Bəzəkli Corab
Bəzəkli Corab
Həmişə evə gülə-gülə gələn Yadigar bu dəfə çox bikef gəlmişdi. Qaşqabaqlı idi. Göz yaşlarını zorla saxlayırdı. Yadigarı heç vaxt belə görməyən anası Mələk ondan soruşdu:
– Nə olub, mənim balam? Niyə belə bikefsən? Yoxsa kimləsə dalaşmısan?
– Yox, ana, heç kimlə dalaşmamışam.
– Bəs onda niyə bikefsən? Bəlkə xəstələnmisən?
– Yox, ana, xəstələnməmişəm, ağrıyan yerim də yoxdur.
– Bəs onda niyə bikefsən? Düzünü de görüm, nə olub?
– Ana, səndən bir şey soruşmaq istəyirəm.
– Soruş, mənim balam, niyə soruşmursan?
– Ana, mən yetiməm?
Ani verilmiş bu sual Mələk xanımı çaşdırdı. Bir anlıq sükut oldu. Sonra dedi:
– Bu nə sualdır, mənim balam? Sən niyə yetim olursan? Kim deyib sənə belə bir şey? Düzünü de görüm, sənə kim nə deyib. İndiyə qədər belə söz deyən, danışan deyildin axı. De görüm, kimə getmişdin?
Xeyli fikrə getdi Yadigar. Mələk yenə səbirli səslə soruşdu:
– De başına dönüm, düzünü de görüm, kim sənə nə deyib?
– Bilirsən, ana, qonşu Sona nənənin nəvəsi ilə onların qapısında oynayırdıq. Sona nənə tut bəhməzi qaynadırdı. Kökür əlində tiyanı yavaş-yavaş qarışdırır, sarıköynəyi ayrıca qaba çəkirdi. Sonra üzünü gəlininə tutub dedi: Ay Nisə, ordan bir nəlbəki gətir bura. O da gətirdi. Sona nənə kökürlə nəlbəkiyə sarıköynək qoyub mənə uzatdı: “Yala, bala, yala!” Sonra da dedi: “Az, ay Nisə, ordan çörək də gətir ver bu uşağa, qoy yesin. Yazıqdı, yetim uşaqdı.”Ana, mən elə pis oldum ki… Necə yəni mən yetiməm?
– Ana qurban, niyə yetim olursan? Mən anan yanında, atan da səni qucağında yatızdırır.
– Qoy, indi gedirəm onun yanına, görüm nə axmaq-axmaq danışıb. Yetim onun nəvələri olsun! Yaramaz qadın, söz tapmayıb uşağa “yetim” deyir!
Mələk xanım tumanının balağını əlinə alıb cumdu qonşusugilə:
– Sona, ay Sona!
– Nədi, ay Mələk, nə deyirsən? Gəlsənə!
– Gəlmirəm! Belə sənlə dalaşmağa gəlmişəm!
– Niyə dalaşırsan, ay Mələk? İndiyə kimi aramızda xətir-hörmət vardı. Birdən-birə bu nə sözdür deyirsən? Bilmirsən, niyə elə deyirəm?
– Yox, bilmirəm. De, bilim.
– Ağız, yekə arvadsan. Nə imiş o uşağa dediyin?
– Nə demişəm, ay qonşu? Allah haqqı, mən heç kimə, o ki qala uşağa, xətrinə dəyəsi bir söz demərəm.
– Yaxşı-yaxşı fikirləş, yadına düşəcək.
– Ağız, Allah haqqı yadıma sala bilmirəm. Axı nə demişəm? Desənə.
– Yadigara “yetim” deməmisən? Onu da danacaqsan?
– Boyy, Allah başıma daş! Vallah, billah, ay Mələk bacı, onu pis mənada deməmişdim. Özüm də sonra fikirləşdim ki, səhv etdim. Heç ağlıma gəlməzdi ki, uşaq onu tezcə başa düşər.
– Ağız, yekə arvadsan, bir danışığını bil. Bilmirsən indinin uşaqları çox bilmiş olurlar?!
– Elədi, elədi, ay bacı, düz deyirsən…
Yadigar həmişəki gülən, oynayan uşaq deyildi. Sanki qəlbinə kölgə düşmüş, uşaq sevinci sönmüşdü. Həmişə fikirli, xəyallı gəzirdi. Mələk xanım çox fikirləşirdi: necə eləsin ki, o “yetim” sözünü onun beynindən çıxarsın? Çox götür-qoydan sonra qərara gəldi ki, bir də soruşsa, düzünü desin. Onsuz da gec-tez biləcək ki, mən onun nənəsiyəm, anası yox…
*
Birinci sinfə gedirdi Yadigar. 6 yaşlı Yadigar hərfləri, rəqəmləri hamıdan tez öyrənmişdi. Məktəbdə hamı ondan danışırdı. Deyirdilər: “Maşallah olsun, bu uşağın gələcəyi parlaq olacaq.” Hələ direktor Mədət müəllim də demişdi:
– Belə davam etsə, vaxtından əvvəl bir sinif yuxarı keçirərik.
Bax, beləcə böyüyürdü Yadigar. Təriflənə-təriflənə, sevilə-sevilə…
Quşlar uçan kimi günlər də elə bil uçub gedirdi. Yadigar sinifdən sinfə keçir, tərifnamələr, hədiyyələr alırdı. Ancaq qəlbində bir nisgil vardı. Cavabsız qalan sualına cavab axtarırdı. Bu sualın üstünə bir sual da əlavə olundu…
Yenə məktəbdən bikef gəldi.
– Ana qurban, niyə bikefsən? Yenə nə olub?
– Bilirsən, ana, bu gün sinif rəhbərimiz Sücaət müəllim əllərimizin təmizliyini yoxlayanda məndən soruşdu ki, “Əlinin üstünə nə olubmuş, Yadigar?” Mən də dedim, “Müəllim, anadangəlmə elədir.” O isə güldü, dedi: “Mənim balam, insan anadan olanda pak olur, tər-təmiz olur. Sənin bu əlinin üstünə nə olubsa, sonradan olub. Ən yaxşısını nənən bilər. Evə gedəndə ondan soruş, o deyəcək nə olduğunu”.
Anandan yox, nənəndən soruş, – dedi. İndi bilmək istəyirəm: mən hansı nənəmdən soruşum? Kimdi o nənə?
Mənim ağıllı balam, dərsdən ac gəlibsən, paltarlarını dəyiş, çörəyini ye, sonra hər şeyi sənə danışaram. Görürəm, neçə gündür heç özündə deyilsən, sənə deyilənlər səni çox narahat edib.
Yadigar yuyundu, çörəyini yeyib əyləşdi nənəsinin yanında. Nənəsi də başladı danışmağa: “Bilirsən, mənim balam, dədən ananla evlənəndə dədənin vəzifəsi var idi, işləyirdi. Bir müddət mehriban dolanırdılar. Sonralar sən doğulana yaxın anan başladı dədənlə mübahisələrə. Hardasan, niyə gec gəlirsən evə, niyə, niyələri düzürdü yan-yana. Dədən də əsəbiləşirdi.
Başa salırdı ki, mən iş adamıyam. Gec də gələrəm, tez də gələrəm. Evə diqqətli də olaram diqqətsiz də. İşdən əsəbi də gələ bilərəm. Yəni bunların hamısı işlə bağlı olan hadisələrdi.
Anan isə öz dediyini deyirdi.
Sən dünyaya göz açandan sonra isə ananın dığ-dığı daha da artmağa başladı. Dəfələrlə mən də başa saldım, məsləhətlər verdim, düz yola çəkdim. Ancaq nə fayda.
Günlərin birində də səni götürüb getdi ata evinə. Dedik bu gün qayıdıb gələr, sabah gələr, gəlmədi. Sonralar eşitdik ki, sənin əlini yandırıb. Öyrəndik ki, odun peçini qalayıb səni də yatızdırıb peçin (sobanın) yanında. Ayaqların bələkdə, əllərin isə açıq. Özü də deyilənlərə görə bulağa su gətirməyə gedib. Sən də yuxudan oyanıb qollarını o yan bu yana tərpədəndə sol əlin yapışıb isti sobaya. Biləkdən aşağı düz barmaqlarının ucuna kimi əlin dərisi sobaya yapışıqlı qalıb. Qonşular sənin qışqırıb ağlamağını eşidib səni sobadan aralayıblar. Nə fayda ki, sənə olan olmuşdu. Sol əlin az qala şikəst olacaqdı. Çünki çox dərin yanmışdı. Xoşbəxtlikdən damarları tamam zədələməmişdi.
Bunu eşidən kimi dədən bizi göndərdi ki, gedin mənim uşağımı gətirin. Biz də gətirdik. Aylarla müalicə elətdirdik. Səni dalıma alıb qonşu kənddəki həkimə aparıb dava-dərman elətdirib, sarıdıb gətirirdim. Beləliklə sənin sol qolunu şikəst olmaqdan qoruduq. Indi sən maşallah yekə oğlan olubsan.
İndi ay oğul, de görüm, mən sənin ananam, yoxsa nənən? O vaxtdan mənə ana deyirsən. Birdə onu bil ki, uşağı dünyaya gətirənə ana deyil, ana dünyaya gətirdiyi uşağa süd verib onu böyüdən, onu tərbiyə edənə ana deyəllər. Yoxsa uşağı dünyaya gətirib sonra da saxlamayıb, öz kefində gəzənə ana demillər. o vaxtdan indiyə kimi bir dəfə də olsun maraqlanmadı ki, görsün övladı necədi, necə saxlanılırsan. Sonra da eşitdik ki, indi də bir başqasına ərə gedib.
İndi bildin, oğlum, əlinin üstünün yanmasının səbəbini? Bir də sənin ananın və nənənin kim olmasını.
Heç fikir etmə mənim balam, hər şey yaxşı olacaq. Oxuyacaqsan, atan arxan, dayağındır.
Mən isə nə qədər canımda can var qulluğunda duracaq, sən balamın balasını əzizləyəcək, böyüdüb boya-başa çıxaracağam.
Oğlum, indi de görüm hər şey sənə aydın oldumu, qaranlıq qalan nəsə varsa de onu da izah edim.
– Sağ ol, ana! Hər şey aydın oldu.
– Di get sabahın dərslərini hazırlamağa.
- Oldu ana, mən getdim dərslərimi hazırlamağa.
Beləcə həyat davam edir… Amma o gün eşitdikləri Yadigarın uşaq qəlbində dərin bir iz salmışdı.
Yadigar orta məktəbi bitirdi. O, indi universitet tələbəsidir və onun şəkli “Şərəf lövhəsi”ni bəzəyirdi.
Yadigarın xatirə dəftərindən:
– Lakin, lakin!…
Ailə vəziyyəti, dolanışığın çətinliyi məni işləyə-işləyə oxumağa vadar etdi.
Kənddə bir qonşumuz vardı. Talıb kişi adında. O Gəncədə gəncliyindən türmədə (təcridxanada) işləyirdi. Bir bazar günü rastlaşdıq. Gəncənin kolxoz bazarında. Mən utana-utana, çəkinə-çəkinə dedim: – Talıb əmi, səndən bir xahişim var.
– Nədir oğlum, nə xahişdir elə? Utanıb eləmə, nə sözün var de.
– Talıb əmi, atam da işdən çıxıb işsizdir. Külfətimiz də böyüyür. İstəyirəm həm işləyib, həm də oxuyum. Bu işdə sənin köməyinə ehtiyacım var. Yəqin sənin tanışın, bilişin çox olar, məni bir işə düzəldəsən işləyim.
– Nə iş istəyirsən, oğlum?
– Əmi, nə iş olur olsun, təki maaş alım əynim, başım…
– Yaxşı oğlum, sabah iş günüdür, gələrsən 4 № li məktəbin yanında təmir–tikinti idarəsi var ora. Mən də gələcəm orada görüşərik. Həmin idarənin rəisi mənim dostumdur. Xahiş edərəm yəqin sənə bir iş verər.
Səhərin açılmasını gözlədim, istəyirdim tez açılsın səhər.
Gecə yuxu gördüm. O qadını gördüm. “Ana” deyilən o qadını. Üzündə təbəssüm lakin gözlərində niskil vardı.
İstədi yaxınlaşıb məni qucaqlasın. Elə bu vaxt yuxudan hövlnak oyanıb qalxdım. Üz-gözümü ovxalayıb, İlahi, bu nə yuxudu mən gördüm. Kaşki görməyəydim onu. Heç yuxuda da görməyəydim onu dedim.
Öz-özümə deyinməyə başladım. Axı nə idi, mənim günahım. Məni saxlamayacaqdınsa niyə dünyaya gətirirdin. Niyə indi biri mənə yetim deyir, o biri yazıq uşaq deyir. Niyələr çözələndi yan-yana!
Gözləyəndə də səhər elə gec açılır ki…
Nəhayət səhər oldu, tələm-tələsik yollandım həmin yerə, Talıb kişi dediyi yerə. O da gəldi, görüşdük.
-Dedi oğlum, sən gözlə mən girim rəislə danışım. icazə alıb keçdi otağa. Qapının üstündə yazılmışdı, rəis Surxay Tağızadə.
Danışıqlarını eşidirdim. Talıb kişinin ilk sözü bu oldu. Tağızadə, kənddə mənim qonşumun həm də xətrini çox istədiyim qonşumun oğludur. Ona bir iş ver işləsin, həm də oxusun. Ailə vəziyyətləri bir az çətindir.
Söhbətlərindən sonar məni içəri dəvət etdilər. gəl oğlum, gəl dedi rəis. Sonra isə soruşdu oğlum, fəhlə işləyə bilərsənmi. Bizim idarə tikinti idarəsidir dediş
Mən isə sevincək işləyərəm dedim. Onda əyləş mənim adıma bir ərizə yaz dedi.
Mən də ərizəni yazıb təqdim etdim. O isə ərizəyə dərkənar qoyub kadrlar şöbəsinə göndərdi. Tapşırdılar ki, bu gün gecdir.
Sabahdan gəlib işə başlayarsan. Elə sevinirdim ki, elə bil yüksək bir vəzifə verilmişdi mənə. Bəli, mənim üçün yüksək vəzifə idi bu fəhləlik. Çünki ehtiyacım var idi. Ehtiyac isə hamını çox şeyə məcbur edir. İllah da məni kimi tələbəni, analı-atalı yetim deyiləni…
Bir neçə gün işləyəndən sonra yarım aylıq maaş verdilər (buna avans deyirdilər). 15 ədəd iri dəmir rubllar idi. Elə sevinirdim ki…
Bir dəfə də sevinmişdim. Bilirsiniz nə vaxt? Uşaq olanda mamam (bibim) Gülgəz gəldi ki, bəs qurban olum sənə ay Yadigar, anan sənə bəzəkli yun corablar toxuyur. Deyir təzə ildə göndərəcəm. Sən Allah o corabları qaytarmazsan, götürərsən.
Doğrusu, gözlərimdə sevincə bənzər bir parıltı yaranmışdı, amma arxasında kədər dolu göz yaşları gilələnirdi…
Xəyallara dalmışdım… Gözümün önündə qırmızı, yaşıl naxışlı, bəzəkli corablar canlanmışdı. Elə bil, o corabları geyinsəydim, içimdəki boşluq da isinərdi…
Təzə il də gəldi, ancaq corab gəlmədi. Bir neçə gündən sonra mamam bizə gələndə dedi ki, bəs bir tayını hörüb, qırmızı ip çatmadığına görə o biri tayını qurtara bilməyib. Deyir Allah qoysa, o birini də hörüb Novruz bayramında göndərəcəm. Bax beləcə Novruz da gəldi lakin corab yenə gəlmədi.
Universitet illərində həm dərs oxuyur, həm də fəhləlik edirdim. Əynimdə köhnə və nimdaş paltarlar, ayağımda isə rəngi solmuş ayaqqabılar, nazik corablar vardı. Qışın ayazlı günlərində ayaqlarım üşüyərkən, xəyalımda o bəzəkli yun corablara sarılırdım. Elə bil toxunmamış o corablar canıma yox, qəlbimə istilik verirdi..
Deyirlər analar iki cür olur: Biri öz xoşbəxtliyi üçün övladını atan analar, o biri isə uşaqlarının xoşbəxtliyi uğrunda canını fəda edən analar.
Mənim anam isə birincidən oldu. Öz xoşbəxtliyi üçün məni atan o “Ana”!
Xatirə dəftərinin son vərəqləri
Dedilər o ağır xəstədir. Atam məcburən məni də ora apardı. Dedi oğlum, olan olub, keçən keçib. Ayaqlarım getsədə ürəyim getmirdi. Ancaq getdik. Can üstəydi O. Dizinin dibində qızı Dilarəydi onun. Ağlayıb göz yaşları tökürdü. Mən özümü toparlayıb onun gözlərinin içinə baxmaq istəyirdim. Baxmaq istəyirdim ki, görüm o mənim üzümə, atıb getdiyi, nənəsi saxlayıb kişilər sırasına çıxardığı oğulun üzünə necə baxacaq?!
Dəhşətli bir mənzərə idi. Ana və oğulun gözləri, uzun illərin həsrətliləri bir-birinə baxırdı. Dikəlmək istədi, bədəni tab gətirmədi. Mən donub qalmışdım, gözlərimi onun gözlərindən çəkə bilmirdim. Çünki o gözləri ilk dəfə görür, ilk dəfə baxırdım, ilk dəfə idi ki, o baxış mənə toxunurdu. Nəhayət qızına nə isə başa sala bildi. Dilarə isə göz yaşları içində anasının sandığından səliqə ilə bükülmüş bir cüt corab gətirdi, arasında da bir yazı… Dilarə bacım corabları mənə uzadanda zaman sanki dondu. Corabları əlimə götürdüyüm anda, onun başı yavaşca yana əyildi… Artıq gözlərini əbədi olaraq yummuşdu. O an hiss etdim ki, bir ömür boyu dilə gətirə bilmədiyi ana sevgisini, övladına verə bilmədiyi şəfqəti, o corablara ilmə-ilmə hörmüşdü. Onlar sadəcə corab deyildi — onlar bir ömrün, bir həsrətin, bir sevginin əllə toxunmuş izahı idi…
Həmin günün səhəri yuxudan sərçələrin gur səsinə oyandım. Baharın elə vaxtı idi ki, qızıl gülün, yasəmənin ətri hər yanı bürümüşdü. Pəncərədən baxanda gördüm ki, bir ana sərçə balalarını pişikdən qorumaq üçün fəryad qoparır. Pişiklə ölüm-dirim mübarizəsinə qalxmışdı. Dilsiz-ağızsız o quşcuğaz nələrə sinə gərirdi. O an dərk etdim ki, Ana sevgisini yalnız sözlərdə deyil, hər an övladı üçün hər fədakarlığı gözə almaqda görmək olar.
Bəzən bir corabda, bəzən bir quşun çırpınışında…
“Bəzəkli corab” povestinin sonu
