GenelGüncelKültür SanatTürk Dünyası

Cavanşir Feyziyev: “Üzeyir Hacıbəyli Azərbaycan milli bəstəkarlıq məktəbinin təməl sütunudur”

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Cavanşir Feyziyev: “Üzeyir Hacıbəyli Azərbaycan milli bəstəkarlıq məktəbinin təməl sütunudur”

Şərqdə ilk operanın müəllifi, Azərbaycan peşəkar musiqi sənətinin banisi, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar təqvimin 18 sentyabr tarixi Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı  müvafiq sərəncama əsasən  Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı həm də musiqi nəzəriyyəsini mükəmməl bilən pedaqoq idi.

Üzeyir bəyin uşaqlığı Qafqazın “konservatoriyası” sayılan Şuşada keçib. Balaca Üzeyir xalq mahnılarını, muğamları avazla oxuyar, tarda məharətlə ifa edərmiş. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının cilalanmasına körpə yaşlarından böyük təsir göstərir.

Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl rayonunun Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləməyə başlayır. Uzun müddət “İslamiyyə”, “Təbriz” mehmanxanalarında və kirayə evlərdə yaşayır. “Leyli və Məcnun”u da elə qaldığı mehmanxanada yazır.

Onun fədakar əməyi sayəsində “Leyli və Məcnun” əsəri ilə Azərbaycan milli opera sənətinin təməli qoyulub. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkarımız Hüseynqulu Sarabski, Leyli rolunda isə şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, bütün Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz həmin gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası elə yazıldığı illərdən Moskva tamaşaçılarını da məftun etmiş, keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilmişdir. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilmişdir.

Üzeyir Hacıbəylinin “Firuzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Firuzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski və Ə.Ağdamski çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda gerçəkləşib. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında  1916-cı ildə ilk bədii film çəkilib. Qeyd edək ki, bu səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və çoxşaxəlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını toplayıb nota salmaqla, yazdığı marşlar, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri ilə milli musiqi xəzinəmizə əvəzsiz töhfələr bəxş edib.

Üzeyir bəy həm də Azərbaycan Xalq Cümhuriyyətinin əsas atributlarından sayılan Azərbaycan himninin müəllifidir.

Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı Üzeyir Hacıbəylinin Azərbaycan qədər də Türkiyədə sevildiyinin parlaq nümunəsidir. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur. 

Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini və Azərbaycan Dövlət Xorunu yaradıb.

Üzeyir bəy elə nadir istedad sahiblərindən biridir ki, həm bəstəkar, həm də publisist kimi özünü mükəmməl ifadə etməyi bacarıb. O dövrün əsas tribunası sayılan “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan” başlığı altında dərc olunan “Ü”, “Filankəs”, “Behmankəs” və digər gizli imzalarla yazdığı felyetonlarında zamanın bütün çatışmazlıqlarını tənqid edib.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələməyib, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif elmi vəsaitlər müəllifi kimi imzasını təsdiqləyib. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də nəzəri musiqi dərsliyi kimi istifadə edilir.

O, Azərbaycan musiqisində köklü dönüş yaratmış böyük dahidir. Bu gün adını çox iftixarla çəkdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və digər janrlarda ilk nümunələrin yaradıcısı kimi ehtiramla xatırlanır.

1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır, böyük insan selinin müşayiəti ilə Fəxri xiyabanda dəfn olunur. 

Dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq artisti adına layiq görülən dahi bəstəkarın həyatını, şəxsiyyətini və yaradıcılığını özündə ehtiva edən  “Üzeyir ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” filmləri çəkilib. Ölkəmizdə hər il böyük sənətkarın əziz xatirəsinə ehtiram əlaməti olaraq Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.

Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət simfonik orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda memorial ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında qoyulan heykəli, musiqimizin beşiyi Şuşada ucaldılan büstü, xalqımızın qəlbində bərqərar olan uca məqamı bizə fəxarətlə onu deməyə əsas verir ki, Üzeyir Hacıbəyli adı, imzası peşəkar musiqimizin başlanğıc nöqtəsi, milli bəstəkarlıq məktəbimizin təməl sütunu deməkdir. Dahi Üzeyir bəyin ölməz əsərləri və işıqlı obrazı qərinələr ötsə də, Azərbaycan xalqının qəlbində əbədi olaraq  yaşayacaqdır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest