Genel

Bənövşə Sevda –     Şeirlər

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Sevda

      Şeirlər

Alaya-ağlaya

Bu yalançı gülüstana

Gəldim ağlaya-ağlaya.

Gəldim də düşdüm tufana,

Qaldım ağlaya-ağlaya.

                *

Səadətim viran oldu,

Yuxu kimi bir an oldu,

Çiçəyimi tufan yoldu,

Soldum ağlaya-ağlaya.

                *

Qurumadı heç yanağım,

Açılmadı qaş-qabağım,

Qaçsa da hərdən dodağım,

Güldüm ağlaya-ağlaya.

                  *

Hey sızdı yaramın qanı,

Yetmədi dərdimin sonu,

Əlacımın yoxluğunu

Bildim ağlaya-ağlaya.

                       *

Sevda, çox ağlama, dayan!

Varmı bu varlıqdan doyan?

Kim vardı – doyan, doymayan,

Öldü ağlaya-ağlaya.

Ölü quşcuğaz 

Qızılı köksündə 

qırmanın açdığı yara.

Axmış qanının rəngi 

qarışıb-bitişib

“geyimindəki” zəngin boyalara.

Üzündə mələk təbəssümü,

sanki yuxusunda anasını görür.

Ağzını azca açıb

guya mərcangilə dərir.

Əlvan lələklərini pırpızlaşdırıb,

zərif qanadlarını azca gərib

istəyir sıçrasın qarşı budağa,

dursun anasıyla yanaq-yanağa.

Sevgi dolu civiltisi

donub boğazında.

Bəlkə də bir gün 

Cənnətdə yenidən civildəyəcək,

dörd aylıq ömrü barədə

tükənməz, əbədi xatirələr deyəcək.

Varlıqların mahnısı 

Bax üzümə, gülsün üzün,

Nurum ruhunu qaynatsın.

Yada sal mənli günləri,

Könlün dərdi, qəmi atsın.

               *

Soyun yuyun şəlaləmdə,

Yeni bədən geysin ruhun.

Suyumdan iç, sonra oxu,

Mahnı olsun odlu ahın.

                  *

Qarımı sıx sinən üstə,

Həsrət onu göynətməsin.

Qoxla əlvan güllərimi,

Ağrını qəm göyərtməsin.

               *

Gecələr seyr elə bizi,

Düşün göyü yaradanı.

Qaş-qabaq yaraşmır sənə,

Yoxdur dadlı varın sanı.

               *

Neçə vaxtdır zərim solur,

Sevgilimi bir quş yedi.

Ölən dəmdə gülə-gülə

O mənə, ağlama, dedi.

Gəl barışaq

Bu ayrılıq yaman uzun, yaman acı,

Ancaq hələ qovuşmağa gümanım çox.

Barışmaqdır bu təkliyin tək əlacı,

Sənə sözüm, gileyim çox, sən isə — yox.

                       *

Sən gedəli bəxt ulduzum elə söndü –

Deyib-gülmək dodağımdan uzaq oldu.

Sən gedəli gözüm yaşı selə döndü,

Sevinc nədir, yaşam mənə yasaq oldu.

                          *

İllər sutək axıb-keçdi aramızdan,

Vüsal bizdən qaçaq düşdü – güzara bax!

Dönük dostlar bir-bir itdi sıramızdan,

Təkcə qaldım – iblis quran bu tora bax!

                           *

Ümid ilə hey baxaraq yollarına

Səsim-ünüm gəlib sənə yetə, dedim.

Qayıdarsan, sığınaram qollarına,

Bu ayrılıq bir gün sona yetər, dedim.

                        *

Sən gəlmədin, təklik məni sıxdı hər an, 

Dodağımda dondu gülüş, buz oldu söz.

Sən gəlmədin, qorxu məni boğdu hər an,

Ocağımda söndü alov, qaraldı köz.

                       *

Gəl barışaq, gəl sarışaq, bitsin acı,

Qış çəkilsin, bayram edək, deyib-gülək.

Gəl qovuşaq, ömrümüzdən getsin acı,

Sevgimizi div əlindən alıb gələk.

Məni danan dönük 

Kösöv oldum bu sevgidə, dönük yarım bilmədi bir,

Gözüm yaşı döndü çaya, bir gün gəlib silmədi bir.

                         *

Göylər yanar daş yağdırdı ürəyimin təpəsinə,

O, bir tozca qırpmadı göz, bir daldaya sinmədi* bir.

                                    *

Yar gedəli nə çəkmədim ? Söndü günüm, görməz oldum,

Harayıma el yığışdı, o daşürək dinmədi bir.

                              *

Olan oldu, keçən keçdi, getdi əldən varım-yoxum,

Könlüm küsdü, təkcə qaldı, istəyindən dönmədi bir.

                        *

Bu uğursuz sevgi üçün yandı gövdəm, döndü külə,

Könlüm süzdü göy üzündə, bir an yerə enmədi bir.

                         *

Eh, ulduzum çoxdan sönüb, bir də haçan işıq saçar?

Gecə-gündüz andığım yar nədən məni anmadı bir?

                                 *

Sevda, yardan bunca çəkdin, dəli oldun, nəyə görə

Səni danan o dönüyü bu tərs könlün danmadı bir?

Çarəmi haçan edəcək 

Ay ərənlər, bu məhəbbət məni büryan edəcək,

Hey əsib qasırğatək ömrümü viran edəcək.

                                 *

Nə məni tərk edəcək o, nə də ki, öldürəcək,

Nur dolu gen cahanı könlümə zindan edəcək.

                       *

Bilmirəm nəydi günahım, fələk aldı yarımı,

Görünür bildi ki, yox məndə güc üsyan edəcək.

                           *

Varmıdır dünyada bir göz yaşına rəhm eləyən ?

Var isə onda haçan zalıma divan edəcək ?

                                      *

Dedilər ağlamağın faydası yox, səbr elə, döz,

Guya ki, səbr eləmək müşkülü asan edəcək.

                                  *

Səbr ilə davranaraq çox dilə tutdum cahanı,

Dedilər: umduğunu göydəki Loğman edəcək.

                                 *

İndi ki, dünya yalandır, ona yalvarmaq əbəs,

Onda bəs Tanrı haçan dərdimə dərman edəcək ?

                             *

Sevdanın tabımı var gözləsin o həşrə qədər,

Ki, bu varlıq yiyəsi könlünü şadman edəcək ?

Canımı o yar aldı 

Yamandır eşq sınağı,

Uçurar, yıxar dağı.

Almatək al yanağım

Heyva kimi saraldı,

                    *

Bağrım alışdı-yandı,

Nar kimi parçalandı,

Qanı yerə calandı,

Kömür kimi qaraldı.

                      *

Qırıldı könül sazım,

Qış oldu güllü yazım.

Ulduztək yanar gözüm

Ağlamaqdan kor oldu.

                    *

Fələk oyun oynadı,

Yarı mənə qıymadı;

Əzrayılı qoymadı,

Canımı o yar aldı.

Sonuncu mahnımı qoşaq 

Atlas olum əyninizə,

Çələng olum boynunuza,

Qoy gömülüm qoynunuza,

Siz olun başdaşım, dağlar.

                      *

Gəlin bir də qucaqlaşaq,

Qucaqlaşıb bir ağlaşaq.

Son mahnımı birgə qoşaq,

Ay mənim sirdaşım dağlar.

                      *

Sanmayın ki, doydu gözüm,

Heç dönərmi sizdən üzüm?

Əzizlərəm yenə sizi,

Lap min ola yaşım, dağlar.

                    *

İblis məni tora saldı,

Qucağımdan yarı aldı.

Selə döndü, dərya oldu

Gözlərimin yaşı, dağlar.

                     *

Dözməyirəm daha qəmə,

Bu yanğıya, bu sitəmə.

Ölüm qonsun qoy sinəmə.

Dərdimdən uzaşım, dağlar.

Ovut məni 

Üzün mənə gülümsəmir,

Keç suçumdan mənim, güzgü.

Sən də məndən dönmüsənmi ?

Qıyma tamam sönüm, güzgü.

                     *

Daşa dəydi, sındı oxum,

Yağmalandı varım, yoxum,

Atdı məni uzaq, yaxın,

Batdı səsim, ünüm, güzgü.

                     *

Gör haçaqdır görüşmürük,

Əylənmirik, gülüşmürük,

Sevgimizi bölüşmürük,

Qara keçir günüm, güzgü.

                     *

Qarşımda xantək durardın,

Üzün işıqla dolardı.

Baxışın köksümü yardı,

Dondu qara qanım, güzgü.

                 *

Gizlət saçımdakı dəni,

Arıt gözümdəki çəni,

Bacar aldat, ovut məni,

Yetişmədən sonum, güzgü.

Dördlüklər

Sirrini bilməyəcək kimsə onun,

Ömrünün, qüdrətinin yoxdu sonu.

Bənzər O gillə əylənən uşağa –

Hey yapar, sonra əzər qurduğunu.

                     *

Bu təni ruhuma geyim verirkən

Ucuz gildən yapdın, çox şey var ikən.

Üstəlik də kövrək bülluru seçdin

Könlümün evini tikib – qururkən.

                  *

Hərənin öz yemi, öz yarı varsa,

Öz evi, obası, diyarı varsa,

Nədən bəzi gözlər orda-burdadır ?

Niyə kor etmirsən, suçları varsa ?

                  *

Bəxti də, payı da Özün yazırkən

Bu kitab, bu ağıl nəyə gərəkdi ?

Hər bir addımımı Özün düzürkən

Sınaq adlı nağıl nəyə gərəkdi ?

                     *

Doğrudanmı bu pay, bölgü Sənindir ?

Bu qanun, bu naxış, ülgü** Sənindir ?

Səltənət verdiyin saymayır Səni,

Tikənin yağlısı yolkəsənindir.

                      *

Özütək yırtıcıdır sakini də dünyanın,

Zülm edir, parçalayır vəhşisi, həm insanı.

Razıyam, ruzisidir ovladığı heyvanın,

Onda bəs qırdığı nə dünyanın, insanın?

                      *

Elə bilmə canı yoxdur ağacın,

Kəsirik, sındırırıq, duymur acı.

Canlıdır ot da, ağac da, daş da,

Nə yazıq, yox dili, ya dilmancı.

                      *

Bu Yerə bilmirəm hardan gəldim,

Allahın bildiyi yerdən gəldim.

Dərd nədir ? – Bilməz idim əvvəllər,

Nə bəla çəkdim, o yardan gəldi!

                       *

İstəməzdim qayıdam bir də Yerə

Canımı yemlik edəm dərdüsərə.

Bildim artıq, cahanın yox vəfası,

Heç inanma bu dönə nəysə verə.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest