Kültür Sanat

Yusif Namazoğlu


Yusif Namazoğlu 1960-cı ildə Goranboy rayonunun Kəpənəkçi kəndində dünyaya göz açmışdır.O, ali təhsilli kənd təsərrüfatı mütəxəssisidir.
Hələ uşaq yaşlarından şeir yazan şairin ilk şeirləri 17 yaşında olarkən çap edilmişdir.Şairin yaradıcılıq əsərləri olan kitabları müxtəlif mətbuatlarda çap edilib.
Onun ilk kitabı 2008-ci ildə çapdan çıxan “Dinçliyini ürəyimdə taparsan” olmuşdur. Daha sonra isə “Mən dünyanın bacasıyam”, “Bir dəli sükut” kitabları, ən son isə 2022-ci ildə “Mənim kitabımı oxuyanmı var” kitabı nəşr edilmişdilər.

Yusif Namazoğlu

NEYLƏYƏCƏK?!

O çətənə qozu mənəm,

Kəsək mənə neyləyəcək.

Şir kölgəmdən qoxub, qaçır

Pələng mənə neyləyəcək?!

              ***

Xan Kəpəzəm, Şah dağıyam

Boranlıyam, şaxtalıyam

Palıdın şah budağıyam,

Külək mənə neyləyəcək?!

                 ***

Azadlığam, azad quşam

Sərxoş idim ayılmışam,

Tanrıyla sirdaş olmuşam,

Fələk mənə neyləyəcək?!

                  ***

Dağımda daş qalmayıbdı,

Başımda huş qalmayıbdı,

Gözümdə yaş qalmayıbdı,

Tütək mənə neyləyəcək?!

                   ***

Çox bacadan girib ölüm,

Neçə güllər dərib ölüm,

Namazoğlu, gəlib ölüm

Görək mənə neyləyəcək?!

 SÖZ TAPAMMIRAM

Kişi qorxaq olmaz, kişi əyilməz

Sən qorxdun, əyildin, söz tapammıram.

Daddıqca yaltaqlıq şirinçayından,

Zamana döyüldün, söz tapammıram.

                     ***

Həqiqət önündə dilin dolaşdı,

Nifrət şaxtasında qəlbin buzlaşdı,

Şöhrət işığında, gözün qamaşdı

Uşqundun, bayıldın söz tapammıram.

                    ***

Qarnın böyüdükcə, haqqı unutdun

Vətəni, milləti tək əlli tutdun

Eyş-işrət içində, səmriyib yatdın

Günorta ayıldın, söz tapammıram.

                       ***

Yusif tək, kim çəkər, sözün şəklini

Əyrinin şəklini, düzün şəklini

Get, iblis xislətli, mələk şəkilli

Barmaqla sayıldın, söz tapammıram.

 QIRILDI

Başım daşdan-daşa dəydi,

Dözəmmədi daş qırıldı.

Doluxsundum, ağlamadım

Gözlərimdə yaş qırıldı.

             ***

Gözüm gəzdi Daş bulağı,

Çat- çat oldu, dil- dodağım.

İllər ömrün qol- budağı,

Bar verməmiş yaş qırıldı.

           ***

Təbim sözün anasıymış,

Qanım həsrət dəryasıymış,

Qəlbim sevgi aynasıymış,

Çilikləndi, beş qırıldı.

            ***

Ulduza bax, Ay açıqdı,

Sabah Günəş bəlkə çıxdı.

Xam torpağım bərkə çıxdı,

Kal yoruldu, xış qırıldı.

              **

Namazoğlu Dünya budu,

Bir gün oddu, bir gün sudu.

Yaddaşımı Zaman yudu,

Qocaldıqca huş qırıldı.

24.04.2023.

 QƏMLİ,QƏRİB BULUDLAR

Qəmli,qərib buludlar

Görən hara tələsir?

Yollarında gizlənib,

Ümidsizlik tələsi.

            ***

Kövrəliblər,dolublar

Ağlar günə qalıblar.

Əsir düşüb…olublar,

Küləklərin köləsi.

           ***

Aya,Günə baxırlar

Baxıb həsrət qoxurlar.

Ağlamaqdan qorxurlar,

Ölümdür,hər giləsi.

            ***

Arzular qar çiçəklər,

Dərd udub qan çisəklər.

İldırımlar,şimşəklər

Tanrının tərs şilləsi.

              ***

Göynər çəmənlər,düzlər

Yanıb,qaralıb sızlar.

Çaylar,göllər,dənizlər

Qürurunun məhbəsi.

 GÖZ QIRPMAMIŞ, ŞƏR QARIŞAR

Şair sözlə, dağlar qarla,

Loğmanda canla oynayır.

Bal arısı gül-çiçəklə,

Dəvə tikanla oynayır.

            ***

Xəyal uçur göy üzündə,

Umacağı Aya sarı.

Qanadının yarasını,

Qanamamış Ayla sarı.

              ***

Ağ buludun havasına,

Dam üstə dolu dingildər.

Torpaq susuz havalanar,

Ağzı qibləyə inildər.

                 ***

Ayağını yerə bərk bas,

Taptanmasa yol qırışar.

Ömür haylanar, yel kimi,

Göz qırpmamış,şər qarışar.

04 aprel 2025-ci il

AYDAN OĞURLUQ EYLƏYİR

Bahara bax, istiyə bax

Yaydan oğurluq eyləyir.

Aş dəmləyir, tüstüyə bax

Toydan oğurluq eyləyir.

                  ***

Qışın boynunu yaz vurur,

Sözün gülünü saz vurur,

Gəlin bulağa göz vurur,

Bəydən oğurluq eyləyir.

                 ***

Gül çələngi var başında,

Naz gizlənib göz-qaşında,

Gözəl olmaz, bu nişanda

Aydan oğurluq eyləyir.

              ***

Ağaclar bağlarda çimir,

Gözəllik dağlarda çimir,

Sevgi, dodaqlarda çimir

Çaydan oğurluq eyləyir

               ***

Ay Yusif, dağ-daş oyanır,

Meşə yatır, quş oyanır.

Güllər ulduz-ulduz yanır,

Göydən oğurluq eyləyir.

 NAĞILLAŞAR, ÖTƏN ÇAĞLAR

Yalanını büküb saxla,

Yalançı aprel gününə.

Sözlərinə zarafat qat,

Ölç, biç getmə, çox dərinə.

            ***

Unut qəmin oylağını,

Zülmətdən qaç, Aya boylan.

Gözlərinin dincini al,

Yorulmasın, çaya boylan.

               ***

Çox qırışıb, yalanların

Az ütülə yandırarsan.

Həqiqəti taxta çıxart,

Ürəyini sındırarsan.

            ***

Uşaqlara gülüş payla,

Yalanların sevinc dadsın.

Xoşbəxtliyin güneyində,

Yatıblarsa, gün oyatsın.

              ***

Haqqa meydan sulamasın,

Urusbaşlar, Yalıncıqlar.

Tanrı sınar qürurumuz,

Nağıllaşar, ötən çağlar.

GÖZLƏRİM QƏM DƏRƏSİ

Çomağım yuxusunda,

Qoyun- quzu otarır.

Tüfəngimin gözləri,

Yalquzağı axtarır.

              ***

Kəhərimin nalında,

Yollar yorulub, yatır.

Gözlərim qəm dərəsi,

Sular durulub, yatır.

            ***

Qar-ayaz qovdu məni,

Kahalarda gizləndim.

Vaxt-vədə ovdu məni,

Təpələndim, düzləndim.

                ***

Altmış yaşım, altmış dərd,

Altmış ümid qırığı.

Üzür ölümə sarı,

İllərimin qayığı.

 TUTACAQ

Qar üstünə qan çilənib,

Ovçunu qarğış tutacaq.

Göylərin qaşı çatılıb,

Yolçunu yağış tutacaq.

            ***

Ümidimiz qaranaldı,

Səmti dağa- daşa saldıq.

Sabahımız yetim qaldı,

Yolları yoxuş tutacaq.

             ***

Çay qurudu, düzlər soldu,

Gül- gülüstan xəzan oldu.

Yerlər- göylər viran qaldı,

Dünyanı bayquş tutacaq.

             ***

Arzuları göndər dağa,

Dəfn eyləyib bükmə ağa.

Salam vermə qocalığa,

Alnını qırlş tutacaq.

