GenelGüncelKültür Sanat

Ülviyyə Əbülfəzqızı – Şeirler

Şübhənin edamı
Aynada əksimlə sirdaşam indi,
Qələm məndən küsüb, mən də qələmdən.
Ona dayan -demək yaman çətindi,
Yazma- söyləsəm də, yazacaq səndən.

Ayrılıq havası, matəm libası,
Çoxdan gözləyirmiş murada çata.
Əqrəblər belində daşıyır yası,
Çətin ki, yükünü belindən ata.

Günahı boyundan atmaq asandı,
Güvəni qaytarmaq çətin imtahan.
Gözlərim yalanı həqiqət sandı,
Vurulan zərbəni unudar zaman?

Gözlərin də bəzən yanılda bilər,
Qəlbin gözü ilə baxasan gərək,
Məkanı ürəkdir, o saflıq dilər.
Sevgi meyvə deyil ağacdan dərək,

Şübhənin birlikdə dəfnini edək,
Çıxa biləcəkmi, o, ahımızdan?
Küsmüş sevgimizə gəl qonaq gedək,
Görək keçəcəkmi, günahımızdan?
Ülviyyə Əbülfəzqızı


Xəbərin var?

Gülüşlərin saxtadı, baxışların gileyli,
Mənə qəmgin deyirsən, özündən xəbərin var?
Bəb-bəhlə tərifləyib ağrı-acı yeyirsən,
Kədərlə əlbir olan gözündən xəbərin var?

Susuz bir məskən seçib elə qönçə solmusan,
Məcbur asılı qalan bəxtsiz qırıq qolmusan?
Mən xoşbəxtəm söyləyib, qəmə aşiq olmusan,
Bu nə sözdür deyirsən, sözündən xəbərin var?

Məğrurdur bu qamətin, çinarlartək boy atıb,
Sınıq qəlbin beyninlə bir-birinə əl qatıb,
Günəşdən od götürən eşqin səmaya çatıb,
Yanırsan səssiz-səssiz közündən xəbərin var?
Ülviyyə Əbülfəzqızı


Xərçəng xəstəliyi

Qızdırmalı xəstənin dodaqlarıtək
çartlayan şoran torpağam,
Yorğun göylərin alın təritək
damlaya çevrilib hopmusan
ta dərinliyinə kimi…

Yarpaqları tərəfindən tərk edilmiş
soyuqdan üşüyən bağdakı tənha nar ağacısan,
Əlçatmaz budaqda bir barı olan od kimi qırmızı
nara həsrət qalanam
ta sağalana kimi…

Sevginin atəşini sala bilməyən həbibin-
ağxalatlı həkimin qara üzündən
oxudum analizin cavablarını,
Sağalmaz sən adlı, məni yeyən
xərçəngtək xəstəliyim var.
Vücüduma aşiq
ta ölənə kimi…

Ölümdən sonra nə var

  • niyə tez- tez soruşursan…?
    Sarıldığın əsirin dilindəki son
    misraları dinlə:- ruhuma hopmusan
    əgər sonu varsa,
    TA SONUNA KİMİ…
    Ülviyyə Əbülfəzqızı

  • İkimiz də xəyalıq

  • Mənsizlik toxumunu əkdinmi qəlbinə?
    Göz yaşlarınla cücərtdinmi heç?
    Hər nəfəs alanda ağır gəldimi sənə?
    Məzarımı niyə qəlbinə saldın ki, xəyal adam?!
    Əlin çatmır qəlbinin dərinliyinə,
    Çıxar məni o məzardan, qurtul darlıqdan.
    Özündən izin almadan uzaq oldunmu özünə?
    Günəş bahar sevən kimi sevdinmi öz gülünü bağban kimi?
    Onun nəfəsindən ciyərin daddımı?!
    Nəfəsi ilə nəfəsini kəsdimi, nəfəsimi kəsdiyin kimi?!
    Xəyal adam, yoxluq və varlıq sərhədindən bezmədinmi?
    Söylə görüm sol sinənə yumruğunu çırpdınmı?
    Qəlbindəki məzarımı dağıtmağa cəhd etdinmi?!
    Mənsizlik toxumu tez cücərib göz yaşlarından Tikanlı məftil kimi sarılıb vücuduna..
    Bu tikanlı məftili qırmağa çalışdınmı?
    Görmək üçün göz lazım deyil, bəyan etdinmi?
    Xəyal adam, qəlbin gözlərinə məni neçə dəfə təsvir etdi, söyləsənə.
    Xəyal adam, sən hüdudsuz təxəyyülümsən,
    Mən adlı kitabın üz qabığısan,
    Qəlbimdə gizlənib sözümdə varsan.
    Sənin varlığında varlığım yatır,
    Gizli hərflərlə yazılan sirsən.
    Sirli hərfləri anlayan tapar.
    Ruha divar olmaz qazılmış məzar,
    Mən də xəyalam, sən də xəyalsan.
    Xəyallar içində yoxa çıxmışıq!
Ülviyyə Əbülfəzqızı
Ülviyyə Əbülfəzqızı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest