TƏBİƏTİN SİRRLİ-SEHRLİ YERİ DUZLUCA
TƏBİƏTİN SİRRLİ-SEHRLİ YERİ DUZLUCA
Şərqin qapısı Naxçıvandan Anadoluya bir yol uzanır. Sağında tarixin sirrini saxlayan Araz çayı, solunda qışın örpəyini heç başından əskik etməyən Ağrı dağı sanki bu yolun keşiyini çəkir. Yol uzandıqca sanki Ağrı dağı da səninlə birlikdə gedəcəyin yerə ötürmək istəyir səni. Yol boyunca əkinçilik və heyvandarlıq üçün əhəmiyyətli olan bu yerlərdə zəhmətkeş insanların həyat tərzinin şahidi olursan. Nəhəng Ağrı dağı sanki qanadlarını açaraq bu yerləri bağrına basıb. Gözlərim önündə uzaqlardan başı qarlı, qürurla dayanmış dağların ətəyində yaşıllıqların payızla görüş anını xatırladan bir mənzərə canlansa da, xəyalım məni tarixin izinə aparır. Bir zamanlar neçə-neçə igidin oylağı olmuş, at tapdaqlarından bərkimiş bu torpaqlarda, türk əsgərinin qılıncının zəfər səsinin şahidi olduğu yerlərdə indi yollar çəkilib, bağlar salınıb.
Bu düşüncələrlə Ağrı dağı mənzərəsini izləyərək Iğdırın mərkəzinə çatdıq. Biraz dincimizi alıb, yol aldıq Duzluca rayonuna. Məni buraya gətirən maraq da elə bu idi – qədim Duzluca. Duzluca rayonu Iğdırdan 40 kilometr aralıda yerləşir və Iğdırın ən böyük rayonudur. Duzlucanın 81 kəndi var. Dağlarla əhatələnmiş rayon Arazın sağ sahilində, dəniz səviyyəsindən 975 metr yüksəklikdədir. Iğdırdan Duzlucaya gedərkən Ağrı dağını arxada qoyub Təkəli dağının mənzərəsini seyr edərək şimala doğru yol aldıq. Yol boyu ərik bağlarının narıncı və sarı yarpaqları günəşin şəfəqlərindən xumarlanaraq əsrarəngiz payız tablosu yaradırdı. Bu mənzərəni seyr etmək insanı ilhama gətirir. Belə mənzərələri müşahidə edərək Duzluca rayonuna yaxınlaşdıq.
Əldə etdiyim məlumatlara əsasən qeyd edim ki, qədim türk yurdu olan Duzluca, Cumhuriyyətin yarandığı dövrdə rus işğalından azad olaraq, 1923-cü ildə “rayon” adını alıb. 1992-ci ilə qədər Qarsa bağlı olan Duzluca, Iğdır rayon olduqdan sonra Iğdıra tabe edilir. Əvvəllər Qulp adlanan rayon sonralar “Duzluca” adlandırılıb. Buradakı duz dağ mədənlərinin böyük əhəmiyyəti səbəbilə “Duzluca” adını doğruldan rayon, Iğdır torpaqlarının 35,4 faizini təşkil edir. Dillər əzbəri olan Duzlucanı məşhurlaşdıran isə buradakı duz dağlarıdır. 16 iyul 2023-cü ildə Duzluca rayonunda 55 hektar ərazini əhatə edən duz mağarası illərdir duz istehsal mərkəzi kimi xidmət göstərir. 2020-ci ildə Iğdır Qubernatorluğu, Iğdır Universiteti və Iğdır Valiliyi tərəfindən hazırlanan layihə ilə “duz müalicə mərkəzinə” çevrilib. Terapiya Mərkəzi 15 iyun 2021-ci ildə tamamlanaraq Duz Müalicə Mərkəzi adı ilə istifadəyə verilib. Kənardan baxanda üzərində oyuqları olan dağı xatırladan bu yerlərə yaxınlaşdıqca, sirrli-sehrli bir aləmə daxil olursan. Ətrafı abadlaşdırılmış duz dağının girəcəyindəki keçiddən keçib mağaraya tərəf irəlilədik. Mağaranın qapısına qədər olan 40-50 metrlik bir yolun sağında və solunda parlaq və bəyaz duzların işıltısını görüncə təəccüblənməmək mümkün deyildi. Qarşımızda işıqlı bir duz yolu uzanırdı. Bir az addımladıqca “fil ayağı” deyilən nəhəng duz qayalarını gördük. Bu möcüzəvi məkanda gəzdikcə sanki başqa bir dünyaya səyahət edirsən. Salxım duz şəlalələri, parlayan duz kristalları xüsusi bir görkəmdə maraq doğurur. Mağaranın içində hava sərindir. Buradakı duz kristalları mağaranın hər yerində eyni ölçüdə və eyni rəngdə deyildi. Bəzi yerlərdə yağış sularının təsiri ilə duz axıntısı formasında xüsusi gözəllik yaratmışdır.
Mənbələrdə qeyd olunur ki, buradakı duz qaya təbəqələrinin yaşı 30 milyon ildən çoxdur. Qədim türk tayfalarının yaşadığı bu ərazilər və bu yerlərin təbiəti haqqında bəzi səyyahlar da öz səyahətnamə əsərlərində qeydlər etmişdir. İtalyan səyyahları Ruy Qonzales və Klavdio yazmışdır: “1404-cü ilin mayında biz Aras çayı boyunca irəliləməyə davam etdik. Yolun bir çox yeri bərbad və sıldırımlı idi. Ertəsi gün yenə bir kənddə qaldıq. Burada dağın üstündə bir qala tikilmişdir. Dağ daşlı duzlu qayalarla örtülmüşdü. Ətraf kəndlərdən gələnlər buradan duz alıb yeməklərində istifadə edirdilər.” Bu yeraltında xidmət göstərən möcüzəvi mağarada 140 nəfərlik konfrans zalı da fəaliyyət göstərir. Bu zalda müxtəlif tədbirlər, konfranslar keçirilməsi mümkündür. Burada xüsusi işıqlandırma sistemi və maraqlı səhnə mənzərəsi var. Səhnənin alt hissəsində kiçik duz gölü şəffaf su və gil çöküntüsü ilə diqqəti cəlb edir. Buradakı su yatağı uzun illərdir ki, burada qalmaqdadır. Mağaranın yuxarı hissələrinin sağ və sol tərəflərindən içəriyə günəş şüaları süzülür. Bu əvvəldə qeyd etdiyim çöldən dağ oyuqları kimi görünən yerlərdir. Həmin bu oyuqlar lap əvvəllər duz çıxarmaq üçün giriş rolunu oynayıb. Burada nəfəs almaq insanın sağlamlığında böyük rol oynayır. Əsasən astma, bronxit və KOAH xəstələri üçün ən yaxşı müalicə mərkəzidir.
Burada Türkiyənin hər yerindən gələn ziyarətçilərə yeməkxana, suvenir bölməsi və elektrikli avtomobillər üçün yanacaq doldurma məntəqəsi də fəaliyyət göstərir. 15 iyun 2021-ci ildən istifadəyə verilib. Həmin gündən etibarən 202 min insanın ziyarət etdiyi duz terapiya mərkəzində həftənin müəyyən günlərində yerli sənətçilər tərəfindən musiqi ziyafətləri təşkil edilir. Müasir təchizatla təmin edilmiş mağaranın dünənini düşündükcə insanın gözləri önündə çox zəhmət, əmək, cəsarət tələb edən insan iradəsi canlanır. Min bir əziyyətə qatlanaraq mədəndə çalışan insanların əməyi sayəsində duz istehsalı olunur və karvanlarla qonşu ölkələrə daşınaraq baha qiymətə satılarmış. Bu gün Türkiyə Respublikasının duza olan tələbatını Duzluca duz mədənləri ödəyir. Duz mədənində gündəlik 60 ton duz istehsal olunur. Türkiyənin 100 illik duza olan tələbatını ödəyəcək gücdə olan duz yatağı olduğu söylənilir. Mədəndə daş duz, sal duz, narın duz, bəyaz duz müxtəlif formalarda qablaşdırılaraq istehsal olunur. Duz parçalarından suvenirlər və aksesuarlar hazırlanır. İnsan əməyinin, insan əlinin toxunduğu hər bir daş, qaya bütün varlıqlar insanın zəkası və əməyi ilə çiçəklənir, böyüyür, qorunaraq əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülür. Yeraltına səyahətimizi bitirib mağaradan uzaqlaşdıqca fikrim məni yenə keçmişə aparırdı. Naxçıvan Duzdağ Terapiya Mərkəzi və onun ətrafındakı qayalarla burada gördüklərimi müqayisə etməyə, eyni zolaqda olan bu duz dağları qurşağının sirrini çözməyə çalışırdım. Kim bilir, bəlkə də, tarixin ən gizli sirrlərini daşıyır bu dağlar. Dədə Qorqudun qopuzundan yayılan səsi, ozanın nəsihətlərini büküb qatlarında. Bəlkə də, içi duz, üstü çılpaq qayalar şahid olduqlarını içində gizləyərək daşlaşıb, duzlaşıb bu qədər. Arazın sakit axan gözyaşının, Ağrı dağın ağrılarının daşlaşan yeridir duzdağları. Kim bilir, tarix nələri bölmüş, nələri gizlətmiş bu qayalarda. Hər küncü bucağı tarix qoxan, zamana sinə gərən türk torpaqlarına Tanrı sanki öz şəfqətini, sevgisini vermiş və başı bəlalar çəkən bu yerləri belə mükafatlandırmış. Bu gün Türkiyə Cumhuriyyətinin bir əsrlik milli irsi, tarixi varlığı, istiqlaliyyəti təntənəsini yaşamaqdayıq. Bu yazım bu təntənəyə ərmağan olsun. Cumhuriyyət yaşında Duzlucanı görməyi, onun möcüzəsinə şahidlik etməyi hər kəsə arzu edirəm.
Ulduz Eyvazqızı