqdan olan varlı bir qızla evlənir, onların bu izdivacdan dörd oğlu,
bir qızı olur. Adolf ailənin iknci oğludur. O, əvvəlcə Peterburq yaxınlığındakı
QATÇİN YETİMLƏR İNSTİTUTUNDA, sonra isə PETERBURQ UNİVERSİTETİNİN şərq
fakültəsində oxumuşdur.1851-ci ilin dekabrında, atasının ölümündın 13 il sonra,
Peterburqdan Tiflisə -Qafqaz Canişinliyinə işləməyə göndərilmişdir.
“M.B”-nin işləmək məcburiyyətində
qaldığı Şərqdəki canlı və çox işgüzar həyat yolu belə başlayır.(A.P.Berje Şərq
ölkələrinin birində işləmək istəyirdi.Məzunların işləməyə göndərilməsinə ciddi
nəzarət edən Rusiya çarı I Nikolay isə onu Rusiyanın Şərqinə-Qafqaza göndərir:
“Rusiyanınöz Şərqi var.Bu, Qafqazdır. Qoy elə ora yola düşsün”
Necə deyərlər, ağa deyir, sür
dərəyə,sürməlisən.
Mən həmişə M.Ə.Rəsulzadədən danışanda
A.P.Berjeni, A.P.Berjedən danışanda qeyri -iradi M.Ə.Rəsulzadəni -mətbuat və
ədəbiyyat yolunda böyük işlər görmüş bu iki şəxsi xatırlayır, onların fərqli və
ümumi həyat cizgilərindən söz açmalı oluram.
Nə isə …”Həyat”dakı
“Mürəttib M.Ə.R.” kimdir?
M.Ə.Rəsulzadənin “Həyat” və
“İrşad”dakı bəzi məqaləkərinin dil, üslub və ideyası
“M.Ə.R” -in Məhəmməd Əmin Rəsulzadə olduğuna bələdçilik edir, yol
göstərir.
***
Mürəttib M.Ə.R .
Mətbəələrimizə dair
(“Həyat” qəzeti, 14 dekabr 1905 -ci il, № 118 )
Bizim müsəlmanlar hər bir cəhətdən geridə
qalıb, bütün işləri binizam olan kimi, mətbəələri dəxi binizamdır. Məsələn,
hürufat xəzinəsini(qassəsini) alalım. Bunun adını müsəlmanca eşitmədiyimdən
özümdən ad qoyub “Hürufat xəzinəsi ” deyirəm. Bu hürufat xəzinəsinə
mamalik ( məmləkətlər-N.N.) islamiyyənin hər yerində bir tövr degil. Məsələn,
Bakı mətbəələrində qassələr bir tövrdür,Tiflisdə ayrı tövrdür. Əgərçe tərzi ilə
yerinə tökülməyübdür, həmçinin içəri Rusiyada olan müsəlman (qasə)ləri bir ayrı
şəkildədir. Xorasanda isə, eşitdigimizə görə, özlərindən xuddur( özlərinə
məxsusdur-N.N.). Orada bir növ (qassə ) qayırublar ki, tuli (uzunluğu-N.N.) bir
sajından uzun olub, eni də arşın yarımacan olan və (qassə)nin gözləri bir qarış
uzunluqda və eni iki barmaq enindədir. Və yenə Bakı mətbəələrinin birində bir
töbr (qassə) var ki,onu qədim zamanda Bakıda müsəlmani (qasə) olmayanda bir
nəfər mürəttib icad edibdür və indiki kimi durur və qassədə də o mürəttibdən
başqa, heç kəs düzə bilməz.
Bu səbəblərə görə hərgah bir mürəttib bu
şəhərdən o biri şəhərə və yainki bir məmləkətdən o biri məmləkətə keçsə, gərək
ki, ac qalsın və yainki ac qalmasa da bir aya kimi gərək qüvvəti- ləyamütə
(əbədilik qüvvəsinə-N.N.) davam edüb, qassəni mütaliə edüb ögrənsin,sonra
işləməgə başlasın.
Bir böylə zamanda ki, cəmi xarici
millətlərin mürəttibləri şəhərlərdə özləri üçün cəmiyyətlər təşxis (tanımaq-N.N.)
verub ehtiyat səmərəsi yığıllar,tainki bikar vəqtlərdə ac qalmasunlar və bir
şəhərdən o biri şəhərə gedüb, özlərinə iş tapanacan o pul ilən güzəran
etsünlər.
