GenelGüncelKültür Sanat

DƏRDINƏ BÜRÜNÜB HEYKƏLLƏŞƏN QADIN

Lütviyyə Əsgərzadə

Filologiya elmləri doktoru

DƏRDINƏ BÜRÜNÜB HEYKƏLLƏŞƏN QADIN

İllər öncə bir şeir yazmışdım, əgər buna şeir demək mümkünsə…

Bir şeir yazacam

sevdalı günlərimi yaddaşı boyda.

Bir rəsm çəkəcəyəm,

Tənhalığı başından ayağınadək yaşamış qadın portreti olacaq.

Tarix üzrə fəlsəfə doktoru, şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü  Arzu xanım Nehrəmli haqqında yazacağım yazıya başlamadan bu şeirimi xatırlamam təsadüf deyil. Çünki haqqında yazmaq istədiyim xanımın taleyi də bu misralarla həmrəng və həmahəngdir. Yazmadan öncə tanımağa çalışdığım, mənəvi dünyasına boylanmaq məqsədi ilə araşdırdığım Arzu xanımın şeirləri və şeirlər kitablarına verdiyi adlar adamı çox şeydən xəbərdar edir: “Əbədi sevgi”, “Tənha qu nəğməsi”, “Unutmağı öyrənirəm.” İncə ruhlu, gözəl və zərif, bir az da solğun bir gözəlliyi olan Arzu xanım mənim üçün sevgi, paklıq, sədaqət, vəfa heykəlidir. Yaşaya-yaşaya yanan, yana-yana yaşayan, dərdinə bürünüb heykəlləşən Arzu xanımşəhid xanımıdır. İllərdir vətənimizin azadlığı və bütövlüyü uğrunda döyüşdə (1992) qəhrəmanlıqla şəhadətə ucalan hərbi pilot, baş leytenant Yusif Yaqub oğlu Vəliyevi yaşadır ruhunda, sözündə, şeirində. Arzu xanımın bir oxucusu olaraq onun şeirlərini oxuyanda haldan-hala düşürəm. Bu şeirlərdə qürur var, nakam sevgi var, araya girmiş ayrılıq, yanğı var, həsrət var, şəhidinə qovuşmaq arzusu var…

 “Mənə elə gəlir ki, şair olmaq, söz qoşmaq, qafiyə yaratmaq  deyil, şairlik heç sənət də deyil. Şairlik insanın içindən gələn yanğıdır. Şeir, şairin mənəvi dünyasında yaşadıqlarıdır, sevgisi, sevinci, bəzən də ağrısı, acısı, kədəri, fəryadıdır. Şair cəmiyyətin, ilk öncə də öz ruhunun poetik tərcümanıdır. Günəşin doğmasının, batmasının qarşısını almaq mümkün olmadığı kimi, ürəkdə doğulan sevgi və fəryadın da sözlərə çevrilərək misralarda inikas etməsinin qarşısını almaq olmur.

Həyatda hər kəs ona yazılan taleyi yaşayır. Hər bir insanın ömrü özünəməxsus bir аləmdir, biri-digərinə bənzəmir. Biri vаr dənizdə istədiyin vaxt ismiqаmətini dəyişə bilən bir gəmidə yolçuluq edəsən, bir də vаr bu dənizdə аğаc pаrçаsındаn yаpışıb özünü dаlğаlаrın qоynunа аtаsаn. Bu bаxımdаn həyаt dеdiyimiz bu keşməkeşdə hər kəs öz ömrünü bir cür yаşаyır. Hər bir insаn individual olduğu kimi,  baş verənlərə yanaşması da induvidaldır. Kimi ölüsünü diri saxlayır, kimi yaşarkən dirisini öldürür.

