Məhəmməd Kərimov
Belə bir ifadə var, çox da doğrudur: “Əgər bir ölkəni dağıtmaq istəyirsənsə, ona hərbi hücum etmək yerinə ölkənin təhsilinin zəifləməsinə səbəb ol. Təhsil zəifləməsi ilə birlikdə ölkənin də süqutu olacaqdır”.
Bu fikir çox doğru və məntiqlidir, çünki təhsilin zəifləməsi müəllimlərin cəhalətə düşməsi sayəsində savadsız tələbələrin yetişdirilməsi, həkimlərin savadsızlığı sayəsində xəstələrin ölməsi, mühəndislərin işlərini bilməməsi sayəsində binaların davamsız olması və çökməsi, ölkədə gəlir gətirən zavod və şirkətlərin olmaması və digər bir çox amili özü ilə gətirir. Bu amillər hər biri ölkənin daxildən çökməsinə səbəb yaradır.
Ölkəmizdə olan təhsil sisteminə diqqət yetirdikdə isə bu gizli planın işlədiyini görürük. Xarici ölkələrdən düzgün təhsil planı alaraq özümüzdə tətbiq edirik, amma bilmirik ki, xaricdən tövsiyə kimi örnək aldığımız təhsil planı ölkəyə atılan mərmidir. Bu mərmi ağrı vermir, qan axıtmır, amma daha zərərli təsir buraxır.
Ölkəmizin təhsil planını məhz özümüz qurmalı, tətbiq etməli və düzgün inkişafa addım atmalıdır. Bəs düzgün təhsil planı necə olmalıdır?
Düzgün təhsil planı barədə təklifim:
İlk olaraq onu anlamalıyıq ki, təhsildə inkişaf edə bilmək üçün yeniliklərin olması, düşüncə inkişafının olması əsasdır. Məktəb və ya universitetlərdə dərsin gedişatı iki qrupa ayrılır: mühazirə və seminar. Müəllim mühazirədə müəyyən bir mövzunu izah edir, tələbəyə aydınlaşdırır. Tələbə isə seminarda həmin izah olunmuş dərs mövzusunu standart olaraq öyrənib müəllimə danışmamalıdır. Belə təhsil sistemində inkişafdan söz belə gedə bilməz! Mühazirədə izah olunmuş mövzunu tələbə işləməli, inkişaf etdirməli və öz təkliflərini, kəşflərini edərək seminarda təqdim etməlidir. Beləliklə, təhsildə rəqabət olacaq və inkişaf qaçılmaz olaraq reallaşacaqdır. Kollekviumlarda standart testlərin cavablanması və ya mövzular haqqında müəllimin suallarına cavabların verilməsi ilə təhsil olmur və ola da bilməz! Bir şeyi anlamalıyıq ki, tələbə qiymətə görə oxumamalıdır. Əgər təhsildə inkişaf istəyiriksə, tələbə təhsildə rəqabətə görə oxumalı, öz yenilikləri ilə önə çıxmağı və yüksək karyera quraraq həyatını formalaşdırmağı düşünməlidir. Ölkə tərəfindən tələbələrin gətirdikləri yeniliklərə dəstək olmalı və (misal) bu yenilik ixtiradırsa və ya hansısa gələcək ixtira üçün potensial amildirsə, onun hazırlanması və tətbiqi üçün dəstək olmalıdır. Beləliklə tələbə öz ixtirası sayəsində ölkənində dəstəyi ilə öz karyerasını quracaq, bununla da ölkə daxilində müxtəlif sahələrdə şirkətlər yaranacaqdır. Yaranmış olan şirkətlərdə təbii olaraq ölkəyə yüksək gəlirlər bəxş edəcəkdir.
Belə bir təhsil planı ilə qısa zamanda yüksək nəticə əldə etmək qaçılmazdır. Edilməli ilk addım seminarlarda şablon danışıqlar deyil, yeniliklərin təqdim edilməsi prosesi başlamalıdır!

Müəllif:
Astrobios fərziyyə və
fəlsəfəsinin müəllifi Məhəmməd Kərimov