Biz müsəlman mürəttibləri kar və kor
adamlar kibi dayanıb baxaruq, guya heç bir adamlardan degiliz.Qardaşlar, biz
cəhalətimizdən cəmiyyətlər təşkil edüb, ehtiyat sərmayəsini yığmaqdan və xarici
mürəttib yoldaşlarımıza qoşulmaqdan ürkürük isə, laməhalə (heç olmasa-N.N.) öz
qassələrimizi tərtibə salaq və hamısını bir tövrdə edək, tainki bir qərib
vilayətə gedəndə ac qalıb, qeyrilərə möhtac olmayaq və buna görə lazımdır ki,
qassələrimizi Osmanlı və ya Misir qassələri tərziylə edək, çünki onlar mətbəə
işlərində bizdən çərxdədirlər (yüksəkdədirlər-N.N.).Onların qassələri
bizlərinkindən səliqəlidir. O tövr qassələrdən düzülən xətlər bizlərinkindən
kökçəkdir. və düzülməsi də asandır.
Mürəttib qardaşlar! Hər cəmaət, hər sinif
sənətkarları öz hallarını və güzəranlarını yaxşılaşdırmağa çalışırlar. Nə üçün
gərək biz çalışmayaq? Məgər bizə insanlıq lazım degil? Məgər biz insan degiliz?
Çalışmaq lazımdır. Baxmaq ilən heç zad olmaz.
Və bir də bizim bəzi müsəlman
mürəttiblərimizin əqidəsi bunadır ki, şagird ögrətmək lazım degil, çünki onlar
sonra gəlib bizim çörəgimizə guya mane olarlar.
Bilmək olmayır ki, bunlar bu əsri
görməyirlər, bu elmin tərəqqisini və çap işinin artmasını başa düşməyirlər və
yainki özlərinin dünya uzunu yaşamalarına inanırlar?
Xaricilər bizim dilimizin mürəttibligindən
çörək yeyirlər.
(Bu yerdə yadıma “Əkinçi”nin
nankor, sası dinli çuğulçu, söz aparıb söz gətirən mürəttibi düşür. Bəlkə də
M.Ə.Rəsulzadə onun nanəcib obrazını yaratmaq istəmişdir-N.N.). Amma biz öz
milltimzin balalarına (bildiyimizi – əlavə mənimdir-N.N.) ögrətmək istəməyirüz,
tainki onlar da çörək yesinlər.
***
Mürəttib M.Ə.R.
İdarədən: (“idarə” deyəndə burada
müdir və baş mühərrir Əli bəy Hüseynzadəni başa düşmək lazımdır-N.N.).
Müsəlman mürəttibligi sənətinin də
tərəqqisi lazımdır.Bu
da cəmiyyət və üzviyyat
(orqanizasiya-izahat “M.Ə.R”indir-N.N.)ilə olur. Əvvəllər hər şəhərin
mürəttibləri yerli bir cəmiyyət təşkil edirlər və bu cəmiyyətlərdə öz
nəvaqislərini (nöqsanlarını-N.N.) mövqeyi-müzakirəyə qoyarlar.İkmal
(tamamlama,bitirmə,mükəmməlləşdirmə-N.N.) çalışırlar. sonra bir ölkənin,
Qafqazın, məsələn müxtəlif bəladidindən (bəla görmüşündən-N.N.) iki-üç ildə bir
kərə vəkilləri bir şəhərə yığıb, məşvərət edərlər…. sonra işi daha böyüdüb
beynəlmiləl bir islam mürəttib konqresi dəvət edərlər… O vəqt qassə də və
sair ehtiyaclar da yoluna girər!… Anladınızmı?”
***
Hörmətli oxucular, ” İdarədən ”
qeydləri Əli bəy Hüseynzadənin M.Ə.R-in qaldırdığı problemlərin vacibliyi ilə
həmrəylik nümayişidir. Əli bəy Hüseynzadə M.Ə.R-in açıq deyə bilmədiyi sözləri
kiçik bir qeydlə açıqlayır.Başa düşdünüzmü?
Nazim
Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq
03.02.2014-cü il-31.01.2019.
Ədəbiyyat
1.Mürəttib
M.Ə.R. Mətbəələrimizə dair.
“Həyat” qəzeti,14.12.1905-ci il, № 118.
2.Nazim
Nəsrəddinov. Mətbəələrimizə dair.
“Novruz” qəzeti,30.10.1992-ci il, № 40(95)
.
3.В.Г.Дмитриев.Скрывшие
свое имя.
Издательство. Наука. Москва -1977 г.
4.Nazim
Axundov.Azərbaycanda dövri mətbuat.
Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı.Bakı, 1965
5.Nazim
Nəsrəddinov. Siz kimsiniz, müsyö Berje?
“Ana
sözü “jurnalı, 1995-ci il, №1-6, səh.47-48.
6.Nazim Nəsrəddinov.M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu: ” Anladınızmı? “Davam.az”. 05.02.2014.