Arzu xanım qarşısında baş əyiləcək minlərlə şəhid xanımından biridr. O, şəhidi ilə qürur duyur, onu yaşadır, bu qədər dərdlə, kədərlə özü də böyüyür, müdrikləşir, ucalır. Bəzən də ona yazılan tale ilə barışa bilmir. Amma “lövhi-məhfuz”da yazılan tale yazısını dəyişmək olmur. Nə və necə yazılıbsa, hər kəs onu yaşayır.  Hə­yat­da onun get­mə­si üçün cı­zı­lan yo­lu ge­dir. Biz­dən, bi­zim ira­də­miz­dən ası­lı ol­ma­yan, biz­dən xə­bər­siz, bi­zim üçün cı­zı­lan yo­lu… Doğ­ru­dur, ona bi­çil­miş ro­lu bə­yən­mə­yən, imp­ro­vi­za­si­ya edən, özü­nün yaz­dı­ğı ro­lu oy­na­dı­ğı­nı zənn edən adam­lar da olur. Am­ma bu izin də O`ndan gə­lir. Yusif də Arzunun taleyinə yazılmış qisməti, alın yazısıdır.

Demişdim könlümdən köç, məsləhətdir,

Gözünü üstümdən çək, məsləhətdir,

Dünyada başına qızmı qəhətdir,

Sonunda israrla seçdin Arzunu.

Vətən uğrunda candan keçmək, Vətən səmalarında əbədiləşmək, şəhidlik şərbətini içmək də Yusifin qismətiymiş. Böyük bir eşqlə başlayan sevgi dastanı ayrılıqla bitsə də, Arzu xanım nə bu ayrılığı qəbul edə bilir, nə də taleyini dəyişmək istəyir, əksinə ona yazılan taleyini, Yusifin ayrılığının ağrısını-acısını misralarına pıçıldayaraq yaşayır.

Bu da bir ömür çağıdır,

Çöl cənnət, içim ağıdır,

Cənazəm kəfən dağıdır,

Ruhumsa bal dadır, gəlir.

Arzunun bitmiş dözümü

Dərdlərinin yox çözümü,

Çalışıb özü özünü

Bir sözlə aldadır, gəlir.

Arzu Nehrəmlinin bu misraları mənə Şeyx Qalibin bir misrasını xatırladır: “Durmayıb ney gibi inler gönlüm, / Sonra da kendini dinler gönlüm.”  Bəzi şeylər var ki, insanın səbr daşını çatladır. Göz yaşlarını görməsinlər deyə ağlamasa da, könlü söz dinləmir, ney kimi inləyir. Mövlanə yazır ki, “Dinle, bu Ney nasıl şikayet ediyor; ayrılıkları nasıl anlatıyor. Diyor ki: Beni kamışlıktan kestiklerinden beri feryadımla erkek de ağlayıp inlemiştir, kadın da.”

Arzu xanım da ayrılığı, ayrılığın gətirdiyi dərdi, kədəri inləyərək, sözlərə sığınaraq anladır. Bir qadın olaraq çəkdiklərini anlasam da, ruhunun fəryadını duysam da, dərdi çəkən, “hər gün ölüb-dirilən”, şəhidinə ağı deyib ağlayan, “adı, imzası, soyu şəhid olan” qəhrəman şəhid xanımının özü  bilir.

Yatmış saatımı çəkib qurmayın,

Təzədən ürəyimi sıxıb qırmayın,

Məni başqa adla öyüb durmayın,

Adım da, imzam da, soyum Şəhidlər.

“Adı, imzası, soyu şəhid olan” Arzu Nehrəmlinin poetik yaradıcılığının aparıcı mövzusu Vətən eşqi, yurd sevgisidir. Vətənə dəyən ona dəyib keçir, ürəyini sızladır. Vətənin dərdini, ağrısını öz  dərdi, öz ağrısı bilir. Şairənin fəryadını, ağrılarını, bütövlükdə vətənə olan duyğuları “Dərd gəlib dərdinin üstünə, Vətən” şeirində inikas edir.   

Sənə dəyən mənə dəyib keçibdir,

Qəddimi, belimi əyib keçibdir,

Bu nə ağrı-acı, bu nə biçimdir,

Yüz ildir, min ildir xəstənəm, Vətən.

Torpaq nalə çəkib, göy ağlayıbsa,

Hələ gəlin könlün yas saxlayıbsa,

Qınında qılıncın pas bağlayıbsa,

Girmisən Babəkin qəsdinə, Vətən.

Ömrün qışa dönüb,  yazı neyləsin,

Qismətin beləymiş yazı neyləsin.

Səni belə görən Arzu neyləsin?!

Dərd gəlib dərdinin üstünə, Vətən.

Yaşaya-yaşaya yanan, yana-yana yaşayan, dərdinə bürünüb heykəlləşən, “taleyi milli dövlətçilik tariximizin bir parçası kimi əlamətdar olan” Arzu xanım, Vətənimizin azadlığı və bütövlüyü uğrunda döyüşdə (1992) qəhrəmanlıqla şəhadətə ucalan hərbi pilot, baş leytenant Yusif Yaqub oğlu Vəliyevin xanımıdır. Şəhidliyə ucalan qəhrəman pilot Yusifin yarımçıq qalan  sevgi dastanını, Arzu xanım Nehrəmli onsuz, onunla davam etdirir, sevir, ovudur, əzizləyir, yaşadır. Onun nakam sevginin ifadəsi olaraq “Qızının atası” Yusifin dilindən yazdığı “Qızımın atası, anası” şeirini həyacansız oxumaq mümkün deyil.  

Bilmirəm, nə kimi varmışam sənə,

Bir yığın xatirə qoymuşam sənə,

Sən elə bilirsən doymuşam sənə?

A Məcnun sevdamın Leylası, qayıt!

Üzündə giley var, dilində ağı,

Öpüb qucaqlama daşı-torpağı,

Dur get evimizə gəlin sayağı,

Ömrümün parası, yarısı, qayıt!

A sönük ülkərim, nə deyim sənə,

Söykə taleyini günün birinə,

Al ağır yükünü çiyinlərinə,

Qızımın atası, anası qayıt!

Gənc yaşında ölüm xəbəri alan, “yetim uşaq tək dərdin qoynuna sığınan” Arzu xanımın şeirləri, dərd, kədər, həsrət yüklüdür.

 Elə sığınmışam isti qucaqtək,

Hələ olmayıbdır dərddən yıxılam,

Qoynuna girmişəm yetim uşaqtək,

Dərdin ətəyindən tutub qalxıram.”

Bir oxucusu olaraq Arzu Nehrəmlinin şeirlərini oxuduqca həm qürur duyur, həm iztiraba, kədərə  qərq oluram. Şeirlər məni məndən  alıb Arzunun dünyasına götürür. Bu dünyada müqəddəs duyğularla kədər, nisgil, həsrət, ayrılıq baş-başadır.

Arzu Nehrəmlinim yazdıqları yaşadıqlarıdır. Bütövlükdə bütün qadın şairələrin yaradıcılığına şamil etmək olar. Arzu xanımın yaradıcılığına yansıtdıqları yasadıqlarıdır, yanğısıdır, sevdiyinə ağısıdır, həsrətinə axıtdığı göz yaşlarıdır, Misralarında taleyini sözlə çəkdiyi portretinə illüstrasiyalardır. Bu illustrasiyalardan boylanır oxucuya Arzu Nehrəmli. Bu illüstrasiyalar onun taleyinin, qismətdən çəkdiklərinin əyani təsviridir. Bəzən taleyi ilə, bəzən dərdi ilə söhbətidir, daha doğrusu dərdlə dərdləşməsidir. Bununla yanaşı, onun dərd yüklü poeziyasında yaşadıqlarına üsyan yoxdur, əksinə “yaşadığı ömrə, taleyə şükür” var. Şairə bu şükürə bələnmiş misraları qəm yüklü, çiləli, “ayağı daşlı, başı savaşlı”, “yaşından yaşlı”, çoşqun, təlaşlı ömür yolunun poetik cizgilərindən hörür:

Sabahın xeyir, ömrüm!

Ayağı daşlı,

başı savaşlı

yaşından yaşlı ömrüm

coşğun, təlaşlı ömrüm…”

bir xoşbəxt qadının şüküründən

ayağı yer alıb

yaxasından yapışıb bərk – bərk,

günü – günə calamaqla edib ərk.

Qazandın, ömrüm!

Dilindən “şükr”ü əskik etməyən şairə haqqın nemətinə, verdiklərinə, kədərə, sevincə, “yaşadığı bu günə”, “gələn sabahlara” şükür edir. Deyirlər, “Yol kimindir, gedənin, dərd kimindir, çəkənin.” O, dərdindən silkinmək istəmir, dərd onun sirdaşı, ömürlük yoldaşıdır. “Ağ atlı qəhrəmanının – həyat yoldaşının şəhidliyə ucalmasının, “nağil olmasının”, müqəddəs nəğməyə dönməsinin üzərindən uzun illər keçsə də, hələ də onu uğurladığı, “uçurtduğu yerdədir.” 

Çox erkən tələsdin nağıl olmağa,

Ay mənim qanadlı, ağ atlı gülüm.

Hələ gün görməmiş məsum üzümü,

Günaha batmamış ağartdın, gülüm.

Səni yola saldım yaz səhərində,

Müqəddəs naməyə döndün sonunda.

Dədəm qopuzunda, şah əsərində,

Xan Qazan, Dəli Domrul, Basatdın, gülüm.

Səni uçurtduğum yerdə qalmışam,

Burada özümə məskən salmışam,

Həsrət yuxusuna elə dalmışam,

Bəlkə bir gün gəlib oyatdın, gülüm?!

Dastana bənzər taleyini şərəflə yaşayan Arzu Nehrəmli, Xalq şairi Ramiz Rövşən təbirincə desək, “dərdin yanından ötüb keçmir, dərdlə yoğrulur”, dərd içində “özünü tapır”, həyatı, olumu, ölümü dərk edir.

“Hər kəs üz tutduğu yerdəsən, gəlmə!

İnam yeri də sən, Pir də sən, gəlmə!

Harayla mən gəlim, bir də sən gəlmə,

Burası beş günlük həyatdır, gülüm.”

Şairlər sözü tərpətdiyi kimi, sözlər də şairləri dirildir. Amma hər şeydən əvvəl öldürür, qəmlə, kədərlə, həsrətlə, nisgillə yoğurub yenidən dirildir. Sözü qəmlə, kədərlə, həsrətlə, nisgillə yoğurub yenidən yapdığı, diriltdiyi şairlər ağ vərəqlərə öz taleyinin, qəmini, kədərini, sevgisini, ağrı-acılarını yenidən öz qara qələmi ilə yazır. Bunlar o biçarənin-şairin ruhunu əsir-yesir etmiş hisslərinin pıçıltılarıdır. Bu pıçıltılar şairin qanından-canından, nəfəsindən qopub sözə-misraya çevrilir. Bu pıçıltılar sevgi dolu, həzin, həzin olduğu qədər qəhərlidir. Arzu xanımın nağılındakı kimi… “Bir oğlan var idi, bir də mavi göy,/Uçardı səmada, buluddan uca.

“Bir oğlan var idi, göylərə bağlı,

Sanki yaranmışdı işıqdan, nurdan,

Uçardı səmanın dərinliyinə,

Ayrı düşəmmirdi Günəşdən, Aydan.

Bir oğlan var idi, min bir diləkli,

Arzusu, kamına göylər son qoydu.

Aldı başın üstün qara buludlar,

Göylər oğlu idi, göyə qərq oldu.

 “Mavi göydə buluddan-buluda uçan” göylər oğlunu canı qədər sevən  bir qız da vardı. Bir gün Yusifin həyatı göylərdə qərq oldu. “Aldı başı üstün qara buludlar, / Göylər oğlu idi, göyə qərq oldu.” “Biri vardı, biri yoxdu…” Canından çox sevdiyi Arzusu yerdə dərdlə, kədərlə baş-başa qaldı. Arzu Yusif sevgisi nağıla, dastana döndü.  

Həyat dediyimiz olumla ölümün arasındakı məsafədir. “Həyatın bir mərhələsinin nə vaxt sona çatdığını bilmək həmişə əhəmiyyətlidir. Dairələr qapanır, qapılar bağlanır, kitabların fəsilləri başa çatır. Adını nə qoyuruqsa qoyaq, fərqi yoxdur, vacib olan həyatımızda baş verənləri keçmişdə qoymaqdır” (Paulo Koelyo). Sevdiyinin yoxluğu Arzuya sevdasını unutdura bilmir. Baş verənləri keçmişdə qoya bilmir.” Əksinə sevdiyinə qovuşmağa tələsir. Ondan sonra ölmədiyi, onsuz yaşadığı, unutmağa gücü çatmadığı üçün ölümü belə düşünür.  Ölməyib yaşasa da, “onsuzluğu qəlbində yük kimi daşıyır.

Səndən sonra ölmədim,

Ölmədim, yaşayıram.

Sənsizliyi qəlbimdə

Yük kimi daşıyıram.”

Olumla ölüm arasındakı həyat, ömür dediyimiz şey su kimi аxıb gеdir. Bu su kimi аxıb gеdən zаmаnın içərisində insаn şirini də dadır, acını da. Həyаtdа qalmaq üçün çаrpışır, mübаrizə аpаrmаq üçün yaşayır. Bəzən də insаn dünyаnın, həyаtın, zаmаnın, vətənin tаlеyini yaşayr. Bəzən zаmаnın, dünyаnın, vətənin tаlеyini yаşаyаn insаnlаrın hаrаyı hаqqа dаyаnır, bəzən insаnlаrın tаlеyini yаşаyаn zаmаnın iniltisi ürəkləri sаrsıdır, insan yaşamağı deyil, ölməyi arzulayır. Həyаt isə öz axarında dаvаm еdir. İnsanı üzən, ağladan, ağrıdan dərd, kədər insanı müdrikləşdirir. Dərdi sеvməyi, ”həbsdə yaşayan məhbus kimi, / taleyini yazmağı / hər gün təqvim cızmağı” (Q.Qərib) öyrənir. Кönlünün səsini dərdinə qаtıb sevdasına nəğmə qоşur, lаylа dеyir, şeir yazır.

  Deyirlər ki, ölən bir dəfə ölür, qalan gündə yüz dəfə. Yusifin yoxluğunu “qəm yükü” kimi gəzdirən Arzu xanım Nehrəmli hər gün ölüb – dirilir. Amma “Saçlarıma düşən dəndən,” “Könlünün  para-para olmasından” gileylənmir. “ bir kənara çəkilib unutmağı öyrənir.”

Oxucu olaraq, şairənin yazdıqlarını, yaza biləcəkləri qədərini bilirik, hələ nə qədər deyə bilmədikləri, “sirri”, “sualı” var.

Hələ açılmamış sirrəm, sualam,

Nə qədər cavablar pərt çıxıb gedib.

Deyirəm, bir sabah mən necə ollam,

Birdən durub görsəm, dərd çıxıb gedib?!

Yazımı Arzu xanım Nehrəmliyə olan arzumla, tezliklə bütün dərdlərinin çıxıb getdiyini görmək” arzusuyla bitirirəm. Tanrı sənə yar olsun!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest