Müasir sivilizasiyanın təməli və metallurgiyanın dünyadakı rolu. Nicat İsayev
Bu məlumat dünyada əhəmiyyətli rol oynayan və gözəgörünməz güc mənbəyi olan elm haqqındadır.
Müasir sivilizasiyanın təməli və metallurgiyanın dünyadakı rolu.
Adətən böyük inkişafların başlanğıcında ilk baxışda xırda görünən hansısa amil olur. Bunlardan başlıcası odla tanışlıq, daha sonra metalın kəşfi və nəhayət metallurgiyanın inkişafıdır. Metallurgiya – metalların əldə olunması və işlənməsi ilə məşğul olan elm və sənaye sahəsidir. Metallurgiya müasir sivilizasiyanın təməlini təşkil edir.
Müasir dünyanın memarı kimi qəbul olunan dövlətlərin elmi və texnologiyası nə qədər güclüdürsə, bu gücün özəyində dayanan əsas sahə də metal sənayesidir. Yəni dünyanın əsl formalaşdırıcıları metallurgiyanın əhəmiyyətini zamanında anlayan və onu inkişaf etdirən mütəxəssislərdir. Əsl inqilab o sahənin kəşfi və inkişafı ilə başlanmışdır. Bu sahədə dünya alimləri ilə yanaşı azərbaycanlı alimlərin də rolu böyük olmuşdur.
İndiyə qədər baş vermiş dörd sənaye inqilabının hər birində bu sahənin izi aydın görünür. Ola bilsin ki, gələcəkdə tarixçilər metallurgiya ilə bağlı bütün texnoloji sıçrayışları vahid bir “metallurgiya inqilabı” kimi adlandırsınlar. Əgər bir gün metaldan tam asılı olmayan yeni bir dövr başlasa, bu, təsəvvür olunmaz bir inqilab olacaq. Amma bu, hələlik yalnız bir xəyal kimi görünür.
Tarixə nəzər salsaq görərik ki, qədim dövrlərdə insanların yaratdığı möhtəşəm tikililər – ehramlar, məbədlər, qalalar – əsasən mineral tərkibli daşlardan, taxtadan və az miqdarda metaldan istifadə olunaraq inşa olunmuşdur. Bu strukturlar dövrünün texnologiyasını və bilik səviyyəsini əks etdirirdi. Həmin vaxtlarda əsas material daş idi və çox qiymətli sayılırdı.
Lakin müasir dövrdə insanlığın yaratdığı “möcüzələr” artıq təkcə təbiətin verdiyi daşlarla deyil, daha çox metallurgiya sənayesinin imkanları ilə formalaşır. Metallurgiya olmasaydı, bu gün texnoloji inkişafdan danışmaq mümkün olmazdı. Məsələn, elektrik enerjisinin təminatı, interneti mümkün edən cihazlar, telefon və kompüterlərin istehsalı, onlarda istifadə olunan mikrosxemlər, naqillər və server sistemləri, radiodalğa sistemləri, kütləvi informasiya vasitələrinin inkişafını təmin edən qurğular – bütün bunlar metallardan istifadə etməklə mümkün olmuşdur.
Bu gün super güclü dövlətlərin formalaşmasının əsasında da məhz bu sahə dayanır. Ən müasir silah və müdafiə sistemləri, hətta tibbdə istifadə olunan avadanlıqlar və insan orqanına yerləşdirilən cihazlarda da metallurgiya öz sözünü deyir.
Nəqliyyat vasitələri – avtomobillər, qatarlar, gəmilər, təyyarələr, hətta velosipedlər belə – metallurgiya məhsullarıdır. Bu sahə ticarətin lokal səviyyədən qlobal səviyyəyə qalxmasına da təsir göstərmişdir. NASA-nın kosmik gəmiləri, süni peyklər və Ay missiyaları metal olmadan qeyri-mümkün olardı. Bu gün dünyada baş verən böyük infrastruktur layihələri – göydələnlər, körpülər, tunellər, neft emalı sənayesi, istehsal zavodları – hamısı metallurgiyasız mümkün deyil.
Bu sahədə işləyərək böyük gəlir əldə edən insanlar da vardır. Metallurgiya yalnız texniki və sənaye inkişafı üçün deyil, həm də iqtisadi baxımdan böyük imkanlar təqdim edir. Bu sahə bir çox sahibkar və mütəxəssis üçün uğur və rifah mənbəyinə çevrilmişdir. Hətta dünya ölkələrinin valyutalarının əsasında dayanan qızıl, gümüş və platin kimi dəyərlər də bu sahəyə bağlıdır.
Elm sahəsinə gəldikdə isə, bu gün bir çox fərqli elmi sahədə – material elmləri, fizika, kimya, enerji və hətta kosmos elmlərində belə metallurgiyanın izi görünür. Metallurgiya birbaşa və ya dolayı yolla bu tədqiqatların əsas dayağıdır.
Əgər metallurgiya sahəsi birdən-birə yoxa çıxsaydı, insanlıq texnoloji baxımdan sanki orta əsrlərə qayıtmış olardı. Cəmiyyətin bütün sahələri – tikinti, texnologiya, səhiyyə, müdafiə və hətta incəsənət belə – bu sahədən asılı vəziyyətdədir.
Bütün bu faktlar göstərir ki, metallurgiya yalnız sənaye sahəsi deyil, eyni zamanda müasir dünyanın onurğa sütunu, görünməz gücüdür. Biz onu gündəlik həyatımızda çox da hiss etmirik, lakin ətrafımıza diqqətlə baxsaq, hər addımda onun izlərini görmək mümkündür.
Nəticə olaraq, metallurgiya sadəcə metal əridilən soba və ya zavodlar deyil – bu sahə müasir sivilizasiyanın əsas təməlidir. Bu sahə inkişaf etdikcə, bəşəriyyətin yaratdığı “möcüzələr” də bir o qədər təsirli və möhtəşəm olacaq.
Yekun olaraq demək olar ki, əgər metallurgiya inkişaf etməsəydi, dünya bu qədər qloballaşmazdı, sənaye inqilabları baş verməzdi, iqtisadi güc bu səviyyəyə çatmazdı və həyatın bir çox sahələri – hərb, tibb, neft, tikinti və texnologiya – bu qədər inkişaf etməzdi. Əgər metal yoxdursa, texnologiya da yoxdur. Bir sözlə, “metallurgiya inqilabı” yeni bir mədəniyyət yaratdı.
Nicat İsayev
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu doktorantı