ÜMBÜLBANU POEZİYASINDA SEVGİ PIÇILTISI, MƏHƏBBƏT ETİRAFI VƏ HƏSRƏT YÜKÜ
ÜMBÜLBANU POEZİYASINDA SEVGİ PIÇILTISI, MƏHƏBBƏT ETİRAFI VƏ HƏSRƏT YÜKÜ
C.Buffle yazır ki, “Əgər dünyada cəmi bir qadın qalsa belə, onlar haqqında deməyə həmişə yeni bir söz tapılacaq”. Bu gün haqqında yazmaq istədiyim, yeni, xoş söz və fikir fikir bildirmək istədiyim qadın, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yurd” jurnalının redaktor müavini, tanınmış pedaqoq və şairə Ümbülbanu (Banu) xanım Musayevadır.
Ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Ümbülbanu xanım, həm də bədii yaradıcılıqla məşqul olur. Yaradıcılığının əsas qayəsini vətən, vətənpərvərlik, turançılıq və məhəbbət mövzusu təşkil edir. Yazdığı şeirlərdə yaşadığı cəmiyyətdə baş verən hadisələrə münasibət bildirir. Şeirlərinin misralarında itirilmiş torpaqlarımızın əzabı, vətən və yurd həsrəti kimi problemlər poetik əksini tapir. Bütövlükdə, Qarabağ müharibəsi, onun tarixi nəticələri, Türkiyə-Azərbaycan birliyi, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev və müzəffər Azərbaycan ordusunun canı-qanı bahasına illərdir Ermənistan ordusunun məğlubedilməzliyi barədə formalaşdırılmış mifi 44 günlük müharibədə yerlə yeksan etməsi, böyük zəfərimizə imza atılması, yeni tarix yazması, işğal günlərinin zəfər günləri ilə əvəz olunması, və s. inikas edir. Şuşa məscidində ilk azanın oxunmasının, Xankəndində bayrağımızın ucalmasının sevinc və qürurunu yaşayan şairə, Xankəndində zəfər yazan əsgərimizi alqışlayır:
Əsarət zəncirinin didib dağıtdın
Zəfər tarixinə sən zəfər qatdın
Xankəndində bayrağımı ucaltdın
Xankəndinə zəfər yazan əsgərim
Xankəndindən ucaldı azan səsi
Xocalıda ruhlar bayram eylədi,
Kəsildi düşmənin hiyləgər səsi
Xocalıya zəfər yazan əsgərim!
Dövlətçiliyimizin, azərbaycançılığın atributları olan Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himnimiz nə qədər müqəddəs və əzizdirsə, torpaq və bayraq uğrunda can qurban verən şəhidlərimiz də vətən qədər müqəddəsdir, əzizdir. Şairə, torpaqlarımızı azad edən, tariximizə zəfər yazan əsgərimizi alqışladığı kimi, bayrağımızı və bayrağımızı yüksəklərə qaldıran şəhidlərimizi bir-birindən ayırmır, bayrağımızdakı qırmızı rəngi şəhid qanına bənzədir:
Üç rəngli al bayrağım,
Həm varlığım, həm canım
Sənlə tanınır mənim,
Doğma Azərbaycanım!
Rəngindir şəhid qanı
Əbədi başın üstündə
Yaşadırsan onları…
Sən mənim varlığımsan,
Vətənimsən, canımsan,
Səmalara yüksələn
Üç rəngli bayrağımsan!
Və ya,
Bülbül budağı sevər,
Əsgər bayrağı sevər,
Ana, mən şəhid oldum,
Şəhid torpağı sevər…
Dədə Qorqud” filmində belə bir fraqment var: “Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma tamam qırılıb qurtarmadıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq.
Torpağın yurd, Vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, torpağı gərək əkib-becərəsən. İkincisi odur ki, gərək onu yağılardan qoruyasan. Torpağı əkib-becərməsən, qorumağa dəyməz. Onu qorumasan, əkib-becərməyə dəyməz.”
Ali Baş Komandan və Azərbaycan ordusunun birliyi və gücü ilə torpaqlarımız yağılardan təmizləndi. Şükürlər olsun ki, şəhid qanı ilə suvarılmış vətən torpaqları bu gün azaddır. Uzun ayrılıqdan sonra məscidlərimizdə əzan oxunur, torpaqlarımız yenidən gülüstana çevrilir, şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpağın vətən olması üçün ard-arda sərəncmlar imzaladı. 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtı elan edildi. Bu Sərəncamla “Vaqif poeziya günləri”, “Xarıbülbül” festivalı bərpa olundu. İlk dəfə Şuşada “Xarıbülbül” festivalı keçirildi (12-13 may 2021). Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. İnsanlar qürurla “Zəfər yolu” ilə Şuşaya gedir. Qarabağın tacı, xalqımız üçün müqəddəs və əziz məkan olan Şuşada görülən işlər hamımızın sinəsini qabardır. Qalib ölkənin vətəndaşı kimi qürurluyuq. Yalnız Şuşada görülən yenidənqurma və bərpa işləri deyil, Şuşada yaşanan hər şey insanı sevindirir. Məsələn, Şuşamıza yağan qarın sevincini yaşayan şairə xanım duyğularını “Şuşaya qar yağır” adlı şeirində əks etdirir. Qar təmizlikdir, qar gözəllikdir. Şuşaya qar yağır, ağaclar ağ dona bürünür, gözəl Şuşamız daha da gözəlləşir. Şairə bütün Şuşanı, şuşalıları Cıdır düzünə qar topu oynamağa çağırır.
Şuşaya ilk qar yağır,
Başlayıbdır, çal – çağır,
Böyük Cıdır düzündə
Qar topu oynamağa,
Bütün Şuşanı çağır.
Şuşaya ilk qar yağır
Ağaclar ağ don geyir,
Qarqıza çox bənzəyir
Şaxta baba özləyir,
Şuşaya ilk qar yağır
Şuşaya ilk qar yağır
Həsrət görüşə gəlir,
Uşaqlar da sevinir,
Şaxta baba gözləyır,
Şuşaya ilk qar yağır
Sevinir ana torpaq,
Məhsulu bol olacaq,
İlk qarı qucaq- qucaq,
Uşaqlar qucaqlayır,
Şuşaya ilk qar yağır….
Ümbülbanu xanıma bunları yazdıran ilham pərisidir. “İlham pərisi”ni uydurma hesab edənlər də yox deyil. Amma ilham pərisi olmasa, bir misranı belə yazmaq olmaz. Tanrının istedad verdiyi yaradıcı insanlar ilhamını təbiətdən, gözəlliklərdən alır. Ümbülbanu xanımın ilham pərisi tanrının aynaları olan təbiətdir.
“Şeir pərisi” adlı şeirində şeir pərisi ilə, təbiətlə qolboyundur. İlham pərim, can sirdaşım”, – deyə müraciət edən şairə yazır:
Şeir pərim, can sirdaşım,
Günəş olum qürub çağı,
Saçlarını sığallayım, öpüm gəlim..
Ulduz olum, gecə sənə qonaq gəlim.
Mən ay olum, yollarına nur çiləyim,
Ölməsin son ümidlərim…
Pıçıldayım qulağına sirrlərimi,
Həm acılı, həm şirinli günlərimi,
Ümid dolu bu gecədə qonağınam,
Gəl danışaq şeiriyyatdan,
Nəğmə dolu rübabımı kökləyim mən…
Sən udu çal, dinləyim mən…
Sanki şairə özü “ulduz olub ilham pərisi”nə qonaq gedib, onunla həmsöhbət olur, arzularını, diləklərini diləyir:
Udunu çal, ud səsinə qoy oyansın,
Məshətinin söz dünyası…
Söhbət açaq Füzulinin qəzəlindən …
Vaqifin də vəsf etdiyi gözəlindən…
Laylay desin Qarabağa
Nətəvanın söz dünyası,
Qarabağın şikəstəsin oxusun Xan.
Müjdə verim, Şeir pərim.
Bütövləşib Azərbaycan…
Bu gün şairənin müjdə vermək istədiyi bir çox şeylər gerçəkləşib. Şairənin gerçəkləşməsini istədiyi müqəddəs arzularından biri də Azərbaycanın bütövləşməsidir:
Şeir pərim, can sirdaşım,
Dan ulduzu doğanatək gəl dərdləşık,
Söz bağından çiçək dərək,
Çiçəkləri ləçək – ləçək misra edək,
Yeni əsər yaradaq biz…
Dilə düşüb eli gəzsin bu şeirimiz..
Dan sökülür…
Yeni əsər söz dünyama göz açıbdı .
Bu gecənin bəhrəsidir dil açıbdır.
Dan sökülür…Yer üzünə nur tökülür…
Şairə “şeir pərisi”nin ona qonaq gəlməsini gözləmir, özü “ilham pərisi”nə qonaq olur. Təbiət dediyimiz mükəmməl əsər başdan-başa “ilham pərisi”dir. Yaratdığı həyəcandan ruhuna ilham, qələminə güc, ruh verən qüvvədir ilham pərisi. Poeziya hissdir, həyəcandır. “İlham pərisi”, “Şuşaya qar yağır”, “Ana dilim” və s. şeirləri də şairənin bu həyacanın poetik ifadəsidir. Şuşaya olan, milli-mənəvi sərvətimiz, milli varlığımızın sübutu, anamızın laylası ilə ruhumuza, qanımıza hopan dilimizə olan sevgisinin, arzularının əksidir.
Müstəqil, azad vətəndə yaşamaq və öz ana dilində danışmaqdan gözəl bir şey yoxdur. Ümummilli lider Heydər Əliyev demişdir: “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir”. Dil hər bir kəsin milli mənsubiyyətinin ilkin şərtidir. Millilik, ilk növbədə, ana dilinin varlığının, saflığının qorunması deməkdir. Hər bir kəs öz dilində təmiz, səlis danışmağı bilməli, bu dilin inkişafı üçün əlindən gələni etməlidir.” Ana dilimizi milli varlığımızın anası adlandıran Ümbülbanu xanım, duyğularını “Ana dilim” şeirinin misralarına pışıldayır:
Milli varlığımın anası dilim,
Anamın nəğməli laylası dilim,
Oğuz türklərinin sonası dilim,
Dədəmiz Qorqudun duası dilim
Ana dilim.
Babam Şah İsmayıl verdi fərmanı,
Vahid dövlət etdi Azərbaycanı,
Yazdı öz dilində sevgi dastanı,
Özü öz varlığın yaşadan dilim,
Ana dilim.
Azərbaycanda ana dili, Azərbaycan dili deyəndə ağıla tarixdə ilk dəfə dilimizi rəsmi dövlət dili səviyyəsinə qaldıran, dilimizin inkişafında böyük xidmətləri olan, özü bu dilində yazıb yaratmaqla yanaşı, digərlərini də buna təşviq edən Şah İsmayıl Xətai gəlir.
Şah İsmayıl Xətainin Azərbaycanda qurduğu Qızılbaş hakimiyyəti zamanı dövlət dili səviyyəsinə qaldırılan Şimali Qafqazdan Ərəbistan yarımadasına, Hindistandan Anadoluya qədər geniş coğrafiyada müxtəlif xalqların biri-biri ilə ünsiyyət dilinə çevrilən ana dilimizdə danışmaq, bu gün 40 milyona yaxın can bir, dil bir qardaşlarımızın yaşadığı İranda yasaqlanıb. Cənubi Azərbaycanda ana dili yasaqlansa da, bu dildə yazan dilimizi, birliyimizi yaşadanlar da var. Dilimizə, dilimizin inkişaf mərhələlərinə ekskurs edən şairə bütün bunları anır, bu dildə danışanların dilində varlığını yaşatdığını vurğulayır:
Sən mənim nəğməli ana dilimsən,
Qəmli Arazımsan, dəli Kürümsən,
Damarda qanımsan, gözdə nurumsan,
Qanımda varlığın yaşadan dilim
Ana dilim.
O tayda Səhənd var, Şəhriyarın var,
“Gülüstan”ı yazan Bəxtiyarın var
Bu dildə danışan milyonların var.
Özü öz varlığın yaşadan dilim,
Ana dilim.
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Xalqın milli sərvəti, varlığının təsdiqi, milli kimliyidir. Şairə şeirində bu fikri, dilimizin həm də milli kimliyimiz olmasını vurğulayır.
Ümumiyyətlə, Ümbülbanu xanım bizim olan hər şeyə, sahib çıxmamızı istəyir. Milli baş örtüyümüzmuz, namus, iffət simvolumuz olan Kəlağayı da bunlardan biridir:
Sən namus simvolum, sevgi payımsan,
Baş örpəyim namus tacım kəlağay
Sən yar ərməğanı, nişan payımsan,
Namus tacım baş örpəyim kəlağay.
“Kəlağayı” adını el verib sənə,
Əlin vurmaz namərd sənə, yad sənə,
Gözəlliyi verib təbiət sənə,
Namus tacım baş örpəyim kəlağay.
Sevgi simvolumsan, əmək barımsan,
Hər bayramda qız gəlinin payısan,
Anamda nənəmin yadigarısan,
Namus tacım baş örpəyim kəlağay.
Ümbülbanu xanım, şeirində milli geyim nümunələrimizi tamamlayan bir element olan və Azərbaycan qadınının ən gözəl aksesuarı sayılan Kəlağayının gözəlliyindən, istehsal olunmasından deyil, həmçinin tarixindən də bəhs edir. Bildiyimiz kimi, Azərbaycanda kəlağayının istehsal tarixi çox qədimdir. Ən yüksək səviyyəli kəlağayılar Təbriz, Gəncə, Şamaxı, Şəki şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində hazırlanırdı. Həmçinin Naxçıvan MR Ordubad şəhərində, məşhur “İpək fabriki”ndə incə ipək saplardan yüksək keyfiyyətli, təbii parçalar hazırlanırdı. Bu parçalar nəfis tərtibatdan sonra göz oxşayan baş örtüklərinə, Kəlağaya çevrilirdi. Ordubad ərazisində bu baş örtüyü “çərqət” (və ya çarqat), bəzən də “örpək” adlandırılırdı.
Təbriz Gəncə Şamaxının payısan,
Şəki, Naxçıvanın sənət varısan,
Sən Banunun buta adlı yarısan,
Namus tacım, baş örpəyim kəlağay.
Deyirlər ki, “poeziya həyatın sevinclərini kədərə, kədərlərini sevincə, əzablarını rahatlığa, rahatlıqlarını əzaba, səs-küyünü sükuta, sükutunu səs-küyə və s. kimi bir-birinə əks olan anlayışları bir-birinə çevirməyi və üz-üzə gətirməyi bacarmaqdır.” Bu sözləri Ümbülbanu xanımın poeziyasına da şamil etmək olar. Şairənin şeirlərində arzu, həsrət, sevgi, kədər və həsrət qolboyundur. Onun “Hardasan” şeirin başdan ayağa həsrət yüklüdür. “Ay ömrüm”, – deyə müraciət etdiyi sevdiyi ondan uzaqlardadır.
Bir nəğmə çal qoy səsinə oyanım,
Bir quş olum pəncərəndən boylanım,
Nəğmə kimi gəl ruhunu oxşayım,
Nəğmə dolu ay ömürüm, hardasan?
Bir nəğmə çal gülün səsə oyansın,
Cəh-cəh vuran bülbülünə boylansın,
Qucaq açıb öz gülünü səsləsin,
Sevgi dolu ay ömürüm, hardasan?
Şairənin “Qayıt” şeiri də eyni notlar üzərində qurulur.
Sən getmisən hicran köçüb ömrümə,
Qayıt ay evimin odu,ocağı,
Yayda ayaz vurub mənim gülümü
Qayıt ay evimin yanar çırağı,
Günəş olum yollarına nur saçım,
Nərgiz olum ömrünə ətir saçım,
Mirvari tək gəl boynuna dolanım,
Qayıt ay ömrümün yanar çirağı
Banu yol gözləyər səni axtarar,
Səyyah olub yer üzünü dolanar,
Yol gözləyən gözlər səni axtarar,
Qayıt ay evimin yanar çırağı.
“Qar sevgisi”, “Sənsizliyin içində”, “Sən” və s. şeirində şairənin lirik duyğuları və arzuları “lirik mən”in dilində öz ifadəsini tapir:
Qar yağa gecənin səssizliyinə
Sevgilinlə qoşa çıxıb gəzəsən
Qar yağa həm başın, çiynin ağara
Beləcə gedəsən xoş arzulara
Təmiz nəfəs ala sevinə ürək,
Hərdən naz edəsən şıltaq bir qız tək
Sevgilin oxşaya üzündə qarı.
Allana yanağın, qızara üzün,
Bitməyə yol boyu söhbətin, sözün,
Ovasan qar ilə hicranın gözün,
Vüsalın istisi əridə qarı
Bitməyə bu sevgi, solmaya barı.
Ümbülbanu xanımın ən böyük arzularından biri də Milli birliyimizin qorunmasıdır.
Son iyirmi ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində Türk Xalqları Təşkilatı, TÜRKSOY yaranıb inkişaf edir. Zəngin mənəviyyata və tarixə malik Türk dövlətləri, Türkiyə, Azərbaycan, Qazaxıstan və s. respublikalar müqavilə, bəyannamələr imzalayır. Bunlar, təkcə dövrümüzün şüarı deyil, həm də Turana gedən yolun istiqamətidir. Amansızcasına parçalanmış müxtəlif adlar altında, hazırda xristian dövlətlərinin tərkibində parçalanmış vəziyyətdə yaşayan türklərin Turanda birləşməsi məsələsidir.
44 günlük Vətən savaşımızda Turan birliyi idealdan gerçəkliyə çevrildi. Hər günü bir ilə bərabər 44 günlük Vətən müharibəsində İlham Əliyevin simasında türk diplomatiyası bunu bütün dünyaya sübut etdi ki, “Biz bir millət – iki dövlətik”. Ümummilli lider Heydər Əliyevin bu, sözləri bütün türkləri birləşdirən tarixi düsturdur.
Ümummilli lider Heydər Əliyevin sözləri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Tayyib Ərdoğanın yürütdüyü xarici siyasətdə öz təsdiqini tapır. Cənab İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışında deyir: “Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir! Bu gün biz bunu isbatlayırıq. Bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə etmək istəyirəm, bir yumruq!”
Milli kimlik, Milli Birlik, Ortaq Türk dilinin və Ortaq türk tarixinin yaradılması, Ortaq Vətən-Turan ideyası və Ortaq Türk-Turan mədəniyyətinin-fəlsəfəsinin tədqiqi bu gün aktualdır və bu gün dövlət səviyyəsində aparılan siyasətə xidmət edir. Ümbülbanu xanım, “Bölməyin” şeirində bu birliyi alqışlayır. Biz də yazımızı Turan sevgisi ilə yazıb-yaradan Ümbülbanu Həsən qızı Musayevanın aşağıdakı misraları ilə bitirir, şairə xanıma yaradıcılıq uğurları diləyirik!
Zalım dünya bölünmüşük, ta bölməyin,
Qazax deyib, özbək deyib türk bölməyin,
Bu rus bizi elə böldü bölüm- bölüm,
Min illərdi bölünmüşük, birləşmirik.
Ta bölməyin!!!
Biz ki türkük soyumuz türk!