            ***

Məhəmməd dağ sənə gəlir,

Gəlir, dümağ sinə gəlir.

Gəlirsə ağ günə gəlir,

Xətirini xoş tutacaq.

***

Bulaqlar cəm uşaqlarım,

Şəlalələr aşıqlarım,

Həsrət döyən aşiqlərin,

Gözlərini yaş tutacaq.

           ***

Nəsimiyəm soy dərimi,

Taptalama gül vərimi.

Yusif xoşbəxt günlərimi,

Payız qovub, qış tutacaq.

12 fevral 2024- cü il.

SƏNSİZLİKDƏN QOXRMUŞAM

Gözlərindən yıxıldım,

Həsrətin qucağına.

Günahım nə, suçum nə?

Pıçılda qulağıma.

           ***

Qatlayıb barmağımı,

Özümlə hesab çəkdim.

Tüstüləndi ürəyim,

Xəyaldan kabab çəkdim.

          ***

Süddən yanıq arzular,

Sozalıb, çöpə döndü.

Sevgimiz düyün düşdü,

İncəlib, sapa döndüm.

            ***

Anam görsə tanımaz,

Adamlıqdan çıxmışam.

Bəxtimə dua yazdır,

Sənsizlikdən qorxmuşam.

 AYRILIQLAR GÖRÜŞÜR

Təbiətin sevinci,

Payız yəhərdən düşər.

Ağacların kölgəsi,

Qışda dəyərdən düşər

          ***

Gül solsa,bahar ölər,

Qısır qalar arılar.

Yurd yerindən, həsrətdən

Ağı deyər qarılar.

          ***

Qalar dərdə, möhnətə

Ümidlərin örüşü.

Nisgilli xəyalımda,

Ayrılıqlar görüşür.

OXUYAMMAZ

Həqiqətin kitabını

Yalançılar oxuyammaz.

Halallığın nəğməsini

Talançılar oxuyammaz.

          ***

Qərib eldə ötən sızlar,

Ürəyində Vətən sızlar.

Himnimizi vətənsizlər,

Yabançılar oxuyammaz.

             ***

Düşmən bizə söyüb gülür,

Qapımızı döyüb gülür,

Qarabağsız deyib- gülüb,

Turançılar oxuyammaz.

            ***

Namazoğlu Zaman çaşıb,

Haram yeyib harınlaşıb.

Qəzəblənib,səbri daşıb

Qəlb parçalar, oxuyammaz.

İÇƏR…

Dağlar dərə qədəhiylə,

Gecə-gündüz duman içər.

Ömrü keflə, qəhqəhəylə,

Of demədən zaman içər.

              ***

Yarımçıq, baxmaz öyüdə,

Söykənmə çürük söyüdə.

Şərəfsizlər şər üyüdər,

Qıpqırmızı yalan içər.

            ***

Zirvəyə söz atmayanlar,

Alaçıqda yatmayanlar,

Bulaqlardan dadmayanlar,

İllər boyu dərman içər.

            **

Haray salar, batan gəmi,

Su axtarar solan zəmi,

Namazoğlu bəxti kəmin,

Süd payını ilan içər.

Şəhid Cəfərov Tacir Fariz oğlu ölümündən sonra Fizuli,

 Xocavənd və”Vətən uğrunda medalı” ilə təltif olunmuşdu.

 Tacir Fariz oğlunun əziz xatirəsinə…

 ÜNVANIMIZ AND YERİ

 Ruhumuz evimizdə,

Özümüz cənnətdəyik.

Günlərimiz xoş keçir,

Tanrıyla söhbətdəyik.

***

Burda oğru,yalançı

Vətəni satan yoxdu.

Haqq qürurlu, şax gəzir,

Şərləyib tutan yoxdu.

          ***

Can deyib, can anlarıq,

Vətən aşiqləriyik.

Şuşada Xarı Bülbül,

Çəmən aşiqləriyik.

          ***

Adımız şərəf yolu,

Ünvanımız and yeri.

Ümidləri boğmasın,

Ayrılığın qəhəri.

             ***

Ruhumuz evimizdə,

Özümüz cənnətdəyik.

Günlərimiz xoş keçir,

Tanrıyla söhbətdəyik.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest